Arxiv
18 Yanvar 2010, 12:32 | REPORTAJ
Goranboylular «sizi ləyaqətlə təmsil edəcəm» deyən Gültəkin Hacıbəylidən razıdırlarmı?

96 SAYLI GORANBOY-NAFTALAN SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ

«525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı layihəyəsi çərçivəsində millət vəkilinin parlament seçkiləri ərəfəsində seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini, seçicilərlə necə işlədiyini araşdırır, seşki dairəsinin ərazisində yaşayanlardan onu tanıyıb-tanımadıqlarını soruşuruq. Bu dəfəki reportajımızı bitərəf millət vəkili Gültəkin Hacıbəylinin deputat seçildiyi 96 saylı Goranboy-Naftalan seçki dairəsindən hazırladıq.

Deputat namizəd olduğu zaman seçicilərinə hansı vədləri verib? 96 saylı Goranboy-Naftalan seçki dairəsinə getməzdən öncə deputat köməkçisi Sərvan Şirinovla əlaqə saxlayıb sualıma cavab istədim. Köməkçinin sözlərinə görə, Gültəkin Hacıbəyli deputat seçilməzdən əvvəl seçicilərinə “dağı-dağ üstünə qoyacam” deməsə də, «sizi ləyaqətlə təmsil edəcəm» söyləyib.

Seçki dairəsinə çatar-çatmaz qərara aldım ki, öncə elə qarşıma çıxan sadə adamlardan deputatlarını tanıyıb-tanımadıqlarını xəbər alım. Avtobus dayanacağında rastlaşdığım müxtəlif peşə sahibləri “deputatınız kimdir, onu tanıyırsınızmı” sualına dərhal “bəli” cavabını verdilər. Sonra da əlavə etdilər ki, Gültəkin Hacıbəyli arada imkan tapıb seçicilərlə görüşə gəlir. Hətta bayram günlərində imkansız ailələrə bayram sovqatı da göndərir. Sonuncu Ramazan bayramında Naftalan şəhərində 450 nəfərə bayram payı verib, bir neçə dəfə ayrı-ayrı kəndlərdə iftar süfrələri açıb, onun təşəbbüsü ilə əlillərə əlil arabası, eşitmə aparatı paylanıb və s. Hər halda, sadalananlar ictimaiyyətin fəal deputat kimi tanıdığı G.Hacıbəyli üçün elə də böyük işlər sayıla bilməz. Ona görə də seçki dairəsini bir xeyli gəzmək, çox adamla görüşüb söhbətləşmək lazım idi.
Niyyətimi Goranboyda mənə bələdçilik etməyə razılıq verən tanışımın köməyi ilə həyata keçirə bildim.

Şahməmmədlilər deputatdan su probleminin həllinə kömək istəyirlər

Öncə yolumuzu Şahməmmədli kəndindən saldıq. Yol üstündə olan həyətlərdən birinin qapısını açıb ev sahibi ilə salamlaşdım. Ona Bakıdan deputatın yerlərdə necə işədiyini öyrənməyə gəldiyimi söylədim.
Məlum oldu ki, elə bu ailədə G.Hacıbəylinin köməyi sayəsində əlil arabası alan bir ağbirçək də yaşayır.
Bizi 79 yaşlı Bilqeyis İsmayılova ilə görüşdürdülər. Bilqeyis nənə dedi ki, ona əlil arabasını deputatın köməkçisi olan cavan oğlan gətirib. Altı ildir ki, iflic xəstəliyindən əziyyət çəkən nənənin ayaqları sözünə baxmır. Ömür-gün yoldaşı rəhmətə gedəndən sonra bu xəstəliyi tapıb.
Həyat yoldaşının ölümündən sarsılan Bilqeyis nənə elə həmin gündən yatağa düşüb: «Evdəkilər mənə görə çox əziyyət çəkirdilər. Mən heç deputatı tanımıram, görməmişəm, adını eşitmişəm. Oğlum Aslan onun köməkçisinə deyib ki, deputat anama əlil arabası verilməsində kömək etsin. Bir gün gördüm ki, cavan bir oğlan əlində araba içəri girdi. Sağ olsun».
Deputata təşəkkür edən Bilqeyis nənə 1-ci qrup əlil kimi aldığı 90 manat təqaüdün azlığından şikayətləndi: «Hökumətin verdiyi bu pulla dolanmaq olmur, bala. Heç dərmanpulunun yarısına çatmır. Əgər deputatımız güclüdürsə, pensiyalarımızın qaldırılmasını tələb eləsin. Biz heç kimik, amma onun sözünə baxarlar».
Bilqeyis nənəgildən çıxıb azca aralanandan sonra, yolda rastlaşdığımız Şahməmmədli kəndinin digər bir sakinini söhbətə tutdum.  Özümü təqdim etdikdən sonra 70 yaşlı Vəsilə Quliyevadan deputatı tanıyıb-tanımamadığını soruşdum. Fikirləşdim ki, bu yaşlı qadın deputatı tanımayacaq. Lakin onun «tanıyıram, qadan alım, niyə tanımıram ki? Bizim deputat Gültəkindi. Kəndimizə bir neçə dəfə gəlib. Allah ona kömək olsun, məktəbimizi də o, tikdirib, gördüyünüz bu yolu da o, çəkdirib» cavabını eşitdikdə zənnimdə yanıldığımı anladım.
V.Quliyeva deputatdan onlar üçün daha bir yaxşılıq etməsini də istədi: «Bizə bir yaxşılıq da eləsin, Goranboya axan o ağ sudan bizim kəndə də bir bulaq çəkdirsə, lap yaxşı olar. Allah haqqı suyu gedib qonşu kənddən vedrəylə,  əl arabasıyla gətiririk. İçməli su sarıdan çox əziyyət çəkirik».

Kənd yolunda rastlaşdığım 72 yaşlı Tapdıq kişi dedi ki, G.Hacıbəylini təəssübkeş deputat kimi tanıyır. Ağsaqqalın sözlərinə görə, növbəti seçkidə G.Hasıbəyli namizədliyini bu dairədən versə, yenə də ona səs verəcək.
Deputatın təşəbbüsü ilə tikilən Şahməmmədli kənd ibtidai məktəbi ilə tanış olduq. Məktəb 4 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Bizə dedilər ki, depuat bu təhsil ocağını xeyriyyəçi bir iş adamının köməkliyi ilə tikdirib. Kəndin uşaqları ibtidai təhsili burada aldıqdan sonra, ardını Şahməmmədlidən 1km aralıda yerləşən Goranboy şəhərindəki orta məktəblərdə davam etdirirlər.

Qarqucağın körpülərini sel aparıb

Yolumuz Qarqucaq kəndinədir. Kənddə yolların yenidənqurulması işi həyata keçirilirdi. Kəndin icra nümayəndəsi Qnyaz Nəcəfov və bələdiyyə sədri Zaur Bayramov iş icraçılarının yanında «yaxaladıq».
Gəlişimin məqsədini onlara bildirdikdən sonra Q.Nəcəfov söhbətə razılıq verdi. Dedi ki, Gültəkin xanımın gördüyü işləri danmaq Allahsızlıq olar: «Bunu icra nümyəndəsi olduğum üçün demirəm. Bizim icra nümayəndəliyinə daxil olan Hacallı kəndində içməli su yox idi. Deputatın təşəbbüsü ilə Hacallıya 17 km-lik məsafədən içməli su xətti çəkildi. Qarqucaq kəndinin qəza vəziyyətində olan orta məktəbinin yerində yenisinin tikilməsi də onun adı ilə bağlıdır. Bəlkə də rayonumuzda bu məktəbin oxşarı yoxdur. Kəndimizdə həkim məntəqəsi yox idi. O problem də deputatın təşəbbüsü ilə həllini tapdı, çox sağ olsun, müasir tipli 2 mərtəbəli həkim məntəqəsi tikdirib».
İcra nümayəndəsi dedi ki, telekanallar respublikanın müxtəlif kəndlərinə qaz xəttinin çəkilişi barədə xəbərlər verəndə, onlar da arzulayırlar kaş Qarqucağa da mavi yanacaq veriləydi. Qnyaz Nəcəfov kəndə qaz çəkilişi üçün deputatdan kömək gözlədiklərini gizlətmədi: «Biz artıq Gültəkin xanımdan xahiş eləmişik ki, kəndimizə qaz çəkilməsinə kömək göstərsin. Deputat da söz verib ki, bu məsələyə kömək edəcək. Fəal adamdır, inanırıq ki, verdiyi vədin həyata keçməsinə çalışacaq».
İcra nümayəndəsi kəndin hazırkı problemlərindən də danışdı. Dediyinə görə, yayda gələn güclü sel zamanı Qaraçay üzərindəki körpüləri sel aparıb. Camaat isə körpü məsələsindən çox əziyyət çəkir: «Biz ölülərimizi uçmuş körpünün qarşı tərəfində yerləşən qəbiristanlığa apara bilmirik. 4 körpüdən 3-nü sel tamamilə dağıdıb. Şəfibəyli kəndinin baş tərəfində bir körpü qalıb, o da qəza vəziyyətindədir. Ona görə də xahiş eləmişik ki, Gültəkin xanım özü kəndimizə gəlib vəziyyətlə tanış olsun».

Seldən zərər çəkənlərə kompensasiya verilməyib

Söhbətə qoşulan Qarqucaq bələdiyyəsinin sədri Zaur Bayramovun sözlərindən belə məlum oldu ki, qəbiristanlığa gedən yolun üzərindəki körpünü vaxtilə elə Gültəkin Hacıbəyli saldırıbmış: “Amma 2009-cu ilin iyul-avqust aylarında üç dəfə sel gəldi və sel körpüləri apardı».
Daşqınlar zamanı kəndin təsərrüfatına ziyan dəyib-dəymədiyilə də maraqlandım. Məlum oldu ki, kənddə ev heyvanlarına, şəxsi təsərrüfatlara, taxııl zəmilərinə ciddi ziyan dəyib. Dəymiş ziyana görə isə əhaliyə dövlət tərəfindən kompensasiya verilməyib.
Bələdiyyə sədri zərərçəkənlərə kompensasiyanın verilməməsini sel ziyan vurduğu torpaqların sığortalanmaması ilə izah etdi.
İcra nümayəndəsi Q.Nəcəfov isə bildirdi ki, dəymiş ziyan Goranboy Rayon Fövqəlada Hallar Komissiyası ilə birgə aktlaşdırılıb: «Ola bilsin ki, nə vaxtsa dəymiş ziyana görə qismən də olsa, kömək olacaq”.

“Həm neft-qaz ölkəsində yaşayasan, həm də qaz problemindən əziyyət çəkəsən…”

Qarqucaqlı seçici Fikrət Quliyevdən deputat barədə nə bildiyini xəbər aldım. Dedi ki, Gültəkin Hacıbəyli bu kənddə dəfələrlə olub: «Sağ olsun, rayona gələndə bizi yaddan çıxarmır. Onun köməyi ilə kəndə təzə transformator da qoyulub, həmişə işiğımız var. Amma deputatdan bircə xahişimiz də var. İmkan daxilində kəndimizin qaz və körpü probleminin həllinə kömək eləsin». Fürsətdən istifadə edib deputatın təşəbbüsü, Dövlət Neft Şirkətinin maliyyəsi hesabına tikilən Milli Qəhrəman Yunis Nəcəfov adına Qarqucaq kənd orta məktəbinə də baş çəkdim.
Məktəbin yaxınlığından keçən Qaraçayın uçurduğu körpüyə də baxdım. Sakinlər dedilər ki, sel çayın səviyyəsidən 5 metr yüksəyə qalxdığından körpülər buna davam gətirə bilməyib. 1988-ci ildə Qarqucaqla Hacallı kəndi arasında salınan körpünü də sel aparıb. İndi Hacallıya avtomabillə getmək istəyənlər 10 km-ə yaxın məsafəni qət edərək başqa bir kəndin ərazisindən dolanbac yolla keçməlidirlər.  Piyadalar isə uçmuş körpüdən qopan və çayın üzərinə düşən beton parçasının üzəri ilə keçirlər (yazının altındakı şəkillərə bax-red.).
Kəndin icra nümayəndəsi bildirdi ki, rayon İcra Hakimiyyəti və Fövqəlada Hallar Nazirliyi körpünün vəziyyətini aktlaşdırıb, söz verilib ki, 2010-cu il ərzində yeni körpü salınacaq.
Uçmuş körpünün yaxınlığındakı kənd mağazasının satıcısı Tamella Qarayeva da bizim vasitəmizlə deputatdan xahiş etdi ki, təcili olraq körpünün bərpasına kömək göstərsin. O, deputatın qonşu Hacallı kəndində bulaq tikdirdiyini xatırladaraq, Qarqucağa da içməli su çəkilməsini xahiş etdi.
Seçici Fikrət Aslanovu narahat edən əsas problem isə yaşadığı kəndə qazın çəkilməməsi idi: «Biz deputatımızdan razıyıq. Bilirik ki, bizim əsas problemimizin həlli onun gücü ilə həll edilə bilməz. A kişi, 21-ci əsrdə, özü də neft-qaz ölkəsində yaşayırıq, nə vaxtadək odun yarmalıyıq. Bura heç dağ kəndi də deyil ki, qaz xəttini çəkmək mümkün olmasın. Meşədən odun qırmağa qoymurlar. Məhləmizdə ağac da qalmayıb. Hamısını kəsib yandırmışıq. Məcbur olub gərmə - təzək (quru mal peyini) yandırırıq. Bir maşın odunu 400-500 manata verirlər. Hardan alaq, bu qədər pulu?»

Qarqucaqdan çıxarkən kənd yolunda inək aparan bir nəfəri görüb maşını saxlatdırdım. Söbətləşmək üçün düşdüm, dedim, bəlkə bu ağsaqqal deputatı «asıb-kəsər». Amma 58 yaşlı təsərrüfat adamı olan Rasim Aslanov əksinə danışdı: «Niyə deputatdan narazılıq eləməliyəm ki? Kənddə məktəb, tibb məntəqəsi tikdirib, körpü saldırıb. Yaşımın bu çağında elə adamın qarasınca danışmaq mənə yaraşmaz”.
R.Aslanovdan soruşdum ki, «bəs deputatdan başqa nə istəyirsiniz?». Əvvəlcə «heç nə» desə də, bir az düşündükdən sonra «qaz da çəkdirsə pis olmaz» söylədi.

Maşına əyləşib az getmişdik ki, yenə bələdçilik edən yol yoldaşımdan dayanmağı xahiş etdim. Məqsədim qoyun-quzu otaran digər bir kənd sakinini danışdırmaq idi. Amma deyəsən bələdçimi də yormuşdum. Axı təkcə bu kənddə o, bəlkə də 10-15 yerdə maşın saxlayıb mənim seçicilərlə söhbətlərimə qulaq asmalı olmuşdu.
Qarqucaq kəndində sonuncu söhbətə tutduğum 49 yaşlı Cəfər Baxşəliyev deputatın adını eşidib üzünü görmədiyini dedi: “Bilirəm ki, deputatımız Gültəkin xanımdı, eşitmişəm ki, kəndə tədbirə də gəlib, amma, mən görməmişəm. Mən təsərrüfat adamıyam, orada iştirak eləmək mənlik deyil”. Amma C.Baxşəliyev G.Hacıbəylinin təşəbüsü ilə kənddə məktəb tikilməsindən, tibb məntəqəsi açılmasından, fasiləsiz işıq verilməsindən xəbərdar olduğunu söylədi: «İnanın ki, kəndimizdə işıq məsələsi çox qəliz məsələydi. Kəndin camaatı deputat bura gələndə ondan xahiş ediblər ki, bu məsələdə bizə kömək eləsin. İndi onun sayəsində gecə-gündüz işığımız yanır».

Üzü Qaradağlıya sarı...

96 saylı Goranboy-Naftalan dairəsində olduğum ikinci gün Qaradağlı kəndinə yollandım. Dəliməmmədli şəhərindən Qaradağlıya, oradan da Xoylu-Yolqulular kəndinə gedən yolun G.Hacıbəylinin təşəbbüsü ilə çəkildiyini öyrəndim.  
Qaradağlıya getməkdə məqsədim burada deputatın köməyilə bərpa olunmuş kəhrizlə tanış olmaq idi.
Kənd sakini Kazım Həsənovdan bizi kəhrizə aparmasını xahiş etdik. Məlum yerə çatmamış yaxınlıqdakı əkin sahəsində 2 nəfəri görüb maşını saxlatmalı oldum.
50 yaşlı Fəxrəddin Musayev həyat yoldaşı Solmaz Musayeva ilə özlərinə məxsus torpaq sahəsindən kök çıxartmaqdan qayıdırdı. “Deputatınızı tanıyırsınızmı” deyə onlara sual verdim. Cavab verdilər ki, yaxşı tanıyırlar: «Gültəkin xanım kəndimizə qaz çəkdirib, yolumuzu asfaltlatdırıb, su məsələsinin həllinə kömək edib. Hərdən kəndə də gəlir, burda iclas eləyir».
Musayevlərdən öyrəndim ki, yerli sakinlər tərəvəzçiliklə məşğuldular, ən çox da kök əkib-becərirlər. Deyirlər ki, kök yetişəndən sonra onu çıxarıb ya Gəncədə satırlar, ya da kəndə gələn alverçilərə verirlər.

Qaradağlının səsli-küylü kəhrizi

Kəhrizin yanında rastlaşdığımız Kəmalə Tağıyeva adlı kənd sakinindən də deputatı xəbər aldım.
- Niyə tanımıram, qadan alım. Hələ bu yaxınlarda da gəlmişdi, burda açılış elədi. Mən də gəlib özümü onun böyrünə soxdum ki, qoy Gültəkin xanımı yaxından görüm.  Bura tez-tez gəlir. Allah onun köməyi olsun, çox razıyam. Bax bu kəhrizin hesabına əkin əkirəm. Bu dəqiqə bu su şarta-şart mənim əkinimə axır. İndiyə qədər əziyyət çəkirdim, amma, indi bu kəhrizin hesabına dolanıram. Kök, pomidor, göy əkirəm. Yoxsa ölürdüm acından. Su tapmırdıq. Gecə-gündüz bu kəhriz dayanmır. Bütün respublikalardan gəlib bu kəhrizə baxıb deyirlər ki, biz buna qibtə eləyirik, bu nə olan şeydi, bu, yerdən nə təhər belə bol su çıxır»?
- Gültəkin Hacıbəyli yenə namizədliyini irəli sürsə, ona səs verəcəksiniz?
- Niyə vermirəm? Bu dəqiqə gedək evə, qazımız gurha-gur yanır, işıq da var. Allah göydən baxır, mən yalandan danışmaram. Mən bu kəhrizin hesabına dolanıram.
51 yaşlı Həsən Həsənov dedi ki, kəhrizin hesabına 100 hektar sahəni suvarmaq olur. Üstəlik deputat kənddə bir artezian quyusu da qazdırıb.
Kazım Həsənov isə kəhrizin  tarixindən danışdı. Dediyinə görə, bu kəhrizin 500 il yaşı var. Amma 40 il budan əvvəl itib-batdığı üçün buradan istifadə etmək mümkün olmayıb: «Gültəkin xanım kəndimizə gələndə ondan kömək istədim ki, biz bu kəhrizi bərpa eləyək. O, da Beynəlxalq Miqrasiya Təşiklatı adlı bir təşkilat var, ora müraciət elədi. Sonra onların da köməyilə kəhrizi böyük əziyyətlə bərpa etdik. Bu çox qədimi bir yerdi. Kəhrizi bərpa edəndə yeraltı işlərimiz çox oldu, qazıntı işlərində şam və əleyhqazla işləyirdilər. Bu işi 2006-cı ilin avqustunda başlayıb 2009-cu ilin sentyabrında başa vurduq».

Bu da narazılar…

Kəhriz olan ərazini tərk elədik. İrəlidə əkin sahəsində bir neçə nəfərin kök çıxırtdığını görərək yenə maşını saxlatdırdım.
Buradakı qadınlarla söhbətdən məlum oldu ki, onlar Dəliməmmədli şəhərindən gələrək Qaradağlıda günəmuzd iş görürlər. Amalya Ağayevadan soruşanda kı, deputatınızı tanıyırsınız, o cavabında «tanımıram» dedi. Ardınca da G.Hacıbəylidən narazılıq etdi: «Mən ona səs verməmişəm. Niyə ona səs verməliydim ki? İşığım yox, suyum gəlmir. İndinin özündə də su üzünə həsrətəm. Deputat gəlsin bura üzünə də deyim bunu. Bilirəm ki, hamısı özləri üçün işləyir. Seçkidə gəlib camaatın səsini alır, sonra bir dəfə də olsun gəlib ona səs verənin vəziyyətilə maraqlanmırlar. Mən ondan çox narazıyam. Niyə gəlib bir dəfə Dəliməmmədlidə çəkdiyimiz əziyyəti gözlərilə görmür. Bir aydı suyumuz gəlmirdi, gedib qırğın-dava ilə özümüz düzəldirmişik. Gəlsin bir ona da baxsın də. Gəlsin Məmməd Əsədov küçəsinə, baxsın, görsün, küçə nə vəziyyətdədi».

Digər həmsöhbətim, Dəliməmmədli şəhər sakini Svetlana Hüseynova bildirdi ki, G.Hacıbəyliyə səs versə də, indi ondan çox narazıdır: «İldə bir dəfə gəlsin onun üzünü görək dərdimizi deyək də. Görüş keçirəndə də məktəbdə uşaqları evə buraxırlar,müəllimləri də yığıb aparırlar deputatın görüşünə. Bir də xəstəxananın işçilərini aparırlar. Məgər biz orda yaşaya-yaşaya bunları bilmirik…? Dəliməmmədlidə içməli su problemi var. Bir aydır suyumuz gəlmir. Səməd Vurğun küçəsindən keçmək olmur. Orda palçıq dizə çıxır. İndi ora belə palçıqlı olacaqdısa, bəs niyə Dəliməmmədliyə şəhər statusu veriblər?”.
S.Hüseynova işsizlik problemindən də danışdı: «Dəliməmmədlinin qadınlarına bir iş yeri açsınlar. Dolana bilmirik. Burda gəlib nökərçilik edirəm. Bir otağın içində qalmışıq. Artırıb tikə bilmirəm. Bax, gəlirəm beləcə utana-utana onun-bunun qabağında işləyirəm, özgələrinə kök çıxardıram. Deputat mənə iş yeri açsın, fəhləlik edim, onda deputatdan yerdən-göyə qədər razılıq edərəm».
Dəliməmmədli sakinləri şəhərin icra nümayəndəsi Eldar Muradovdan da narazılıq etdilər.

Onlardan ayrılıb bir qədər irəlidəki sahədə rastlaşdığımız Sarov kənd sakini Qəndab Mustafayeva ilə söhbətləşdim. O, 6 yaşlı nəvəsi Hicat Hüseynovun beyin təzyiqindən əziyyət çəkdiyini bildirərək, nəvəsinə indiyədək heç bir yandan kömək olmamasından gileyləndi. «Uşaq 9 aylıq olanda atası onu anasının yanında atıb gedib. Anası da fəhləlik eliyə-eliyə zulumla o uşağı böyüdyüb 6 yaşa çatdırıb. Amma indiyədək bu hökumət o uşağa köməklik etmir. Bu uşağı hökumət nə sifətlə gəlib əsgərliyə çağıracaq?  Bu uşaq indi yetimdir, ona hökumət niyə yiyə durmur» - deyən Q.Mustafayeva problemi ilə bağlı deputatlarına müraciət etmədiyini də bildirdi.

Kənddə bankomat

Bələdçimlə getdiyimiz növbəti ünvan məşhur Xoylu kəndi oldu. Bu, o Xoyludur ki, bir neçə il öncə su üstündə baş verən qarşıdurmanın səsi bütün ölkəyə yayılmışdı.
Burada ilk rastlaşdığımız kənd sakini 43 yaşlı Ərşad Bəşirov işsizlikdən şikayətləndi.
78 yaşlı təqaüdçü Məsər Verdiyev deputatın təşəbbüsü ilə  keçən il oktyabrın 5-də bu kənddə bankomat quraşdırıldığını xatırladaraq razılıq etdi.
Bankomat bir mağazanın bayırında yerləşdirilib. Biz maşından düşərkən bir qadın bankomatdan pul çıxarırdı. Tahirə Əmiraslanova bankomata görə G.Hacıbəyliyə minnətdarlıq etdi: «Bəlkə də bu, şəhərdəkilərə xırda iş kimi görünə bilər, amma bizim üçün böyükdür. İnanın ki, bəzi vaxtlar pul çıxartmaqdan ötrü Goranboydan Gəncəyə gedirdik. Allah onun canını çağ eləsin, bizi əziyyətdən qurtardı. İndi bu bankomatdan hətta qonşu Nizami, Şadlı, Qaradağlı, Sarov və Dəliməmmədlidən də gəlib pul çıxarırlar».
Bankomatın yerləşdiyi mağazanın sahibi Nasir Adıgözəlovun isə özünəməxsus razılığı oldu. Gülə-gülə dedi ki, bankomat qoyulandan mağazasında alver «xod gedir».

Dəyirmanlar kəndində həm razılar, həm də narazılar var

Goranboyun Dəyirmanlar kəndinə də baş çəkdim. Bu kənd Gəncə şəhərinin lap yaxınlığındadır. 1991-ci ildən kənddə icra nümayəndəsi işləyən Məhəmməd Məmmədov bildirdi ki, əvvəlki deputatlar Dəyirmanlar üçün heç bir iş görməyib: «Gültəkin xanımdan qabaq deputatlarımız olub. Onlar gəlib vəd veriblər, heç bir iş görməyiblər. 2005-ci ilə qədər bizim kənd Samux dairəsinə düşürdü. O zaman Xalis Ələsgərov bizim ərazimizdən deputat seçildi və söz verdi ki, “belə eləyəcəm, elə eləyəcəm”, amma, 5 il deputatlıq fəaliyyəti dövründə bir dəfə də bu kəndə gəlmədi. Gültəkin Hacıbəyli bizim kənd üçün xeyli iş görüb. Onun köməkliyi ilə kənd yolunun bərpası üçün bizə 100 maşın çınqıl verildi».
Dəyirmanların sakinləri də kəndə qaz çəkilməsini istəyirlər: «Sovetlər vaxtı burda qaz olub. Gültəkin xanım bizə söz verib ki, qaz çəkilişinə kömək edəcək. Biz də gözləyirik».
80 yaşlı Məmməd Abdullayev deputatı çox istədiyini dedi: «Hər gələndə kəndimiz üçün bir iş görür. Ona görə də onun xətrini çox istəyirəm. Gələn kimi qucaqlayıb üzündən öpürəm».
Məmməd kişi deputatdan deyil, rayon rəhbərliyindən gileyləndi: «Rayon rəhbərliyi bu kəndə bir yardım eləmir ki, camaatın xoşuna gəlsin. Hökumət rayonun büdcəsinə pul ayırır. Heç olmasa o puldan bizim kəndin də problemlərini həll eləmək üçün sərf eləsinlər də…».
Dəyirmanlar kənd orta məktəbinin vəziyyəti ilə də tanış oldum. Qəzalı vəziyyətə düşən məktəbin yenidənqurmaya ehtiyacı var.

Goranboyda olarkən ayrı-ayrı sakinlərdən öyrəndim ki, G.Hacıbəyli rayonun müxtəlif kəndlərində artezian quyularının qazılmasına köməklik göstərib. Xanım deputat Türkiyənin TİKA təşkilatı vasitəsilə Qazançı, Goranlı, Xınalı və Əhmədəbad kəndlərində artezian quyuları qazdırıb ki, onların da suyu ilə yüz hektarlarla torpaqları suvarırlar.
Məsələn, Qazançı kəndində 2009-cu ildə qazılan artesianın suyu ilə 120 hektar əkin sahəsi suvarılır.
Gültəkin xanım fərdi olaraq insanlara müəyyən yardımlar da edib. Məsələn, Qarasüleymanlı kəndində 13 yaşlı uşağın ürəyindən əməliyyat olunmasına yardım göstərib, Şahməmmədlidə bir kasıb ailənin evinin damına şifer aldırıb.
Xəsədərli, Yolqullar, Qarqucaq, Veyisli, Rəhimli, Yəhərçi Qazaxlar kəndlərində orta məktəblərin tikilməsində, Alpout, Faxralı, Yəhərçi-Qazaxlar kəndlərində poçt binalarının inşasında, Nizami kəndində tibb məntəqəsinin açılmasında deputat təşəbbüskar olub.

Naftalanda…

G.Hacıbəyli Naftalan şəhərində də yaxşı tanınır. Lakin bu şəhərdə jurnalist olduğumu və deputatın gördüyü işlərlə maraqlandğımı bilən hər kəs məndən uzaqlaşmağa çalışdı. Şəhər sakini Xalidə Həsənova yeganə şəxs oldu ki, suallarımı cavablandırmaqdan imtina etmədi:
- Deputatınızı tanyırsız?
- Gültəkin Hacıyevadı.
- Onun soyadı indi Hacıbəylidir, bundan xəbəriniz yoxdu?
- Televizorda təqdim eləyəndə görmüşəm. Amma biz hamımız onu Hacıyeva kimi tanıyırıq. Yəqin soyadını dəyişdirib.
- Deputatınız Naftalana gəlib-gedir?
- Şəxsən mən 4-5 dəfə görmüşəm. Burda camaatla görüş keçirirdi. Özüm də orda iştirak etmişəm. Səhv etmirəmsə Ramazan bayramında da burda olub. İmkansız ailələrə bayram payı verirmiş.
- Naftalanda hansı sosial problemlər var?
- Elə bir problem yoxdu. İşığımız, qazımız var.
- Elə bir məsələ olubmu ki, deputat sizə vəd versin, amma, əməl etməsin?
- Görüşlərin birində Gültəkin xanımdan xahiş elədik ki, uşaq bağçası neçə ildir bağlıdır, onun açılmasına kömək eləsin. O da bununla bağlı bələdiyyəyə müraciət etdi. Amma indiyədək məsələ həllini tapmayıb. Düzdür, mənim evdə bağçaya gedəsi uşağım olmasa da, qonşularım, şəhər sakinləri bağça istəyirlər.
- Deputatınızdan narazılığınız yoxdur ki?
- Çox razıyam. Məncə Gültəkin xanım bütün Azərbaycan üçün lazımlı deputatdı.

Goranboyda olarkən 2005-ci il parlament seçkiləri zamanı G.Hacıbəylinin seçkilərdə Yeni Azərbaycan Partiyasından alternativi olan Şakir Verdiyevlə də görüşdüm. Ş.Verdiyev seçkilərdə G.Hacıbəyliyə məğlub olmasına baxmayaraq, ondan razılıq etdi: «Gültəkin xanım vətəninə, elinə-obasına bağlı olan bir türk qızıdı.  Gültəkin xanım bir deputat kimi goranboylular üçün əlindən gələn yaxşılıqları edir, həmişə Goranboyun təəssübünü çəkir. Biz onun bir siyasətçi-deputat kimi Azərbaycanın haqq səsini Avropa Şurasında qaldırması ilə, dövlətimizi, millətimizi xarici ölkələrdə fəal təmsil etməsi ilə qürur duyuruq».

Sonda qeyd edim ki, Goranboydakı sorğularım zamanı məlum oldu ki, G.Hacıbəylini bu rayonda tanımayan yoxdur.

 

1-ci qrup əlil Bilqeyis İsmayılova deputatdan razı, hökumətdən narazıdı

Vəsilə və Hikmət Quliyevlər: "İmkanı varsa, deputat bizim kəndimizə bulaq çəkdirsin"

Sahməmmədli kəndinin sakinləri

Deputatın köməyilə tikilən Şahməmmədli kəndinin ibtidai məktəbi

Qarqucaq kəndinin icra nümayəndəsi Qnyaz Nəcəfov: "Kaş Qarqucağa da mavi yanacaq veriləydi"

Kənd bələdiyyəsinin sədri Zaur Bayramov: "Sel kəndin körpülərini dağıdıb"

Uçan körpü iki kəndin əlaqəsini kəsib

Maşınlar üçün yol olmasa da, piyadalar üçün var

"Sel evimizin bax burasına qədər qalxmışdı"

Deputatın təşəbbüsü ilə tikilən bu təhsil ocağını kənddə "Universitetə bənzər məktəb" adlandırırılar

Qarşı tərəfdəki qəbiristanlıqla əlaqə kəsilib

Gültəkin Hacıbəylinin özünün saldırdığı körpünü də sel aparıb

Kənd uşaqları "deputatınızı tanıyırsınızmı" sualına cavab verirlər

Mağazada satıcı işləyən Tamella Qarayevanın da arzusu kəndlərinə qaz çəkilməsidir

Seçici Fikrət Aslanov: "Qışda odun tapmırıq, evlərimizi təzək yandırmaqla qızdırırıq"

Deputatın müraciətindən sonra Qarqucaq kəndində tibb məntəqəsi tikilib

Seçici Rasim Aslanov: «Niyə deputatdan narazılıq eləməliyəm ki?"

Bu yolda yenidənqurma işləri aparılır, kəndlilər "palçıqdan canımız qurtarar" deyirlər

Çörəyi kökdən çıxan seçicilər-Musayevlər kök əkib-becərməklə dolanırlar

Qaradağlı camaatının kəhrizə gedən yolu çayın içindən keçir

Qaradağlının səsli-küylü kəhrizi

Dəliməmmədli sakinləri deputatdan narazıdılar

Çörəyi torpaqdan çıxanlar

Qəndab Mustafayeva xəstə nəvəsinə kömək istəyir

Deputat yolun da abadlaşdırılmasında təşəbbüskar olub

"Əvəllər pul çıxartmaqdan ötrü Gəncəyə gedirdik"

"Bankomat mağazamın yanında qoyulandan bəri alver "xod gedir""

Dəyirmanların icra nümayəndəsi deyir ki, Gültəkin Hacıbəylidən əvvəlki deputatlar bir dəfə də kəndə gəlməyiblər

80 yaşlı Məmməd Abdullayev: "Deputatın xətrini çox istəyirəm, hər gələndə qucaqlayıb üzündən öpürəm»

Dəyirmanlar kəndinin qəzalı vəziyyətdə olan məktəbi

Deputatın təşəbbüsü, TİKA-nın maliyyəsilə qazılan artezian


Aqil Aslan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ekspert Azərbaycanda qazanclı sahələrin adını açıqladı 6 Dekabr 2019, 14:39 Elmar Vəliyevi güllələyən şəxsin işi məhkəməyə GÖNDƏRİLDİ 6 Dekabr 2019, 14:30 "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 6 Dekabr 2019, 14:25 Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42 Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir” 6 Dekabr 2019, 11:35 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas ÇAĞIRDI 6 Dekabr 2019, 11:23 Azərbaycan polisləri də ağac əkdi - FOTO 6 Dekabr 2019, 11:17 Polis 12 şübhəlini saxladı 6 Dekabr 2019, 11:08 Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi 6 Dekabr 2019, 10:55
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?