Modern.az

Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirildi

Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirildi

24 İyul 2020, 16:24

Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirilib.

Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 23-də keçirilən konfransın mövzusu “Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili” olub.

Forumda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev gənclər təşkilatlarının rəhbərləri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada gənc diaspor nümayəndələri və 400-dən artıq gənc iştirak edib.

 

Forum eyni zamanda “Facebook” sosial şəbəkəsində canlı yayımlanıb.    

Vətəndə və xarici ölkələrdə yaşayan və təhsil alan gənclər, həmçinin dövlət rəsmiləri, aparıcı gənclər və diaspora təşkilatlarının təmsilçiləri Forumda çıxış edərək, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları və işğalçılıq siyasəti fonunda gənclərin birliyinin, həmrəyliyinin vacibliyini vurğulayıblar. Bu xüsusda, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, həmçinin sosial şəbəkələrdə erməni yalanlarına və təhrif olunmuş məlumatlara qarşı mübarizə barədə də danışılıb.

Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi barədə həqiqətlərin dünya ictmaiyyətinə çatdırılması və Ermənistan dövlətinin işğalçı mahiyyətinin beynəlxalq səviyyədə ifşa edilməsi baxımından gənclərin üzərinə böyük vəzifələrin düşdüyü xüsusi vurğulanıb.

Forumun sonunda iştirakçılar adından qəbul olunan bəyanatda deyilir:

- Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq biz - Azərbaycan gəncləri bəyan edirik ki, xalqımıza və dövlətimizə yönəlmiş Ermənistanın bütün təxribatlarına qarşı Azərbaycan dövlətinin yanındayıq, ölkə başçısı, Ali Baş Komandanın istənilən əmrinə hazırıq.

- Biz beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan dövlətinin öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsinə, eləcə də digər beynəlxalq təşkilatlarının Dağlıq Qarabağla bağlı qərarlarına riayət etməsinə məcbur edilməsi məqsədilə işğalçı dövlətə təzyiq etməyə çağırırıq!

- Biz ABŞ, Birləşmiş Krallıq və Belçika hökumətlərinə müraciət edərək, dinc aksiya iştirakçılarına hücum edən azğınlaşmış radikal erməni qruplarına qarşı tədbirlər görməyə və günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI