Modern.az

Azərbaycanlı biznesmenlərin Qarabağ HƏMRƏYLİYİ: “Addımları düzgün qiymətləndirilsə...”

Azərbaycanlı biznesmenlərin Qarabağ HƏMRƏYLİYİ: “Addımları düzgün qiymətləndirilsə...”

22 İyul 2020, 15:06

“Vətən, torpaq sevgisi insanın ürəyində olur. Kənardan təşviq etməklə, çağırmaqla kimsə vətənpərvər olmaz. Bu, insanın qəlbindən gələn hisdir”.

Bu sözləri Modern.az-a xaricdə yaşayan azərbaycanlı biznesmenlərin Qarabağ məsələsində həmrəylik nümayiş etdirməsi haqqında danışarkən millət vəkili Aqil Abbas deyib.

 

O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar, imkanlı şəxslər, biznesmenlər vətənə, xalqa dəstək olmağa çalışırlar:

“Onlar milli məsələlərdə həmrəylik göstərirlər. Bəlkə də biznesmenlərin addımları düzgün qiymətləndirilsə, onlar daha da ruhlanarlar. Yəni biz xalq olaraq, xaricdə yaşayan azərbaycanlıların ölkəmizə, vətəndaşlarımıza dəstəyini təqdir etməliyik ki, bu onlar üçün də ruh yüksəkliyi olsun.

Zaman-zaman həmin biznesmenlərimizin soydaşlarımıza dəstəyi haqqında məlumatlar almışıq. Geniş mənada köməyə, milli, vətənpərvərlik baxımından yardımlara gəlincə, ola bilər, belə məqamlar çox olub, amma mətbuata, cəmiyyətə duyurulmayıb. Bəlkə kimsə hətta silah alıb, cəbhə xəttinə göndərib, hansısa xaricdə yaşayan biznesmen vəsait ayırıb, ordunun təminatı üçün yardımlar edib – biz bunu bilmirik. Belə hallar ola bilər. Mən əminəm ki, xaricdə yaşayan azərbaycanlılar milli birlik, həmrəylik məsələsinə həmişə qayğı ilə yanaşıblar. Yaşadıqları ölkələrdə mütəmadi tədbirlər keçiriblər, vətənpərvərlik hissinin yüksəldilməsi üçün addımlar atıblar. Elə tədbirlər, addımlar olub ki, xaricdə yaşayan biznesmenlərimiz maliyyələşdiriblər, adlarını belə bilməmişik. Mənim “Dolu” romanım əsasında çəkilən filmin xarici ölkələrdə böyük təqdimatları keçirilib. Bunun həyata keçirilməsini biznesmenlər maliyyələşdiriblər. Məni də dəvət ediblər”.

 

Xaricdə yaşayan maddi imkanlı şəxslərin Azərbaycanla bağlı fəaliyyətinin koordinasiya edilməsinə gəlincə, Aqil Abbas bunun xüsusi bir addım atmadan da mümkün olacağını düşünür:

“Mən inanıram ki, Qarabağın işğaldan azad olunması prosesi başlayan kimi xaricdə fəaliyyət göstərən azərbaycanlı biznesmenlər hamısı canla-başla köməklik göstərəcəklər. 1990-cı illərdə Qarabağ müharibəsi başlayanda xaricdə yaşayan, əlində az-çox pul olan biznesmenlər, azərbaycanlılar orduya köməklik göstərirdilər. Əsgərlərə yardımlar edir, ərzaq payı göndərirdilər, hətta silah-sursat alırdılar. İnanıram ki, Qarabağın azad olunması savaşı başlayan kimi bütün azərbaycanlılar vətənpərvərlik duyğusunu ən yüksək səviyyədə göstərəcəklər, orduya da, dövlətimizə də, hərbçilərimizə də hər kəs əlindən gələn maddi-mənəvi  köməyi edəcək”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır