Modern.az

Nurlu bir çıraq kimi... Azərbaycan Milli Mətbuatı - 145

Nurlu bir çıraq kimi... Azərbaycan Milli Mətbuatı - 145

15 İyul 2020, 11:16

Əli NƏCƏFXANLI,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

İlk toxumlarını “Əkinçi” adı ilə Həsən Bəy Zərdabinin səpdiyi Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. Bununla bağlı Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixində imzaladığı sərəncamla yubileyin geniş qeyd edilməsi nəzərdə tutulur. Həmin sənəddə göstərilir ki, “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siya­si həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Sonrakı illərdə çoxalan milli mətbuat ədəbi dilimizin və maarif­çilik hərəkatının inkişafına önəmli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin artmasında böyük xidmətlər göstərib.


Sovet dönəmində, birpartiyalı sistem şəraitində azad sözə qoyulan qadağalara və digər bu kimi bütün məhdudiyyətlərə baxmayaraq, kütləvi informasiya vasitələri şəbəkəsi daha da genişlənib, mətbuat xalqın ən mühüm məlumat mənbəyi olub. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informa­siya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. 1993-cü ildən başla­yaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb.


Bu dövrdə mətbuata qayğı da yüksəlib. Bir çox qələm sahibi fəxri adlar alıb, orden və medallara layiq görülüb. Artıq Bakıda jurnalistlər üçün tikilən 3-cü yaşayış binası istifadə ərəfəsindədir. Dünyada bunun analoqu yoxdur.


Azərbaycanda “Əkinçi”nin varisi sayıla biləcək öncül mətbuat orqanlarından biri hazırda mənim çalışdığım “Xalq qəzeti”dir. Bu qəzet özündə Azərbaycanın son bir əsrlik salnaməsini yaşadır. 1991-ci il avqustun 27-də əvvəllər daşıdığı “Kommunist” adı dəyişdirilib və milli ruha uyğun olaraq, “Xalq qəzeti” adlandırılıb. Necə adlanmasından asılı olmayaraq, bu qəzet hər zaman Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olub, xalqımızın milli maraqlarına, tərəqqisinə çıraq tutub, xalqla bir yerdə olub. 


Məsələn, 1922-ci il martın 2-də “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin Rusiyaya daşınıb aparılması və əvvəllər bunun müqabilində Bakıya ərzaq adı altında qapılarına plomb vurulmuş boş vaqonlar gətirilməsi barədə yazı çap edilmişdi. Ertəsi gün həmin məqalənin müəllifi, Daxili İşlər Xalq komissarı Həmid Sultanov vəzifədən azad edilərək həbs olunub. Keçmiş müsavatçı-publisist Mirzəbala Məmmədzadə isə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi barədə məqalələrlə çıxış edib. 


Təəssüf ki, “Kommunist” qəzetinin bu milli təmayülünü Sergey Kirov, Levon Mirzoyan kimi yad və düşmən ünsürlər, Əliheydər Qarayev kimi kölə psixologiyalı, müti yerli rəhbər kadrlar daim qamçılayıb, redaksiya kollektivini hədə və təhdid altında saxlayıb, milli jurnalistləri müxtəlif yollarla sıradan çıxarıblar. “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə yüksək səviyyədə ciddi tədbirlər görülüb. 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov Moskvaya aparıldıqdan sonra qəzetin nisbi sərbəstliyinə də son qoyulub, redaksiya yuxarının direktivləri və sərt nəzarəti altında fəaliyyət göstərməli olub. Amma imkan düşdükcə milli ideologiyaya xidmət göstərib. 


1924-cü ilin aprelində Mərkəzi Komitənin 2-ci katibi Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” məqalə ilə çıxış edərək partiyanın milli siyasətini ciddi tənqid edib, milli kadrların hazırlanmasının qarşısının alındığını, yerli kadrların vəzifəyə təyinatında ayrı-seçkiliyə yol verildiyini bildirib. Məqalə Bakı Şəhər Partiya Komitəsinin növbəti konfransında müzakirə edilib, müəllif ciddi cəzalandırılıb və Əliheydər Qarayevə tapşırılıb ki, “Kommunist” qəzetində kök salmış “millətçilər, sovet hakimiyyətinin düşmənləri” aşkar edilərək ifşa olunsunlar... 


Onilliklər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilib. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan Üzeyir Hacıbəyli, Mir Cəlal, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Nəsir İmanquliyev, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu kimi görkəmli ziyalılar qəzetdə dərc edilmiş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşadıb, onun sağlam yöndə inkişafına təsir göstəriblər. Əli Vəliyev, Rza Quliyev, İsrafil Nəzərov, Xasay Vəzirov, Ağababa Rzayev, Rəşid Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov, Tofiq Rüstəmov kimi yetkin redaktorların rəhbərliyi ilə milli mətbuatımızın dəyərli ənənələri bu qəzetin səhifələrində yaşadılıb, zənginləşdirilib.   


Amma ictimai-iqtisadi formasiyanın dəyişdiyi, ölkədə siyasi təbəddülatların hökm sürdüyü vaxtlarda bir müddət “Xalq qəzeti”nin fəaliyyətinə xitam verilib. Nəhayət, 1995-ci il noyabrın 13-də Heydər Əliyevin zəka və məramının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyasının dərci ilə “Xalq qəzeti”nin fəaliyyətindəki qısa fasilə bitib, redaksiyanın cəmiyyətdəki statusu və rolu özünə qayıdıb. 

Son 27 ildə ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı ­Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı  informasiya təminatının yaradılmasında “Xalq qəzeti” öz zəngin təcrübəsi ilə fəal iştirak edir. 20 ilə yaxındır ki, bu qəzetə tanınmış jurnalist Həsən Həsənov baş redaktorluq edir.  

Mənim bu qəzetlə ilk tanışlığım uşaq yaşlarıma təsadüf edir. Yox, yanılmıram. Yaşlı nəslin yadına gələr, o vaxtlar hər gün saat 16-da respublika radiosunda ertəsi günün “Kommunist” qəzetində gedəcək baş məqalələr imla kimi oxunardı. Adamlarda savadlı yazı qabiliyyəti artsın deyə. Yəni bu gün yaz, sabah da qəzeti alıb özün yoxla! (Əslində, buna indi daha çox ehtiyac var). O da danılmaz faktdır ki, sözlərin düzgün yazılışı ilə bağlı mübahisələri camaat qrammatik və üslub dürüstlüyünə qəti şübhə olmayan “Kommunist” qəzetinə baxmaqla həll edərdi. Etibarlı mənbə kimi.


Mən 2006-cı ildən bu redaksiyada çalışıram. Qəzetdə ilk dəfə imzam isə düz 42 il əvvəl - 1978-ci ilin iyun ayında görünüb. Onda mənim “Laçında mehman olsan...” adlı tənqidi məktubum çap edilib. Maraqlıdır ki, qəzetin ştatlı müxbiri kimi də ilk çıxışım tənqidi ruhda olub: bu, 2006-cı ildə yazdığım “Masallının qaz təsərrüfatında təsərrüfatsızlıq” adlı məqalə idi. Tənqidə cavab olaraq qaz istismarı idarəsinin rəisi işdən çıxarılıb. Mənim doğma ünvanım olan Sumqayıtla da bağlı ardıcıl olaraq yazılarım işıq üzü görüb. Gənclik şəhərinin şöhrət tarixi, 1988-ci ildə ermənilərin törətdiyi Sumqayıt hadisələri, şəhərin sürətli inkişafı, mədəni yüksəlişi əsas təhlil obyektlərim olub. “Ürəyimdir yazanım” adlı bədii-publisistik kitabımda bu barədə yazdığım oçerklər də yer alıb. Qəzetdəki fəaliyyətimə görə Əməkdar jurnalist fəxri adına layiq görülmüşəm.


Deyən ola bilər ki, indi kompüter dövrüdür, internet şəbəkəsi, saytlar  qəzetləri sıxışdırır. Amma bu da həqiqətdir ki, arxiv tədqiqatları, tarix üçün qalıcı vasitə kimi qəzetləri heç nə əvəz edə bilməz.  


Sonda milli mətbuatımızın 145 illiyini geniş qeyd etmək barədə sərəncam imzalamış Prezident İlham Əliyevə minnətdarlığımı bildirir və yubiley münasibətilə bütün qələmdaşlarımı təbrik edirəm!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?