Modern.az

Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ  

Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ  

Təhsil

9 İyul 2020, 15:18

Azərbaycan Kooperasiya Universitetinin həyəti... Hər zaman tələbələrlə qaynaşan bu həyəti indi dərin səssizlik sarıb. Hiss olunur ki, bu həyət də, universitetdə pandemiya ilə bağlı dövlətin verdiyi qərara əsasən işə çıxan azsaylı əməkdaşlar da tələbələr üçün çox darıxıb.

 

Amma nə etmək olar?! Bütün dünyanı öz təhlükə və vahiməsinə bürüyən yeni növ koronovirus infeksiyası – COVID-19-la mübarizədə bu, qaçılmazdır. Hələ mart ayının əvvəllərində koronovirus yenicə yayılmağa başlarkən hökumət onun qarşısının alınması üçün zəruri addımlar atdı, tədris prosesi təhlükəsizlik səbəbindən dayandırıldı. Universitetlər Təhsil Nazirliyinin təşəbbüsü ilə onlayn platformalar vasitəsilə dərsləri virtual şəkildə davam etdirdi.

 

Azərbaycan Kooperasiya Universiteti də öz aktiv tədris prosesini Micrasoft Teams platforması vasitəsilə davam etdirdi, yaz sessiyası  imtahanlarını da onlayn şəkildə həyata keçirdi. Amma bu zaman başqa universitetlərdən fərqli olaraq çox maraqlı və fərqli yeniliyə imza atdı...

 

Bu yeniliyin təşəbbüskarı universitetin rektoru, millət vəkili, professor Eldar Quliyev olub. Professorla söhbətə də elə bu məqamdan başlayırıq:

 

“Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, təhsilə də mənfi təsirini göstərdi. Əhalinin sağlamlığının qorunmasını ən vacib məsələ hesab edən ölkə Prezidentinin təşəbbüsü və bilavasitə iştirakı ilə bir çox qabaqlayıcı tədbirlər görüldü, ciddi karantin rejimi tətbiq olundu, bir çox sahələr kimi təhsil müəssisələrinin də fəaliyyəti dayandırıldı. Ənənəvi tədris forması, tələbə-müəllim münasibətləri müəyyən qədər qırıldı. Təhsilverənlərlə təhsilalanlar arasındakı canlı diskussiya, bilik paylaşımı məcburən dayandı. Nəticədə tədris mərkəzlərində mart ayından etibarən dərslər yalnız onlayn formada keçirilərək tədrisin fasiləsizliyi təmin edildi. Artıq  onlayn dərslərimiz başa çatıb. Hazırda yaz imtahan sessiyası yekunlaşmaq üzrədir.

 

 

Maraqlı yenilik - Rektor və valideynlər onlayn imtahanlarda

 

Bu format bizim üçün də maraqlı təcrübə oldu, çünki bundan əvvəlki illərdə belə hallarla qarşılaşmamışdıq.

 

Onlayn imtahanların ən müsbət cəhərlərindən biri  də valideynlərin prosesə  cəlb edilməsi oldu.  Valideynlərə müraciət etdik:  kim istəyirsə, övladı onlayn imtahan verən zaman bu prosesdə  iştirak edə, gedişatı birbaşa izləyə bilər. Belə olduqda övladının biliyinin qiymətləndirilməsi cəhətdən valideynin heç bir narazılığı qalmır.  Mən də təcrübəmizdə ilk dəfə rastlanan bu formatlı imtahanlara qatılıb, gedişatı izlədim. Həm universitetin, həm də onun nəzdində olan kollecin imtahanlarında iştirak etdim. Eyni zamanda tələbələrin fikrini öyrənmək üçün  əlavə suallar da verirdim. Məsələn, onlardan ənənəvi, yoxsa onlayn imtahanların daha əlverişli olduğunu soruşurdum. Bəzi tələbələr onlayn formanın daha əlverişli olduğunu bildirsə də, bəziləri isə ənənəvi tədris üsuluna üstünlük verdi.

 

Biz bilmirik ki, növbəti tədris ili hansı şəkildə davam edəcək və hər bir vəziyyət üçün hazır olmalıyıq. Mən təbii ki, ənənəvi dərs keçirilməsinin bərpa olunmasını çox istərdim, lakin bunun üçün biz koronavirusa qalib gəlməliyik.  Çünki  müəllim təkcə dərs keçməklə fəaliyyətini məhdudlaşdırmayıb, tələbələri gənc mütəxəssis və şəxsiyyət kimi yetişdirməlidir ki, bunu da yalnız ənənəvi tədris forması vasitəsilə həyata keçirmək mümkündür. 

 

Eldar müəllim valideynlərin də iştirak etdiyi onlayn imtahanlarda həm onlar, həm də tələbələrlə diskussiyada olub, məsləhət və tövsiyələrini verib:

 

“İnsanlar pandemiya şəraitində karantin qaydalarına mütləq əməl etməlidirlər. Virusun olmadığını iddia edənlərə qətiyyən inanmayın. Onlayn imtahan prosesində də tələbə və valideynlərinə müraciət edərək tövsiyə etdim ki, özlərini  qorusunlar. Qeyd edim ki,  pandemiya təhlükəsinin davam edəcəyi halda,  Kooperasiya Universiteti onlayn dərslərə tam hazırdır.

 

Artıq bizim 4-5 aylıq təcrübəmiz var və  bundan sonrakı aylarda da bu işi davam etdirə bilərik. İstər onlayn dərs, istərsə də imtahanlar zamanı  heç bir tələbədən “kompüterim, telefonum yoxdur” və s.  kimi fikirlər eçitmədim; hamı bir nəfər kimi iştirak edirdi. Bu hal çox sevindiricidir,  sadəcə bəzi hallarda internet sürətinin zəifliyi öz sözünü deyir”.

 

Qısa zamanda tam hazırlıq

 

Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru dos. Fikrət Quliyev də tələbələr üçün ən çox darıxan şəxslərdən biridir. Fikrət müəllim məlum reallığın doğurduğu situasiya və ondan çıxış yollarını çox dəqiqliklə təhlil edir, onlayn dərslərin bugünkü rolunu da dəyərləndirir:

 

 

 

ÜST-ün son məlumatlarına görə dünyanın 210-dan artıq ölkəsində COVID-19 pandemiyası yayılıb və dayanmadan mənfi statistikasını və coğrafiyasını genişləndirməkdədir. Koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbəri tərəfindən ilk gündən çox ciddi addımlar atıldı, qabaqlayıcı tədbirlər görüldü və ölkədəki epidemioloji vəziyyət tam nəzarətə götürüldü.

 

Koronavirusa qarşı mübarizədə komanda halında birləşməyi bacardıq. Mart ayının 3-dən etibarən respublika ərazisində bütün təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı qərar qəbul olundu.Azərbaycan hökumətinin təhsil müəssisələrində elan etdiyi karantin tədbirləri şəraitindəTəhsil Nazirliyi tədris prosesinin fasiləsizliyinin təmin edilməsi üçün orta ümumtəhsil və ali təhsil pillələrində, təhsilin digər sahələrində məsafədən təlim texnologiyalarının geniş və davamlı tətbiqini  tövsiyə, təşviq etməklə yanaşı, həm də bu işə ciddi proqram dəstəyi verdi. Hazırda dünyada hökm sürən koronavirus pandemiyası şəraitində təhsildə aparılan islahatlar məhz həmin zərurətdən yaranmışdır. Bizim universitet də təhsilin keyfiyyətinin yüksəldilməsini, yeni təlim texnologiyalarının səmərəli istifadəsinin təmin edilməsini universitetin başlıca vəzifəsi kimi müəyyən etmişdir. Distant təlim texnologiyalarının yenicə başlanmış tədris semestri ərzində tətbiqi ilə bağlı rektorun tapşırığına əsasən əvvəlcə ZOOM, Skype, Whats App və s. platformalar üzərindən dərslərin təşkilinə imkan yaradıldı. Mütəxəssislərimiz tərəfindən müəllimlərimizin texniki vastələrdən istifadə imkanlarının artırılması   üçün təlimlər təşkil olundu. Çünki distant ali təhsil modelində texnoloji infrastruktur mühüm əhəmiyyət kəsb edir. Aprel ayının əvvələrindən başlayaraq təhsil nazirliyinin tövsiyəsilə mərkəzləşdirilmiş qaydada daha geniş və müxtəlif funksiyalı tədris imkanlarına malik olan lisenziyalı “Microsoft Teams” platformasına keçirilməsi təşəbbüsünə qoşulan Universitetimizdə dərslər bu platforma üzərindən keçirilməyə başladı.

 

Bütün tədris materiallarının- elektron mühazirə mətnlərinin, sillabusların, sərbəst işlərin mövzularının, imtahan suallarının, ayrı-ayrı ixtisaslar üzrə dərsliklər və dərs vəsaitlərinin əvvəlcədən  universitetdə mövcud olan uni-book siteminə yüklənməsi məsafədən tədrisin təşkilinə ciddi dəstək vermiş oldu.           
        

Dünyanın həyəcanına səbəb olan COVİD-19 pandemiyasından sonra dünya təhsil sistemində köklü dəşikliklər baş verməkdədir.Bu dəyişikliklərin fonunda distant təhsil özünü yeganə və alternativi olmayan yeni təhsil modeli kimi göstərdi və tədris prosesinin fasiləsizliyini və əlçatanlığını təmin etmiş oldu. Lakin qeyd etmək istəyirəm ki, distant təhsilin də  müəyyən çatışmayan cəhətləri  var. Universitetlərdə elə ixtisaslar var ki, kadr hazırlığında laboratoriyaların olması mütləqdir. Çünki tələbə hansısa əməliyyatı yerinə yetirərkən laboratoriyadakı avadanlıqları əyani şəkildə görməli və prosesin iştirakçısı olmalıdır. Buna baxmayaraq bu gün onlayn tədrisi yüksək qiymətləndirmək olar.
          

 

Təhsil Nazirliyinin 2019-2020-ci tədris ilinin yaz semestr imtahan sessiyasının keçirilməsi barədəki  277 saylı əmrinə  uyğun olaraq imtahanların 08.06.2020-ci il tarixdən etibarən   5 həftə müddətində keçirilməsi nəzərdə tutulub. Kooperasiya Universitetində   iyunun 4-də rektor tərəfindən imzalanan əmrlə İmtahan qərargahı və Appelyasiya komissiyası yaradılıb, “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. İmtahan sessiyası başlanan gündən rektor, professor Eldar Quliyev  bütün fakültələrdə imtahanların gedişatını izlədi və tələbələrin eləcə də onlarla birgə imtahanlara qatılan valideynlərin çoxsaylı suallarını şəxsən özü  cavablandırdı.

 

Magistratura pilləsində dissertasiyaların müdafiəsi üçün ixtisaslaşdırılmış şuraların iclasları onlayn rejimdə keçirilirdi. Bu iclaslarda rektor da iştirak edirdi.

 

Qeyd etməliyəm ki, tələbələrin onlayn dərslərdə iştirak edib etməmələrindən asılı olmayaraq onlar maksimum giriş balları ilə imtahanlara buraxılırlar. İmtahan sualları da xeyli dərəcədə sadələşdirilib. Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin və eləcə də Universitetin Elmi şurasının qərarlarına əsasən  cari imtahan sessiyasında akademik borcu qalan tələbələr öz arzularına uyğun olaraq avqust ayında heç bir ödəniş etmədən onlayn formada təşkil olunan 3-4 həftəlik icmal mühazirələr, istiqamətverici dərslərdə iştirak edə biləcəklər. Dərslər bitdikdən sonra tələbə yenidən tədris ili başlayanadək bir dəfə də  imtahan verəcək. Buraxılış kurslarında təhsilin bakalavriat səviyyəsində istehsalat və diplomqabağı təcrübələrin, magistratura səviyyəsində isə elmi-pedoqoji və elmi- tədqiqat təcrübələrinin nəticələri xüsusi karantin rejimi tətbiq olunana qədərki dövrdə təcrübələrdə iştiraklarına uyğun qiymətləndirildi. Sonuncu kurs  tələbələri ÜOMG (ümumi orta müvəffəqiyyət göstəriciləri) nəzərə alınaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.Yekun Dövlət Attestasiyanın ÜOMG-yə uyğun qiymətləndirmənin  nəticəsi ilə razılaşmayan tələbələr ixtisas  üzrə buraxılış imtahanında onlayn formada iştirak edə bilərlər. Dissertasiya işi hazırlayan magistrlərimiz kitabxanalara gedib materiallar toplamalı, tədqiqatla məşğul olmalıydılar. Ancaq onlar üçün də müəyyən güzəştlər edildi. Belə ki, elmi məqalələrin sayında və məzmun etibarı ilə müəyyən qədər güzəştlər edildi. Universitet rəhbərliyinin imtahanlara həssaslıqla yanaşması professor-müəllim heyətinin məsuliyyətini artırmaqla bərabər tələbələrdə də məmnunluq hissi yaradır. Koronavirus pandemiyası səbəbilə yaşanan fərqli bir imtahan sessiyasi universitetimizdə iyulun 10-da başa çatacaq.

 

Onlayn tədris və imtahanları uğurla başa vuran fakültə

 

Universitetin “Maliyyə” fakültəsi onlayn tədris və imtahan prosesindən uğurla keçib. Dekan, dosent Səbinə Vəliyeva da görülən işlər barədə ətraflı danışır:

 

-Pandemiyanın təsiri təhsil sistemindən də yan keçmədi. Dövlət təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladı. Belə ki, mövcud şəraitdə onlayn platformalardan tədrisin təşkili zərurətə çevrildi, universitetin texniki imkanları səfərbər edildi. Tələbələrin bu dərslərdə iştirakını  kifayət qədər qənaətbəxş hesab etmək olar. İnformasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla tələbələr imtahanlara yaxşı hazırlaşmaları və müvəffəqiyyətli olmaları üçün əvvəlcədən onlayn platforma üzərindən həm təqvim –mövzu planına uyğun olaraq mühazirə mətnləri, həm sillabuslar, həm də sadələşdirilmiş imtahan sualları ilə təmin olunub.     

 

 

Universitetimizdə bakalavrların 2019-2020-ci tədris ilinin yaz imtahan sessiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 02.06.2020-ci il F-277 nömrəli əmri və Universitet rəhbərliyinin müvafiq göstərişlərinin tələblərinə uyğun olaraq  təşkil olunub.  Artıq imtahanların əksər hissəsi geridə qalmış və belə nəticəyə gəlmək olar ki,  tələbələr onlayn platforma üzərində keçirilən imtahanların obyektivliyindən və şəffaflığından məmnundurlar. Yaxşı haldır ki, tələbələr imtahan verərkən valideynlər də imtahanların gedişinə müdaxilə etmədən izləyir və öz rəylərini bildirirdilər.

 

Bu günlərdə universitetimizin  rektoru professor Eldar Quliyev fakültəmizdə keçirilən imtahanları müşahidə etmək üçün onlayn imtahanlara qoşuldu və tələbələrin çoxsaylı suallarını cavablandırdı. Təbii ki, universitetin rektorunun imtahanlara qoşulması həm bizim, həm də müəllimlərimizin məsuliyyətini artırmaqla yanaşı tələbələrimizin imtahanlara  daha yaxşı hazırlaşmasına əlavə stimul verdi.

 

Pandemiya səbəbindən alternativi olmayan onlayn tədrisin təşkili üçün  lazım olan bir nömrəli məsələ texniki imkanlardır. Onlayn tədris və imtahanların hansı səviyyədə təşkili də bu imkanların səviyyəsindən asılıdır. Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi bütün bu müddət ərzində onlayn tədris və imtahanların alınmasından ötrü əlindən gələni edib. Şöbənin rəhbəri Fuad Babayev bu barədə ətraflı danışır:

 

 

 

-Ölkəmizdə təhsil müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar olaraq dayandırılmasından dərhal sonra universitet rektorunun müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi mövcud ixtisaslar üzrə tədrisin onlayn təşkili üçün bütün texniki vasitələri və proqram təminatını aktiv vəziyyətə gətirdi. Beləliklə, qısa bir müddət ərzində tədris məsafədən təşkil olunmağa başladı, onlayn formada Microsoft Teams elektron platforması üzərindən tələbələrimizə çatdırıldı. Yekun olaraq isə tələbələrimizin aralıq qiymətləndirilməsi üçün yay imtahan sessiyası da onlayn formatda təşkil olundu. İmtahan cədvəlləri universitetin müvafiq dekanlıqları tərəfindən operativ şəkildə hazırlanaraq İKT mərkəzinə təqdim olundu və qaydalar tələbələrə izah edildi. İmtahanların keçirilməsi üçün texniki cəhətdən lazımi avadanlıqlarla təchiz olunmuş imtahan nəzarət-proktor otaqları dekanlıqlarda fəaliyyət göstərməyə başladı. Xüsusi təlim keçmiş koordinatorlar tələbələrin imtahanlara daxil olmalarını və yaranan problemlərin vaxtında aradan qaldırılmasını təmin etdilər. Onlayn imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan hər hansı ciddi problem yaranmadı. Qeyd etmək istəyirəm ki, imtahanların gedişi əvvəlki gündən rektor, tədris işləri üzrə prorektor, dekanlar və kafedra müdirləri tərəfindən izlənilib.

 

Universitetdən geri qalmayan kollec

 

Bakı Biznes və Kooperasiya Kolleci Azərbaycan Kooperasiya Universitetinin nəzdində fəaliyyət göstərir. Uuniversitetdə edilən bütün yeniliklər – onlayn tədris və imtahanlar – orada da uğurla tətbiq olunur.  Azərbaycan Kooperasiya Universitetinin prorektoru- kollecin direktoru dos. Fatimə xanım Quliyeva onlayn imtahanların gedişi haqqında ətraflı məlumat verir və proses zamanı hazırlanan videonu təqdim edir:

 

- Yaranmış vəziyyətlə əlaqədar kollecimizin  müəllim-işçi kollektivi tədris prosesini onlayn rejimdə davam etdirməyə qərar verib. Mövcud kurslar üzrə dərslər əvvəl “ZOOM” konfrans bağlantı proqramı ilə, daha sonra Təhsil Nazirliyinin tövsiyyəsi ilə Microsoft Teams platforması üzrə aparılıb. Onu da qeyd edək ki, tələbələr yeni tədris üsulunu böyük həvəslə qarşıladı, demək olar ki bütün tələbələr dərs prosesinə qatıldı. Dərslər sosial şəbəkələrdə yayımlanırdı və bu da tələbələrdə marağın artmasına səbəb olurdu.

 

 Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, eləcə də kollecin Pedaqoji Şurasının müvafiq qərarlarına əsasən tədris ilinin yaz imtahan sessiyasının da onlayn şəkildə təşkil olunmasına qərar verildi.  Buraxılış qruplarında təhsil alan və tədris planı üzrə akademik borcu olmayan tələbələrin istehsalat təcrübəsi ixtisas fənləri üzrə orta müvəffəqiyyət balı ilə qiymətləndirilərək Yekun Attestasiya İmtahanlarına buraxıldı. Təcrübənin ixtisas fənləri üzrə orta müvəffəqiyyət balı ilə qiymətləndirilməsindən narazı olan  tələbələr təşkil olunmuş təkrar onlayn qiymətləndirilməyə qatılmaq hüququndan istifadə edərək yenidən imtahana qatıldılar. Subbakalavr səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən və təhsil haqqını tam ödəmiş tələbələr təhsil müddəti ərzində əldə etdikləri ÜOMG-yə əsasən Yekun Dövlət Attestasiyasından müvəffəqiyyət qazanmış hesab olundular. Yekun Dövlət Attestasiyasının ÜOMG-yə uyğun qiymətləndirmənin nəticələri ilə razılaşmayan tələbələr Microsoft Teams vasitəsi ilə “online” şifahi Yekun Dövlət Attestasiyasına qatılma hüququndan istifadə etdilər.

 

Semestr ərzində onlayn dərslərdə iştirak edən və eləcə də dərslərə qatıla bilməyən cari kursların tələbələri yaz sessiya imtahanlarında iştirak etdilər. Təhsil haqqı borcu olmayan bütün tələbələr hər fənn üzrə 34-50 arası balla qiymətləndirilərək imtahana buraxılırdılar. Hər hansı bir səbəbdən dərslərə onlayn formada qatıla bilməyən tələbələrə 34 bal, dərslərə onlayn qatılan tələbələrə isə 40-50 arası bal verilmişdi.  İmtahanaqədər topladığı baldan narazı olan tələbə iyul-avqust aylarında təşkil olunacaq ödənişsiz icmal mühazirələrdə iştirak edərək, Microsoft Teams vasitəsilə təşkil olunacaq təkrar imtahana qatılmaq hüququndan istifadə edəcəklər. Fənlər üzrə akademik borcları yaranmış tələbələr cari semestr bitdikdən sonra fənlər üzrə (hər fənn üzrə bir dəfə) ödənişsiz əsaslarla təşkil olunacaq Microsoft Teams vasitəsilə keçiriləcək imtahanlara qatılacaq. Onu da qeyd edək ki, Attestasiya zamanı onlayn bağlantı kəsildikdə tələbənin bir dəfə yenidən qoşulma hüququ var, bağlantı təkrar kəsildikdə imtahan ləğv olunmuş hesab edilir. Fənnin məzmununu tam əhatə etmək şərtilə, tələbələrə imtahan verəcəkləri hər fənn üzrə cəmi 30 sual  təqdim olunub. İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə İmtahan Qərаrgаhı və “Qaynar xətt” xidməti yaradılıb.

 

 

Elmin Nuri

Firayə Allahverdiyeva

FOTO:İsmət Paşa

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi