Modern.az

İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanın müddətini uzatdı

İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanın müddətini uzatdı

Dünya

20 İyul 2020, 20:48

İsrailin hakimiyyət orqanları xarici ölkə vətəndaşlarının ölkəyə daxil olmasına qoyduğu qadağanın müddətini daha bir ay – sentyabrın 1-dək uzadıb.

 

Modern.az “Globes” nəşrinə istinadla xəbər verir ki, bu barədə aeroportlar idarəsi məlumat yayıb.

 

“İsrailin aeroportlar idarəsi bütün aviakompaniyaları COVID-19 infeksiyasının yayılması hallarının artması səbəbindən sərt sərhəd nəzarətinin qüvvədə qaldığı barədə məlumatlandırıb. İsrail pasportu olmayan insanların ölkəyə girişinə qoyulan qadağa avqustun 1-dən minimum sentyabrın 1-nə qədər uzadılıb”, - deyə qurumdan bildiriblər. Məlumatda, həmçinin xarici ölkələrdən qayıdan israillilərin əvvəlki kimi 14 gün karantin rejimində qalacağı vurğulanır.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 20:20-yə olan məlumatına əsasən, dünyada 14 milyon 714 min 481 yoluxma və 610 min 251 ölüm faktı qeydə alınıb, 8 milyon 775 min 834 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 5 milyon 328 min 396 xəstədən 59 min 701 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

İsraildə koronavirusa yoluxanların sayı 50,7 mini ötüb, 415 nəfər həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır