Modern.az

Sözə söykək polis ömrü

Sözə söykək polis ömrü

23 İyul 2020, 14:20

Hafiz Təmirov-polis polkovnik-leytenantı, Hafiz Hacxalıl-şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü və nəhayət, mənim canım dostum.


Onu universitetdən tanıyıram. Hafiz Bakı Dövlət Universitetində ikinci ali təhsil alırdı.  Bizim buralarda misal var: Heç nə təsadüf deyil. Hafiz ürəyindən şair, vicdanından polis, əxlaqından ailə atası, ruhundan dost, varlığından övladdır. İstər Vətənə, istər ata-anaya!


Bizim auditoriyaların birində daim filoloji tədbirlər keçirilərdi. İndiki kimi yadımdadır: 3-cü mərtəbə, 304-cü auditoriya. Səməd Vurğun poeziya ocağı.


Hafiz hərdən dərsə polis mundirində gələrdi.  Səmimiyyəti ona çoxlu dostlar qazandırmışdı. Düzü, polisin şeir yazdığını, oxuduğunu ilk dəfə görürdük və bu onu bizə daha da doğmalaşdırmışdı. Mənimsə ürəyimdə onun yeri ilk gündən fərqli idi. Bu fərqliliyin özəl səbəbi vardı: Bir doğmalıq, bir nisgilə eyni  ortaqlıq, bir qubara şəriklik hissi. Hafizlə ümumi cəhətlərimiz çox idi. Ən əsas da bir tamın hissələri idik biz onunla, bir ruhun əkizi kimi. Bizi birləşdirən ən böyük varlıq isə Vətən eşqi idi. İkimiz də müharibənin qanlı-qadalı vaxtlarında uşaqlıq yaşamışdıq. İkimiz də çörək qıtlığı görmüşdük, o qıtlıqda evin ən həssas üzvü olmuşduq. Mən müharibənin dəhşətini əmim Məhəmməd Abuşov şəhid olanda anladım. Hafiz isə sonuncu deportasiyadan sonra vətənsizliyin nə  demək olduğunu görmüşdü...Özü ilə Vətən gətirmişdi Bakıya Hafiz. Məni ona doğmalaşdıran da bu idi. Mənimçün Hafiz doğulduğu Dağ İlməzli kəndi, bütövlükdə Qərbi Azərbaycandır, Xocalıdır, Şuşadır, Kəlbəcərdir, Ağdərədir, Laçındır...Qubadlıdır...


Hafizə görə Vətən Ana dilidir, mənəviyyatdır, vicdandır, anadır, atadır, övladdır. Bunlardan uzaq düşmək dostum üçün özündən qopmaqdır.

Nə az, nə çox, 16 ildir dostuq. Bir igid ömrüdür deyərlər. Bizimsə bir dünya dostluq xatirələrimiz var. Şeirləşmələr, ədəbi prosesə baxış müzakirələrimiz. Şeirlərimizin ilk tənqidçiləriyik biz Hafizlə. 2002-2019-cu illər ərzində onun “Sevgi dolu ürəyəm”,”Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdən ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir”, “Xatirən var” adlı könül səsləri işıq üzü görmüşdür. Bəzən olur da insanlar çoxu görüb çox yaradar. Bolluqda böyüyər. Tolstoy kimi... Amma Hafizi mən tanıyandan əli zəhmət içində olub. Müəllim ailəsində böyüyüb Hafiz. İndi də müəllim ailəsidir Hafizin ailəsi. Sanki qəribə məcaz var dostumun taleyində. Müəllim ailəsi kimi örnək taleyi yaşayır dostum Hafiz Təmirov...


Yazılarının birində Ziyadxana, Turana, Dənizə onların diliylə desək, “böyük oyuncaq” ala bilmədiyini özünə dərd eləməsi mənə qəribə gəlmişdi. Sonralar sığındığı 17 kvadratdakı huzuru, qayğını görəndə anlamışdım nə demək istədiyini.  

Min yerimdən sına-sına,

Oynadım qəm havasına,

Dərdlərimin laylasına

Balalarım yatır, qardaş,- deyir Hafiz.

 


Dağ nərgizlərinin sevdalısıdır. Hər dəfə nərgizdən söz düşəndə gözləri dolur. Dağ İlməzlini o güllərlə xatırlayır və

 

O, mənim ömrümə tanrıdan paydı,

Eşqimi çiçəkdən-çiçəyə yaydı.

Taleyi rənginə oxşamayaydı,

Güləydi üzünə bəxti nərgizin,-deməklə gözünü, könlünü ovudur...

 


Sözə söykək polisim Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin rəisinin müavini, “Mübariz keşikdə” qəzetinin redaktorudur.

Hafiz canıyla ailəsinə, vicdanıyla vətəndaşına qayğı göstərir. Şəhid, əsgər və Qarabağ qazilərinin ailələri ilə vaxtaşırı maraqlanır, mənəvi dəstəyini əsirgəmir.

Həmişə tələsir. Bu tələskənliyin ünvanının ocağı közərməz, təndiri qalanmaz, sevdası bulunmaz yurd yeri olduğunu bütün Hafizi tanıyanlar bilir.

Polis dostum, şair dostum darıxaraq yaşamağın kodeksindən agahdır:

 

Bağlı qalıb nə vaxtdı,

Bu sükutun daş ağzı.

Mən sussam da, gözümün,

Açılacaq yaş ağzı.

 

Günü qara-ağ verib,

Dərdi ağ varağ verib.

Ömrü şuma döndərib,

İllərimin xış ağzı.

 

Göyərər, toxum olmaz.

Yataram, yuxum olmaz.

Ölümdən qorxum olmaz.

Bal dili var, xoş ağzı.

 

Nə bağım var, nə barım.

Ay gecikən baharım.

Gözləyirəm nübarı,

Mən bu qara qış ağzı.

 

Ürəyinin qubarı, nisgilinin qabarı sinəsindən boy verən polisim, sənə ruhunun sevgisi qədər ömür, eşqinin nidası qədər yaradıcılıq uğurları və bu Vətənin keşiyində  əqidən boyda əbədi Polis gücü diləyirəm. Atana yazdığın şeiri isə bütün atalara sənin adından ərməğan edirəm.

 

Bir fələyin işinə bax,

Bükülür dəmir əllərin.

Qocaldıqca qırış-qırış,

Gödəlir ömür əllərin.

 

Gül dərir, çiçək gətirir,

Bal süzür, pətək gətirir.

Yenə də çörək gətirir,

Yoruldum, demir əllərin.

 

Belə bağlanıb həyata,

Oxşayır qoşa qanada.

Şükür, çox şükür, ay ata,

Günah eləmir əllərin.

 

Afət Abuşova-Viləşsoy

Filologiya üzrə Fəlsəfə doktoru,  
AYB üzvü, Prezident təqaüdçüsü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir