Modern.az

“Bu düzəliş Azərbaycan-Amerika əlaqələrinin inkişafına əməli sübutdur” – Səməd Seyidov

“Bu düzəliş Azərbaycan-Amerika əlaqələrinin inkişafına əməli sübutdur” – Səməd Seyidov

21 İyul 2020, 18:31

ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib.

Düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.

Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın qanunsuz işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir.

 

Bu ABŞ-ın rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıması deməkdir.

Sözügedən düzəliş haqqında Modern.az-a danışan deputat, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov bildirib ki, qəbul olunmuş əlavə vacib, əhəmiyyətli prosesin ilkin mərhələsidir:

“Müzakirələr, ABŞ Senatında məsələnin qaldırılması gündəmdədir. Dünyanın ən aparıcı ölkələrindən biri olan ABŞ-da ən yüksək səviyyədə belə bir düzəlişin qəbulu Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq sözünə birbaşa dəstəkdir. Bilirik ki, Amerika konqresində erməni lobbisi çox güclüdür. Onları dəstəkləyən şəxslərin sayı da çoxdur. Lakin Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanan mövqedir. Bu baxımdan beynəlxalq hüquqa əsaslanan davranışımız son zamanlar dünya ölkələri tərəfindən də yüksək səviyyədə dəstəklənir”.

 

  1. Seyidov xatırladıb ki, ABŞ Konqresinin qəbul etdiyi düzəlişdə başqa ölkələrin də adları var:

“Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycanda olan müharibə, işğal faktoru ayrıca deyil, dünyada olan proseslərin fonunda müzakirə olunmalıdır. Bu gün Amerikada da başa düşürlər ki, ermənilərin təqdim etdiyi fikirlər, əlavələr, məsələlər ABŞ-ın maraqlarına deyil, məhz işğalçı Ermənistanı və ona xidmət edən erməni lobbisini müdafiə edir. Azərbaycanın mövqeyinə təsir göstərmək, tamamilə başqa prinsiplə təqdim etmək, ermənilər üçün əks effekt verir. Dünyada Azərbaycanın mövqeyi daha çox dəstəklənməyə başladı. Bununla əlaqədar olaraq, ABŞ konqresində qəbul olunmuş bu əlavə həddindən artıq əhəmiyyətlidir. Qaçqın və məcburi köçkünlərin olmasını işğal faktoru formalaşdırıb. Onların məsələsinin iki ən vacib struktur tərəfindən təhlil olunması və konqresə təqdim olunması mühüm məqamdır. Haqqında danışdığımız düzəliş Azərbaycan-Amerika əlaqələrinin yüksələn xətlə inkişafının da əməli sübutudur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər