Modern.az

Xaricdə yaşayan azərbaycanlılara TƏŞƏKKÜR: “Erməni diasporu təşviş içindədir”

Xaricdə yaşayan azərbaycanlılara TƏŞƏKKÜR: “Erməni diasporu təşviş içindədir”

21 İyul 2020, 10:59

Ermənistanın Azərbaycan sərhədlərinə təcavüzü xaricdə yaşayan azərbaycanlıların dünyanın 20-dən artıq ölkəsində aksiya keçirməsinə səbəb olub. Azərbsycan dövləti ilə həmrəylik nümayiş etdirən diasporumuz ermıəni təbliğatının və təxribatlarının qarşısını uğurla ala bilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı dünya azərbaycanlılarına müraciət edib.

 

“Əziz soydaşlarımız! Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata və hücumlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında lazimı cavablar verilməkdədir. İşğalçı Ermənistanın bu çirkin niyyətini ifşa edərək həqiqətlərin beynəlxalq aləmə və yerli ictimaiyyətə çatdırılmasında sizin rolunuzu xüsusi qeyd etmək lazımdır.

 

 

İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəfə alır və müxtəlif vandalizm aktları həyata keçirir.

Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirirsiniz. Bu illər ərzində xaricdə yaşayan soydaşlarımız ilk dəfədir ki, belə birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan etdi. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları bəyanatlarla çıxış edib, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə Ermənistanın işğalçılıq siyasətinin dayandırılması ilə bağlı müraciətlər edib.

20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən 1000-lərlə statuslar paylaşılıb. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib.

 

 

Əziz Dünya Azərbaycanlıları, torpaqlarımız işğaldan azad edilənədək, ərazi bütöv-lüyümüz təmin olunanadək bu aksiyaların mütləq şəkildə davam etdiriləcəyinə əminik. Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticə-sində bu aksiyaların qarşısı qətiyyətlə alınıb. Bu qəbildən olan birlik nümayişinə Polşa, ABŞ, Hollandiya və digər ölkələrdə baş verən hadisələri nümunə kimi göstərmək olar.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, təcavüzkar Ermənistan hər zaman olduğu kimi, Tovuz rayonunda da törətdiyi təxribatı ilə bağlı sosial şəbəkələrdə yalan informasiyalar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir. Amma soydaşlarımızın birliyi, xüsusilə ölkəmizdə və xaricdə yaşayan gənclərin çevikliyi, vətənpərvərliyi sayəsində ermənilərin bu mənfur cəhdi də iflasa uğradı. Azərbaycanlı gənclərin informasiya mübarizəsində göstərdiyi mütəşəkkillik sayəsində 14-15 iyul tarixlərində #KarabakhisAzerbaijan, #StopArmenianAgression həştəqləri dünya trendinə çıxıb.



Bilirik ki, soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu, onun göstəricisidir ki, sülhsevər, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan azərbaycanlılar öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına da əməl edir və sivil qaydalar çərçivəsində hərəkət edirlər.

Bizdə olan məlumatlara görə, erməni diasporu təşviş içindədir və müxtəlif təxribatlara əl atmaq niyyətindədir. Amma əminik ki, bizim soydaşlarımız onlara lazımı cavabı verir və verəcək. Bu həftə ərzində də xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq təşkilatların, yerli parlamentlərin qarşısında icazəli aksiyalar təşkil edəcəklər. Bu gün dünya azərbaycanlıları ayaqdadır. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları – bir sözlə Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycan dövlətinə və ordusuna bacardığı dəstəyi nümayiş etdirir.

Əziz soydaşlarımız, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizləri yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırırıq. Torpaqlarımız erməni işğalından azad olunana qədər dövlətimizə və ordumuza dəstək verməyə səsləyirik”.

 

Biz Sizinlə fəxr edirik!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı