Modern.az

İstedad və şəxsiyyətin vəhdəti - Buludxan Xəlilov

İstedad və şəxsiyyətin vəhdəti - Buludxan Xəlilov

Ədəbi̇yyat

24 İyul 2020, 16:48

Hər hansı bir görkəmli və bütöv şəxsiyyət haqqında yazmaq, söz demək xüsusi məsuliyyət hissi, yüksək vətəndaşlıq mövqeyi tələb edir. Hər şeydən əvvəl ona görə ki, görkəmli, dahi, nəhəng və s. bu kimi yüksək məna kəsb edən sözləri hər adama demək düzgündürmü? Onu layiq olmadığı zirvəyə qaldırmaq mənəvi məsuliyyətsizliyin ən bariz nümunəsi deyilmi? Sözsüz ki, süni və ucuz “şöhrət” su üzərindəki sabun köpüyü kimidir. Amma möhkəm təməl və sütunlar üzərində olan yüksəliş daha möhkəm və əbədi olur. Görkəmli şəxsiyyət meyarı boyla-buxunla, görkəmlə ölçülmür. İnsan bu ucalığa əməli fəaliyyəti və cəmiyyətə verdiyi fayda ilə yüksəlir. Çünki şəxsiyyət bütövlüyünün və ucalığının zirvəsinə yüksəlişin əsas meyarı vətənə, xalqa sonsuz məhəbbət və təmənnasız xidmətdir. Görkəmli yazıçı İsmayıl Şıxlının ictimai, ədəbi söhbətlərdə tez-tez xatırlanan bu fikirləri yadıma düşür: “Adam var işlədiyi yerdən faydalanır, amma işlədiyi yerə heç bir fayda vermir”. Çox təəssüf ki, bu fikirlər günümüzün bir sıra gerçəkliklərini çox dürüst şəkildə ifadə edir. Əlbəttə belə adamlar həm də cəmiyyətin sağlam inkişafına da maneçilik törədirlər. Yalnız istedad və zəhmətin hesabına yüksələn, şüurlu ömrünü, fəaliyyəti və sənəti ilə xalqına həsr edən millətin böyük övladları öz xalqlarının tarixinə əbədi daxil olur. Xalqımızın taleyinə və tarixinə əbədi daxil olan belə görkəmli şəxsiyyətlərdən biri də görkəmli dilçi alim, ədəbiyyatşünas, publisist, ictimai xadim filologiya elmləri doktoru, professor Buludxan Xəlilovdur. Bu böyük və bütöv şəxsiyyət haqqında ən səmimi sözlər deyilmiş və yazılmışdır. Bu fədakar alim haqqında nə qədər yazılsa da, danışılsa da yenə də yeni-yeni yazılara, söhbətlərə, fikirlərə ehtiyac duyulur. Professor Ədalət Fərəcov haqlı olaraq yazır: “Görkəmli ziyalı olmaqla bərabər Buludxan müəllimin vətəndaş mövqeyi də təqdirəlayiqdir”.


Bəzən kiminsə haqqında nəsə yazmaq söz demək istəyəndə, elə bil söz səndən üz döndərir. Sözə nə qədər tumar çəkib, dilə tutub, yerinə gətirmək istəyirsən tutux vermir ki, vermir. Görünür, söz özü də dəyərdən düşdüyünü, qüdrətinin, hikmətinin zəifləyib, heç bir təsir gücünə malik olmadığını hiss edib, boğazdan yuxarı ünsiyyət vasitəsinə çevrilməkdən artıq bezib. Söz də canlı bir varlıqdır. O da hiss edir, duyur, görür. Ona dəyər verən, onun təəssübünü çəkənlərin sirdaşına həmsöhbətinə çevrilir.


Buludxan müəllim haqqında yazanda isə heç vaxt sözün arxasınca düşüb, vaxtımı söz axtarışına sərf etmirəm. Çünki söz özü mənimlə həmsöhbət olmağa, fikirlərimə, düşüncələrimə cani dildən bələdçilik etməyə can atır. Bax budur istedad və şəxsiyyətin vəhdətindən yaranan görkəmli şəxsiyyət ucalığına düşən təbii işıq.


Əziz Axundlu Buludxan müəllimə həsr etdiyi “Elmdə xan, amalda xan, adda xan” adlı şeirində fikirlərimizi və düşüncələrimizi bir qədər də dərinləşdirərək poetik şəkildə daha dərin və duyğulu ifadə etmişdir.

 

Nurlanır, min ildə yanacaq hələ,

Camalı, kamalı, amalı – işıq.

Bir alim ömrü ilə verib əl-ələ,

Bir insan ömrünə  töhvəsi – işıq.

 

Bütün varlığı ilə dilə və sözə bağlı olan B.Xəlilov yaradıcılıq ömrünü dilin və sözün qayğısına, təəssübkeşliyinə həsr etmişdir. Sözə məsuliyyətlə yanaşmaq, sözü və dili sevmək, sözün ilahi qüdrətə malik olması onun yaradıcılığında qırmızı bir xətt kimi keçməklə, həm də qayəsini təşkil edir.


Görkəmli ədəbiyyatşünas alim akademik İsa Həbibəyli yazır: “Çoxaspektli araşdırmalar və professionallıq Buludxan Xəlilovun dilçilik elmindəki fəaliyyətini xarakterizə edir. Bu isə dilçi alimin geniş dünyagörüşə, böyük təcrübəyə və elmi səriştəyə malik olduğunu, zəhmətini və məsuliyyətini göstərir. Bütün bünların sayəsində Buludxan Xəlilovun timsalında Azərbaycan dilçilik elmi bütün əsas sahələri ilə inkişaf etməkdə davam edir”.


B.Xəlilovun Azərbaycan dilçilik elmi tariximizdə özünəməxsus yeri və mövqeyi vardır. “Elmsiz inkişaf, həyat yoxdur” prinsipi onun ümumi fəaliyyətinin əsas motividir.


Buludxan müəllim son dərəcə məhsuldar və zəhmətkeş alimdir. Yazıb yaratdığı bu illər ərzində onun 52 kitabı nəşr edilmiş, 200 kitab və proqramın elmi redaktoru olmuş, onlarla kitaba ön söz yazmış, rəy vermişdir. Onun müxtəlif kitablarda, məcmuələrdə və toplularda 210-dan artıq elmi məqalələri çap olunmuşdur. Dilin müxtəlif sahələri ilə bağlı keçirilən 40-dan artıq konfransda çıxış və iştirak etmişdir. Bu günə qədər müxtəlif dillərdə 150-dən artıq müsahibə vermiş, dövrü mətbuatda 300-dən artıq məqaləsi çap olunmuşdur. Özü və əsərləri haqqında 180-a yaxın resenziya və yazılar dərc edilmişdir. Bütün bunlar yuxarıda qeyd etdiyiniz fikirləri əsaslı şəkildə təsdiq edir. Buludxan müəllimin yaradıcılıq nailiyyətləri, elmi ləyaqəti ilə yanaşı, bir insan, ziyalı kimi cəhətləri də təqdirəlayiqdir. Yaşadığı mühitdə əhatə olunduğu adamlar arasında həmişə Buludxan müəllimə ona dərin hörmət və ehtiram bunun parlaq təzahürüdür. Buludxan müəllimi tanıdığım illərdən həmişə ona gənc də olsa, ağsaqqal kimi baxmışıq. Bu həm də onun səmimiliyi, ictimai mühitdə böyük nüfuz sahibi, daxili mədəniyyəti və uzaqgörənliyi ilə bağlıdır. Buludxan müəllimi səciyyələndirən ən parlaq xüsusiyyətlərdən biri onun dostluqda səmimi və etibarlı olmasıdır. Bununla bağlı çoxsaylı faktlar gətirmək olar. Amma mən onun bu xüsusiyyəti ilə bağlı bir faktı xüsusi qeyd etmək istəyirəm. Buludxan müəllim tanınmış jurnalist, SDU-nun keçmiş prorektoru İbrahim Ömərovla aralarında həsəd doğura bilən dostluq bağları vardı. İbrahimin müəmmalı və qəfil ölümü onu tanıyanlara nə qədər acı təsir göstərdi. Buludxan müəllimi isə ildırım tək vurdu. O qəlbinə çökmüş bu acı kədəri, nisgili dostu İbrahimə həsr etdiyi “Gələrsən” adlı şeirində poetik dillə ifadə edərək yazır:

 

Əzəldən bağlıydık ölümsüzlüyə

Bu qədər vədəsiz köç etdin niyə?

Ömrünü xərclədin dost-tanış deyə

Dostların hamıdan öndə ağladı.

 

Gözləyirəm, gözüm üstə yerin var,

Günəş doğub qızaranda, qayıt gəl!

Qış ötüşüb, yetişməmiş ilk bahar

Boz ay gülüb bozaranda, qayıt gəl.

 

O, bu acı kədərdən təsəlli tapmaq, İbrahimin xatirəsini əbədiləşdirmək üçün onun haqqında yaxınlarının, dostlarının xatirələrini topladı və “Ağlın zirvəsində sönən bir çıraq” adlı kitab nəşr etdirdi. Bu onun dost kimi İbrahimə ucaltdığı əbədi abidə oldu.


Bütün bunlara baxmayaraq mən dilçi alim ədəbiyyatşünas, türkoloq, ictimai xadim Buludxan müəllimi heç vaxt pedaqoji fəaliyyətsiz təsəvvür etməmişəm. Demək olar ki, onun pedaqoji fəaliyyəti ümumi fəaliyyətinin əsas məqsədini təşkil edir. O, istər bədii yaradıcılığında, istər elmində, istərsə də fəaliyyətinin bütün sahələrində əsl müəllimdir. O bu adla iftixar etməklə yanaşı, bu adın cəmiyyətdə yüksək nüfuz məqamında olmasına xidmət edir. Buludxan müəllimin ömrü şam kimi əriyib tələbələrinin ömrünə qarışır, onun ömrü ömürlərdə yaşayır. Bu həqiqətlə bağlı bir hadisəni nə qədər ağrılı olsa da, iftixar hissi ilə xüsusi qeyd etmək istərdim. Deyirlər, Tanrı sevdiyi bəndlərini həmişə imtahana çəkər. Bu baxımından 2019-cu il həm də Buludxan müəllimin həyatında bir imtahan ili kimi onun tarix yaddaşına həkk olundu. Həmin vaxtlarda, ağır bir xəstəliklə üz-üzə gəlmişdi. Amma içimdəki ümid, inam məni əmin edirdi ki, o, bu imtahandan da qalib çıxacaq.


Keçən il sentyabr ayının 19-da saat 15:00 radələri olardı. Buludxan müəllimlə onun rəhbərlik etdiyi kafedrada yeni tədris ilinin başlaması ilə bağlı söhbət edirdik. Elə bu məqamda Buludxan müəllimin əl telefonuna zəng gəldi. Buludxan müəllim gələn zəngi cavablandıraraq, “eşidirəm, buyurun”- dedi.


Amma zəng edən kəsin titrək səsi və hönkürtüsü onu özünü təqdim etməyə və nəyə görə zəng etdiyini deməyə imkan vermirdi. Sonradan məlum oldu ki, Buludxan müəllimə zəng edən həmin şəxs Qazaxdandır, 1998-ci ildə ADPU-nun məzunu olmuş tələbəsidir. Sən demə Buludxan müəllimin televiziyada çıxış edərkən çöhrəsindən heç vaxt əskik olmayan ilıq təbəssümü, məlahətli səsindəki xoş ovqatı görmədiyindən təsirlənərək, öz məyusluğunu ifadə etmək üçün ona zəng edib. 22 il bundan əvvəl ADPU-nun filologiya fakultəsini bitirmiş bu tələbənin müəlliminə sadiq övladlıq, məhəbbəti qədər olan bu hörmət və lütfkarlığı məndə cəmiyyətin mizan tərəzisi, insan mənəviyyatının ölçü vahidi olan müəllim adının müqəddəsliyinə, bu adın ölməzliyinə olan inamı bir daha təsdiq etdi. Onu da qeyd edək ki, doğma, müqəddəs sayılan bu peşənin uca zirvəsinə yüksəlməkdə hər müəllimə qismət olmur. Yalnız seçilmişlərə nəsib olur. Abdulla Şaiq müəllim işlədiyi vaxtlarda tələbələrindən birinin xatirə albomuna yazır: “Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə, özünü deyil, başqalarını yaşatmağa çalış! Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır?! Buludxan müəllim də beləcə yaşayanlardan olduğu üçün xoşbəxtdir.

 


Cəlal Allahverdiyev

filologiya üzrə fəlsəfə doktoru, dosent

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir