Modern.az

Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır

Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır

İqtisadiyyat

13 İyul 2020, 00:24

Rəyini soruşduğumuz əksər parlamentarilər "benefisiar sahiblik" anlayışının özündən xəbərsizdir

Benefisiar sahiblik məlumatlarının açıqlanması dövlətlərə vergidən yayınmaya, korrupsiyaya, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq zərurətindən meydana çıxıb. Bu təşəbbüsü dəstəklədiyini elan edən Azərbaycan benefisiar sahiblik konseptini çirkli pulların yuyulması qanunlarının bir hissəsi kimi öz qanunvericiliyinə daxil edib.  2017-ci ildə  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun  “Əsas anlayışlar” Maddəsində  "Benefisiar  Mülkiyyətçi" anlayışı (Bax:) verilir. Qanunun dəyişiklikdən əvvəlki mətnində  benefisiar mülkiyyətçi anlayışı yox, sadəcə benefisiar anlayışı verilmişdi.
Bundan başqa  “İnzibati Xətalar Məcəlləsi” isə 13 iyun 2017-ci ildə,  “Banklar haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Poçt haqqında”,  “Sığorta fəaliyyəti haqqında” qanuna 31 may 2018-ci ildə müvafiq dəyişiklik edilərək benefisiar mülkiyyətçi anlayışından istifadə edilib.


Benefisiar sahibliyin açıqlanması tələbinə dair beynəlxalq təcrübə


Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü icra edən region ölkələri arasında benefisiar sahibliyin açıqlanması tələbini qanunvericiliyə daxil edən ilk ölkə Ukraynadır. Bu ölkədə 2015-ci ilin fevralından "Cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasının, terrorizmin və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşməsinə qarşı mübarizə və qarşısının alınması haqqında” Qanun qüvvəyə minib. Bu qanunda benefisiar sahibkar anlayışının dəqiq izahı verilərək, onun formal sahibinin kimliyindən asılı olmayaraq, hər hansı hüquqi şəxsin fəaliyyətinə təsir etmək imkanlarına malik fiziki şəxslər olduğu qeyd edilir. Bu zaman benefisiar sahib hüquqi şəxsin bütün aktivlərinə və ya aktivlərinin əhəmiyyətli hissəsinə sahib ola, və ya onlara təsirlərə malik ola, səsvermənin nəticələrinə və müqavilələrin həyata keçirilməsinə təsir edə, idarə orqanına əmr vermək, yaxud onun funksiyasını həyata keçirmək imkanına malik ola və  hüquqi şəxsdə birbaşa və ya dolayı yolla 25 faiz və daha artıq paya malik ola bilər. Həmçinin, Ukraynada biznes fəaliyyəti göstərən bütün hüquqi şəxslər benefisiar sahiblərinə dair məlumatları Vahid Dövlət Reyestrinə təqdim etməlidilər.

 


Avropa Parlamenti isə 2015-ci ilin mayında "Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə 4-cü qətnamə”sini qəbul edib. Qətnaməyə əsasən Avropa Birliyinin üzvü olan bütün ölkələr benefisiar sahibliyə dair reyestr yaratmalı, Avropa İttifaqı dövlət və hüquq-mühafizə orqanlarının oradakı məlumatlara çıxışını təmin etməlidilər.


İndoneziya Hökuməti 5 mart 2018-ci ildə 13 saylı Prezident Qaydaları ilə benefisiar sahibliyin açıqlanmasını qanuniləşdirdi.
Qırğızıstan Respublikası 2018-ci ildə yalnız "Yerin təkinin istifadəsi haqqında" qanuna dəyişiklik ilə hasilat sektoru üçün benefisiar sahibliyin açıqlanmasını təqdim etdi.

Böyük Britaniyada benefisiar sahiblik reyestri Əhəmiyyətli Nəzarətə Sahib Şəxslərin Reyestri kimi tanınır. Şirkətlər evi – Birləşmiş Krallığın  şirkət reyestri, şirkətlər barədə digər məlumatla birlikdə bu reyestri də saxlayır.

Avstraliya hökuməti qanunverciliyə əsaslanan benefisiar sahiblik reyestri təqdim etmək niyyətindədir. Bu demək olar ki, Avstraliyada qeydiyyatda olan bütün şirkətlərə tətbiq olunacaq və hasilat sektoru ilə məhdudlaşmayacaq.  

Yol xəritəsində nəzərdə tutulan tədbirlərin icrası reallaşmır

Azərbaycanda prosesin başlanılmasına start kimi nəzərdə tutulan "Azərbaycan Respublikasının mədən sənayesində benefisiar sahibliyin açıqlanması üzrə yol xəritəsi" Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün  tövsiyələrinə uyğun hazırlanıb. Yol xəritəsi 1 yanvar 2020-ci il tarixinədək Azərbaycan Respublikasının mədən sənayesində benefisiar sahibliyin açıqlanması üzrə qabaqcıl beynəlxalq təcrübəyə və MSŞTnin tövsiyələrinə əsaslanan və özündə görüləcək tədbirləri və vaxt cədvəlini ehtiva edən çərçivənin hazırlanmasını nəzərdə tuturdu.
Yol xəritəsində nəzərdə tutulurdu ki, 2019-cu ilin iyul-dekabr ayı ərzində benefisiar sahibliyin açıqlanması prosesinin təsbit olunması üçün Azərbaycan Respublikasının "Yerin təki haqqında" Qanununa müvafiq dəyişikliklər edilməli idi.  


Eyni zamanda Mədən sənayesində benefisiar sahibliyin açıqlanmasının qadağan edilməməsi və "kommersiya sirri" anlayışı ilə əhatə olunmamasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının  "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa və Azərbaycan Respublikasının "Kommersiya sirri haqqında" Qanununa müvafiq dəyişikliklər  edilməli idi. Həmçinin, Benefisiar Sahibliyin açıqlanması mexanizminin Vergilər Nazirliyi tərəfindən  aparılan kommersiya hüquqi şəxslərinin mövcud reyestrinə inteqrasiya edilməsi məqsədilə addımlar atılması nəzərdə tutulurdu. Amma ...


Parlamentarilər benefisiar sahibliklə bağlı məlumatsızdır


Rəyini soruşduğumuz əksər deputatların benefisiar sahiblik məlumatlarının açıqlanması barədə məlumatsız olması bu məsələnin tezliklə reallaşacağını göstərmir.
Mövzu ilə bağlı müraciət etdiyimiz Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov benefisiar sahiblik məlumatlarının açıqlanması məsələsindən xəbərsiz olduğunu bildirib. Parlamentari benefisiar sahibliklə bağlı məlumatsız olduğundan məsələyə  hər hansı şərh vermək istəmədi.

 


2016-2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, 2016-cı ildən “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru vəzifəsini icra edən və hazırda Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təmsil olunduğu Komitədə hər hansı müzakirə aparılmadığını qeyd etdi: "Bəzi ölkələrdə Benefisiar sahibliklə bağlı məlumatların açıqlanması istiqamətində görülən işlərdən məlumatlıyam. Amma bizim Komitəyə bununla bağlı qanun layihəsi daxil olmayıb.  Hazırda bu istiqamətdə hansısa işin görülüb-görülməməsindən məlumatsızam".

 

 

Komitənin digər üzvü Əminə Ağazadə də benefisiar sahibliklə bağlı xəbərsiz olduğunu qeyd etdi: "Parlamentin gündəliyində bununla bağlı qanunvericiliyə dəyişikliklərə rast gəlməmişəm. Ola bilər Milli Məclisin aparatında bununla bağlı məlumat ola. Amma deputatlara təqdim olunan gündəliklərdə rast gəlməmişəm".
Benefisiar sahibliklə bağlı məlumatların açıqlanmasına gəldikdə Ə.Ağazadə qeyd etdi ki, o sahədə mütəxəsis olmadığından nəsə demək istəmir.

 

 

Parlamentin IV, V və VI çağırış deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev də  benefisiar sahibliklə bağlı məlumatsızdır: "Hazırda da elə bir yerdəyəm ki, əlimdə sənəd yoxdur. Gərək sənədləri qaldırıb baxam. Ona görə də nəsə deyə bilmərəm".

 


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Nizami Səfərov isə bildirdi ki, bu məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə müraciət etsək daha doğru olardı: "Mən bu barədə məlumatsızam və bizim komitədə hər hansı qanun layihəsi müzakirə olunmayıb. Belə bir layihə olarsa, yəqin ki, ona İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılacaq.  Amma digər məsələlər olarsa, bizə müraciət edə bilərsiniz".

 


Millət vəkili Erkin Qədirli isə telefonla suallara cavab vermədiyindən məsələ ilə bağlı münasibət bildirmək istəmədi.

 


Milli Məclisin I, II, III, IV, V, VI çağırış deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Аna Vətən Partiyasının sədri Fəzail Ağamalı Benefisiar sahiblik anlayışından məlumatsız olduğunu qeyd etdi: "Vallah, mən bilmirəm o nə olan şeydir. Müzakirələrdə iştirak etməmişəm deyə, mənim anlayışım yoxdur".

 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Tahir Mirkişili isə bildirdi ki, benefisiar sahibliklə bağlı məlumatların açıqlanması ilə bağlı rəhbərlik etdiyi komitəyə hər hansı qanun layihəsi daxil olmayıb: "Bu məsələ hökumətin səlahiyyətindədir. Bunun parlamentlə hər hansı bağlılığı yoxdur".

 


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  üzvü Məşhur Məmmədov da benefisiar sahibliklə bağlı məlumatların açıqlanmasına münasibət bildirmək istəmədi. Millət vəkilinin sözlərinə görə, təmsil olunduğu komitədə bu məsələ ilə bağlı hər hansı müzakirə aparılmadığından nəsə demək istəmir.

 


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  üzvü Rüfət Quliyev də qanunvericiliyə benefisiar sahibliklə bağlı məlumatların açıqlanmasına imkan verən dəyişiklik edilməsinin gündəmdə olmadığını bildirdi: "Qısa cavabım o olardı ki, bu məsələdən xəbərsizəm. Həmçinin, bu ilin martından COVİD-19 pandemiyası ilə bağlı parlamentin komitələri fövqəladə durumda fəaliyyət göstərir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gündəliyində bu məsələ olmayıb".

 


Reyestrin açıqlığı yalnız hasilat sənayesində fəaliyyət göstərənlərə aid edilə bilər

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  suallarımızı eşitdikdən sonra yazılı şəkildə köməkçisinə "WhatsApp" vasitəsi ilə göndərməyimizi xahiş etdi. Suallarımaza göndərilən yazılı cavabda millət vəkili benefisiar sahiblik məlumatlarının açıqlanmasının həm yerli və xarici investorlar, həm dövlət, həm də cəmiyyət üçün əhəmiyyətli olduğunu qeyd edib: "İnvestor (xarici və ya yerli) hasilat sənayesinə sərmayə qoymamışdan qabaq biznes əlaqəsinə daxil olacağı digər şirkətlər, podratçı və subpodratçılar haqqında şəffaf məlumatlar (o cümlədən onun son faydalanan şəxsi haqqında) əldə edərək risklərini tənzimləyə biləcək. Bundan başqa, dövlət tərəfi də hasilat sənayesinə dəvət etdiyi investor haqqında ətraflı məlumat əldə edə bilər, onun əsl sahibinin maliyyə durumu, siyasi nüfuzu, biznes münasibətlərində etibarlılığı haqqında məlumatlar əldə edəcək ki, bu da dövlətin öz gələcək risklərini idarə edə bilməsi üçün əhəmiyyətli rola malikdir. Göründüyü kimi, həm investor, həm dövlət tərəfi üçün biznes münasibətlərində şəffaflığın olması işin effektivliyinə müsbət təsir edəcək.

 

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin  üzvü Afət Həsənovadan da benefisiar sahibliklə bağlı məlumatların açıqlanmasına hər hansı şərh ala bilmədik. Millət vəkili məsələ ilə bağlı məlumatsız olduğundan mövzu ilə bağlı danışmaq istəmədi.
Bundan başqa, dövlətin vergi qurumlarının da Azərbaycanda fəaliyyət göstərən xarici investorlar haqqında şəffaf məlumatlara malik olması vergi tənzimlənməsinə də müsbət təsir edəcəkdir.

 


Cəmiyyət üzvlərinin də belə reyestrə, məlumatlara malik olması dövlət və cəmiyyət arasında ictimai hesabatlılıq baxımından əhəmiyyətli olmaqla şəffaflığı təmin edəcəkdir. Bununla bağlı müvafiq qanunvericilik aktlarına, o cümlədən "Kommersiya sirri haqqında" qanununa da müvafiq dəyişikliklər edilə bilər. Düşünürəm ki, əgər bu reallaşarsa, reyestrin açıqlığı yalnız mədən (hasilat) sənayesində fəaliyyət göstərən şəxslərə aid edilə bilər".

Artıq dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanla eyni dövrdə müstəqillik əldə edən Ukrayna və Qırğızıstanda benefisiar sahiblik məlumatları açıqlansa da, respublikamızda bu istiqamətdə görülməli çox iş var. Azərbaycan Parlamentində nəinki, benefisiar sahiblik məlumatlarının açıqlanmasına imkan verən qanunvericilik aktları müzakirə olunur, hətta bir çox parlamentarilər "benefisiar sahiblik" anlayışının özündən xəbərsizdir. Parlament səviyyəsində müzakirələrin aparılmaması isə benefisiar sahiblik məlumatlarının açıqlanmasının ən azındən 2020-ci ildə reallaşmayacağını göstərir.

Xalid VAHİDOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı