Modern.az

Ermənistanın maliyyə təhlükəsizliyi təhdid altındadır - Vüsal Qasımlı

Ermənistanın maliyyə təhlükəsizliyi təhdid altındadır - Vüsal Qasımlı

Aktual

15 İyul 2020, 14:22

Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistan Maliyyə Nazirliyinin 2020-ci ilin birinci yarımilinin nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcunun həcmi 7 mlrd. 721 mln. ABŞ dollarına çatıb:

 

“Hansı ki, bu göstəricinin 5 mlrd. 984 mln. ABŞ dolları həcmində hissəsi xarici borcun payına düşüb. Təkcə bir faktı qeyd edək ki, bu ölkənin ümumi dövlət borcunun 80%-i xarici valyutadadır və bu istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası həmin ölkənin maliyyə təhlükəsizliyinin nə dərəcədə kövrək olduğunu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ÜDM-nin 42% civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40%-dən 42%-dək artmıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilinin sonuna 57,2%-ə çatacağını proqnozlaşdırıb. Belə ki, 2019-cu ildə ümumi dövlət borcu 6% artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5%, xarici borc isə 4,6% artım göstərib. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200%-dən çox olacağını göstərir".

 

Qasımlı deyib ki, eyni zamanda Ermənistanın xaricdən cəlb etdiyi kreditlərin həcmi 4 mlrd. 539 mln. ABŞ dollarına çatıb ki, bu da ölkənin ÜDM-nin 33% civarındadır:

 "Burada bir məqamı qeyd edək ki, Ermənistana kredit resurslarının cəlb olunmasında beynəlxalq təşkilatlardan ən böyük pay Dünya Bankının qurumları (Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası), Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı, ölkələrdən isə Rusiya, Almaniya və Yaponiyaya məxsusdur. Ümid edirik ki, artıq bu təşkilatlar və ölkələr də Ermənistanın təcavüzakar, etibarsız və regionda sülhü destabilizəedici hərəkətlərini müşahidə edərək bu ölkəyə maliyyə vəsaitlərinin verilməsini məhdudlaşdıracaq. Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyildir. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4%-ni təşkil edib və bu rəsmi göstəricilərə əsaslanan statistikadır".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir