Modern.az

Konqresin qaçqınlarla bağlı qərarı Azərbaycana nə verəcək? -  Deputat ŞƏRHİ

Konqresin qaçqınlarla bağlı qərarı Azərbaycana nə verəcək? -  Deputat ŞƏRHİ

21 İyul 2020, 16:55

ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib.

Düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.

 

Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın qanunsuz işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir.

Bu ABŞ-ın rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıması deməkdir.

 

Maraqlıdır, konqresin bu cür qərar verməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Asim Mollazadə ABŞ Konqresinin ermənilərə güzəştə getməyəcəyini bildirib:

 

"Ermənistan bizim ərazilərimizi işğal etməklə yanaşı humanitar faciə yaradaraq yüz minlərlə Azərbaycan vətəndaşını etnik təmizləmələr nəticəsində qaçqına çevirib. ABŞ Konqresi hazırda qaçqınların vəziyyəti ilə bağlı müvafiq araşdırmaları yenidən başladacaq və onların taleyi barədə araşdırma edilib, mühüm sənəd hazırlanacaq. Düşünürəm ki, işğalçı dövlət mütləq işğalı dayandırmalıdır və BMT-nin qətnamlərini yerinə yetirməlidir. ABŞ da bütün postsovet ölkələrində işğallarla, qaçqınlarla bağlı müəyyən qərarlar hazırlayır və düşünürəm ki, bu gələcəkdə işlənəcək. İşğalçı Ermənistan öz qiymətini dünya səviyyəsində alacaq və buna da məcbur edilməlidir. 

ABŞ Konqresində başqa ölkələrin hərbi bazaları barədə məlumatlar olur. İranla Ermənistanın Suriyada birgə işlər görməyi, İranın Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana dəstək verməsi kimi amillər konqresin mövcud qərarına öz təsirini göstərir. Ermənistan düşünür ki, onların diasporu hər şeyə qadirdir. Amma bir şeyi unudurlar ki, ABŞ Konqresinin öz milli təhlükəsizlik maraqları var və bu sahədə onlar erməni diasporuna güzəştə getməyəcəklər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub