Modern.az

Deputat Sevinc Hüseynova: “Hər kəs öz bildiyi işin qulpundan yapışsa yaxşıdır...” - MÜSAHİBƏ

Deputat Sevinc Hüseynova: “Hər kəs öz bildiyi işin qulpundan yapışsa yaxşıdır...” - MÜSAHİBƏ

29 May 2012, 10:08

Bəzən ictimai rəy aldadıcı olur və reallığı əks etdirmir. Hər zaman Azərbaycan tamaşaçısı və oxucusu parlament iclaslarında bir qrup deputatın canfəşanlıq etdiyini və seysmologiyadan tutmuş ginekologiyayadək bütün məsələlərlə bağlı söz alaraq fikir bildirdiklərinə adət edib. Ancaq elə millət vəkilləri də var ki, onlar danışmaqdan çox iş görməyə üstünlük verirlər,  gördükləri  iş və seçicilərinə verdikləri fayda da dildən pərgar olan həmkarlarından çoxdur. Gədəbəydən seçilmiş millət vəkili Sevinc Hüseynova da belələrindəndir. Hətta iş elə gətirdi ki, vədələşdiyimiz vaxtda görüşəndə bir neçə dəqiqəlik üzrxahlıq etdi ki, bir şəhid ailəsi ona müraciət edib, onu dinlədikdən sonra müsahibə versə,  daha savab olar. Ona görə də söhbətimiz bir neçə dəqiqə yubandı. Sonra da bəlli olur ki, sən demə, müraciət edən heç onun seçicisi də deyil...

Modern.az deputat Sevinc Hüseynova ilə müsahibəni təqdim edir.

- Sevinc xanım, indicə şahidi olduğum müraciətdən qabaq da eşitmişdim ki, təkcə seçiciləriniz deyil, hətta digər rayonlardan olan vətəndaşlar da bu və ya digər problemlə üzləşdikdə Sizə müraciət edirlər, ancaq plenar iclaslarda bir o qədərdə aktivlik göstərmirsiniz.

Əvvəla, onu deyim ki, deputatın aktiv və ya passiv olması onun parlament tribunasındakı çıxışlarıyla, hər mövzu ətrafındakı polemikalarda iştirakıyla ölçülməməlidir. Əlbəttə, deputatlıq fəaliyyətinin görünən tərəfi onun vaxtaşırı parlamentdə və mətbuatdakı çıxışlarıdır. İkinci əsas tərəfi isə şübhəsiz ki, seçicilərlə bağlı görülən işlərdir. Plenar iclaslardakı çıxışıma gəldikdə isə bir müddət öncə özünüz də şahidi oldunuz ki, rayonumuzda 110 kilovoltluq yarımstansiyanın quraşdırılması üçün dövlət proqramında əksini tapmış məsələnin həllinin yubanmasıyla bağlı çıxış etdim. Parlamentin komitə iclaslarında da mütəmadi çıxışlarım olur.

- Seçicilərlə təmasları necə qurmusunuz, onları burada – Milli Məclisdə daha çox qəbul edirsiniz, yoxsa rayonda çox olursunuz?

- Köməkçim rayondadır , o seçicilərimlə daim təmasdadır. Həm özümə, həm də köməkçimə olunan müraciətlər rəsmi qaydada və şifahi formada olur . Çalışıram ki, özüm tez – tez rayona gedim və problemlərlə yerində məşğul olum. Etiraf edim ki, burdakı işlərlə bağlı rayonda çox ola bilmirəm. Rayonda olanda özüm vətəndaşlar üçün qəbul günləri keçirirəm, Milli Məclisə qələn vətəndaşlari burada qəbul edirəm.

- Rayonun digər deputatı Rafiq Məmmədhəsənovun da seçiciləri Sizə müraciət edirmi?

- Belə hallar olur. Eləcə də, yəqin  mənim secicilərimdən də digər deputat həmkarlarıma müraciət edirlər.

- Azərbaycanda illərdir ki, belə bir yanlış ənənə formalaşıb ki, deputat işıq – qaz probleminin həllindən tutmuş  seçicinin ailə - məişət probleminin həllinə qədər hər cür məsələlərlə məşğul olmalıdır. Sizə bu cür müraciətlər daxil olanda onlara demirsiniz ki, deputat qanun yaradıcılığıyla məşğul olan şəxsdir, icra strukturlarının görməli olduğu işlərlə məşğul olmamalıdır?

- Bunlar  dövrümüzün reallıqlarıdır və onlardan qaçmaq mümkün deyil.  Rayonumuz dağlıq  və sərhəd rayonu olduğu üçün bu cür məsələlərin həllinə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Hətta seçkiqabağı kampaniya dövründə də insanlarla görüşlərim zamanı onları daha çox hansı qayğılar maraqlandırdığını, nədən əziyyət çəkdiklərini, nəyə daha çox möhtac olduqlarını bilirdim. Çünki uzun müddət rayonda işləmişdim və Gədəbəyin spesifik qayğılarından müfəssəl məlumatlı idim. Təbii ki, sosial – iqtisadi problemlərin həlliylə icra strukturları məşğul olmalıdır bir halda ki, vətəndaş muraciət edir, bunu aidiyyatı təşkilatla birqə həll etməyə calışmalısan.

- Deputatalığa qədərki fəaliyyətinizlə bağlı açığı, nəinki cəmiyyət, hətta mətbuat olaraq o qədər də məlumatlı deyilik...

- Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşam. Orta təhsilimi  həmin kənddə, ali təhsili isə 87 – 92 – ci illərdə Saratov Dövlət Universitetinin Tarix fakültəsində almışam. Baxmayaraq ki, təkidlə  universitetdə qalmağım təklif olunmuşdu, ancaq mən tərəddüd etmədən öz rayonumuza qayıtdım.  İlk iş yerim torpaq şöbəsində olub, müfəttiş vəzifəsində çalışmışam.  Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun fərmanı əsasında yaradılmış Gənclər və İdman Nazirliyinin rayon idarəsinə rəis vəzifəsinə təyin olundum. 1994 – 2006 – cı illərdə həmin vəzifədə çalışdım. 2006 – 2009 – cu illərdə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının səhiyyə, təhsil və mədəniyyət  üzrə müavini vəzifəsində, sonra isə mənimçün çox doğma olan Gənclər və İdman Nazirliyində Ərazi İdarəetmə və Kadrlar şöbəsində çalışmışam. 2010 – cu ildə YAP tərəfindən mənə böyuk etimad göstərilərək, Milli Məclisə kecirilən seckilərdə iştirak etmək üçün namizədliyim irəli sürüldü.

- Slavyanka rus kəndi olub, ata – ana tərəfdən hər hansı qarışığınız olmayıb ki?

- Təmiz azərbaycanlıyam, atam rayonun Çalburun , anam isə Arıqıran kəndindəndir. Atamın iş yerı Slavyanka kəndində olduğu üçün  burada yaşamağa qərar veriblər.

- Bayaq dediniz ki, Saratov Dövlət Universitetində qalıb elmi fəaliyyətlə məşğul olmaq imkanınız olsa da, bundan imtina edib rayonunuza qayıtdınız. Nə vaxtsa rayona qayıtmagınıza və elmi fəaliyyətdən imtina etdiyinizə görə peşmançılıq keçirməmisiniz?

- Heç vaxt. Çünki mən bilirdim ki, sadəcə təhsil almaq üçün ora getmişəm və doğma rayonuma qayıtmalıyam. Elmi iş üzərində isə işləyirəm.

- Azərbaycanda bir ənənə də millət vəkillərinin az qala yarısının ictimai təşkilat rəhbəri olmasıdır. Siz belə bir təşkilat yaratmamısınız?

- Ümumiyətlə deputatın işini ictimai işdən ayırmaq olmur. Gördüyümüz işlərin əksəriyyəti ictimaiyyətlə bağlı olan işlərdir. Hal – hazırda özüm konkret olaraq hansısa bir ictimai təşkilatın rəhbəri deyiləm. Ancaq məktəb illərindən başlayaq daim ictimai işlərlə məşğul olmuşam : məktəbdə ilk gənclər təşkilatının (komsomol) katibi, Universitetdə “Poisk” qrupunun fakültə rəhbəri, Azərbaycan Qadınlarının Milli Konfederasıyasının rayon üzrə həmsədri, BMT və YUNİSEF-in dəstəyi ilə yaradılmış “Koalisiya 1385”in  yerli əlaqələndiricisi və s. olmuşam.

- Həmkarlarınız vaxtaşırı mətbuatda ölkədə qadınların çoxsaylı problemlər məngənəsində sıxıldığını iddia edirlər, müxtəlif layihələr həyata keçirirlər. Bu gün Azərbaycandakı qadın hüquqlarının mövcud durumunu necə qiymətləndirərdiniz ?

- Mən bu sahədəki mövcud vəziyyəti qənaətbəxş və aparılan siyasəti uğurlu  hesab edirəm. Təxminən 3-4 il öncə qadın hüquqları problemləriylə bağlı Gürcüstanda keçirilən  bir konfransa qatılmışdım. O zaman Azərbaycandan getmiş nümayəndə heyətinə rəhbərlik edirdim. Həmin tədbirdə mənim ölkəmizdə  gender siyasəti sahəsində görülmüş işlərlə bağlı məruzəmdən sonra Gürcüstanın nümayəndəsi, millət vəkili çıxışında bildirdi ki, “kaş Azərbaycandakı nailiyyətlərı nə vaxtsa biz də əldə edə bilək”.

- Sevinc xanım, alış – verişlə, dükan – bazarla aranız necədir,qeyimlərinizi özunuzmü alisınız?

- Bu işlərə elə də cox vaxt ayırmaq olmur, ancaq   geyimimi özüm almağa çalışıram. 

- Qadın deputat həmkarlarınızdan yaxın dost olduğunuz və hətta bir – birinizin evinə gedib gəldiyiniz insan varmı?

- Səmimi munasibətdə oldugum həmkarlarım var, əsasən bu  münasibətlərimiz  parlamentlə və işimizlə bağlı olur. Əvvəlki fəaliyyətim dönəmində də gediş – gəlişə bir o qədər də vaxt ayırmamışam.

- Milli Məclisdə Sosial siyasət komitəsinin üzvüsünüz. Bu komitəni özünüz seçmisiniz, yoxsa rəhbərlik belə bir bölgü aparıb?

- Seçkilərdən sonra parlamentin ümumi şöbəsindən zəng vuraraq, təhsilimə və əvvəlki fəaliyyətimə uyğunlugu olan bir necə komitənin adını çəkərək secim etməyimi təklif etdilər. Sosial siyasət komitəsi də mənim öncəki fəaliyyətimə uyğun olduğundan onu seçdim.

- Hansı ölkələrlə parlamentlərarası dostluq qrupunun üzvüsünüz?

- Misir, Qazaxstan, Rusiya, Kanada, Yunanıstan  dostluq qrupunun üzvüyəm. Türkdilli ölkələrin və Avropa İttifaqının Şərq Tərəfdaşlığı “AvroNest” Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüyəm.

- Onda hər ay xarici səfərlərdə olursunuz.

- Həmin qurumların iş cədvəlinə uyğun olaraq səfərlər olur.

- Sizcə icra başçısı işləmək məsuliyyətli və çətindir, yoxsa deputat olmaq?

- Mən hal – hazırda deputatam və başçı işləməmişəm ki, bunları müqayisə edəm.

- Müavin işləmisiniz.

- Məncə harda işləmək fərq etmir. Əsas odur ki, insan ona göstərilən etimadı qiymətləndirsin və məsuliyyəti dərk etsin, harada işləməyindən asılı olmayaraq, üzərinə düşən vəzifələri icra edə bilsin.

- Sevinc xanım, özünüz üçün belə bir statistika aparmamısınız ki, deputat seçiləndən üzü bəri Sizə nə qədər müraciət olub və onların neçəsini həll edə bilmisiniz?

- Açığı, dəqiq rəqəm deməkdə çətinlik çəkirəm, bu hesabat köməkcim tərəfindən  aparılır.

- Yəni bu müraciətlər minlərlə, yoxsa yüzlərlədir?

- Təbii ki, min və  minlərlə deyil. Sadəcə onu deyə bilərəm ki, edilən müraciətlərin demək olar ki, əksəriyyəti müsbət həllini tapıb. Bəzən elə müraciətlər olur ki, onları həll etmək üçün hüquqi məsləhət belə kifayət edir. Elə məsələlər də olur ki, onu komitə iclaslarında və plenar iclasda dilə gətirməli olursan. Sözsuz ki, həllini tapmayan müraciətlər də vardır ki, bu vətəndaşların qeyri-qanuni tələbləri və deputat səlahiyətində olmayan müraciətlərdir.

- Deputat həmkarınız, Mədəniyyət komitəsinin sədri  Nizami Cəfərov bir müddət öncə bizə  müsahibəsində az qala gileylənirdi ki, bəzən elə seçiciləri olur ki, onu elçiliyə getməyə və ya hansısa ailə münaqişəsini həll etməyə dəvət edirlər...

-Mən belə başa düşürəm ki, bu cür orijinal müraciətlər də bir istəkdən irəli gəlir ki, insanlar sənə inanır və səni özününkü hesab edir.

- Bəzən də elə hesab edirlər ki, deputatın sözü daha keçərli olar, yerə düşməz...

- Burada hər iki amil var. Bu artıq sənə müraciət edən insandan asılıdır.

- Cəmiyyətdə belə bir daşlaşmış ənənə də var ki, əgər sən deputatsansa, qardaş - bacın, həyat yoldaşın, qohum – qəbilən ya hansısa dövlət qulluğunda işləyir, ya da ən azı biznesmendir...

- Üç bacı, üç qardaşıq.  Mən deputat olana qədər qardaş – bacım harda işləyirdilərsə, indi də orda işləyirlər.

- Qardaşlarınızın harda işləməsi yəqin sirr deyil.

- Düşünürəm ki, bu, o qədər də önəmli deyil. Hamımız ali təhsilliyik. Bir bacım, bir qardaşım Azərbaycanda, dördümüz isə Rusiyada təhsil almışıq. Hər birimiz mustəqil olaraq biliyimizə və fəaliyyətimizə görə cəmiyyətdə yerimizi tutmuşuq.

- Sevinc xanım, görürəm ki, bu tip suallara könülsüz cavab verirsiniz, ancaq inanın ki, səmimi istəyimiz Sizi cəmiyyətə daha yaxından tanıtmaqdır. Bayaq da dedim, əksəriyyət elə bilir ki, əgər deputatsansa qardaş – bacın yüksək postlarda olmalıdır...

- Bizim sadə bir ailəmiz və orta azərbaycanlılara xas həyat tərzimiz var.

- Ölkə teleməkanındakı xaos və cəmiyyəti narahat edən problemlərə prezidentin də müdaxiləsi və kəskin tənqidi fikirlər bildirməsi son günlər müzakirə predmetlərindən birinə çevrilib. Sizcə nə edilməlidir ki, bizlər televiziyanın yerli kanallarını xarici kanallara dəyişdirməyək?

- Televiziyanın, Kütləvi İnformasiya Vasitələrinin əsas vəzifələrindən biri auditoriyanı özünə cəlb etməkdirsə, digəri isə ictimaiyyəti maarifləndirmək və ciddiyyəti saxlamaqla üstün formatı tətbiq etməkdir. Bu gün telekanallarda  elmi – publisistik , elmi-populyar və s. bu tipdə proqramlara çox az yer verilir. Sözsüz ki, hər kəs elmi proqramlardan zövq ala bilməz. Məhz televiziyanın vəzifəsi də elə ondan ibarətdir ki, bu tipdə proqramları maraqlı və cəlbedici etsinlər. Bəzən  xaricdə yayımlanan proqramları təkrarlayırlar.  Bu proqramlar digər xalqın   mentalitetindən qaynaqlanır buna görə də, bizdə bunlar  həm bayağı görünür, həm də cılız. Bizim xalq cox zənqin  mədəniyyətə  və elmi potensiala malikdir, bunu bir daha “Avroviziya” yarışmasının Bakıda baş tutması və möhtəşəm təşkili subut etdi, düşünurəm ki,  bu vəzifənin öhdəsindən gəlmək mümkündür.

- Bəlkə telekanal rəhbərləri tutaq ki, çıxışınızı oxuyaraq Sizə təklif elədi ki, buyurun gəlin, heç sponsor axtarmağa da ehtiyac yoxdur, bir elmi – publisistik proqram hazırlayıb təqdim edin...

- Hər kəs öz bildiyi işin qulpundan yapışsa, yaxşı bildiyi peşədə nəsə etmək istəsə, keyfiyyət və nailiyyət əldə edə bilər. 

- Nədən çəkinirsiniz ki, onsuz da teleməkan naşı aparıcılarla doludur, bəlkə onların çoxundan yaxşı proqram ortaya qoya bilərsiniz.

- Hesab edirəm ki,  yetərincə bacarıqlı kadrlar var. Əgər telekanal rəhbəri istəsə belələrini axtarıb tapa bilər, hansı proqramı necə təqdim etməyə də çətinlik çəkməzlər. Sözsüz ki, hər bir şey səmimi istəkdən asılıdır. Belə bir deyim  var, istəməyəndə min bəhanə tapmaq olar.

- Bu günlərdə deputat həmkarınız Məlahət İbrahimqızıyla bir xeyriyyə aksiyası keçirdiyinizlə bağlı mətbuatda məlumat getdi. Mümkündürsə bir qədər ətraflı danışardınız.

-Türkiyənin “Yeryüzü doktorlar” Təşkilatı və Məlahət xanımın rəhbərlik etdiyi “Lider qadınlar” İctimai Birliyinin birgə təşəbbüsü bu layihə gercəkləşdi,  ilk mərhələsində mart ayında Bakıda konfrans  və ruhi dispanserdə xəstələr muayinədən keçirildi. Növbəti mərhələdə isə  ölkəmizin Qərb  bölgəsində  Şəmkir, Agstafa, Gədəbəy rayonlarından olan xəstələrə tibbi yardım nəzərdə tutulurdu. Ancaq marafonun gedişində Azərbaycanın digər bölgələrindən də eşidən – bilən xəstələr müraciət elədi. 150 – dən artıq müraciət edən oldu, 62 əməliyyat keçirildi.

- Hansı əməliyyatlar?

- Dovşandodaq, qurdağız və çox kəskin uroloji problemləri olan – hepaspatiya xəstələrini Şəmkir Xəstəxanasında ugurlu əməliyyat etdilər. Türkiyədən 8 nəfərdən ibarət bir heyət gəlmişdi. Bunlar deyilən xəstəliklər üzrə cərrahlar,  anestezioloqlarıdır. Elə xəstələr olurdu ki, indiki halda onların əməliyyat olunması mümkün deyildi, onlara əməliyyatqabağı müalicə kursları təyin olundu.  Şəmkir xəstəxanasının tib personalı bu işə cəlb olunmuşdur, bu həmdə təcrubə mubadiləsı oldu.

- Növbəti dəfə nə vaxt gələcəklər?

- Dəvətdən asılıdır.

-Gədəbəydən seçilmiş deputatla müsahibədə ötən il gündəmi bir neçə ay zəbt etmiş bir faciəylə bağlı – Ədalət Hüseynov adlı bir nəfərin özünü yandıraraq dünyasını dəyişməsi barədə söhbət açmamaq mümkün deyil...

- Bu hadisəni eşidəndən sonra seçicim olmasa da, bir gədəbəyli kimi faciəylə rastlaşmiş ailəni 5  saylı Xəstəxananın yanıq şöbəsində bir rəfiqəmlə ziyarət etdim.

- Hal – hazırda həmin ailəyə ev tikilib – tikilmədiyiylə bağlı hər hansı məlumatınız varmı?

- Məndə olan məlumata görə həmin ailəyə kömək edilərək, ev tikilib və onlar həmin evdə yaşayırlar.

Zülfüqar Hüseynzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir