Modern.az

Kamilə Əliyeva: “Heç kəs Azərbaycanı haqq yolundan çəkindirə bilməyəcək”  

Kamilə Əliyeva: “Heç kəs Azərbaycanı haqq yolundan çəkindirə bilməyəcək”  

7 İyul 2020, 12:19

Ağır və çətin pandemiya şəraitinə baxmayaraq, dünən növbəti bir əlamətdar hadisə yaşandı. Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı keçirildi. Bunun özü bir daha Azərbaycan dövlətinin iqtisadi və mənəvi gücünü, qüdrətini, bütün ağır və çətin situasiyalara baxmayaraq, əyilməzliyini, sınmazlığını göstərdi. Bu, ölkə Prezidentinin və Birinci xanımın bir daha fəaliyyətlərində daim öndə, rəhbər tutduqları Azərbaycan insanının, Azərbaycan vətəndaşının sağlamlığının, təhlükəsizliyinin təmin edilməsinin dəyişilməz olduğunu nümayiş etdirdi.
Bu, Azərbaycan dövlətinin, dövlət başçısının, onun ən yaxın silahdaşının bir daha Azərbaycan insanı ilə həmrəyliyinin, birgəliyinin nümayişi oldu. Elə hesab edirəm, inanıram və qəti əminəm ki, Azərbaycan dövləti və Azərbaycan xalqı naminə atılan bu fədakar addımlar nəticəsiz qalmayacaq, hədər getməyəcək, öz müsbət nəticəsini verəcək, ölkəmiz, xalqımız bu “gizli düşmən”dən, bu dəhşətli bəladan birdəfəlik qurtulacaq, xilas olacaq. Bunun üçün yetər ki, hamı deyilənlərə, xüsusi karantin rejiminin şərtlərinə axıracan əməl etsin, məsuliyyətsizliyə yol verməsin, dövlət başçısının və Birinci xanımın çağırışlarına, müraciətlərinə öz əməli addımları ilə cavab versin. İnanıram və əminəm ki, belə də olacaq.

 

Onu da deyim ki, açılış mərasimi zamanı ölkə Prezidenti 3 yerli telekanala çox əhatəli və məzmunlu müsahibə verdi, ölkəmizdə və dünyamızda baş verənlərin mənzərəsini bir daha gözlər önünə sərdi, Azərbaycan insanına növbəti dəfə stimul və ümid verdi. Xüsusilə, məkrli qonşumuz Ermənistanın və erməni lobbisinin iç üzünü bir daha tutarlı faktlar və arqumentlərlə açıb ortaya qoydu, ifşa etdi. O, işğalçı ölkəni ksenofobiya və Azərbaycanfobiyada ittiham etdi və əslində, bununla da ermənilərin, Ermənistanın özünü hər şeydən təcrid etdiyini, pis duruma saldığını bəyan etdi. Dövlət başçısı haqlı olaraq, Ermənistanı antidemokratiklikdə, irticada, insan haqlarının pozulmasında günahlandırdı və bir daha beynəlxalq aləmə çağırış etdi ki, bunlara göz yumulmasın, Ermənistanın antiinsani və antibəşəri addımları görməzdən gəlinməsin, onların layiqli cavabı verilsin.“Dövlət başçısı çıxışında dedi:
“Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır. Ancaq baxın, beynəlxalq təşkilatlar, – indi bunu bir çox adamlar deyir, – buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər…”.

 

Tamamilə, haqlı ittihamlar və haqlı suallardır. Demokratiyadan, insan haqlarından gecə-gündüz danışanlar, dəm vuranlar, hər fürsətdə və haqsız şəkildə Azərbaycanın üzərinə hücum etməyə, onun imicinə və nüfuna xələl gətirməyə çalışan beynəlxalq qurumlar, Avropa Şurası, ATƏT və digərləri, onların məruzəçiləri bunlara cavab versələr, yaxşı olar. Ancaq onlar cavab verməkdə maraqlı deyillər, onları haqq-ədalət maraqlandırmır. Onları ancaq öz dar, cılız, çirkli, kirli maraqları maraqlandırır. Onlar üçün elan etdikləri dəyərlər və prinsiplər, sadəcə, şirmadır, görüntüdür. Əgər belə olmasaydı, çoxdan Ermənistanın layiqli cavabını və cəzasını verərdilər. Ancaq onlar bilsinlər və unutmasınlar ki, nə edirlər-etsinlər, heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanın tutmuş olduğu haqq yolundan, haqq mübarizəsindən və inkişaf xəttindən çəkindirə bilməyəcəklər. Buna Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlət başçısı imkan verməyəcək.

 

Kamilə Əliyeva
Millət vəkili, professor

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub