Modern.az

Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ

Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ

10 İyul 2020, 13:33

“Zəmanəsinin böyük xeyriyyəçisi, müasir dillə desək görkəmli musiqi təşkilatçısı, muğam və qəzəl bilicisi, Seyid Əzim Şirvaninin təəssübkeşi, maarifpərvər Mahmud ağanın Şamaxının Laləzar qəbiristanlığındakı məzarını ustad xanəndə Ağakərim Nafizlə yad etdik. Vaxtilə onun təşkil etdiyi musiqi məclislərində Bülbülcan, Hacı Hüsü, Sadıqcan kimi muğam ifaçıları iştirak edib.  

Bu barədə Modern.az-a Beynəlxalq Muğam Mərkəzinin koordinatoru, tədqiqatçı-alim Gülhüseyn Kazımov bildirib. Tədqiqtaçı deyib ki, M.Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı Əkrəm Bağırov Mahmud ağanın başdaşında ərəb əlifbası ilə yazılmış yazını oxuyub:

“Şamaxının Laləzar qəbristanlığındakı bu məzarın üstündə yazılıb: "Mahmud ağa Hacı Əhmədsoltan ağa oğlu!"
Böyük xeyriyyəçi, Şirvan muğam məclislərinin banisi!
Seyid Əzim Şirvaninin, Sadıqcanın, Hacı Hüsünün, Bülbülcanın, Məşədi İsinin, Mirzə Məhəmmədhəsənin dostu!”.

G.Kazımovun sözlərinə görə, Mahmud ağanın qəbrinin yanında türbəsi, oğlunun məzarı var. “Mahmud ağa Əhmədsoltan oğlu - üstündə belə yazılıb. Şamaxıda ziyalılar hamısı o məkanı yaxşı tanıyır”. O, məzarın baxımsızlığından narahat olduğunu vurğulayıb.


Modern.az-ın əməkdaşı Mahmud ağa ilə bağlı Gülhüseyn Kazımova bir neçə sual ünvanlayıb:

- Gülhüseyn müəllim, Şamaxıda Şirvan musiqi məclislərinin təşkilatçısı Mahmud ağanın məzarını ziyarət etməyiniz hansı məqsədi daşıyırdı?

- Təxminən 1 il yarım əvvəl Beynəlxalq Muğam Mərkəzində Mahmud ağa məclisinin ən görkəmli nümayəndələrindən biri onun musiqiyə gətirib yetişdirdiyi böyük xanəndə Mirzə Məhəmməd Həsən haqqında elmi-musiqili bədii gecə keçirmək istəyirdik. Mən Şamaxının ustad xanəndələrindən olan Ağa Kərim Nafizlə rayona gedib Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin məzarını ziyarət etdim. Mahmud ağanın məzarı da "Laləzar"da Şamaxıya yaxın bir yerdə yerləşir. Onu da deyim ki, Mahmud ağa özü vəsiyyət etmişdi ki, onu Laləzar qəbiristanlığında dəfn etsinlər. O dövrün ən böyük xanəndələrindən biri Mirzə Məhəmməd Həsən də vəziyyət etmişdi ki, "mən öləndə Mahmud ağanın yanında dəfn edin".
Lakin iş elə gətirdi ki, Mirzə Məhəmməd Həsənin gözləri tutuldu. O xalça toplamaqla məşğul idi və elə oldu ki, xalçalar da gözləri tutulandan sonra satıldı getdi. Bundan sonra Mirzə Məhəmməd də acıq edib Göyçaya getdi və qohumlarının yanında dünyasını dəyişdi. İndiyədək də onun məzarı yoxdur.
Mirzə Həsən həm də çox böyük şair idi. Onun "Nalə" adlı 1919-cu ildə şeir kitabı da dərc olunub. Mirzə Məhəmməd Həsən haqqında tədqiqat işləri apararkən və o gecənin hazırlanması üçün işlər görərkən biz Mahmud ağanın da məzarını ziyarət etməyi qərara aldıq. Mahmud ağanın həmin qəbiristanlıqda balaca bir türbəsi də var. Türbə və məzarlar demək olar ki, illərdir ki, baxımsızdır, məzarların üzərindəki yazılar da oxunmaz hala düşüb. Mən onları bizim Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Bağırovla oxudum. Məlum oldu ki, həmin məzarlardan biri Mahmud ağaya məxsusdur və üzərində belə yazı var: "Mahmud ağa Əhməd Soltan oğlu". Digər məzarda isə Mahmud ağanın oğullarından biri dəfn olunub amma hələ ki o məzarın üzərindəki yazını oxumaq mümkün olmayıb.

- Mahmud ağanın musiqi mədəniyyəti tarixindəki yeri və rolunu necə qiymətləndirmək olar?

- Azərbaycan musiqi mədəniyyəti tarixində Mahmud ağanın yeri danılmazdır. Vaxtilə onun evində Aleksandr Düma, dövrün böyük rəssamı Qaqarin olub. Dümanın Mahmud ağanın evi haqqında "Qafqaz" əsərində qeydləri var. Demək istəyirəm ki, Mahmud ağa çox böyük xeyriyyəçi olub. Musiqiçilərin, tarzənlərin yetişməsində onun rolu böyükdür. Mahmud ağa Azərbaycanda musiqi müsabiqələrinin keçirilməsinin əsasını qoyan insanlardandır. Tez-tez yarışmalar keçirib, mükafatlar müəyyənləşdirib, qaliblərə qiymətli hədiyyələr verib.

- Belə bir şəxs layiqli qiymətini alıbmı?

- Təəssüf ki. Yox. Mahmud ağanın məzarının, adının unudulmaması, onun layiqli şəkildə əbədiləşdirilməsi istiqamətində o qədər də iş görülməyib. Hesab edirəm ki, bu yazı yayımlandıqdan sonra həm Mədəniyyət Nazirliyi, həm də Şamaxı şəhər İcra Hakimiyyəti, Şamaxıdan olan görkəmli insanlar hamısı bir yerdə Mahmud ağanın məzarını layiqli bir şəkildə düzəltmək və türbəsini təmir etmək üçün müəyyən tədbirlər görəcək.


Arayış:
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1826-cı ildə Şamaxıda doğulub, 12 mart 1896-cı ildə isə vəfat edib. Adı muğam mənbələrində böyük hörmətlə çəkilən Mahmud ağa bütün Qafqazda tanınan musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat-incəsənət himayəçisi idi.

"Vikipediya" Ensiklopediyasında qeyd edilir ki, o, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi:

"O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O, həm də gözəl avazla pəsdən oxuyurmış. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu. O, öz malikanəsində musiqili gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi salonda tez-tez xanəndələrin müsabiqəsini keçirir, birinci yerləri tutanlara qiymətli hədiyyələr və mükafatlar verirdi. Mahmud ağanın musiqi məclisinin sədası nəinki bütün Qafqazda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda belə yayılmışdı. XIX əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə düşürdilər. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı knyaz Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur. Mahmud ağanın musiqi məclislərində yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olub, onun təşkil etdiyi musiqi məclislərində iştirak etmişlər. Bir çox tarixi sənədlərdən məlumdur ki, bu sənətkarlar içərisində Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olmuşdur. Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib onlara klassik Şərq musiqisindən təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada musiqiçilər üçün bir növ sənətkarlıq məktəbi idi. Burada ifaçılıq təlimi alan və çalğısı bəyənilən hər bir musiqiçi təqdir olunardı. Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar. O zaman Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı. Azərbaycanın hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya gəlib Mahmud ağa qarşısında öz sənətini nümayiş etdirməyə can atardı. Təsadüfi deyildir ki, Mahmud ağanın adı və Şamaxı musiqi məclisi bu gün də xatırlanır və örnək kimi göstərilir. A.Düma Şamaxıda mesenat Mahmud ağa Əhməd ağa oğlunun qonağı olduğunu qeyd edir. Mahmud ağa Şamaxıda tez-tez muğam gecələri, yarışları keçirərmiş. Fransız A.Düma kimi, rus etnoqrafı və səyyahı İ.Yevlaxov, Peterburq Rəssamlıq Akademiyasının prezidenti, məşhur rus rəssamı, knyaz Q.Q.Qaqarin (1810-1893) də belə gecələrin qonağı olmuş, öz xoş təəssüratlarını xatirə və əsərlərində qələmə almışlar. Mahmud ağanın 1858-ci il noyabrın 24-də A.Dümanın şərəfinə təşkil etdiyi ziyafətdə rəqs edənləri (iki xanım və qız paltarı geymiş bir oğlan) 5 musiqiçi (tar, kamança, tütək, nağara və təbil ifaçıları) müşayiət edirdi. A.Düma qeyd edir: "Bazarda gəzərkən zəngin Şamaxı tatarı Mahmud bəydən dəvət aldıq: o, bizi fars şam yeməyinə və rəqqasələrlə gecəyə çağırdı. Şamaxı rəqqasələri nəinki Şirvanda, eyni zamanda bütün Qafqazda əvvəlki şöhrətini saxlamışdılar. ... Bizə çoxdan iki xidməti eyni zamanda göstərən bu gözəl kahinələrdən bəhs etmişdilər".

Knyaz Dondyukov deyirdi: "Şamaxı rəqqasələrini mütləq görün!". Baqration xatırladırdı: "Şamaxı rəqqasələrini mütləq görün!".
Bakıda hamı bir nəfəsə təkrarlayırdı: "Şamaxı rəqqasələrini mütləq görün!". Rəqqasələr xanların hökmranlığının qalıqlarıdır. Onlar saray rəqqasələri idi. Təəssüf ki, həm parslardan həm də rəqqasələrdən yalnız üçü qalıb: iki qadın və bir oğlan". "Biz Mahmud bəyin evinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici fars evlərindən biri idi. (Düma romanında "azərbaycanlılar" termini bəzi yerlərdə "farslar" adlandırır). ... Biz şərq zövqündə bəzədilmiş zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilmiş tül üzlü atlas yastıqların üstündə oturmuşdur. Yastıqüzü ən əlvan rənglərə qəribə zəriflik verirdi. Zalın axırında böyük pəncərə uzunluğunda üç rəqqasə və beş musiqiçi oturmuşdur. Təbii ki, belə ənənəvi rəqsi xüsusi musiqi müşayiət etməli idi". "Musiqi çalındı. Orkestr iki yerə bölünmüş böyük yumurtaya bənzər və dəmir ayaqlarda dayanan barabandan, bizim dəfə bənzər qavaldan, qədim fleytaya bənzər alətdən, metal simli, lələklə çalınan mandolinalar və nəhayət dəmir ayaqda, sol əldə hərəkət edən kupu olan çonqurdan ibarət idi. Maraqlıdır ki, çonqur özü simlərlə yayın üzərindən aparır, əksinə yox. Bütün bunlar şiddətli, çox da melodik olmayan, ancaq olduqca orijinal səs çıxarırdı". "Şərq rəqsi hər yerdə eynidir. Mən onu Əlcəzairdə, Tunisdə, Tripolidə, Şamaxıda görmüşəm. O, hər yerdə bu ya digər dərəcədə ayaqları yerə vurmaqdan, müxtəlif dərəcədə ifadəli bel hərəkətlərindən ibarətdir. Nisədə (Mahmud bəyin gecəsində olan rəqqasələrdən biri) bu hərəkətlər mükəmməl idi". Şamaxıda poeziya və musiqinin inkişafında əvəzsiz xidmətləri olmuş xeyriyyəçi Mahmud ağa Əhməd ağa oğlu öz məclisində Aşıq Bilaldan bir saz havası çalıb-oxumağını xahiş edir. Bilalın məlahətli, zil və yanıqlı səsi məclisi başına götürür. Həmin havanın yeni olduğunu duyan məclis içtirakçıları ondan havanın adını soruşurlar. O isə "bu yaxınlarda bəstələdiyim "Mahmud ağa gəraylısı"dır – deyir... Xurşudbanu Natəvan Bakı və Şamaxı məclisləri ilə də mütəmadi surətdə əlaqə saxlayır və bu məclislərdə oxunan şairlərin yeni qəzəlləri ilə tanış olurdu.

Tarixi sənədlər Xan qızının Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə maraqlandığını göstərir. Belə sənədlərdən biri Ağalar bəy Əliverdibəyovun əlyazmasıdır: "Qarabağın məşhur xanəndələri Hacı Hüsü və Məşədi İsi1884-cü ildə Mahmud ağanın hüzuruna gəlib, aylarla orada qalmışlar. Mahmud ağa məşhur Şamaxı xanəndəsi Məhəmmədhəsənin musiqi müəllimi olub. O, yaz fəsillərində xanəndə və müsahibləri ilə "Qız köşkü" naraında öz yaylağına övdət edib gün keçirərmiş. İbrahim xanın nəvəsi Xurşudbanu bəyim Natəvan Qarabağdan Bakı şəhərinə səfər edərək, Mahmud ağanın ziyarətinə gəlməyi özünə vacib bilib, onun görüşünə gelib, bir neçə gün onunla müsahibədə bulunmuşdu".

Ruqiyyə Rzayeva "Mirzə Fərəc haqqında xatirələrim" məqaləsində yazır: "Şamaxıda dövlətli və alicənab şəxs olan Mahmudağa Əhmədağa oğlu Məmmədzadənin təşkil etdiyi xüsusi musiqi məclisi yığıncağı da vardı. Bu məclisin əhəmiyyəti onda idi ki, o, xanəndə və sazəndələr üçün geniş yarış meydanına çevrilmişdi. Hər musiqiçi ora ayaq basa bilməzdi. Mahmud ağa muğamlara çox yaxşı bələd idi. Ona görə hər sənətkarın qiymətini düzgün verə bilirdi. Odur ki, onun musiqi məclisinə ancaq yüksək musiqi mədəniyyətinə malik olan bacarıqlı, bilici, istedadlı musiqiçilər gedərdilər. Mirzə Fərəc öz quvvəsinə və sənətkarlığına inandığı üçün bu dəvətnaməni qəbul edir. O, bu məclisdə oranın daimi üzvü olan məşhur xanəndə Mirzə Məhəmməd Həsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı idi. Mirzə Fərəc bu imtahandan qürurla çıxır. Mahmud ağa onun ifasına yüksək qiymə t verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır".

Seyid Əzim Şirvani yazırdı:

İki bəy düşmədi rüşvət təməinə əsla,
Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa.
Qaldığı vurdu işin, gözləmədı şərmü həya,
Getdilər xəlqin hamı başına yüz dərdü bəla,
Unudub Allahi bunlar hamı tüğyan elədi.

Mahmud ağa Məmmədzadə dövrünün əksər şairləri tərəfindən vəsf olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır