Modern.az

Ramiz Abutalıbov Parlament Jurnalistləri Birliyinə təşəkkür etdi

Ramiz Abutalıbov Parlament Jurnalistləri Birliyinə təşəkkür etdi

Aktual

22 İyul 2020, 15:17

“Şirməmməd Hüseynov mükafatı”nın ilk qalibi, Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbov öz “Feysbuk” hesabında Parlament Jurnalistləri Birliyinə təşəkkürünü bildirib:

“Parlament Jurnalistləri Birliyinin dəyərli kollektivinə məni "Şirməmməd Hüseynov mükafatı" kimi yüksək təltifə layiq gördüyünə görə dərin minnətdarlığımı bildirir və bu münasibətlə məni təbrik edənlərin hər birinə ayrılıqda təşəkkür edirəm”.

Qeyd edək ki, Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın ilk qalibi Ramiz Abutalıbovdur.

Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 1980-1984-cü illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti var. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir. Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşıya xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, "İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub. 2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən R.Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilib və "Qərib məzarlar" kitab-albomu nəşr edilib.
Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Təltifləri: 1."Fəxri Legion" ordeni (Paris,1998-ci il). 2."Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı (Bakı, 2009-cu il). 3."Puşkin" medalı (Moskva, 2010-cu il). 4."AXC-nin 100 illiyi" medalı (Bakı, 2019-cu il).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər