Modern.az

Azərbaycanlı jurnalistin İspaniya GÜNDƏLİYİ: gəzməli, görməli yerlər - FOTOLAR

Azərbaycanlı jurnalistin İspaniya GÜNDƏLİYİ: gəzməli, görməli yerlər - FOTOLAR

Mədəni̇yyət

1 İyul 2020, 09:03

“Yenə o bağ olaydı” deyə-deyə gözümüzü açıb görəcəyik ki, yay da arxada qaldı. Bu il nə baharı, nə yayı doya-doya yaşayıb haqqını verə bilmədik. Amma yaxşı ki, xatirələr və gələcəyə ümidimiz var. Bu gün ürəyimiz istəyən vaxt küçəyə belə çıxa bilməsək də, koronadan sonrası üçün səyahət planları, arzuları qururuq. O planlarınız arasına heç düşünmədən İspaniyanı da əlavə edə bilərsiniz. Korona ilə bağlı son duruma gəldikdə isə, hazırda İspaniyada karantin rejimi olmasa da, qapalı yerlərdə maska taxmaq, sosial məsafə qorumaq məcburidir. Amma gəlin bir anlıq koronanı da, karantini də unudub İspaniyanın bir-birindən gözəl şəhərlərinə virtual tur edək. 

Modern.az-da “Adama gəzmək qalır” rubrikası yeni yazını təqdim edir.

 

137 İLDİR TİKİNTİSİ DAVAM EDƏN KİLSƏ BARSELONADA

 

Mən 8 günə İspaniyanın 6 şəhərini gəzdim və hələ görmədiyim o qədər gözəl şəhərləri qaldı ki...

Söz vaxtına çəkər deyiblər, ötən ilin iyununda yolumu İspaniyadan salmışdım. İspaniya ilə ilk tanışlığım Barselona ilə başladı. Mənim üçün ən gözəl havası və ən gözəl eyvanları olan şəhər kimi yadda qaldı. İsti iyun günlərində belə xoşagəlməz yapışqanlıq hiss etmədən günün günorta çağı da rahat gəzmək olurdu. Eyvanlarının gözəlliyi isə tərifəsığmaz... Barselona o şəhərlərdəndir ki, gəzərkən gözünüz ayağınızın altını görməyəcək, ancaq yuxarı eyvanlara baxa-baxa getməli olacaqsınız. Bir-birindən gözəl, bir-birindən maraqlı eyvanları var. Zarafat deyil, o boyda memar Qaudinin əl işləri var bu şəhərdə. Amma ən möhtəşəmi, təbii ki, dünya şöhrətli Sagrada Familiyadır. 



Bu, bitməyən bir kilsənin hekayəsidir. İnşasına 1883-cü ildə başlanıb. Qaudinin ən məşhur əl işlərindən biridir. Qaudi tramvay altında qalıb vəfat edənədək, yəni 1926-cı ilədək, düz 43 il bu kilsənin üzərində işləyib. Onun vəfatından sonra da kilsənin tikintisi davam edib və günü bu gün də davam edir. Yerli əhali boşuna “bitməyən kilsə” demir ki, Sagrada Familiyaya...


Məşhur La Rambla küçəsi boyunca dəbdəbəli mağazaları gəzib, elə həmin küçədəcə olan La Boqueria bazarından meyvə-tərəvəz alıb, yaxınlıqdakı sahilə enib dəniz mənzərəsinin dadını çıxarmaq, onların İçərişəhəri olan Gothic Quarterin qədim ab-havasını hiss etmək, şəhərin ən böyük parkı olan Ciutadellada yaşıllıqdan, göldə üzən ördəklərdən zövq almaq, Montjuic Musiqili fontanında musiqi, rəngli işıqlar və su ilə ruhunuzu dincəltmək üçün Barselona möhtəşəm şəhərdir. Üstəlik əksər gəzməli yerlər bir-birinə o qədər yaxındır ki...

Təsəvvür edin ki, şəhərin əsas küçəsindən yarım saat piyada gedib çimərliyə çıxırsan. Bir yarım saat da piyada getsən, “mən deyim park, siz deyin meşə” olan Ciutadellaya çatırsan. 

Xülasə, mülayim iqlimi, mehriban insanları, dadlı mətbəxi ilə Barselona yalnız gəzməli yox, həm də yaşanılası şəhərdir.  

 

AFRİKA YOX, VALENSİYADIR!

 

Barselonaya bir könüldən min könülə aşiq olsam da, digər şəhərlərinin də haqqını vermək lazımdır. Barselona İspaniyanın ən səs-küylü, izdihamlı şəhəridir. Sakitlik istəyənlər isə üzlərini Valensiyaya tuta bilərlər.  Valensiyanın səssiz-sakit küçələri, qiymətlərinin qat-qat aşağı olması, huzuru, rəngli qraffitiləri, şəhərin tarixi mərkəzi, qala qapıları, Avropanın ən gözəl zooparklarından olan Bioparkı, avanqard üslubda tikilmiş, ayrıca bir şəhəri xatırladan Elm və Sənət Parkı bu şəhəri mənə çox sevdirdi. Yolunuz İspaniyadan düşəndə Barselona ilə kifayətlənməyin, Valensiyaya da baş çəkin. Xüsusən də özünüzü Afrika savvanalarında hiss etmək, fillərin, zebraların yanında olmaq istəyirsinizsə. Deyəcəksiniz ki, zoopark hər yerdə var, bunun üçün Valensiyaya getməyə dəyərmi? Amma bu, bildiyiniz heyvanxanalardan deyil, qəfəssiz zooparkdır, daha dəqiq desəm, biopark. Giriş qiyməti nisbətən baha olsa da (böyüklər üçün 23,80 Euro), sonunadək dəyər. Burada nə az, nə çox, düz 250 heyvan növü, 4000-dən çox isə heyvan yaşayır. 

 

BARSELONANIN KÖLGƏSİNDƏ QALAN MADRİD

 


Uşaq vaxtı hələ coğrafiyadan, ölkələrdən, şəhərlərdən bixəbər vaxtlarımda ən böyük arzum idi Madridi görmək. Hardan ağlıma düşmüşdüsə... 

Amma gəlib görəndən sonra bu şəhər üçün ürəyim getməsə də, gözləntilərimi yüksək səviyyədə doğrultmasa da, pis deyildi. Bəlkə də Barselonanı görməmiş olsaydım, Madridi daha çox sevə bilərdim. Ölkənin 1-ci şəhəri, paytaxtı olsa da, mənim üçün Madrid Barselonanən kölgəsində qaldı.  Madriddə ən çox Gran Via küçəsini və Retiro parkını sevdim. Bu şəhərin də Barselona kimi bir-birindən gözəl eyvanlarını, binalarının harmoniyasını sevdim. İspanlarının kübarlığını, mehribanlığını sevdim. 

 

GRANADADA “MATRUŞKADAN ÇIXAN” ŞƏHƏRLƏR 

 

Böyük şəhərləri çox gözəldir, amma İspaniyanın ruhunu duymaq üçün kiçik şəhərlərinə baş çəkmək mütləqdir. Xüsusən də Əndəlüs bölgəsinin şəhərləri sanki “1001 gecə” nağıllarından çıxıb. 

Mənim Əndəlüsdə ilk seçimim Granada oldu. Granada elə ilk andan bizi isti qarşıladı. Gecə  saat 11 radələri, yol kənarında dayanıb taksi gözləyən 3 qız. Bu vaxt avtobus gəlib düz qaşımızda saxladı və sürücü çamadanlarımıza baxıb hara getdiyimizi soruşdu. Sürücü ingilis dilində bilmir, biz ispan, amma birtəhər əl-qol hərəkəti ilə dil tapdıq. Qaldığımız otelin  avtobusun getdiyi istiqamətə yaxın yerdə olduğunu dedi. Avtobusdakı digər yerli sərnişinlər də özlərinə borc bilib otelimizin adını soruşub, onlar da əl-qol dili ilə söhbət etməyə çalışdılar. Sanki bütün avtobus əhli bizi ünvana çatdırmaq üçün səfərbər olmuşdu. Xülasə, gəlib çatdıq mənzil başına. Avtobusun istiqaməti fərqli olduğuna görə 100-200 metr piyada getməli idik. Həngamə də burda başladı. Yaşlı avtobus sürücüsü təkrar-təkrar hansı tərəfə getməli olduğumuzu göstərməyə çalışdı. Üstəlik avtobusu sürməyib gözlədi ki, bizim düz gedib-getmədiyimizdən arxayın olsun. Elə ki gördü bir-birimizi düz başa düşmüşük, düz gedirik, sevinə-sevinə bir xeyli arxamızca əl elədi. İnsanlarının qonaqpərvərliyini, səmimiliyini çox sevdim Granadanın. 


Granadaya bir şəhər demək də günah olar. Matruşka kimi şəhər içindən şəhərlər çıxır. O matruşkadan çıxan şəhərciklərdən biri təpədə böyük ərazidə qurulan Alhambra sarayıdırsa, o biri təpəsində yerləşən, bəmbəyaz evləri olan Albaicin də matruşkadan çıxan bir başqa şəhərciyidir. Vaxtilə ərəb məhləsi olan Albaicində hazırda yəhudilər məskunlaşıb. Albaicin matruşkasından isə bir başqa aləm olan Sacromonte çıxır... Sacromonte məşhur qaraçı məhəlləsidir.

Granadada müşahidə etdiyim bir maraqlı məqam isə Albaicin bölgəsindən şəhər mərkəzinə gəlişim oldu. Ensiz, dar, enişli-yoxuşlu yollarda tikilən, bəmbəyaz evləri olan Albaicində sanki labirintdəymişik kimi hiss edərək gəzdikdən sonra şəhər mərkəzinə getmək üçün avtobus və ya taksi dayanacağı axtaranda birdən-birə özümüzü şəhərin düz göbəyində tapdıq. Bir andaca bəmbəyaz dünyadan, ensiz və adamsız küçələrdən geniş, haylı-küylü, turist qaynayan meydana çıxdıq… 

Alhambra şəhərə təpədən baxan bir saraydır... Ərəbcə adı “qırmızı” deməkmiş. Gün batanda günəşin şəfəqləri ilə qırmızıya-narıncıya bürünən, mistik bir havası olan saray. İspaniyada ərəblərin izini daşıyan, inşası 1232-ci ildə başlayıb düz 200 il davam edən bir saray... Şəhər içində şəhərdir sanki bu saray. Özü də orta əsrlər şəhəri, şahların dövrünə virtual səyahət edə biləcəyiniz bir şəhər... İl boyu turistlər məhz bu sarayı görmək üçün Granadaya axışırlar. Ərəblərin yadigarı olan bu saray nəinki Granadanın, bütün Əndəlüs bölgəsinin yaraşığıdır.

Yəhudi məhəlləsi, qaraçı məhəlləsi, ərəb memarlığı, ispan gotik memarlığı, rəngarəng eyvanlar - nələr yoxdu ki Granadada... Hələ üstəlik hər addımda portağal ağaclarından yayılan qoxu sizi məst edir...

 

MƏRMƏRSİZ SARAY BAĞÇASI CORDOBADA

 

Granada mənim üçün portağal qoxulu, matruşka şəhər oldusa, Cordoba isə mavi-göy dibçəklər və çox ensiz, damdar küçələr şəhəri oldu. Çox kiçik şəhərdir, 4-5 saata əsas yerlərini gəzib bitirə bilərsiniz. 

Parkların, bağçaların vurğunu olaraq, getdiyim bütün şəhərlərdə ilk növbədə elə yerlərə baş çəkməyə çalışıram. Cordobadakı bağça isə elə-belə bağça olmadı. Saray bağçası oldu. Əndəlüs bölgəsində çox sayda “Alcazar” adlı yerlər var. Tərcüməsi “Saray” deməkdir. Çoxusu ərəblərin hakimiyyəti illərində salınıb. Cordobanın Alcazarı ən gözəlidir. 

Və təbii ki Avropanın bütün bağlarında, parklarında olduğu kimi, burada da mərmər yoxdu. Heç mərmərsiz də park olar? Gərək avropalıları başa salaq ki, səhvlərini düzəldib parklara, bağçalara mütləq mərmər döşəsinlər. 

 

FLAMENKONUN VƏTƏNİ SEVİLYA

 

İspaniyada son şəhərim Sevilya oldu. Sevilya rəngli, öz ruhu olan bir bölgənin, yəni Əndəlüsün paytaxtıdır, flamenkonun vətənidir. 800 il ərəblərin hakimiyyəti altında olan, Əndəlüs ruhunu ən gözəl duya biləcəyiniz, mədəniyyəti, yeməkləri, ab-havası ilə nağıl kimi bir şəhərdir... 

Həm də liman şəhəridir Sevilya. Guadalquivir çayının ikiyə böldüyü, bir tərəfində şəhərin əsas hissəsi, tarixi mərkəzi, digər sahilində isə rəngli evləri ilə Triana bölgəsi… İstəsəniz, velosiped kirayələyib sahil boyunca gəzə, istəsəniz, 1 saatı 20 dollara olan gəmi turlarından yararlana bilərsiniz. Çay kənarında ilk olaraq sizi şəhərin simvollarından olan Torro Del Oro - qızıl qüllə qarşılayır. Qüllənin inşasında samandan istifadə olunub, günəşdə samanların qızıl kimi parıldamasından dolayı belə adlanır. Bu qala bir zamanlar məşhur İspan yazıçısı Servantesin də həbs edildiyi bir yerdir. "Don Kixot" əsərinin yazıldığı zindan. Qalananın digər bir önəmi isə Xristofor Kolumbun Amerikanı kəşf etməyə gedərkən səfərə çıxdığı yer olmasıdır... Sevilya həm də 100-dən çox operanın yaranmasına ilham verən bir şəhərdir. 


Elə təkcə Espana meydanına görə də Sevilyaya aşiq olmaq olar. Bu meydana “İspaniyanın Venesiyası” da deyə bilərik. 1928-ci ildə açılan bu meydanda süni göl və üzərində körpülər salınıb. Qayıqlarla göldə tur ataraq körpülərdən keçəndə Venesiya imitasiyası yaranmış olur. İlin hər fəslində rəngli və canlı olan bu meydan Sevilyalıların və turistlərin görüş yeridir. 

İspaniyanın bir sıra şəhərlərini qarış-qarış gəzəndən sonra Sevilyaya bir başqa vuruldum. Sakit, huzurlu, eyni zamanda bu sakitlik içərisində dinamik bir şəhərdir.

 

ƏLİNİZ CİBİNİZDƏ OLSUN!

 


Gəzməli-görməli yerlərdən şəkillər paylaşır, bəh-bəhlə təəssüratlar yazırıq. Amma gəlin etiraf edək ki, insanları ən çox büdcə maraqlandırır, səfər barədə ilk olmasa da, mütləq ikinci sual o olur ki, nə qədər pulun çıxdı? 

Təbii ki, hər hansı bir ölkəyə, şəhərə səyahət büdcəsi sizin orada harada qalmağınızdan, nə qədər qalmağınızdan, hansı nəqliyyat növünü seçməyinizdən, nə yeyib, nə içməyinizdən asılı olaraq dəyişəcək. Təxminən bir həftəlik İspaniya səyahətinizi (bir nəfər üçün) 1000-1500 manata başa gətirmək olar.  Nəzərə alsaq ki, bir qrup insanlar var ki, bu məbləği hər il Türkiyənin Antalya və Bodrum şəhərlərinə xərcləyirlər. Hər il eyni şəhərlər, hər il eyni istirahət forması. Bunu da onunla əsaslandırırlar ki, guya Avropaya səyahət çox baha imiş. 

İlk olaraq İspaniyaya necə getməli? Təbii ki, Bakıdan rahat şəkildə uçmaq istəyənlər üçün bilet baha olacaq, bu da ümumi səyahət büdcəsinə təsir edəcək. İspaniyaya ən ucuz uçuş Kutaisidən Avropa ölkələrindən birinə uçmaq, oradan isə hətta 10 Euroya biletlər tapmağın mümkünlüyüdür. Dünyanın düz vaxtı, yəni koronadan əvvəl isə Kutaisidən birbaşa Barselonaya uçuşlar vardı. 

İspaniya daxilində isə şəhərlərarası qatar və avtobus biletlərini də öncədən almaqda fayda var. İspaniyanın özünün “Renfe” şirkətinin qatarları və “Alsa” avtobusları ilə yolçuluq çox rahatdır. Qiymətlər isə bir tərəfə təxminən 15-30 Euro arasında dəyişir.

Gəldik otellərə... İlk olaraq, onu deyim ki, Madrid və Barselonada qiymətlər Əndəlüs bölgəsinin şəhərlərinə görə az qala ikiqat bahadır. 8-12 nəfərlik ümumi otaqlarda qalıb, ümumi hamam-tualetdən istifadə etmək sizin üçün problem deyilsə, 10-15 Euroya hostellərdə qalıb səyahətinizi ucuz edə bilərsiniz. Çox adamla gedirsinizsə, o zaman ev tutmaq da sərf edir. Mən hostellərdə qala bilmərəm, rahatlıq mənim üçün önəmlidir deyənlər 3-4 ulduzlu otellərdə də münasib qiymətlər olur. Oteli neçə ay öncədən tutmağınızın, neçə nəfər olmağınızın, şəhər mərkəzinə yaxınlığın  da qiymətlərə təsiri var. Ən yaxşısı, ən azı 2 ay qalmışdan otellərinizi tutmaqdır. 

İspaniyada ictimai nəqliyyat çox rahatdır. Taksilər də digər Avropa ölkələrinə baxanda ucuzdur. 

O ki qaldı nə yeyib-içməyə, bu da fərdidir, nə istədiyinizə, necə yerdə yediyinizə bağlıdır. Şəhərdaxili nəqliyyat və yemək-içmək kimi xərclər üçün bir günə maksimum 50 Euro kifayət edir. Məsələn, bir dəfə kafedə oturub yemək 15 Euro civarındadır. Günə 3 dəfə kafedə yemək əvəzinə, heç olmasa bir dəfəsini marketlərdən alış-veriş edib öz sendviçinizi özünüz düzəltsəniz, həmin məbləğə muzey və saray qiymətlərini də daxil edə bilərsiniz. Nəzərə alsaq ki, muzeylərin, sarayların giriş qiyməti də ortalama 10-15 Euro təşkil edir. Xülasə, normal yeyib-içib, normal büdcəli otellərdə qalmaqla 1 həftəlik İspaniya səyahətini bir nəfər üçün təxminən 1500 manata başa gətirə bilərsiniz.  (Bütün bilet və otelleri aylar öncə almaq şərti ilə!!!) Hostellərdə qalıb, restoranlar əvəzinə marketlərdən yesəniz, maksimum 1000 manata da səyahət edə bilərsiniz.

 

İSPAN DADLARI

 

Hər şeydən danışıb, yeməklərdən danışmasaq olmaz. İspaniyaya gedib paelle yemədən dönmək qəbahətdir.  12-14 Euro civarında olan paelleni tavadaca gətirib qarşınıza qoyurlar. 3 nəfər doya bilər bir porsiya ilə. Dəniz məhsulları ilə, toyuq ilə, ətlə növləri var, ət və dəniz məhsullarının tərəvəzlə, ədviyyatlarla, düyü ilə bişirilməsindən alınan bir yeməkdir.

Ən məşhur şirniyyatı çurrosdu, bir növ bizim bamiyəyə oxşayır, isti şokoladla servis edilir. Tortilla da olmazsa olmazlarındandır. O da bildiyimiz kartof və yumurtanın qarışımıdır, kartof küküsü də deyə bilərik.

İçkilərdən sangria içmədən dönmək olmaz.

Qəlyanaltı kimi isə tapasları məşhurdur. Yenə əllərinə keçəni qatıb-qarışdırıb hazırlayırlar və çox vaxt sangriya içərkən yeyirlər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir