Modern.az

Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI

Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI

10 İyul 2020, 09:48

Ramiz Hümbətov ,
texnika elmləri doktoru, professor

Sosial mediada bu ixtira ilə bağlı müzakirələrdə elmi etika qaydalarını pozaraq  xüsusi çılğınlıqla və emosiya ilə mənim həmkarımı ittiham edənləri bir qədər savadlandırmağa məcburam.

Tələbə yoldaşının maraqlarının müdafiəsini və onun əziyyətinin qiymətləndirilməsini təqdirəlayiq hərəkət hesab edirəm (əgər onun arxasında başqa istiqamətverici qüvvələr dayanmırsa).

Təəssüf doğuran hal odur ki, ölkənin texnika və texnologiya sahəsində 1 nömrəli ixtisasın məzunu olmuş bu xanımın tələbə yoldaşının adına aid etdiyi “ixtira”nın (oxu: texniki həllin) məğzi haqqında ÜMUMİYYƏTLƏ TƏSƏVVÜRÜ YOXDUR. Belə olmasaydı o, 6-cı sinif şagirdi səviyyəsində düşüncə nümayiş etdirməz, hansı texniki həllərdən söhbət getdiyini araşdıra bilmədiyinə görə  tamamilə əsassız ittihamlar irəli sürməzdi.

Onun davamçısı olaraq həmin tələbənin “layihəsinin özəlləşdirilməsi”  haqqında daha geniş və absurd mülahizələrlə çıxış edən, digər bir şəxsin yazısı (təəssüflər olsun ki, o yazı bir müddət sonra silindi) məsələyə tam aydınlıq gətirməyə imkan yaratdı.


Sual verilir: Tələbə (onun adının adlandırılmasına ehtiyac yoxdur, o özü hadisələrin bir qurbanıdır, əgər cəsarəti çatarsa yazılanları ya təsdiqləyər və yaxud təkzib edər)  Prezidentə və ictimaiyyətə layihə adi altında hansı texniki həlli təqdim edib?


Cavab: əcnəbi alimlərin 2009-cu ildə elmi mətbuatda dərc etdikləri məqalədə təklif edilən texniki həlli. Maraqlananlar bu məqaləni (bax: Y.J.Huang, T.C.Kuo, C.Y.Chen, C.H.Chang, P.C.Wu and T.H.Wu. The Design and Implementation of a Solar Tracking Generating Power System. Engineering Letters, 17:4, EL_17_06, Advance online publication:  19 November, 2009) internetdə tapa bilərlər. Texniki həllin sxemi təqdim edilir.


Sual verilir: Bu sahədə elmi tədqiqat işini aparmayan 2-ci kurs tələbəsi bu  texniki həlli haradan əldə edib?


Cavab: Onu növbəti tələbə konfransında  məruzə etməyə hazırlaşdıran elmi rəhbəri dosent Manafəddin Namazovdan.


Qısa haşıyə: adətən tələbə elmi-texniki konfranslarında təhsilalanlar məlum texniki həlləri (bizim halda hər hansı qurğunu, proqram təminatını, idarəetmə sistemini və s.) təqdim edirlər, çünki məqsəd onları sadə araşdırmalar aparmağa, bir məlum texniki həll haqqında məruzə təqdim etməyə və onların arasında informasiya mübadiləsini həyata keçirməyə öyrətməkdir. Onlardan ciddi elmi-texniki nəticələr gözləmək  mümkün deyil (razı olmayanları dinləməyə hazırıq).


Sual verilir: Necə oldu ki, elmi rəhbər bu texniki həlli təqdim etməyi həmin tələbəyə tapşırdı?


Cavab: Çünki elmi rəhbər 2015-ci ildən gərgin iş qrafikinə baxmayaraq digər həmkarı ilə bu sahəyə aid məsələlərlə araşdırma və müzakirələr aparırdı, məqsəd özlərinə məxsus texniki həlli dünyada məlum olan həllərlə müqayisə edib əsaslandıraraq Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinə ərizə təqdim etmək idi. Tələbəyə verilən texniki həlli özündə əks etdirən məqalə də dünya ədəbiyyatından götürülüb araşdırılan 20-yə yaxın həllərdən biri idi.

Sual verilir: Bəs necə olub ki, sözügedən məlum texniki həll həmin tələbəyə məxsus “ixtira” statusunu alıb?


Cavab: Buna səbəb bir çox hallarda  olduğu kimi tələbənin təhsil aldığı qurumda da piar aksiyalarının həyata keçirilməsində “milçəkdən fil düzəltmək” texnologiyasının bütün elementlərinin geniş şəkildə davamlı tətbiq olunmasıdır. Konfransdan sonra ardıcıl olaraq KİV-də , sosial şəbəkələrdə, saytlarda “tələbənin ixtirası” haqqında geniş yazılar dərc olunmağa başladı. Bu yazıların arxasınada duranların arasında texniki təhsillilər olmadığından ağına-bozuna baxmadan bu “ixtira”nı və onun müəllifini göylərə qaldırdılar. İş o yerə çatdı ki, yaponlar o layihəni (diqqət edin: texniki həlli, ixtiranı deyil) həyata keçirmək üçün 4000 ABŞ dolları vəsait ayırdılar. Bundan ruhlananlar piar aksiyalarını  daha da gücləndirdilər: bu prosesi dayandırmaq mümkün deyildi, çünki bu həm tələbəyə, həm də quruma mənəvi dividendlər gətirirdi


Sual verilir: Tələbə ölkə Prezidentinə və ictimaiyyətə nəyi təqdim edib?


Cavab: O, əcnəbi mütəxəssislərinin işləyib hazırladıqları və elmi ədəbiyyatda 2009-cu ildə dərc olunmuş texniki həlli özü də bilmədən, onun haqqında məqalələr, pres-relizlər yayanların əli ilə yumşaq desək, “özününküləşdirərək”, məlum texniki həllin ən sadə variantını quraşdırıb və təqdim edib. O, həqiqətən bir neçə ay əziyyət çəkib elmi rəhbərinin də köməyi ilə qurğunu işlək vəziyyətə gətirib. Bəlkə də  saysız-hesabsız məqalələrin, müsahibələrin pozitiv təsirindən o, özü də bu texniki həllin müəllifi olduğuna inanıb. HƏQİQƏT BUDUR! Bunu qiymətləndirməyi məsələdən başı çıxanların öhdəsinə buraxıram.


İndi biz “kəşf”, “ixtira”, “faydalı model”, “texniki həll” və digər bu məsələlər haqqında təsəvvürü olmayan və kiminsə təhriki ilə “qara piar” aksiyalarına qoşulanlara nəyi izah etməliyik? Əgər onlar savadsızlıqlarını ləğv etmək istəyirlərsə hətta pandemiya şəraitində istər onlayn formatda, istərsə də 5 nəfərdən çox olmamaq şərtilə görüşdə onlara  müvafiq mövzu üzrə təlim keçə bilərik.


Adətən sivil ölkələrdə belə məsələlərlə hər hansı bir şəxsə ittiham irəli sürən  ittihamlarını boş sözlərlə yox, tutarlı arqumenlərlə sübuta yetirir, əks halda isə  səhvini etiraf edib üzr istəyir. Bu isə cəsarət, ləyaqət və vicdanla bağlı bir şeydir.


Tələbənin layihəsinin əsasını təşkil edən texniki həllin sxemini ictimaiyyətə təqdim edir, “qara piar” aksiyalarına qoşulanlara və onların istiqamətvericilərinə bu sxemlə, daha sonra tələbənin layihəsinin çalışdıqları qurumun həyətində yerləşən nəticəsi ilə tanış olmağı məsləhət görürəm. Əgər onlar müqayisə nəticəsində layihədə bir yenilik tapsalar biz onları alqışlayarıq, əks halda onlar xəcalət tərini silməyə məcbur olacaqlar, ona görə mütləq özləri ilə dəsmal götürsünlər.


2015-ci ildən üzərində işlədiyimiz artıq patent almış ixtiranın blok-sxemini və iş alqoritmini də təqdim edir və texnikadan başı çıxanların diqqətini sadə bir fakta cəlb etmək istəyirəm: bizim küçələrimizdə hərəkət edən onlarla müxtəlif minik  avtomobillərinin hamısının 4 təkəri, mühərriki, sükanı, oturacaqları, yük yerləri və digər struktur elementləri vardır, lakin nədənsə onlar biri-birindən adları və markaları ilə fərqlənirlər?. Bununla vurğulamaq  istəyirəm ki, əgər iki qurğunun strukturlarında günəş paneli olsa da belə bu heç də o demək deyil ki, bunlar eyni qurğulardır.


Həmişə yazandan əvvəl dərindən düşünmək lazımdır!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi