Modern.az

Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ

Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ

Parlament

2 İyul 2020, 10:02

İntibah yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına nəzərən inkişaf mexanizmini düzgün qurmaq üçün mütləq şəkildə iqtisadiyyatını effektiv təşkil etməlidir. Məhz düzgün iqtisadi sistemə malik olan ölkə müxtəlif sferalarda uğur qazana bilər. Çünki düzgün iqtisadiyyat yaxşı büdcə, kütlə razılığı deməkdir ki, bu da birbaşa sivilizasiyanın uğurlu parçasına çevriliş anlamına gəlir.


Hər bir sahədə olduğu kimi, iqtisadiyyata aid məsələlərlə də məşğul olan rəsmi qurumlar, QHT-lər, müstəqil ekspertlər var.


Milli Məclisdə isə bu istiqamətdəki məsələlərlə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi məşğul olur.

Komitənin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli, üzvlər Mahir Abbaszadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, 
Məşhur Məmmədov, Ziyad Səmədzadə, Ağalar Vəliyevdir.


Bəs komitənin fəaliyyəti, orda təmsil olunan deputatların iqtisadi bilikləri barədə bu sahənin ekspertləri hansı fikirdədirlər? Komitədə kimlər öz sahəsinin bilicisidir?


Modern.az 
bu suallarla iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış ekspertlərə müraciət edib:

 

İqtisadçı ekspert, Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yeni sədri Tahir Mirkişilini öz sahəsində peşəkar hesab edib. O, komitənin işinin yeni rəhbərlə müsbətə doğru gedəcəyinə inamlı olduğunu bildirib:

 

“Mən Tahir Mirkişilinin profesional, peşəkar iqtisadçı olmasına və real sektorda işləməsinə əsaslanaraq inanıram ki, onun rəhbərliyi altında olan komitə peşəkar səviyyədə fəaliyyət göstərəcək.

Bütövlükdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyətində biz müsbətə doğru dinamikanın şahidi oluruq. Aktual iqtisadi proseslərə çevik reaksiya nöqteyi-nəzərdən parlamentin müvafiq komitəsində lazımı işlər görülür. Eyni zamanda, düşünürəm ki, bu gün  dünya iqtisadiyyatında olduqca mürəkkəb proseslər baş verir və bu proseslərə adekvat olaraq idarəetmə baxımından nəzarət olmalıdır. Çünki dünya dərin iqtisadi böhrana daxil olub və bu böhran uzun müddət davam edəcək.


Bu böhranla mübarizədə görülən tədbirlər şübhəsiz ki, müvafiq qanunlara söykənməlidir. Bunun üçün də parlamentin sözügedən komitəsinin üzərinə çox böyük məsiliyyət düşür.  Bu gün komitə qarşısında çox böyük çağırışlar var. Burda mühüm məsələ ondan ibarətdir ki, komitənin yeni rəhbərliyi dünyadakı yeni çağırışlara adekvat olaraq yeni qanunların hazırlanmasını təşkil etsin. Mən hesab edirəm ki, bu qanunların içərisində prioritet sənəd “Strateji planlaşdırma haqqında” qanunun qəbul edilməsi olmalıdır. Bilavasitə olaraq bu, komitənin işi kimi əsas götürülməlidir. 
Bu gün komitədə xeyli yeni simalar var. Ona görə hələ parlamentin bu komitəsi ilə bağlı fikir bildirmək bir qədər tezdir, çünki cəmi 3 ay fəaliyyət göstərə biliblər. Lakin dediyim kimi, Tahir Mirkişilinin rəhbərliyi ilə yaxşı mənada gözləntilər reallaşacaq”.


FED.az biznes portalının redaktoru Əli Əhmədov 
Tahir Mirkişilinin sədri olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ümumi fəaliyyətindən razı qaldığını diqqətə çatdırıb:


"Bu komitədə olan deputatların çoxunu şəxsən tanıyıram və çoxu iqtisadiyyata bilavasitə aid olan şəxslərdir. Bəzilərinin əvvəllər biznes fəaliyyəti də olub. Komitənin ümumi fəaliyyətini çox yaxşı qiymətləndirirəm. Xüsusilə yeni tərkibdə komitədə dinamiklik və aktivlik müşahidə edilir. Burda qanunvericilik layihələrinin sayının artması məsələsi də rol oynadı. Komitənin içərisində çox yaxşı kordinasiya var, həm də işin getməsi çox məhsuldar olub. Məsələn, karantin rejimi tətbiq olunsa da, komitə "Zoom" vasitəsi ilə özünün onlayn iclaslarını keçirdi, biz də izlədik. Karantin dönəmində komitə müxtəlif problemlərə bağlı onlayn müzakirələr keçirdi və məhsuldar rəylər səsləndi, təkliflər verildi".
 

İqtisadçı-ekspert Natiq Cəfərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən daha aktiv fəaliyyət gözləyir.


"Koronavirusun iqtisadiyyata vurduğu zərərlər, qlobal bazarda enerji daşıyıcılarının qiymətləri və bir çox çağırışlar komitə müzakirələrində əsas mövzular olmalıdır. Bu baxımdan komitə daha effektiv işləməli və tez-tez toplanmalıdır. Hətta bu komitənin toplantısı qonşu ölkələrdə olduğu kimi, canlı yayımlanmalıdır ki, vətəndaş prosesləri daha aydın başa düşsün. Çox təəssüf ki, bizdə parlament televiziyası yoxdur ki, iclaslar da canlı yayımlansın. Amma ən azından böyük reportajlar hazırlamaq olar ki, orada gedən müzakirələrin keyfiyyəti və istiqamətləti ilə bağlı məlumatlar verilsin.
Komitədə bir neçə deputatı çıxmaqla qalanların fəaliyyətə diqqət çəkmir. Əslində isə belə olmalı deyil.
Komitə üzvlərindən Vahid Əhmədov kifayət qədər peşəkardır. Onun mediada yayımlanan fikirlərini böyük maraqla izləyirəm. Hətta imkan düşəndə polemika da yaratmağa çalışıram. Pandemiyadan əvvəlki dönəmlərdə də tədbirlər olanda onunla tez-tez fikir mübadiləsi aparıb müzakirələr edirdik".


İqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, komitəyə yeni seçilən deputatların fəaliyyəti ilə bağlı nəsə deyə bilməz:

“Çünki yeni parlament formalaşdıqdan sonra karantin rejimi tətbiq edildi və onların fəaliyyətini izləyə bilmədik. Amma buna qədərki komitədə bir neçə deputat var ki, kifayət qədər fəaldırlar. Məsələn, onların sırasında Əli Məsimli və Vahid Əhmədovun adını qeyd etmək istəyərdim”.

Ekspert deyib ki, komitə qanunvericilik aktlarının müzakirəsində müəyyən dinləmələr keçirərkən vətəndaş cəmiyyətinin nümayəndələrini də dəvət etməlidir.

“İkincisi isə parlament Konstitusiyaya görə büdcə nəzarəti orqanıdır. Bu gün parlament, o cümlədən sözügedən komitənin büdcəyə nəzarət imkanları məhduddur". 

Ekspertin fikrincə, parlamentdə iqtisadiyyat komitəsi ilə büdcə komitəsi ayrı-ayrılıqda fəaliyyət göstərsə, daha yaxşı olar.

O, bəzi qanunların qəbul edilməsinin vacibliyini də önə çəkib.

“Məsələn, Rəqabət Məcəlləsi 15 ildir qəbul edilmir. Yaxud da Vergi Məcəlləsinin dəfələrlə dəyişilməsi müzakirə olunsa da, yekun qərar qəbul olunmur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir