“İyulun 14-də parlamentin önündə baş verənləri təəssüflə izlədim. Hesab edirəm ki, təxribat törədənlərə “layiq olduqları” münasibəti göstərmək lazımdır”.
Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov deyib.
Səfir təxribatçıların Azərbaycan vətəndaşı olduqlarını təəssüf hissi ilə qeyd edib:
“Qırğızıstan vaxtı ilə səhərə qədər baş verənləri izlədim. Əgər izləməsəydim, kiminsə təxribat söhbətlərinə inanmazdım. Başa düşürəm ki, nələrəsə etiraz etmək olar, ancaq bu formada təxribat yolverilməzdir. “Qarabağ!”, “Azərbaycan!” qışqırıb sonda öz mənfur simanı göstərmək nə deməkdir?!”.
Hidayət Orucov ən həssas məqamda hər kəsin diqqətli olmasına çağırış edərək, bunun vacibliyini də vurğulayıb:
“Tovuz istiqamətində döyüşlər gedir. İnsanlarımız döyüşmək üçün növbəyə dayanıb. Belə bir məqamda içimizdə təxribatların törədilməsinə yol verməməliyik. Bir tərəfdən Ermənistan təxribatı, onun arxasında dayanan xarici qüvvələr, digər tərəfdən də pandemiya . Təəssüf ki, bəzi şəxslərin törətdiyi təxribat pandemiya və erməni aqressiyası qədər məni məyus etdi”.