Modern.az

İranda yaşayan türkiyəli jurnalist: “Burada xarici jurnalistə qərəzli yanaşırlar” - MÜSAHİBƏ

İranda yaşayan türkiyəli jurnalist: “Burada xarici jurnalistə qərəzli yanaşırlar” - MÜSAHİBƏ

Müsahibə

23 İyul 2020, 13:27

Mərkəzi ofisi Ankarada yerləşən Qlobal Jurnalistlər Şurasının (Global Journalism Council) dünyanın müxtəlif ölkələrində təmsilçiləri var. Həmin üzv və təmsilçilərlə davamlı olaraq müsahibələr təşkil edib, yaşadıqları ölkədə medianın vəziyyəti, Azərbaycanla əlaqələr və mövcud durum barədə söhbətlər aparacağıq.

Bu dəfə təşkilatın İran üzrə təmsilçisi olan Yaqub Arslanla baş verən son hadisələr və bir sıra məsələlərlə bağlı söhbət etdik.

Modern.az saytı İranda jurnalist fəaliyyəti ilə məşğul olan Yakub Arslanla müsahibəni təqdim edir:

 

-  Yaqub bəy, mümkünsə öncə özünüz haqqında məlumat verərdiniz...


- 1983-cü ildə Türkiyənin Qars şəhərində dünyaya gəlmişəm, əslən azərbaycanlı olan bir ailənin övladıyam. İğdır şəhərində lisey təhsilini tamamladıqdan sonra Ərzurum Atatürk Universitetində ali təhsil almışam.

Universiteti bitirdikdən sonra bir müddət özəl banklardan birində işləmişəm. 2011-ci ildə "Ulusal Kanal" adlı televiziyada jurnalistliyə başlamışam. 2014-cü ilin noyabr ayından bu yana da "Ulusal Kanal" və "Aydınlıq"  xəbər saytının İran üzrə təmsilçisiyəm. 


Neçə ildir ki, İranda yaşayırsınız? İşləmək üçün İranı seçmənizə səbəb nə idi?

- Beş ildir İranın paytaxtı Tehranda jurnalist kimi fəaliyyət göstərirəm. Mənə görə, İran bizə məsafəcə yaxın, amma eyni zamanda uzaq olan ölkədir. 2014-cü ildə çalışdığım qurum Tehran, Moskva, Pekin, Bağdad və Şam şəhərində müxbir məntəqəsi açmağı qərara aldı. Xarici təmsilçilik üçün ölkə seçməli olduğumuz zaman mən Tehranda işləməyi istədim. İran regionun önəmli ölkələrindən biridir. Mənbəyi olmayan, tərəfli, qərəzli xəbərlərlə gündəmə gələn bir bölgədir. Həm də Türkiyə üçün İranın strateji əhəmiyyəti böyükdür. Xəbərin həqiqi ünvanına, yəni hadisələrin əsl baş vermə mərkəzinə çatmaq üçün İran mənə maraqlı idi. Çünki İranda olan hadisələri Qərb mətbuatından, Qərb baxışı ilə öyrənirdik ki, bu da informasiyanın bəzən təhrif olunması ilə nəticələnirdi. Bundan başqa, özümü İranda inkişaf etdirmək fürsəti üçün də Tehranda yaşamaq mənə əlverişli idi.       


İranda jurnalist olmaqla Türkiyədə jurnalist kimi çalışmaq arasında nə kimi fərqlər var?

Əslində hər iki ölkədə media nümayəndəsi kimi çalışmaq arasında böyük və təməlli fərqlərin olduğunu demək mümkün deyil. İranda bürokratiya çox sıx işləyir, deyə bilərəm. Bunun üçün mütləq şəkildə qaydalara riayət edərək, davranmağımız lazım gəlir. Məsələn, ölkədə hansısa ciddi bir olay baş verirsə, məlumatı təsdiqlətmək, onu yayımlamaq üçün rəsmi qurumlara müraciət etmək lazım gəlir. Rəsmi qurumlar da bəzən o qədər gec cavab verir ki, artıq xəbər öz aktuallığını itirir. Bundan başqa, burda xarici jurnalistlərə qarşı bir qərəz var, yəni iranlılar elə düşünür ki, xaricilərin yayımladığı xəbərlərdə mütləq tərəfkeşlik olur. Buna görə də müəyyən müddət ərzində İranda işləyib insanların etibarını qazanmaq və jurnalistikanın etik qaydalarına əməl etdiyinizə dair kütlədə inam yaratmağınız lazımdır. Mən də İranda bu səbəbdən ilk iki il çox çətinlik çəkdim, amma sonralar məni şəxsən tanıdılar, rəsmi qurumlar rahat şəkildə açıqlama və müsahibə verməyə razı oldular. Lakin istənilən halda xarici jurnalistlərə qarşı müəyyən mənada qərəz qalır.


Türkiyə insanların rahat yaşaya biləcəyi demokratik bir ölkədir. Amma İranda müxtəlif məsələlərlə bağlı məhdudiyyətlər çoxdur. Bu mənada sizə və ailənizə İranda yaşamaq çətin olmadı ki?

- İran və Türkiyə toplumu mədəniyyət və adət-ənənələr baxımından bir-birinə çox yaxındır. Yəni dil, din kimi ortaq nöqtələrimiz çoxdur. Amma bunların başında inanc və dil məsələsi durur. Çünki İranın rəsmi dilinin farsca olmasına baxmayaraq gündəlik həyatda istifadə edilən dilin Azərbaycan türkcəsi olduğunu deyə bilərəm. Bu mənada eyni dildə danışdığınız bir kütlədə özünü qəriblikdə hiss etmirsiniz. İranda Avropadan, Qərbdən olan həmkarlarım çətinlik yaşasa da,  mən burda hansısa çətinlik yaşayıram deyə bilmərəm. Həyat yoldaşım da mənim kimi jurnalistdir. Onunla bura ilk gələndə əsas problem qapalı geyinməyə məcbur olması idi. Bəzi qurumlarda çarşab deyilən örtüyü geyinmək məcburiyyəti var, şəhərdə baş örtüyünün istifadəsi mütləqdir. Amma küçədə həyat yoldaşım sadəcə adi bir örpəyi saçına ataraq 5 ildir ki, burda rahat yaşayıb, gəzə bilir. Yəni bu mənada böyük bir sıxıntı yaşamamışıq. Bundan əlavə, əksər iranlılar türkləri çox sevir və türkiyəli olmaq İranda xüsusi bir avantaja çevrilir.

İranlıların məxsusi bir qonaqpərvərliyi də var və bu da dediyim bütün müsbət şeylərin üzərinə gələndə İranda yaşamaq çox zövqlü olur.

Qısaca deyim ki, geyim məsələsi xaricində burdakı həyata öyrəşməyimizdə hər hansı problem yaşanmayıb. Yaşadığınız ölkələrin qaydalarına riayət etməyiniz mütləqdir, əgər bu qaydalara riayət edirsinizsə orda yaşamaq daha rahat olur.

 

Üzv olduğunuz Qlobal Jurnalistlər Şurasındakı işləriniz necə gedir? Necə oldu ki, bu təşkilata qoşuldunuz?


- Qlobal Jurnalistlər Şurası ölkəmizin xaricdə media ilə bağlı olan boşluğunu doldurur deyə bilərəm. Bu təşkilat bizim məsləkdaşlarla ünsiyyət qurmağımızı, əlaqədə olmağımızı təmin edir, həm də Türkiyədə baş verən sosial və siyasi hadisələri ölkə xaricində doğru şəkildə yayımlamağımıza şərait yaradır. Yəni məsələn, Türkiyədə hansısa hadisə baş verirsə, bu zaman İranda olan həmkarlarım hadisə barədə məndən təsdiq, ya təkzib alırlar. Bu baxımdan Qlobal Jurnalistlər Şurasının müsbət tərəfi həm də jurnalistlərin bir növ sanki diplomat olması kimi də səciyyələndirilə bilər. Ona görə diplomatiyadakı boşluğu da biz üzv olaraq doldura bilirik deyə, düşünürəm. İndi hətta iranlı həmkarlar arasında bu təşkilata üzv olmaq istəyənlər yetərincədir. Ümid edirəm ki, növbəti il ərzində iranlı jurnalistlərlə türk həmkarlarımızı bir araya gətirmək kimi fəaliyyət də sərgiləyə biləcəyik. İndi pandemiya səbəbi ilə bəzi planlar təxirə düşür, amma ümid edirəm növbəti illər ərzində planlarımızı həyata keçirə biləcəyik. 


- Xarici jurnalistl
ərlə, o cümlədən azərbaycanlı mətbuat nümayəndələri ilə əlaqələriniz nə yerdədir?

- İranda azərbaycanlı jurnalistlərdən AZƏRTAC-ın  rəsmi təmsilçisi olan Rabil Kətanov adlı bir dostumuz var. Onunla ara-sıra tədbirlərdə bir araya gəlirik, görüşürük. Yəni Azərbaycan İranla sərhəd ölkə olsa da, burda Azərbaycandan rəsmi şəkildə fəaliyyət göstərən jurnalist demək olar ki, yoxdur. Təbrizdə olan jurnalistlərin Azərbaycanla sıx əlaqələri var, həmçinin, Tehrandakı həmkarlarımız da Bakı ilə daimi əlaqə saxlayır. Azərbaycanda olan bəzi xəbər saytlarının burda nümayəndələri var, amma onlar da sadəcə saytlara xəbər yollayırlar, yəni həmin şəxslər də iranlıdır, azərbaycanlı deyil. Bu mənada Azərbaycanı İranda təmsil edən jurnalistlərin olmaması böyük bir boşluqdur.   


-
İranda son günlər Azərbaycan-Ermənistan arasında yaşayanan hadisələrə münasibət necə oldu, onu da deyərdiniz mümkünsə?

- Onu deyim ki, xüsusilə Tehranda bu hadisələrə qarşı çox ciddi reaksiya var. Tovuz istiqamətində şəhid olan şəxslərin İranın başda Şərq və Qərbi Azərbaycan əyalətlərində olmaqla yanaşı, paytaxt Tehranda da plakatlarının yayıldığını gördüm. Yəni şəhidlərin şəkilləri demək olar ki, əksər küçələrdə yayılıb, mağazaların qapılarında belə vurulub. İranlılar tərəfindən "Qarabağ Azərbaycandır!" şüarı səslənir və bu ifadə tam mənası ilə burda dərk edilir. Xüsusilə, Təbriz və Ərdəbildə imamların Azərbaycana dəstək açıqlamları var.

Yəni insnlarının yarısı azərbaycanlı olan ölkədə erməni təxribatlarına qarşı reaksiya necə olmalıdırsa, elədir. Tovuz istiqamətində Azərbaycan şəhid verdiyi ilk gün Qum şəhərində yas mərasimləri belə təşkil olundu, bizlər də iştirak etdik.


- Yax
şı, bəs sizcə, İran mətbuatında Tovuz istiqamətində olan təxribatlar necə işıqlandırıldı? Yayımlanan xəbərlərdə qərəz vardımı?

Bəzi media orqanlarında bu hadisələr formal xarakterdə verildi. Yəni Azərbaycan-Ermənistan sərhəddində atəşkəs pozuldu və itkilərin olduğu bildirildi,  şərh verilmədi. Amma bəzi media orqanlarında xüsusilə Qarabağ münaqişəsinin həll olunmasına dair fikirlər yer alırdı. Onu da deyim ki, İran mətbuatında demək olar ki, çox vaxt Dağqlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbaycan torpağı kimi verilir. Təbii ki, İran qərəzli xəbər yayımlayan ölkədir, amma istənilən halda jurnalist kimi baş verən hadisələri tərəfsiz olaraq işıqlandırmalıyıq. Onu da vurğulayım ki, İranda həm də ermənilər var. Onlar qərəzli mövqe ortaya qoyub mətbuatda Ermənistanı haqlı ölkə olaraq təqdim edə bilməsələr də, ən azından Qarabağı işğal altında olan Azərbaycan torpağı kimi verməməyə nail ola bilirlər. Lakin mediada hakim mövqe Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlıdır və münaqişənin qan tökülmədən həll olunması, işğal olunmuş torpaqların diplomatik yollarla Azərbaycana qaytarılması yönündə xəbərlər yayımlanmaqdadır.

 

- İranda yaşayan ermənilərin türklərə qarşı münasibəti necədir? Sizə qarşı xüsusi bir aqresiya ya düşmənçilik faktoru özünü göstərir?

- İranda erməni sayı çox azdır, yəni onların burda inkişaf etmiş bir diasporunun olmadığını əminliklə deyə bilərəm. Düzdür, burda erməni deputatlar var, amma onlar da Qarabağ münaqişəsi ilə bağlı hansısa açıqlama vermirlər, bu mövzuda demək olar ki, danışmırlar. Yəni belə deyim ki, onlar sadəcə öz aralarında biri-birləri ilə əlaqə saxlayırlar, özlərinə məxsus ərazidə məskunlaşıblar. Bu mənada onların burda yaşayan türklərin işinə qarışdığını, düşmən münasibəti bəslədiyini demək olar ki, görməmişəm. Burda adətən ermənilər çay evlərində çalışır. Bəzən onlara özümüzü təqdim edəndə, xoş gəldin, deyib yer göstərən də olur, acıqlı sifət göstərən də. Amm bu da demək olar ki, hər ölkədə belədir. Ümumilikdə deyim ki, İrnda güclü erməni lobbisi mövcud deyil.

Pandemiya ilə bağlı ölkədə vəziyyət necədir? Hər gün mətbuatda oxuyuruq ki, İranda gün ərzində 200-dən çox adam koronavirusdan ölür. Bu qədər itkinin olmasına səbəb nədir?

 

- Vəziyyət riskli olsa da, son iki həftəyə qədər İranda karantin rejiminə insanlar ciddi şəkildə əməl etmirdilər. Xüsusilə maska istifadə etmək və ara məsafənin gözlənilməsi məsələsini iranlılar tam mənası ilə yerinə yetiriblər, deyə bilmərəm. Lakin son iki həftədə pandemiya səbəbi ilə ölənlərin sayının kəskin artması və rəsmi dövlət televiziyalarından edilən xəbərdarlıqlarla maska istifadə edənlərin sayının hədsiz şəkildə artdığını söyləyə bilərəm.

Maska istifadə edənlərin sayının artmasına səbəb həm də rəsmi dövlət qurumlarına, bəzi məntəqələrə maskasız girişin qadağan olunması ilə bağlıdır. Yəni cərimə olmasa da, bəzi yerlərdə məcburiyyət var. Amma sosial məsafənin gözlənilməsi qaydasına burda ciddi şəkildə əməl edilmir. Xüsusilə ictimai nəqliyyatda çox sıxlıq müşahidə olunur. Burada səhiyyə yaxşı inkişaf etsə də, İran embarqo səbəbindən ölkəyə dərman idxal edə bilmir və bununla da koronavirusdan ölənlərin sayı yüksək olur.

Bundan başqa, İranın üzərində çox ciddi iqtisadi basqı var, çünki bu ölkə özünə lazım olan tibbi qoruyucu vasitələri özü istehsal emək məcburiyyətindədir. Lakin ümumi baxanda həyat demək olar ki, əvvəlki axarı ilə davam edir.


- Pandemiya d
önəmində yəqin ki, əksər jurnalistlər kimi siz də evdə çalışmaq məcburiyyətindəsiz. Jurnalist olaraq ev şəraitində işləməyin sizcə nə kimi müsbət və mənfi tərəfləri var?

- Açığı deyərdim ki, ev şəraitində işləməyin müsbət tərəfləri daha çoxdur. Çünki ailəyə zaman ayıra bilirsən, yolda vaxt itirmirsən və elə evdən rahat açıqlama ala bilirsən. Amma jurnalistlik küçədə, toplumun arasında görülə biləcək bir işdir. Hansısa hadisəni kimdənsə öyrənib təsdiqləmək, yerində olayı gözlərinlə görüb xəbər hazırlasan daha effektiv olur. Yəni küçəyə çıxmadan əsl jurnalist ola bilməzsən, maksimum hansısa hadisəyə şərh verə bilərsən...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi