Modern.az

Hollandiyanın azərbaycanlı tibb işçisi: “Koronavirusa yoluxan sağlam insanın ölüm ehtimalı azdır” - MÜSAHİBƏ

Hollandiyanın azərbaycanlı tibb işçisi: “Koronavirusa yoluxan sağlam insanın ölüm ehtimalı azdır” - MÜSAHİBƏ

3 İyul 2020, 13:52

Pandemiya dövründə həkimlərimizlə yanaşı, tibb bacıları, digər tibb işçiləri də virusla mübarizə üçün əlindən gələni edir.

Koronavirusla mübarizədə çarpışan tibb işçiləri arasında xaricdə yaşayan azərbaycanlılar da var. Onlardan biri də 20 ildir ki, Hollandiyada yaşayan Lamiyə Babayevadır. Lamiyə xanım bir neçə il Azərbaycanda tibb bacısı kimi çalışıb. İndi isə Amsterdamda 8 min işçisi olan "VU MC" xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərir, koronaviruslu xəstələrə tibbi xidmət göstərir.


Lamiya Babayeva mövcud vəziyyət və xəstəliklə bağlı sualları Modern.az-a müsahibəsində cavablandırıb.

- Lamiyə xanım mümkünsə Hollandiyada ümumi vəziyyəti təsvir etmənizi istərdik...

- Mart ayının 16-ı ölkədə karantin elan olundu. Amma əksər ölkələrdə təbiq olunan komendant saatı, küçəyə çıxma qadağası burda tətbiq edilmədi. Ümumiyyətlə, hollandların milli şüuru bir qədər fərqlidir. Onlar özləri qadağalara tam əməl etdiyi üçün "Evdə qal" çağırışının bir faydası olmayacaqdı, hollandlara qadağa qoymaq, evə həbs etmək olmaz. Amma kafelər, sinemalar, gözəllik salonları bağlandı. İndi artıq sərt qadağalar da yığışdırılıb, hər yer işləyir. Günə 3-10 arası virusdan ölən olur. Lakin əvvəllər də oluğu kimi, indi də sosial məsafə qorunur, avtobusda maska taxmaq zəruri hesab olunur. Maska taxmasan, 100 avro cərimə olunursan.

 

- Bir neçə dəfə müxtəlif ölkələrin "koronavirusa qarşı vaksin tapıldı" xəbərinə sevinmişik. Bu xəbərlər nə qədər həqiqəti əks etdirir? Sizcə vaksin tapılıb?

- Koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı xəbərlərin hamısı yalandır. Bu sadəcə ölkələrin reklamıdır. Vaksinin hazırlanması üçün aylar, illər lazımdır. Əgər indi mənə desələr ki, arıq vaksin hazırdır və sən ondan istifadə et, heç vaxt razı olmaram. Yalandan 5-10 nəfərin arasında sınaq aparıb hansısa nəticəyə gəlmək olmaz. Tibbi biliyi olan insan “vaksin hazırlanıb” xəbərinə inanmamalıdır.


- Pandemiyanın sonlanması ilə bağlı fikirlər müxtəlifdir. Holland mütəxəssislər bu barədə nə deyir?

 

- Heç kim deyə bilməz ki, pandemiya nə zaman sonlanacaq. Virusun 2 il sonra da məhv olacağı ilə bağlı fikirlər var, amma bu, dəqiq deyil. Çünki söylənilən fikirlərin elmi əsası yoxdur. Hər şeyi zaman göstərəcək.


- Əvvələr deyirdilər ki, şəxsin əlavə xəstəliyi varsa, koronavirusu ağır keçirir. Amma biz heç bir problemi olmayan insanların da koronavirusu ağır keçirdiyinin şahidi olduruq. Buna aydınlıq gətirmənizi istərdim. Yəni sağlam adamlar da xəstəliyi ağır keçirə bilər?

 

- Koronavirus heç şübhəsiz ki, insanların səhhətində problemlər yaradır. Amma xəstənin şəkər diabeti, bronxial asması varsa, onun ölmə ehtimalı daha çox olur. Bəhram Bağırzadəyə baxın, artıq çəki, allergiya və asma xəstəliyi onun koronavirusu ağır keçirməsi ilə nəticələnib.

Sağlam insan da xəstəliyi ağır keçirə bilər, amma ölüm ehtimalı çox aşağı olur.

 

- Deyirlər ki, immuniteti nə qədər güclü tutsan, koronavirusu da bir o qədər rahat keçirərsən. Lamiya xanım, tibb işçisi kimi deyərdiniz, immun sistemimizi necə güclü tutaq?

- Desək ki, pandemiya dönəmində filan qidanı ye, immun sistemin bərkiyəcək, bu doğru olmaz. Amma ümumi bildiyimiz məsələdir ki, sağlam qidalanmaq istənilən dönəm üçün lazımlıdır. "McDonald"da yeyilən qeyri-təbii qidalar, qazlı içkilər və s. immun sistemini zəiflədir. Bundan başqa, ağ çörək, yağlar da insan səhhətinə zərərlidir.

Ümumiyyətlə, Azərbaycanda şəkər və yağ tərkibli qidalara insanlar üstünlük verir. Bu cür qidalar çox dadlı olur və insanlarda aslılıq yaradır. Mən Azərbaycana gələndə müşahidə etmişəm ki, kişilərin də, qadınların da çoxu piylənmədən, qarın çıxmasından narahatdır və əksəriyyətdə şəkər xəstəliyi var. Bunlar hamısı tez-tez yeyilən və dadlı hesab edilən zərərli qidaların təsirindən doğur. Yenə də məsləhət görürəm ki, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Hər şey qidalanmadan irəli gəlir.

 

- Koronaviruslu xəstələr sağaldıqdan sonra onlara hansısa məhdudiyyətlər qoyursunuz? Yəni qidalanma və gündəlik rejimlə bağlı.

 

- Xeyr. Sağaldıqdan sonra normal həyata olduğu kimi, davam edirlər. Amma xəstəliyi ağır keçirən şəxs sağalırsa, onda olan əlavə problemlərin - artıq çəki, digər xəstəliklərin aradan qaldırılması üçün tövsiyələr verilir.

 

- Dünyanın bir çox ölkələrində turizm mövsümü açılıb və turistlər səyahət etdiyi ölkədə 14 gün karantində qalır. Bu da öz növbəsində zaman itkisidir. 14 günlük karantini nə ilə əvəz etmək olar? Ümumiyyətlə, əcnəbilərin 2 həftə karantində qalması mütləqdirmi?


- 14 gün karantində qalmaq mütləqdir. Çünki heç kim 100 faiz əminliklə deyə bilməz ki, məndə koronavirus yoxdur. Koronavirusun sürətlə yayılmasının səbəbi də məhz etinasız yanaşmadır.

Məsələn, keçən həftə mənim qızım xəstə idi. İşə bildirdim ki, heç bir problemim yoxdur, amma övladım xəstədir. Mənim koronavirusa yoluxmamağımı dəqiqləşdirmək üçün testdən keçməyə göndərdilər. Test nəticəm mənfi çıxdı. Sonra da səhhətimdə problem yaşananda təkrar müraciət etdim, test bu dəfə də mənfi cavabla sonlandı. Bilirsiniz, yəni demək istədiyim odur ki, özümüzü necə hiss etməyimizdən aslı olaraq qərar verə bilmərik ki, koronavirusa yoluxmamışıq. Bu baxımdan mütləq testdən keçmək lazımdır. Turistlər də mütləq yoxlanmalı, müəyyən müddət izolyasiya olmalıdır.

 

- Xəstələriniz arasında azərbaycanlı olub? Ümumiyyətlə Hollandiyada neçə nəfər azərbaycanlı koronavirusa yoluxub?

- Bəli, azərbaycanlı xəstəmiz olub. Bir azərbaycanlı qadın koronavirusa yoluxmuşdu. Biz onu reanimasiyaya yerləşdirdik. Xəstəliyi ağır keçirirdi, hətta komaya belə düşmüşdü. Amma indi özünü yaxşı hiss edir.


- Son olaraq mövcud pandemiya ilə bağlı insanlara müraciətinizi eşitmək istərdik...

- Müşahidə edirəm ki, Azərbaycanda hələ də sosial şəbəkələrdə yazırlar ki, virus yoxdur, bu oyundur. Amma dərk etmirlər ki, bir-iki ölkə bu oyunu oynaya bilər, bütün dünya yox. Yəni virus doğurdan da var və həqiqətən təhlükə yarada bilir. Məsələn, Hollandiyada gözümün qarşısında vəziyyət pik nöqtəyə çatdı və sonra azalmaya doğru getdik. Buna insanların sosial məsafə gözləməsi, qadağalara riayət etməsi ilə nail olduq.

Buna görə də Azərbaycanda yaşayan vətəndaşlarımıza da müraciət edib deyirəm ki, virusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl etsinlər. Yalnız bununla uğurlu nəticə əldə edib, "Əlvida korona!" demək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır