Modern.az

Qlobal liderlik NÜMUNƏSİ 

Qlobal liderlik NÜMUNƏSİ 

Parlament

13 İyul 2020, 11:39

Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü,

 

Dünya yeni tarixi dövrə qədəm qoyub. Bu gün bəşəriyyətin əsas probleminə çevrilmiş COVID-19 pandemiyasının planetimizin gələcək mənzərəsini necə müəyyənləşdirəcəyini aydın proqnozlaşdırmaq hələlik çox çətindir. İqtisadi dinamikanın aşağı düşdüyü, insanların sağlamlığı qədər maddi rifahının, məşğulluq və digər sosial problemlərinin həlli ilə bağlı da qayğıların artdığı yeni mərhələdə dövlətlər böyük bir qeyri-müəyyənlik içində bu qlobal bəladan mümkün qədər tez qurtulub inkişaf yoluna yenidən davam etməyə can atır. Amma dünyada həyatın yenidən nə zaman öz normal ahənginə dönəcəyi bilinmir.  

Əsas vətəndaşların sağlamlığıdı

COVID-19-a qarşı mübarizə sahəsində fərqlənərək öz parlaq nümunəsini yaradan, müxtəlif aktual məsələlərlə bağlı təşəbbüsü ələ ala bilən, vəziyyətdən mümkün qədər minimal itkilərlə çıxmağı bacaran ölkələr postpandemiya dövrünün aparıcı güc mərkəzləri olacaqlar. Bu baxımdan, Azərbaycanın mövqeyi xüsusilə diqqəti çəkir və gələcək üçün ölkəmizin parlaq perspektivlərindən xəbər verir. 

Pandemiya dövründə Azərbaycan öz hazırlığı, vəziyyəti operativ şəkildə nəzarətə götürməsi, bir sıra qlobal məsələlərdə təşəbbüsü öz əlinə ala bilməsi ilə bütün dünya üçün əsl nümunələr yaratdı. Xəstəlik dalğası bizə gəlib çatanda dünyanın yüksək inkişaf səviyyəsinə, təkmil səhiyyə sisteminə malik ölkələrində hər gün bu xəstəlikdən minlərlə adam dünyasını dəyişirdi. Xəstəxanalarda yerlərin tapılmaması, həkimlərin ölüm ayağında olan yaşlı və gənc xəstələri süni tənəffüs aparatına qoşmaqdan ötrü ağır seçim qarşısında qalması, həyata qaytarılmasına ümid daha böyük olan xəstələrin xilası naminə nisbətən ağır vəziyyətdə olan şəxslərin qurban verilməsi barədə qorxulu xəbərlər gəlirdi. Qısa müddətdə yaranmış gərgin mənzərə ondan xəbər verirdi ki, heç bir elmi mərkəz, tədqiqat qrupu dünyanın nə zamansa belə bir vəziyyətlə üzləşəcəyini proqnoz etmirmiş. Bəşəriyyət pandemiyalar dövrünü artıq çoxdan yaşanmış mərhələ sayırdı. Tibbin müasir inkişaf səviyyəsi qarşısında bir daha hər hansı belə kütləvi xəstəliklərin baş qaldıra bilməyəcəyinə böyük bir əminlik vardı. Ona görə də üçüncü dünya müharibəsinin nə zamansa COVİD-19 şəklində baş verəcəyini, gizli düşmənə qarşı ümumdünya mübarizəsi işinə çevriləcəyi ağlasığan deyildi.     

Azərbaycanın xəstəlik dalğasına hazırlığını şərtləndirən əsas amillər isə digər ölkələrdə baş verənlərdən düzgün nəticə çıxarılması, özünü maksimum doğruldan təcrübələrin tətbiqi üçün addımların vaxtında atılması oldu. Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti sayəsində atılan məqsədyönlü addımlar ölkəmizə pandemiyaya qarşı mübarizədə vaxt qazandırdı. Əhali arasında yoluxma hallarının kütləvi miqyas almaması üçün tətbiq edilən ciddi məhdudiyyətlər insanların sağlamlığının qorunması üçün lazımi işlərin görülməsinə imkan verdi. 

Azərbaycanda karantin tədbirləri tətbiq edildi.Vəziyyət təxirəsalınmaz şəkildə nəzarət altına alındı. Xəstəliyin geniş vüsət almasına imkan verməmək üçün ölkəmizin hər bir sakininin əməl etməli olduğu normalar müəyyənləşdi. İndi dünyada bir çox ölkələrin yenidən məhdudlaşdırıcı tədbirlərə qayıtması ölkəmizdə bu addımların nə qədər düzgün, yerində atıldığını göstərir. Məhdudlaşdırıcı tədbirlərə paralel olaraq xəstələrin müalicəsi üçün Bakıda və regionlarda xəstəxanalar ayrıldı. Eyni zamanda yoluxma sayının artım perspektivini nəzərə almaqla modul tipli xəstəxanaların yaradılmasına başlandı. Xəstəxanaların tez bir zamanda inşa edilməsi Azərbaycanın hətta seytnot vəziyyətdə belə lazımi hazırlıq vəziyyərində olduğunu bir daha göstərdi. Hazırda koronavirusa yoluxmuş xəstələr ölkəmizdəki 45 xəstəxanada müalicə alır. Bu xəstəxanalardan 36-ı son dövrlərdə yaradılıb. Əlavə on modul tipli xəstəxananın tikintisi də planlaşdırılıb və tikinti prosesi icra edilir. 

Bununla Azərbaycan dövləti əhalinin sağlamlığının qorunması imkanlarını ən kritik durumlara uyğunlaşdırmağa çalışır. Çünki vaksin hələlik tapılmadığından pandemiyanın gələcək miqyasını təsəvvür etmək olmur. Azərbaycan dövləti üçün hər bir vətəndaş dəyərlidir. Ona görə də yoluxma səviyyəsinin daha da aşağı düşməsi, ölüm hallarının isə tam aradan qalxması üçün davamlı tədbirlər həyata keçirilir. Vəziyyət müxtəlif qurumlardan nümayəndələrin təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ciddi şəkildə koordinasiya edilir. Qərarların qəbulu zamanı mövcud vəziyyətin ətraflı təhlili aparılır, mütəxəssislərlə məsləhətləşmələr edilir, ictimaiyyətin rəy və təklifləri də mümkün qədər nəzərə alınır. Cəmiyyətdə maarifləndirmə işləri aparılır, milli həmrəylik göstərilir. Bu məsələlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın da əməyi böyükdür. İctimaiyyətin böyük rəğbət bəslədiyi Mehriban Əliyevanın ölkə əhalisinə ardıcıl müraciətləri, göstərdiyi şəxsi nümunə insanlarımızda vətəndaş məsuliyyətinin aşılanmasına xidmət edir.  

Əlbəttə, tətbiq edilən məhdudiyyətlər, karantin qaydaları, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadi həyat üçün ciddi itkidir. Amma Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də insanı, onun təhlükəsizliyini, həyat və sağlamlığının təmin olunmasını seçir. COVID-19-un ölkə iqtisadiyyatına vurduğu ziyanın böyük hissəsini öz üzərinə götürür.

Pandemiyanın iqtisadi həyata vurduğu ziyanın minimallaşdırılması, əhalinin sosial rifahının təmin olunması üçün dövlət məqsədyönlü dəstək proqramlarına malikdir. Məlum olduğu kimi, Prezident İlham Əliyev hələ 19 mart 2020-ci ildə qlobal məkanda baş verən son proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair fərman imzaladı və bu sənəd çərçivəsində hazırlanan proqramların icrasına başlandı. Azərbaycanda iqtisadiyyatın müxtəlif seqmentlərinə dövlət dəstəyi üçün hazırlanmış proqramların maliyyə həcmi MDB  məkanında rekord həcmdədir. Belə ki, ölkəmizin pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır. Bu isə ümumidaxili məhsulun 4,3 faizini təşkil edir. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar Azərbaycanı pandemiyadan daha az zərər görən ölkələr sırasına aid edirlər. 

Beləliklə, dövlətimizin rəhbəri bütün bu qətiyyətli addımları ilə həm insanlarımızın sağlamlığını, həm də ölkənin sosial-iqtisadi sisteminin müvazinətini qoruyaraq əsl sosial dövlətin belə durumlarda necə davranmalı olmasının mükəmməl örnəyini yaradır.

Azərbaycanın qlobal həmrəyliyə töhfəsi

Azərbaycanın ortaya qoyduğu daha bir nümunə isə bu gərgin günlərdə beynəlxalq ictimaiyyəti ümumi problemlər, hər kəs üçün aktual olan məsələlər ətrafında bir araya gətirməyi bacarmasıdır. Cənab İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər, yerinə yetirdiyi liderlik missiyası ilə Azərbaycan tarixin indiki çağında dünyanın ən çox ehtiyacı olan beynəlxalq həmrəyliyi təmin edir. Çünki koronavirusla mübarizədə beynəlxalq həmrəylik bu gün son dərəcə vacib məsələdir. Pandemiya dalğasının öz əhatə dairəsini genişləndirdiyi ilk günlərdən bu, beynəlxalq ictimaiyyət qarşısında mühüm zərurət kimi durur. Amma əfsuslar olsun ki, son günlərə qədər beynəlxalq münasibətlər sisteminin əsas mərkəzləri tərəfindən belə bir həmrəyliyə, qlobal bəlaya qarşı birgə həllərin tapılmasına doğru ciddi bir addım müşahidə olunmurdu. Dünyanın aparıcı dövlətləri də hər kəsin onlardan gözlədiyi qlobal liderlik missiyasını yerinə yetirmək əvəzinə geosiyasi rəqabət və özünü təcridə üstünlük verirdilər. Bu istiqamətdə atılan fraqmental addımlar da beynəlxalq həmrəylik niyyətindən daha çox milli eqozim mahiyyəti daşıyır, özünütəcrid meylinin daha da gücləndirilməsindən, fikir ayrılıqlarından xəbər verirdi. Məhz bu cür mövqelərə, fikir ayrılıqlarına görə BMT Təhlükəsizlik Şurasının pandemiya ilə bağlı xüsusi iclaslarının çağırılması təşəbbüsü alınmırdı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti deklarativ çərçivədə məhdudlaşıb qaldı. 

Türk Şurasının sədri olan Azərbaycan Prezidentinin qlobal problemlə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir kimi aprelin 10-da videokonfrans formatında Türk Şurasının Zirvə görüşünü keçirməsi dünya dövlətlərinə bir ibrət dərsi oldu. Bütün ölkələr üçün eyni dərəcədə təhdid yaradan koronavirus pandemiyasına qarşı  mübarizədə türkdilli dövlətlərin sıx həmrəylik nümayiş etdirməsi bu qlobal problemin miqyasının azaldılması üçün hər kəsin imkanları birləşdirməsinin zəruriliyini dünyaya çatdırdı. Cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizənin ilk günlərindən irəli sürdüyü “Biz birlikdə güclüyük!” çağırışı birinci dəfə bu Zirvə Görüşü zamanı qlobal çevrədə öz real ifadəsini tapdı. Ölkələrin COVID-19-a yalnız birliyin sarsılmaz gücü ilə qalib gələ biləcəyini hər kəsə anlatdı. Özünütəcridin, nüfuz savaşının, eqo nümayişinin bu durumlarda heç bir işə yaramadığını, bəşəriyyətin bu günü və gələcəyinə böyük ziyan vurduğunu göstərdi.

Məhz Türk Şurasının fövqəladə Zirvə görüşü qlobal problemin mənfi təsirlərini azaltmaqdan ötrü dövlətlərin birgə əməkdaşlığı zərurətini beynəlxalq səviyyədə aktuallaşdırdı. Azərbaycan Prezidenti ortaya qoyduğu məqsədyönlü mövqeyi, prinsipial yanaşmanı daha bir qlobal təşəbbüslə davam etdirdi. Azərbaycanın təşkilatçılığı ilə koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik niyyətli növbəti beynəlxalq tədbir baş tutdu. Mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. 

BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan, 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatının tarixində ilk dəfə idi ki, belə bir Zirvə görüşündə Avropa İttifaqının rəsmisi də iştirak edirdi. Bu isə bir təfərdən Azərbaycan Prezidentinin dünya miqyaslı lider kimi beynəlxalq nüfuzunun göstəricisi, digər tərəfdən də Qoşulmama Hərəkatı ölkələri ilə Avropa İttifaqı dövlətlərini qlobal təhdidə qarşı əməkdaşlıq mövzusunda bir araya gətirməyi bacarması reallığının təcəssümüdür. 

Zirvə görüşünün yekun bəyannaməsində dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Azərbaycan Prezidentinə xüsusi təşəkkür öz əksini tapdı. Bununla dünya ictimaiyyəti bəşəriyyətin xoşbəxtliyi naminə çoxtərəfli diplomatiyanın və multilateralizmin təşviqi istiqamətində fəal iş aparan Azərbaycana, dövlət rəhbərimizə bu zəhmətinə görə minnətdarlıq borcunu ifadə etmiş oldu. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırıldı

Belə bir tədbir Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsünün beynəlxalq səviyyədə böyük dəstək qazanmasına vəsilə oldu. Zirvə görüşündəki çıxışı zamanı  cənab İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bununla da, dünyada baş verən və bəşəriyyət üçün həyati əhəmiyyətinə görə üçüncü dünya müharibəsi kimi qəbul olunan proseslərə indiyə qədər müəyyən fraqmental addımları nəzərə almasaq seyrçi mövqedən baxan BMT-ni dünyamızın bu halına laqeyd qalmamağa, hərəkətə keçməyə sövq etdi.  

Bu təklif Qoşulmama Hərəkatına  üzv 120 ölkə arasında yekdilliklə razılaşdırıldı. Bunun ardınca Hərəkatın sədri kimi Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanladı. BMT Baş katibi 28 may 2020-ci il tarixində Baş Assambleyanın “Prosedur Qaydaları”na uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun 2020-ci il tarixinə qədər təşəbbüsə münasibət bildirilməsini xahiş etdi. Prosedura əsasən, BMT-yə üzv azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalı idi. Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüs isə o qədər böyük aktuallığa malikdir ki, bu təşəbbüsə dünyanın ən müxtəlif regionlarından 130-dan çox dövlət dəstək verdi. Bu qədər böyük dəstəyin əldə olunmasında mövzunun aktuallığı ilə yanaşı, təbii ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, indiyə qədər onun qlobal çevrələrdə irəli sürdüyü təkliflərin zaman-zaman özünü doğrultması və ölkəmizə olan beynəlxalq rəğbət də böyük rol oynayır. Azərbaycan bu rəğbəti uzun illərin ardıcıl fəaliyyəti, həyata keçirilən prinsipial, müstəqil siyasət sayəsində qazana bilib. 

BMT-nin Baş katibi Antonio Quterreş iyunun 30-da bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini bildirdi və iyulun 10-dan Baş Assambleyanın 31-ci xüsusi sessiyası çağırıldı.

BMT Baş Assambleyasının Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası pandemiya dövründə beynəlxalq ictimaiyyət qarşısında duran bir sıra mühüm sualların aydınlaşdırılması, ümumi problemə qarşı birgə mübarizənin təşkili baxımından tarixi rol oynayacaq. Belə bir təşəbbüsü irəli sürməkdə Azərbaycan Prezidentinin məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır.

Azərbaycan dövlətinin gündəmə gətirdiyi həmrəylik təşəbbüslərinin, qarşılıqlı kömək təkliflərinin hər birinin arxasında real əməllər, ölkəmizin ortaya qoyduğu nümunələr durur. Azərbaycan qlobal həmrəylik örnəyini yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşdırmır. Respublikamız Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırıb. 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verib. Həmin ölkələrin bir qismi Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının üzvləridir. Beləliklə, bütün dünya üçün önəmli vaxtda Azərbaycan əsil liderlik nümunəsi ortaya qoyur.

İlham ƏLİYEV: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!”  

Azərbaycan Prezidentinin bu təşəbbüsünə qarşı yeganə olaraq Ermənistanın çıxış etməsi isə bu işğalçı ölkənin mənfur mahiyyətini, məsələlərə faşizm prinsipləri ilə yanaşdığını bir daha ortaya qoydu. Azərbaycanafobiya xəstəliyinin, təcavüzkar mövqeyin Ermənistan rəhbərliyini ümumbəşəri dəyərlərdən nə qədər uzaq saldığını növbəti dəfə nümayiş etdirdi. Bütün dünya pandemiyaya qarşı birgə həllər tapmaqda maraqlı olduğu halda Ermənistanın belə bir təşəbbüsün əleyhinə çıxması ağılsızlığın, qeyri-rasional düşüncənin, Azərbaycan dövlətinə və xalqına nifrətin təzahürüdür. Əslində isə belə bir sessiyanın keçirilməsinə hamıdan çox elə Ermənistan maraqlı olmalıdır. Çünki Ermənistanın regionda və dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. Bu ölkənin pandemiya ilə bacarmadığını, vəziyyətin nəzarətdən çıxdığını Ermənistan rəhbərliyinin özü də təsdiqləyir. Belə olan halda işğalçı ölkənin öz ksenofob, irqçi və faşist mahiyyətini bir daha göstərməsi Ermənistanın növbəti özünüifşasıdır. Bu rüsvayçı addım dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqətini artıracaq, özünü regional əməkdaşlıq layihələrindən təcrid etmiş təcavüzkarın onsuz da acınacaqlı olan vəziyyətini daha da ağırlaşdıracaq. 

İyulun 12-də cəbhənin Tovuz istiqamətində baş verən hadisələr, erməni silahlı qüvvələrinin bölmələrinin artilleriyadan istifadə etməklə Azərbaycan ərazilərinə soxulmaq cəhdi bir daha Ermənistanın təcavüzkar siyasətini ortaya qoydu. Öncə onu qeyd edim ki, Azərbaycan Ermənistanla dövlət sərhədinin bu hissəsində sərhəd qoşunlarını yerləşdirməklə sülhsevər mövqeyini ortaya qoyub. Ermənistan isə bu hissəni döyüş əməliyyatlarının aparılması üçün hərbiləşdirib. Son hadisə zamanı dövlət sərhədimizi qoruyan qəhrəman hərbçilərimiz ağır silahlardan istifadə etməklə hücum etmək istəyən düşmənin  cavabını layiqincə veriblər. Niyyətinə nail ola bilməyən düşmən əks zərbə ilə geri oturdulub. 

Ermənistan zaman-zaman sülh danışıqlarından yayınmaq üçün cəbhədə təxribatlar törədib. Son hadisələr isə birbaşa Ermənistanın daxilindəki ziddiyətlərlə bağlıdır. Bu gün bir tərəfdən Ermənistandan daxili siyasi çəkişmələr pik həddə çatıb. Digər tərəfdən Paşinyan hökuməti koronavirusun sürətlə yayılmasının qarşısını heç cür ala bilmədiyinə görə daxili təzyiq və qınaqla üzə-üzə qalıb. Buna görə Ermənistan iqtidarı cəbhədə təxribatlar törədərək diqqəti daxili problem və ziddiyyətlərdən yayındırmaq yolu tutub. Bu işğalçı dövlətin köhnə oyunlarından biridir. 

Əsas olan odur ki, hər belə təxribat Ermənistanın işğalçılıq siyasətinin ifşasını sürətləndirir, Azərbaycanın öz torpaqlarını azad etmək üçün siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirir. Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır. 

Bu günlərdə mətbuata açıqlamasında Prezident İlham Əliyev sülh danışıqlarının gedişatı ilə bağlı fikirlərini bildirirərək, dövlətimizin mövqeyini bəyan etdi.  Görünən odur ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Dövlətimizin başçısı müsahibəsinin sonunda “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!”  fikrini də təsadüfən söyləmədi. Bəli, Azərbaycan nəyə qadir olduğunu artıq sübut edib. Ermənistanın siyasi-hərbi rəhbərliyi də ölkəsinin zəifliyini bilir və buna görə də indiki təxribatı məqsədyönlü şəkildə dövlət sərhədində törədib. Amma beynəlxalq situasiya elə bir mərhələyə doğru gedir ki, üzvü olduğu təşkilatlar belə Ermənistanı xilas edə bilməyəcək və işğalçı siyasətin son nöqtələrini Ordumuzun atəşləri qoyacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?