Fəxri Müslüm
Heyif bu günlərə
Heyif bu günlərə,
Heyif ömürlərə, belə yaşadıq,
Getdikcə, adamı od tutub yanır.
Parlaq ulduzlar da, doğan Günəş də,
Bizlərə beləcə,
Xoş üzün göstərib, ovudub, yanır.
Əl də var, ayaq da, göz darı dəlir,
Təpər, boynu bükük, utanc yerimiz.
Başı kəsik kimi, ömür sürürük,
Nə ölümüz, ölü, nə də, dirimiz.
Bizim öz dağımız, dağdan ağırsa,
O dağa nə sevgi, nə eşqdi belə?
Hələ, harınlamış, xainlər bir-bir,
Acıq verə-verə,
Sərin yaylaqlara nə köçdü belə?
Üzə bax, hələ gül, çiçək dəririk,
Düşmən də, Şuşada,
Tapdağa çevirib Cıdır düzünü.
Barıt qoxusundan didərgin düşüb,
Bülbül də, itirib, güldən izini
Bu, necə dərddi ki,
Asılıb daş kimi tər sinəmizdən,
Adam ha vurnuxur ölə də, bilmir.
Zaman elə sınıb, elə, sınıb ki,
Adam nə ağlaya, nə gülə bilmir.
Heyif bu günlərə,
Heyif ömürlərə , belə yaşadıq,
Getdikcə, adamı od tutub yanır.
Parlaq ulduzlar da, doğan Günəş də,
Bizlərə beləcə,
Xoş üzün göstərib, ovudub, yanır.
02.06.2020
*****
Keçirəm
Dağ-aran çəkilmir yuxumdan mənim,
Dərədən keçirəm, düzdən keçirəm.
Canımda talalar talalanıbdır,
Şehindən keçirəm, izdən keçirəm.
Kolarmudu gömgöy, kal dəyir gözə,
Qayalar dimdikdi, sal dəyir gözə,
Atı kişnəməyən, yol dəyir gözə,
Özümdən keçirəm, özdən keçirəm.
Zirvədə boz şahin karıxıb, qalıb,
Hiyləgər qarğa da, qarıxıb, qalıb,
Ən əsas bulaqlar, darıxıb qalıb,
Önündə qatdanıb, dizdən, keçirəm.
Çayın da axarı dəyişib biraz,
Uçquna, yarğana uyuşub biraz,
Gördüm, əl-ayaq da, üyüşüb biraz,
Çırmanıb bu çayı, üzdən keçirəm.
Meşə moruqları qızarıb dən-dən,
Motmotu1 göz yaşı, sozarıb dən-dən,
İlham qurcalanır, bozarıb dən-dən,
Təbiət önündə sözdən keçirəm.
Sozalıb yurd yeri, qərib kimidi,
Əyilib Günəşi qürub kimidi,
Düşmən nişangahı qurmuş kimidi,
Sinəmi yandıran közdən keçirəm.
Dağ-aran çəkilmir yuxumdan mənim,
Dərədən keçirəm, düzdən keçirəm.
Canımda talalar talalanıbdır,
Şehindən keçirəm, izdən keçirəm.
06.07.2020
Motmotu1-qarağat
*****
Kündə-kündə
Eləbil, ömürə biçilib vallah,
Kədər kündə-kündə, dərd, kündə-kündə.
Səsə yamaq vurub, elə kəsdilər,
İtirildi torpaq, yurd, kündə-kündə.
Qaçqının, köçgünün canı sızladı,
Qapanan daxması, damı sızladı,
Gedən şəhidlərin qanı sızladı,
Əridi gözgörə, mərd, kündə-kündə.
İllər yığıntı tək, qazana düşdü,
Tarixi dolaşıq yazana düşdü,
Güc olub nizamı, pozana düşdü,
Kiçildi bu sərhəd, sədd, kündə-kündə.
Gələn cana gəldi, yaddaş dəyişdi,
Dəyiş-düyüş olub, hər baş, dəyişdi,
Türkə örnək olan hər daş, dəyişdi,
Pozuldu qanunu, hədd, kündə-kündə.
Həsrətdən kipriklər töküldü, getdi,
Gözlər də, səmaya tikildi, getdi,
Bir arşın beziydi, büküldü, getdi,
Qapandı dodaqda,
Verilən sözlər də, vəd, kündə-kündə.
Eləbil, ömürə biçilib vallah,
Kədər kündə-kündə, dərd, kündə-kündə.
Səsə yamaq vurub, elə kəsdilər,
İtirildi torpaq, yurd, kündə-kündə.
07.07.2020.
*****
Dəfn edin yönümüz, üz Qarabağa
Yuxu, dördayaqlı qoyun kimidi,
İstinin, bürkünün izinə düşür.
Baxıram, səmadan
Bir quyruqlu ulduz sallanıb yerə,
Ziyası, səhərin üzünə düşür.
Dünyanın dar vaxtı, sıxdıqca bizi,
Adamın könlündən bir yaylaq keçir.
İndi, gəl-gəl deyir qızıl balıqlar,
İçdən, daş-kəsəkli, bir çaylaq keçir.
İndi çiçəklər də, adam kimidi,
Qalıb qərib-qərib, gözü nəm çəkir.
Darıxıb meşə də, ağacları da,
Kökləri, xiffətdən, suyu, kəm çəkir.
Dağlar hardan bilsin, böyür-başında,
Neçə xəyanətin dişi ağarır.
Bizdən inciməyə haqqı da vardı,
Hirsindən qayası, daşı ağarır.
Bu, virus Günəşə, Aya da çatıb,
Buluddan, üzünün, yaşmağı bomboz.
Deyəsən orda da, qanun yerimir,
Aşağı, yuxarı çaşmağı boz-boz.
Eşitdim, Marsa da, qoşun yığırlar,
Düşmənin meylindən, indi, Mars keçir.
Pandemiya çaşdırıb,
Dənizdən-dənizə, arzusu çatmır,
İlkin salınacaq,
Şəhərin adı da, elə Qars keçir.
Daha, divarlar da, bezibdi bizdən,
Nə dua qəbuldu, nə də, salavat.
Oyun da şübhəli, hər oynayan da,
Kimə, necə gəldi, bir salavey at.
Ümid boğaz deşir bağlı ağızda,
Deyirik, havası, nəsnəsi çatmır.
Dəyirman boşuna fırlanır çax-çax,
Baş arxın nə suyu, dəhnəsi çatmır.
Hələ, kölgəmizdə güzgülənirik,
Dəfn edin bu yönü, üz Qarabağa.
Karvan çoxdan keçib, biz gecikmişik,
Bəlkə ruhlar aça, iz, Qarabağa.
Yuxu, dördayaqlı qoyun kimidi,
İstinin, bürkünün izinə düşür.
Baxıram, səmadan
Bir quyruqlu ulduz sallanıb yerə,
Ziyası, səhərin üzünə düşür.
09.07.2020
*****
İndi adamlara hər şey maraqsız
İndi adamlara hər şey maraqsız,
Yaşamın özü də, urvatdan düşüb.
Səmaya gül olduq, yerə gül olduq,
Ağrılar, acılar,
Sanki canımıza,
Yad bir planetdən, qürbətdən düşüb.
O, çaxan şimşək də, o şimşək deyil,
Sanki, acıq verir, üzə bozarır.
O, keçən bulud da, xalaxətridi,
Payıza bozarır, yaza bozarır.
Yer-göy arasında qarışqasayaq,
Ömürdü, sürürük, yarı-yarımçıq.
O dünya özü də, qurama bir yer,
Yarı daş kimidi, yarı da, palçıq.
Yenə bu dünyanın yolu, izi var,
Özün getməsən də, xəyal yollanar.
Danüzü üzünə Günəş gülümsər,
Gecədən keçməmiş,
Doğar, ayaqyalın, Ayı sallanar.
Bu yerin özü də, dar ağacıdı,
Ayaqdan asıldıq, üzü göylərə.
Qələmlə, kağızda qəbir qazıram,
Uçur, ağır-ağır sözüm göylərə.
Cüt çiyin üstündə yarandıq yəni,
Tək çiyin üstündə gömürlər bizi.
Burda da, bəndələr Tanrıya ziddir,
Üzü, yaradana, görmürlər bizi.
Əvvəllər adam da, şeytan da vardı,
Adam da, şeytana daşın atardı.
İndi, hamı şeytan, “hamı ağıllı”,
Arxası kəsilmir, qatar-qatadı.
İndi kilsələr də, xəyanət yeri,
Keşişin qapqara,
Qəlyanna od atır yaltağımız da.
Çöldə, içdə də, viran qalmışıq,
Şələ-şüləmiz də, qoltuğumuzda.
Daha, Tanrıya da, dualar çatmır,
Göyün alt qatından qayıdır geri.
Savşanı, Bamsını hardan alım mən,
Yerindən, yurdundan oynada yeri.
Dünya bizi tutmur, yan keçir bizdən,
Nədən bilməsin ki,
Bu dərd bozaracaq günün birində.
Tozanaq qopacaq, külək qopacaq,
Dəyişəcək yeri, Göyün, yerin də.
İndi adamlara hər şey maraqsız,
Yaşamın özü də, urvatdan düşüb.
Səmaya gül olduq, yerə gül olduq,
Ağrılar, acılar,
Sanki canımıza,
Yad bir planetdən, qürbətdən düşüb.