Modern.az

Hesablama Palatası 2808,8 min manatı büdcəyə geri qaytardı

Hesablama Palatası 2808,8 min manatı büdcəyə geri qaytardı

8 İyul 2020, 11:30

Azərbaycan Respublikasının Hesablama Palatası öz fəaliyyətini “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən Kollegiya tərəfindən təsdiq edilmiş İş planı əsasında həyata keçirməkdədir.

 

2020-ci ilin İş planına uyğun olaraq, Hesablama Palatasında hesabat dövründə 2-si monitorinq, 2-si analitik fəaliyyət və 18-si audit formasında olmaqla 22 kənar dövlət maliyyə nəzarətinin başlanılması ilə bağlı qərarlar qəbul edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ilin yanvar-iyun ayı ərzində fəaliyyətinə dair hesabatda bildirilib.

 

Qeyd edilib ki, COVİD-19 pandemiyası səbəbindən xüsusi iş rejiminin tətbiqi Hesablama Palatasının nəzarət fəaliyyətinin təşkilinə təsir göstərib. 2020-ci ilin yanvar-iyun aylarında bir sıra audit tədbirinin başa çatdırılmasını ləngidib. Hesabat dövründə 2-si monitorinq və 7-si audit olmaqla 9 nəzarət tədbirinin nəticələri Kollegiyada müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

Nəticələri ilə bağlı qərar qəbul edilmiş 7 audit tədbirinin 4-ü uyğunluq növü, 3-ü isə maliyyə və uyğunluq növü birgə tətbiq edilməklə həyata keçirilib.

 

2020-ci ilin İş planı əsasında aparılmış auditlərin nəticələri üzrə büdcə vəsaitlərinin istifadəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməməsi səbəbindən 3300,1 min manat məbləğində vəsaitin artıq və əsassız icra edildiyi müəyyən olunmuş, qurumlar tərəfindən həyata keçirilmiş tədbirlərin nəticəsində 1521,4 min manat məbləğində vəsaitin müvafiq qaydada bərpası təmin edilib.

 

Hesablama Palatası hesabat dövründə 2019-cu il və əvvəlki illər üzrə İş planına əsasən başa çatdırılmış nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün həyata keçirilmiş addımları da izləyib. Belə ki, ötən il görülmüş tədbirlərlə yanaşı, hesabat dövründə 1287,4 min manat vəsait müvafiq qaydada bərpa olunmuşdur.

 

Qeyd edək ki, 2019-cu ildə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələrinə dair qəbul edilmiş qərarların icrası bir çox qurumlar tərəfindən tam icra edilib.

 

Bakı Nəqliyyat Agentliyindən təqdim edilmiş məlumata görə qərarla artıq xərc edilmiş vəsaitlər üzrə 986,9 min manat və əlavə dəyər vergisi üzrə az hesablanmış 61,3 min manat, ümumilikdə 1048,2 min manat hesablanılmış vəsaitdən hesabat dövründə 795,5 min manatı dövlət büdcəsinə bərpa olunub, 128,9 min manat debitor borc bağlanılıb, qalan məbləğin bərpası və Kollegiya qərarı ilə müəyyən edlmiş digər istiqamətlər üzrə tədbirlər davam etdirilir.

 

Həmçinin dövlət əmlakının 2018-ci ildə Agentliyin balansına götürülməməsi və nəticədə 2018-ci ildə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.1-ci maddəsinin tələblərinin pozulması üzrə əmlak vergisinin hesablanmaması və büdcəyə ödənilməməsi halı ilə bağlı Hesablama Palatasının müraciətinə cavab olaraq Dövlət Vergi Xidmətindən daxil olmuş məlumata görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən 86,5 min manat vegi məbləği hesablanaraq müvafiq dövr üçün əmlak vergisi bəyənnaməsi vergi orqanına təqdim edilib.

 

Beləliklə, 2020-ci ilin yanvar-iyun ayları üzrə ümumilikdə 2808,8 min manat məbləğində vəsaitin bərpası təmin edilmiş, 2020-ci ilin birinci yarısında başlamış digər nəzarət tədbirləri davam etdirilir.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir