Modern.az

İTBAŞI (9-cu bölüm)

İTBAŞI (9-cu bölüm)

27 İyul 2020, 22:10

Mahir Qabiloğlunun romanı

 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

 

Səhərdir. Baş vəzir Qüdrət şahın hüzurunda dayanıb.

– Baş vəzir, xəzinə dolur. Tutduğun mənsəb halal olsun sənə.

– Ömrün uzun olsun, şahım.

– Amma camaatın vəziyyəti pisləşir. Əcnəbi tacirlər isə bizdən qazanıb öz məmləkətlərinə daşıyırlar. Ona görə xəzinəni daşdırmaq üçün digər yollar aramalıyıq.

– Əmrinizə müntəzirəm, şahım.

– Bunun üçün mən şahənşah olmağa qərar verdim. Digər məmləkətlər bizə bac-xərac ödəməlidirlər.

– Şahənşah Göyverən – gözəl səslənir.

– Şahənşahın gələcək baş vəziri kimi məsləhət ver – hardan başlayaq, nədən başlayaq?

– Şahənşahın baş vəziri olmaq mənimçün böyük şərəf olar, şahım. Bildiyim qədər, belə hallarda ilk hədəf hüdudlara yaxın ölkələr olur.

– Düz deyirsən. İlk hansı olsun?

– Qaflan Şah.

– Niyə məhz o?

– Çünki ən hiyləgəri, xatalısı odur. Həm də onu sınağa çəkməyimiz yaxşı olardı.

– Nə yolla? Açıqla!

– Kaminat Şahın sağ qalmasından Qaflanın xəbəri yoxdur. Çağırırıq onu saraya. Siz öz qərarınızı elan edirsiniz. Razı oldu oldu, olmasa, lap nəm-nüm etsə belə, sakitcə aradan götürürük. Sonra Kaminat Şahı qaytarıb otuzdururuq taxtında. O da ömrü boyu nə etsə bizim yaxşılığımızdan çıxa bilməz. Təbəəliyi sevinə-sevinə qəbul edəcək.

– Əla, əla, əla-ül-əla. Yaxşı fikirləşmisən. Başlayaq Qaflandan. Çağır onu paytaxta.

– Başüstə, şahım.

Qüdrət Divana qayıdır. Baş fərraşı yanına çağırır.

– Qəşşaş, yaxın adamlarından birini hazırla. Qaflan Şaha məxfi tumar aparacaq.

 

***

 

Ertəsi gün. Karine baş vəzirin hüzurundadır.

– Hərəm, səninlə sövdələşməmiz baş tutmaya bilər. Bir hiylə qurmuşdum. Amma Qaflan Şah dəvətimizə məhəl qoymadı. Bura gəlməkdən imtina etdi. Göyverən Şaha desəm, qoşun göndərib əsir alacaq. Sən də onu əsir kimi öldürmək...

– Xeyr, baş vəzir həzrətləri, Qaflanı şah olaraq gəbərtməliyəm.

– Alınmır, Karine, alınmır.

– Çıxış yolu var, baş vəzir həzrətləri.

– Nə çıxış yolu?

– İki günlük məni saraydan buraxın. Amma heç kim bilməsin. Gedim Qaflanın kəlləsini gətirim sizə.

– Necə?

– Onu deyə bilmərəm. Sadəcə, bir nəfər yaxın adamınızı qoşun mənə. Bir də kişi paltarı, qara niqab və silah verin. Gerisi mənlikdir.

– Birdən şah çağırsa səni?

– Baş vəzir həzrətləri, körpə uşaq yatmayanda xaş-xaş suyu içizdirirlər, – deyib, Karine bic-bic güldü.

– Xaş-xaş suyu? Sən bunu hardan bilirsən? – deyib baş vəzir saqqalını tumarlamağa başladı, – Yaxşı. Sən deyən olsun. Çalışaram şahı yola gətirəm. Amma çox əmin danışırsan.

– Ölməyimdən qorxursunuz?

– Ölməyin heç. Birdən getdin, əsir düşdün. Onda sənin də kəllən gedəcək, mənim də...

– Zəhər yaxalığımda olacaq. Sizə heç bir ziyanım dəyməz. Sadəcə arzumu yerinə yetirin. Ölsəm, deyərsiniz ki, hərəmxanadan qaçıb.

– Yaxşı. Çalışaram, – Qüdrət əlini əlinə vurur. Xacə içəri girir, – Xacə Dümbələk, hərəmi qaytar hərəmxanaya, başqa ikisini çağır bura.

Şahın otağı.

– Deməli, gəlmir.

– Bəli, şah sağ olsun.

– Deyəsən, bu da Karzat Şahın taleyini yaşamaq istəyir. Mən müharibə etmək, qan tökmək istəmirdim. Amma belə görürəm...

– Şahım, varlı məmləkətdir. Dağıtmağa dəyməz. Əgər qibleyi-aləm məsləhət bilsə başqa çarə qılaram.

– Nə çarə?

– Əgər razı olsanız casuslardan istifadə edərdik. Sakitcə gedib kəlləsini gətirərdilər o məlunun. Nahaq qan tökülməzdi. Kaminat Şahı da aparıb otuzdurardıq taxtına – təbəəmiz kimi.

– Mən razı.

 

***

 

Gecə yarısı qala qapıları açılır. Qara libaslı, qara niqablı iki atlı karvan yoluna çıxıb qaranlıqda gözdən itirlər.

 

***

 

İki gün keçir. Divan. Üzü qara niqablı casus baş vəzirin hüzurundadır.

– Danış olanları təfərrüatı ilə!

– Baş vəzir həzrətləri, gecənin bir yarısı çatdıq Qaflan şahlığına. Mənə tapşırdığınız adam xəlvət bir yerdə atdan düşüb onu gözləməyini əmr etdi. Sonra qaranlıqda gözdən itdi. Üstündən bir az keçmiş əlində torba qayıtdı. Yolüstü bir xarabalığın yanında dayanıb mənə bir qapını işarə verdi. Sonra heç yerdə dayanmadan qayıtdıq geriyə. Torbanı da sizə çatdırmağı tapşırdı.

– Torbadakı nədir, bilirsən?

– Xeyr, baş vəzir həzrətləri.

– Bilməsən yaxşıdır! – deyib Qüdrət pul kisəsini ona tərəf atdı, – Gedə bilərsən! Bu haqda bir kimsə bilməməlidir! Yoxsa...

– Elə bilin qəbirdə ölüyəm, baş vəzir həzrətləri, – deyib casus Divandan çıxır.

Şahın otağı. Baş vəzir əlindəki gümüş məcməyini taxtın qarşısında yerə qoyur. Üstündəki qırmızı örtüyü qaldırır. Saçından tutub kəsik başı yuxarı qaldırır.

– Qaflanın kəlləsidir, şahım.

– Əhsən, Qüdrət, əhsən! – deyib şah taxtından ayağa durub vəzirə yaxınlaşır. Qanı qurumuş kəlləyə diqqətlə baxır, – Deməli, bu işi müharibəsiz aşırdın. Halal olsun tutduğun mənsəb sənə. Gerisini özün yaxşı bilirsən. Baş sərdar Abbası, qoşunu götür, apar Kaminat Şahı ora. Meydanda təbəəliyimizi qəbul etsin. Sonra otuzdur taxtında. Kim onun əleyhinə çıxsa məhv elə.

– Şahım, inanmıram ki, gecənin bir yarısı, yataq otağında şahının başı kəsilən bir məmləkət cınqırını belə çıxara bilsin.

– Yaxşı. Necə bilirsən elə də et.

– Ömrün uzun olsun, şahənşahım.

– Tələsmə, Qüdrət, tələsmə. Bir gül ilə bahar olmaz.

– Bahar nədir, şahənşahım, gülüstana çevriləcək şahənşahlığımız.

 

***

 

Divan. Karine baş vəzirin hüzurundadır.

– Danış, Karine. Bir gecənin içində necə etdin bunu?

– Baş vəzir həzrətləri, intiqam hissi güclü olanda qarşısında dağ da dayana bilməz. O ki, qaldı təfərrüata... sormayın. Bu mənim sirrim olaraq qalsın.

– Halal olsun ananın südü sənə. Kişi qeyrətli qızsan. Bir söz soruşum... səninlə gedən adama özünlə bağlı nəsə demisən?

– Heç nə, baş vəzir həzrətləri. Heç bilmədi hərəm olduğumu. Kişi səsiylə danışırdım onunla.

– Düz eləmisən. Ona qapı nişan vermisən. Ora nə yerdir?

– Sizə söz vermişdim ki, yaxşılığınızın əvəzini on qat çıxacağam. Bu həmin xəzinədir. Yeri sizə nişan verəndən sonra onu qətlə yetirin. İki nəfərin bildiyi şey sirr sayılmaz. Əvvəl-axır faş olar.

– İlk dəfədir sözünə sahib çıxan hərəm görürəm. Amma bunu bil ki, ordakılar son qızılınacan şahın xəzinəsinə yatırılacaq.

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri. Mənim qisasımı qiyamətə qoymadınız. Bir ricam da var sizdən.

– De!

– Bilmirəm o məmləkətin yeni şahı kim olacaq, amma mümkünsə əvvəlki adını özünə qaytarın – Kaminat şahlığı.

– Əlbəttə. Başqa cür necə ola bilər ki? Kaminat Şah yenidən taxtına oturacaqsa, şahlığın adı da bərpa olunmalıdır. Əlbəttə ki, bizim təbəəliyimizi qəbul etmək şərtiylə. Göyverən Şahımız da artıq şahənşahdır.

– Kaminat Şah sağdır? – deyə Karinenin gözləri güldü. Amma tezcənə özünü ələ alıb, üzünə ciddilik verdi.

– Mən elə o vaxt anlamışdım ki, öz şahına xəyanət edən Qaflan zatıqırıq adamdır. Ona görə şahımıza məsləhət etdim ki, Qaflanın əsir kimi bizə təslim etdiyi Kaminat Şahı və ailəsini edam etdirməsin. Birdən... Ehtimalım düz də çıxdı. Çağırdıq, gəlmədi. Sənə yəqin artıqdır nəsə demək... – deyə baş vəzir işarət barmağını şaquli vəziyyətdə dodaqlarına yapışdırdı.

– Bu sirri özümlə o dünyaya aparacağam, baş vəzir həzrətləri. Ölənəcən unutmaram yaxşılığınızı.

– Yaxşı, gedə bilərsən. Xacə! – deyə, baş vəzir səslənir. Qapı açılır, – Hərəmi geri qaytar. Afranı Divana gətir.

 

***

 

Axşamdır. Şah eyvandan şəhəri seyr edir. Həyat əvvəlki məcrasına qayıdıb. Təxtgahdan musiqi, gülüş səsləri gəlir. Tez-tez “dədəm gətirib, nənəm bişirib, mən yemişəm” sədaları eşidilir. Şah fikrə gedir: axı hər şey yaxşıdır. İtbaşı hardan çıxartdı vəziyyətin pis olduğunu? Bəlkə valilikləri nəzərdə tutub? Yox. Pis olsaydı bilərdim. Özü də İtbaşı pis bir söz demədi. Şahənşah sayılıram artıq. Hələ bu başlanğıcdır. Görək Qüdrət səfərdən necə qayıdacaq? Növbəti məmləkət hansı olacaq? Amma İtbaşının Barəngah olub-olmamasını dəqiqləşdirə bilmədim. Tutaq ki, heç Barəngah deyil İtbaşı. Amma dediklərində həqiqət var. Düzdür, bəzilərinə öz düzəlişlərimi verirəm. Bu da təbiidir. Əgər onun dediklərini hərfbəhərf etsəm onda mən niyə şah sayılmalıyam? Eh, İtbaşı, İtbaşı. Sən bilmirsən bu Göyverənin başında nələr var. Mənim əsl adım Əfdaldır e, Əfdal. Yəni fəzilət sahibi, ən üstün, yüksək. Görəsən hərəmxanada nə var, nə yox? Axırıncı dəfə elə əsəbləşdim ki, heç yadıma da düşmürlər. Amma bu gün gərək gedim. İlk qalibiyyətimi onlarla qeyd eləyim.

– Eşikağası, hərəmlərə de hazırlaşsınlar!

 

***

 

Hərəmxana. Şah içəri girir. Pul kisəsindəki qızılları ovuclayıb hərəmlərin başına səpir. Sonra mütəkkələrə dirsəklənir. Dörd hərəm onu dövrəyə alır. Digərlərisə rəqs edirlər. Həmişə pəncərənin qabağında oturub, qəmli-qəmli həyətə baxan Karine də onların arasındadır. Şah ona baxıb düşünür: gör necə oynayır? Gərək hərdən bir bunların üstünə qışqırıb otaqdan qovasan. Onda yumşalıb bax belə oynamağa başlayacaqlar. Hay-hay. Elə bilir ki, onu seçəcəyəm bu gün. Qoy bir az da yansın-yaxılsın. Elə bilməsin ki, şahın üç dəfə seçdiyi qadın onun hisləriylə oynaya bilər.

Şah əllərini bir-birinə şappıldatdı. Qızlar qarşısında düzüldülər. Şah Afranı işarə verib yataq otağına yollandı.

Hərəmxana. Hamı yatıb. Karine həmişəki kimi pəncərənin qarşısında oturub eşiyə baxır. Sevinir: deməli, atam Kaminat Şah, anam, bacım və qardaşlarım sağdırlar. Bəs o gecə nə bağırtı idi, indiyəcən qulağımdan getmir? Yalnız qətlə yetirilən insan belə səs çıxara bilərdi. Bir şahzadə-vəliəhd kimi cənglərdə elə səsləri çox eşitmişdim. Deməli, nahaq gizlənirmişəm? Yox. Mən vəliəhd idim. Hiyləgər Qaflan çətin ki, məni sağ buraxaydı. Çünki mən onun altdan-altdan elədiklərini, bütün sirlərini yaxşı bilirdim. Hətta saraydan oğurlayıb yığdığı gizli xəzinəsinin yerini də... Elə bu səbəb oldu onun xainliyinə. Amma yox. Əsas atamın sadəlövhlüyü səbəb oldu bütün bədbəxtliklərə. Qaflan ürəyinə girmişdi. Mənə yox, ən çox ona inanırdı. Niyə bunları fikirləşirəm ki? Görəcəyim işi gördüm. Qaflanı cəhənnəmə vasil etdim. Yaman xoşbəxtəm bu gün. Nə olsun ki, ailəm sağdır. Sonucda xəyanətə cavab sayılır Qaflanı qətlə yetirməyim. Sevinirəm. Uçmağa bircə qanadım yoxdur. Amma sevincimi bölüşməyə adam da tapmıram. Kiminlə bölüşüm ki? Digər hərəmlərlə? Onlar da elə bunu istəyirlər də... üç dəfə şahın yatağına girənə paxıllıq etmələri sifətlərindən oxunur. Nəsə desəm, həmən aparıb məni qatil-casus kimi təhvil verərlər şaha. Bəs onda baş vəzir niyə belə etmədi? Yəqin nəsə qeyri-adi bir şey gördü məndə. Ya da sonacan istifadə etmək istəyir. Axı mən şaha ondan bir köynək yaxınam. Amma yox. Yaxşılığının əvəzini on qat ödədim. Bir baş vəzirin uzun illər oğurlayıb gizlətdiyi xəzinənin yerini göstərdim. Baş vəzir Qüdrətin isə ömründə bu qədər qızılı olmayıb. Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı. Amma sağolsun. Səbəbkar odur. Üstəlik ailəmi də edamdan qurtarıb. İndi bildim. O olmasaydı... Yaxşı ki, ona vəliəhd olduğumu demədim. Çünki indi də məmləkətimi təbəəlikdən qurtarmalıyam. Bu isə Qaflan şahın başını qurbanlıq qoyun kimi kəsməkdən qat-qat çətindir. Şah isə Afranı seçdi. Elə bilir başa düşmürəm mənə yanmışlıq verməyini? Belə edirsə, deməli sevgi ürəyində artıq cücərməyə başlayıb. Nə olar, mən də şahın özünün oynadığı havaya oynayaram. Özü də elə oynayaram ki...

 

***

 

Üstündən iki gün keçir. Səhər tezdən şah səs-küyə oyanır. Tez eyvana çıxır. Görür ki, Qüdrət başda, arxasıyca baş sərdar Abbas və ordu gəlir. Camaat onların pişvazına çıxıb. Saraya çatanda ordu dayanır. Qüdrət, Abbas və üstü örtüklü on araba həyətə daxil olur. Şah tez əbasını geyinib onları qarşılamağa çıxır.

– Şahənşahım, Kaminat şahlığı təbəəliyi qəbul etdi. Qaflanın bütün ətrafı qılıncdan keçirildi. Qaflan daxil olmaqla hamısının başı qala qapısında nizələrə taxıldı. Bu on araba qızıl, ləl-cəvahirat isə qənimət kimi götürüldü, – deyib, Qüdrət arabaların örtüyünü götürdü. Sandıqların ağzını açdı. Göyverən Şahın gözləri işıldadı.

– Əla! Əla! Əla-ül-əla! Halal olsun sənə tutduğun mənsəb. Bu gündən oldun şahənşahın baş vəziri.

– Ömrün uzun olsun, şahənşahım. Böyük şərəfdir mənimçün.

– Hətəm, qəniməti təhvil al. Qüdrət, bu qələbəmizdən bütün məmləkət xəbər tutsun. Üç gün bayram təşkil olunsun. Xəzinənin hesabına bayram süfrələri açılsın.

– Başüstə, şahənşahım, – deyərək Qüdrətlə Hətəm təzim etdilər.

 

***

 

Məmləkətin hər yerində bayramdır. Şahənşah Göyverən artıq üçüncü gecədir ki, Afrayla birlikdə keçirir. Dördüncü gün Aslan başılovlu gəlir.

– Şahənşahım, bu gecə hərəmxanada bir nəfərin başını kəsiblər.

– Kimin?

– Afranın.

– Kim edib bunu?

– Karine adlı hərəm. Xacə xəbər verdi. Zindana salmışam.

– Karine? Niyə edib bunu?

– Deyir ki, şahənşaha təhlükə vardı. Baş vəzir Qüdrət əvvəlcədən onu xəbərdar edibmiş ki, sarayda casus peyda olub. Afra da demə Qaflanın yaxın adamı imiş. “Qaflan məğlub edilibsə, o qisas ala bilərdi” deyir hərəm. Ona görə başını kəsib Afranın.

– Qüdrəti çağır bura! – deyə şahənşah qışqırdı.

Qüdrət gəlir.

– Qüdrət, bu nə məsələdir? İndi də hərəmxanaya girişmisən?

– Əsla, şahənşahım. Sadəcə bu Təbərxan məsələsindən sonra özünüz demişdiniz ki, digər din sahibləri casus kimi saraya soxula bilərlər. Buna görə sizin yataq otağınıza girən hərəmləri Divana çağırıb, söhbət etdim, kimliklərini öyrəndim, onları ayıq-sayıq olmağa çağırdım. O cümlədən Karine adlı hərəmi də... O hərəmi ki, Qaflan Şah ailəsini qılıncdan keçirib. O da yəqin nədənsə duyuq düşüb, amma mənə xəbər verməyə macal tapmayıb və Afra adlı hərəmi qətlə yetirib. Əgər izn versəniz...

– Ehtiyac yoxdur. Aslan danışıb onunla. Zindandadır.

Şah fikrə getdi: casus oyunu oynayır. Guya casus olduğuna görə Afranı öldürüb. Amma mən tam əminəm ki, Karine qısqanclıqdan bunu edib.

– Aslan!

– Bəli, şahənşahım.

– Gedək zindana. Gözümün qabağında vurulmalıdır onun boynu.

– Şahənşahım, qıymayın. Sizin yolunuzda baş kəsib hərəm, – deyə baş vəzir dilləndi. Şahənşah isə buna əhəmiyyət vermədi.

Zindan. Karine əli-qolu zəncirlənmiş halda zindanın bir küncünə qısılıb. Şahənşah gəlir.

– Hamınız çıxın! – deyə əmr edir. Cəlladla Aslan çıxırlar. Şah Karineyə yaxınlaşır. Qənşərində dayanıb, – Karine, Afranı niyə öldürdün? – deyə soruşur.

– Şahənşahım, o casus idi. Özü də Qaflan şahın casusu.

– Karine, düzünü de. Niyə öldürdün Afranı?

– Şahənşahım, o casus idi. Qaflan şahın casusu.

Şahənşah Göyverən Karinenin saçından yapışaraq sürüyüb başını cəllad kötüyünün üstünə qoyur. Qılıncını qınından sıyıraraq havaya qaldırır:

– Karine, səndən sonuncu dəfə soruşuram. Afranın başını niyə bu cür amansızlıqla kəsmisən?

– Qısqanclıqdan, şahım. Sizi çox sevdiyimdən, – deyib Karine huşunu itirir.

 

***

 

Hərəmxana. Şahənşah Karinenin yatağı başında əyləşib. Təbiblər dövrə vurub dayanıblar. Şah əsəbidir.

– Karine özünə gəlməsə boynunuzu vurduracağam.

– Şahənşahım, əlimizdən gələni edirik. Həyata qaytaracağıq. Amma...

– Nə amma?

– Qorxuruq ki, uşaq tələf ola. Yəqin zindanda iztirab keçirib. Bu səbəbdən, – deyə təbib Məkrubə cavab verdi.

– Anlamadım. Nə “uşaq”?

– Karine hamilədir, şahənşahım.

– Mənim niyə xəbərim yoxdur?

– Biz də bilmirdik. Yoxsa şahı muştuluqlamaq fürsətini heç vaxt əldən buraxmazdıq.

– Xilas edin onu da, uşağı da... muştuluğunuz məndə, – deyib şahənşah ayağa qalxdı və hərəmxananı tərk etdi.

Şahənşah otağında təkdir. Fikrə gedib: Karine Afranı öldürməyinin əsas səbəbini etiraf etdi. Birdən boynuna almasaydı necə olacaqdı? Belə çıxır ki, öz uşağımın qatili olacaqdım? Birdən təbiblər xilas edə bilməsələr? Belə çıxır ki, yenə qatil sayılacağam? Karinenin saçından tutub edam kötüyünə sürüyən mən deyildimmi? İstiylə soyuq arasında qalmışam. Bilmirəm sevinim, yoxsa qəmlənim. Əşşi, nə olar, olar. Yazıya pozu yoxdur. Əsas məsələ Kaminat şahlığından xəzinəyə yatırılan qızıllar idi. Bəs onları xalq arasında necə bölüm?

– Eşikağası, Qüdrətlə Hətəmi çağır!

– Başüstə, şahənşahım.

Qüdrətlə Hətəm gəlirlər.

– Qüdrət, qəniməti xalq arasında necə bölək?

– Anlamadım, şahənşahım. Qənimətdən xalqa nə? – deyə Qüdrət təəccüblə Hətəmin sifətinə baxır.

– Necə yəni “xalqa nə?” Eşitmişəm ki, camaat pis yaşayır. Acından ölür.

– Onu kim dedi şahənşahım?

– İt... – şahənşah az qaldı İtbaşı desin. Amma özünü güclə saxladı, – Nə bilim hansı it oğlu it deyir. Deyirlər də...

– Qələt edirlər əcdadlarıyla. Kim cürət edib şahənşahımıza yanlış məlumat çatdırıb? Həmin kəsi edam etdirmək yox, şaqqalatdırmaq lazımdır.

– Yaxşı, sən deyən olsun. Xalq pis yaşamır. İndi de: qəniməti nə edək? Xəzinə aşıb-daşır. Yeni otaqlar ayrılmalıdır Hətəmə.

– Qibleyi-aləm, şahənşahlıq kimin fikri idi? Sizin, yoxsa xalqın? Əlbəttə ki, sizin. Ora qoşun yox, casus göndərməyə kim razılıq verdi? Xalq, yoxsa siz? Əlbəttə ki, siz. Əgər hamını səfərbər etsəydiniz, müharibə, tələfat olsaydı, hardasa qənimətin onlarla bölüşdürülməsini anlamaq olardı. İndiki halda isə bu, tam sizin haqqınızdır. Hələ allahlarına şükür etsinlər ki, qan-qadasız qurtarıblar. Siz də sağ olun ki, üç gün bayram elan etdiniz. Hər gün bayram süfrələri açılır. Onları da valilərə tapşırmışam, ciblərindən xərcləyirlər. Əgər məsləhət bilsəydiniz və bu yolda kiçik zəhməti keçənlərə adi bir ənam versəydiniz, bunu heç vaxt yaddan çıxartmazdıq, – deyə baş vəzir Qüdrət qımışdı.

– Razıyam. Hətəm, qənimətdən Qüdrətə bir sandıq qızıl ənam verirəm. Sənə, Aslana, Abbasa, mühafiz-əsgərlərə, saray əyanlarına da şahənşah ənamı verilsin.

– Ömrünüz uzun olsun, şahənşahım. Məsləhət bilsəniz... fərraşlar yaddan çıxdı, – deyə Qüdrət dilləndi.

– Fərraşlara da... Razı qaldın, Qüdrət?

– Ölənəcən qulunuzuq, şahənşahım.

– Qüdrət, deyirsən ki, camaat yaxşı dolanır?

– Xeyr, şahənşahım.

– Bəs səhərdən deyirdin ki, yaxşı dolanır.

– Əsla, şahənşahım. Mən “pis dolanmır” deyərdim.

– İnanıram sənə. Yalan deməzsən. Qüdrət, yadından çıxmayıb yəqin, sənə demişdim ki, bir gül ilə bahar olmaz.

– Düz buyurursunuz, şahənşahım.

– İkinci şahlığın adını de!

– Ərdan şahlığı. Dəvət göndərimmi?

– Yox. Tələsmə hələ.

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Qüdrət, üçgünlük bayramdan sonra camaatı meydana yığarsan. Sözüm var onlara.

– Başüstə, şahənşahım.

– Yaxşı, siz də gedin şənlənin. Bayramdan sonra başqa məsələləri həll edərik.

Qüdrətlə Hətəm gedir. Aslan gəlir.

– Şahənşahım, bir xüsus var – sizin təhlükəsizliyinizlə bağlı.

– De!

– Karineni sağ qoymaq olmaz.

– Nə? – deyə şahənşah Göyverən qışqırıb taxtından qalxdı, – İstəyirsən özüm öz əllərimlə öz gələcək övladımı anasının bətnindəcə öldürüm?

– Xeyr, şahənşahım. Uşaq doğulacaq, sonra. Ona qədər Karine nəzarət altında olmalıdır və sizə yaxın buraxılmamalıdır.

– Yəni, bu qədər təhlükəlidir?

– Bəli, şahənşahım.

– Niyə? Adam öldürdüyünə görəmi? – deyə şahənşah yenidən taxtına əyləşdi.

– Xeyr, şahənşahım. Adamı zəhərləsəydi, assaydı, ürəyinə xəncər soxsaydı, başa düşərdim. Amma qurbanlıq qoyun kimi başını kəsmək... bu çox təhlükəlidir, şahənşahım.

Bu zaman qapı döyülür. Təbib otağa girib təzim edir.

– Muştuluğumu verin, şahənşahım. Hərəm də yaşayacaq, bətnindəki də... təhlükə sovuşdu. O gün olsun, səkkiz aydan sonra sizi yenə muştuluqlayım.

Şahənşah Göyverən pul kisəsindən bir ovuc qızıl götürüb təbibin qarşısına atdı. O da dizin-dizin iməkləyib, yerə düşən qızılları yığdı, dua edə-edə otağı tərk etdi.

– Aslan, nə lazımdırsa elə. Səkkiz aydan sonra baxarıq. Amma bu barədə kimsə bilməməlidir.

– Başüstə, şahənşahım.

 

***

 

Üçgünlük bayram başa çatıb. Paytaxt əhli şahənşahın çağırışıyla meydana toplaşıb. Şahənşah Göyverən kürsüyə çıxır. Heç kim onu alqışlamır.

– Cəmaət, məlumunuz olsun ki, bu andan Həqq dövləti artıq tarixə qovuşur. Kaminat Şah təbəəliyimizi qəbul etdi və siz artıq Göyverən şahənşahlığının xalqısınız, Göyverən soyunun nümayəndələrisiniz. Bu gündən əyanlarla yanaşı Göyverən soyadını siz də fəxrlə daşıyacaqsınız. Amma bir məmləkəti ram etməklə iş bitmir. Növbə Ərdan şahlığınındır və biz oranı müharibəylə ram edəcəyik. Daşını daş üstündə qoymayacağıq ki, digərlərinə də görk olsun – Göyverən adımız gələn kimi özləri pişvazımıza çıxıb elliklə təslim olsunlar. Ona görə bu gündən əli silah tutan bütün kişilər səfərbər olmalıdırlar. Bütün qənimət də sizin aranızda bölünəcək. Mənim rəiyyətim şahənşaha layiq rəiyyət olmalıdır. Qalib gəldiyim torpaqlarda meydan sulamalıdır. Geyimin ən yaxşısını onlar geyinməlidir, təamların ən yaxşısını onlar yeməlidir. Haydı! Şahənşahlıq uğrunda!

Şahənşah elə bunu demişdi ki, meydan dalğalandı, onu fitə basmağa başladılar. Yerdən etiraz səsləri artdı: “Ərim ötən cəngdə şəhid oldu, imkan vermərəm ki, oğlum döyüşə getsin”, “atam şəhid olub, qardaşlarımı buraxmaram”, “axı bizə hücum etməyiblər. Sən niyə hücum edirsən?”, “hər şeyimiz vardı, bircə şahənşahımız çatışmırdı”, “bəsdir qan tökdün. İmkan ver kasıbçılığımızı edək”, “acından ölürük, bu isə müharibə edir...” Kütlə kükrəyərək kürsüyə doğru irəliləyirdi. Mühafiz və əsgərlər çətinliklə də olsa qalxanlarıyla onları arxaya basa bilirdilər. Aslan ehtiyatlı tərpənib şahənşahı mühafizlərin köməyiylə ordan uzaqlaşdırdı.

 

***

 

Saray. Qüdrət və Aslan şahənşahın hüzurunda dayanıblar.

– Qüdrət, eşitdin də xalqın dediklərini? Vuruşmaq istəmirlər şahənşahları uğrunda. Heç qənimət də onları şirnikləndirmədi.

– Şahənşahım, yəqin şəhid ailələri üçün təyin etdiyiniz aylığı ləğv etdiyinizə görə narazı qalıblar.

– Qüdrət, sözündən belə çıxır ki, təqsir məndədir?

– Əsla, şahənşahım. Demək istəyirəm ki, səbəb ciddi deyil. Adi inciklik, xırda giley-güzardır. Sizin şahənşah olduğunuz məmləkətdə hər şey gözəldir.

– İndi nə edək, Qüdrət?

– Şahənşahım, Qaflanı necə etdik, Ərdanı da elə.

– Casusmu göndərəcəksən?

– Xeyr. Casusa ehtiyac yoxdur. İzn verin birinci dəvət göndərim. Əgər gəlməsə...

– Birdən gəlmədi və yaxud da gəldi razılıq vermədi. Onda necə olacaq? Eşitmədin ki, xalq vuruşmaq istəmir? Deməli, itirməli heç nəyləri yoxdur. Hamısını almısınız əllərindən. Ağ yox, ağappağ günə çıxartmısan hamısını. Qara gününə ağlamağa heç nə saxlamamısan. İndi kiminlə müharibə edəcəksən?

Qüdrət başını aşağı saldı. Şahənşah da fikrə getdi. Handan-hana:

– Yaxşı, Qüdrət, get.

Qüdrət gedir.

– Aslan, sən nə fikirləşirsən? Şahzadə Göyverənləri sınaqdan çıxaraqmı?

– Mən də onu deyəcəkdim, şahənşahım. Sizin o boyda şahzadə Göyverənlər ordunuz var, xalqa nə ehtiyac? Xəzinədən bu qədər qızıl xərclənib onlara. Vaxtdır, gedib əvəzini çıxsınlar. Əgər ölsələr nə qanpulu veriləcək, nə də ailəsi narazı qalacaq. Hamısı yetimdir.

– Əminsən onların gücünə?

– Şahənşahım, heç ağlıma da gəlməzdi ki, bu cür ordu yarana. Qibtə edirəm ağlınıza.

– Onda, sabah hazırlaş. Gedirik Göyverən valiliyinə.

– Başüstə, şahənşahım.

 

***

 

Göyverən valiliyi. Qara geyimli, qara niqablı, dişinəcən silahlanmış gənclər meydanda sıraya düzülüblər. Şahənşah Göyverənlə Aslan bu mənzərəni seyr edirlər.

– Aslan, nə qədərdir bunlar?

– Şahənşahım, iyirmi min nəfər. Onlardan on mini döyüşə hazırdır.

– Bəs o birilər?

– Onlar da hazırdır. Amma həddi-buluğa çatmayıblar. Lazım olsa onlar da gedə bilərlər.

– Yox. Lazım deyil. Hələlik bunları sınaqdan çıxaraq.

– Şahənşahım, bəlkə onlara xeyir-dua verəsiniz. Sizi ilk dəfədir ki, görürlər.

– Nə deyirəm ki... olsun, – deyə şahənşah Göyverən kürsüyə qalxır, – Ey şahzadə Göyverənlər! Ey mənim övladlarım! Ərdan şahlığı bizə meydan oxuyur. Onları ram etmək zamanıdır. Döyüşün və dədəniz Şahənşah Göyverən qarşısında öz borcunuzu yerinə yetirin. Bu yolda şəhid ola bilərsiniz. Amma hərəyə on düşmən öldürməmiş şəhid olsanız qanınızı halal etmərəm. Ən əsası isə ətraf məmləkətlərin canına vəlvələ salın. Haydı, aslanlarım, irəli!

– Şahənşah Göyverən uğrunda! – deyə şahzadə Göyverənlərdən alqış sədaları yüksəldi.

– Aslan, döyüşə özün başçılıq elə. Ərdan Şahı qətlə yetirmə. Təbəəliyimizi qəbul etdir. Təxtgahın baş meydanında özü bunu xalqa bəyan etsin. Sonra da bac-xərac təyin edib, heç kimə xəbər vermədən qayıt geriyə. Qəniməti paytaxta gətirmə. Valiliyin xəzinəsinə yatır. Mən indi xalqa göstərərəm şahənşahın üzünə ağ olmaq nə deməkdir.

– Başüstə, şahənşahım, – deyib Aslan təzim etdi.

Şah mühafizlərin müşayiətiylə Göyverən qalasından çıxıb, təxtgaha tərəf yol aldı.

 

***

 

Saray. Şah eyvandan paytaxta tamaşa edir. Fikrə gedir: nə dəyişib ki? Heç nə. Həmin təxtgah, həmin insanlar. Bircə xəzinəm artıb. Əvvəllər var-dövlət məmləkətdə bu cür evlərin içindəydisə, indi saraya axır, xəzinəmdə toplanır. Təkcə bu dəyişib. Mən də həmin Göyverən Şaham. Nə olsun ki, adım şahənşah çağrılır. Lap tutaq ki, on, iyirmi məmləkəti ram etdim və xəzinəm yüz qat artdı. Sonra? İtbaşı “şahənşah ol” deyəndə bunumu nəzərdə tutmuşdu? Yox. Məmləkətdə hər şey dəyişməlidir. Şahlıq şahənşahlığa çevrilirsə, mənim rəiyyətim də şahənşaha layiq rəiyyət olmalıdır. Qalib gəldiyim torpaqlarda meydan sulamalıdırlar. Geyimin ən yaxşısını onlar geyinməli, təamların ən yaxşısını onlar yeməlidirlər. Ayıl, ey Göyverən. Meydanda səni fitə basmaqları yadından çıxıb? Meydanda car çəkmədinmi bunları? İstəmədilər döyüşmək. Sənin uğrunda ölümə getmək bir yana qalsın... əziləndən əzənə çevrilmək, varlanmaq istəmədilər. Hətta səni Əzrayılla bir elədilər. Göyverən soyadını qəbul etmədilər. Niyə dinmədim onlara? Hamısını qılıncdan keçirməliydim? Əsla. Belə olsaydı digər şahənşahlardan fərqim olmazdı. Bir də ki, ölmək dünyanın ən böyük xoşbəxtliyi sayılır. Canın birdəfəlik qurtarır həyatdan. Mən isə Şahənşah Göyverənəm. Bir vaxtlar mənə “göyvərən” deyib cırnadanların şahənşahı. Uşaqlarının adlarını Göyverən, Göyveranə qoyub, sonradan dəyişdirənlərin şahənşahı. Mənim iztirablarımı başa düşməyib, iniltilərimi qulaqardına vuranların şahənşahı. Mən bunu unuda bilmərəm. Mən indi bütəm. Məndən qorxurlar, məni sevirlər, mənə sitayiş edirlər. Mənim yolumda başlar kəsilir, qurbanlar verilir. Mən isə Allah kimi dinməzcə bütün qurbanları qəbul edirəm və yenə öz bildiyimi edirəm. Baxmayaraq ki, hamısı kəsdiyi qurbanlara görə qarşılıq istəyir, nəsə umur. Amma bu, bir vaxtlar çəkdiyim iztirabları unutdura bilməz. Bəs hərəmxana? Yox. Sadəcə başımı aldadırmışam. Bəs şairlər? Yox. Sadəcə başımı qatırmışam. Bəs məmləkətlərin ram edilməsi? Yenə də başımı aldadıram. Bununla soyuya bilmərəm. Mən içimdə Həqqi şahın əkdiyi göyvərən toxumunu gəzdirirəm. O isə məni rahat buraxmır, o qədər dərinə kök atıb ki, gündən-günə bütün ruhuma sarılır, sahib olur, mənim özümdən də böyük bir qüvvəyə çevrilir. Bu qüvvəyə qarşı niyə çıxmıram? Bugünəcən çıxmaq istədim, çıxmışdım da... Xalqa sonuncu çağırışım və onların etirazı buna son qoydu.

– Eşikağası, Qüdrəti çağır bura!

– Başüstə, qibleyi-aləm.

Qüdrət içəri girib təzim edir.

– Qüdrət, sən bir sualıma cavab ver. Paytaxt nə vaxt salınıb?

– Üç əsr bundan qabaq, şahənşahım.

– Bəs əsrlər keçsə də niyə artım olmayıb?

– Niyə ki, şahənşahım, olub.

– Amma evlər həmən-həmən qalıb. Bəs artan camaat qalaya necə sığır?

– Şahənşahım, bəs müharibələr nə üçündür? Elə ki, camaat artır, dolanışıq çətinləşir, giley-güzar artır... bax onda müharibə sövdələşməsi meydana gəlir.

– Mən bildiyim qədər bizim təxtgah-qala toxunulmaz qalıb.

– Şahənşahım, kimin haqqı nədir ki, bizə hücum edə. Biz hücum edirik. Həm öldürürük, həm də ölürük. Beləcə, həm artımın qabağı alınır, həm də camaatın ağzı yığılır. “Elnən gələn bəla toy-bayram olar” deyib başlayırlar deyib-gülməyə.

– Bəs xalq etiraz edib vuruşmaqdan imtina edəndə, quduranda necə?

– Ona da əlac var, şahənşahım.

– Nə əlac?

– Sarayın bütün tədarükü əvvəlcədən görülür. Qapıları bağlanır. Nə içəri girən olur, nə də çıxan. Sonra iki vəba xəstəsini gətirib salırsan şəhərin basabas yerinə. Qala darvazalarını da bağlayırsan. Beləcə, xəstəlik yayılır bütün şəhərə. Əhali başlayır kütləvi qırılmağa. Üç-dörd gündən sonra təbiblərə əmr edirsən ki, başlasınlar əncam çəkməyə. Beləcə ölən ölür, bir qisim də sağ qalır. Hər yer də ilaçlanıb, təmizlənir.

– Bəs deyirlər ki, vəbanın əlacı yoxdur.

– Heç bir xəstəlik elə-belə yaranmayıb, şahənşahım. Onu başbilənlər yaradırlar – əlacını da yanında. Sadəcə, o dərmanı bir az gecikdirirsən, vəssalam. Şahənşahım, əmr edin, bu yolla cəzalandıraq camaatı. Qudurublar. Şahənşaha qarşı çıxırlar.

– Lazım deyil. Vaxtı çatanda deyərəm.

– Əmr edərsiniz, şahənşahım. Camaata gəldikdə isə, hər ay sayılır. Məscidlər məşğuldurlar bununla. Yaş və ölüm kağızlarını onlar verir axı. Say təhlükəli həddə çatanda sizə ərz edəcəyəm. Nəzarətimdədir.

– Qüdrət, çoxdandır boşboğazların, ağzıcırıqların, evyıxanların səsi gəlmir. Vəkil mənsəbinə də heç kimi irəli sürmürsən.

– Şahənşahım, Lərzanın, onun dörd uşağının müsibəti və Qaplanın qətli elə su səpməyib ki, bir də alovlansınlar.

– Bəs nəylə dolanırlar?

– Dolanmağa gəldikdə... evyıxanlar fərraşlardan aldıqlarından onlara da pay verirlər. Şahənşahım, Ərdan Şahı dəvət edimmi saraya?

– Yox, Qüdrət. Lazım olanda özüm deyəcəyəm.

– Şahənşahım, bir bəd xəbərim var. Cəllad Mirqəzəb rəhmətə gedib.

– Cavan, şir kimi adam idi. Nə oldu ona birdən-birə?

– Şahənşahım, şam yeməyini zindanda yeyib. Səhər gəliblər qabları götürməyə, görüblər ki, qapını açmır. Mənə xəbər verdilər. Qapını sındırıb açdırdım. Gördüm ki, Allah rəhmətinə gedib.

– Layiqincə dəfn eləyin onu. Ailəsinə də aylıq təyin edin.

– Ailəsi yoxdur, şahənşahım. Cəlladların ailəsi olmaz.

– Anladım. Dəfn edin. Yerinə də bir adam tap.

– Şahənşahım, cəsarətimə görə bağışlayın. Cəlladı baş mühafiz təyin etməlidir.

– Bilirəm. Bəs birdən baş mühafiz qəzəbimə tuş gəlsə, onu öz adamına necə tapşırım?

– Ağlınıza heyranam, şahənşahım.

– Çoxdandır soruşmuram. Şairlər nə edir?

– Yaxşıdırlar, şahım. Meyxoş kimin adını vermişdisə, hamısına aylıq ənam kəsilib.

– Yaman ürəyim sıxılır. Dəvət et onları şam yeməyinə.

– Başüstə, qibleyi-aləm.

– Yəqin ki, süfrəyə üzüm suyu da taparsan.

– Əmr edərsiz, şahənşahım. Lap ceyran südü də taparam.

– Tap.

– Başüstə, şahənşahım. Bir xüsusu da çatdırmaq istərdim sizə.

– De!

– Baş mühafiz Aslan karvansarayını mədrəsəyə çevirib. Tanınmış loğmanları dəvət edib. Həm elm öyrədirlər, həm də camaatın dərdinə əlac qılırlar.

– Əla. Nəyi pisdir ki?

– Şahənşahım, sadəcə mənim vəzifəmdir sizi hər şeydən xəbərdar etmək. Gedim şairləri çağırım.

– “Çağırım” yox, “dəvət edim” deyərlər.

Axşamdır. Şairlər saraya təşrif buyurublar. Baş vəzir onları qarşılayır. Şair Meyxoşu kənara çəkib:

– Meyxoş, dörd nəfərsiz. O biri üçü hanı?

– Baş vəzir həzrətləri, mən onları tapanda artıq “hazır” idilər. Ona görə çağırmadım.

– Düz elədin. Meyxoş, biz bir-birimizi nə vaxtdır ki, tanıyırıq. İndiyə qədər aramızda nə olub, qoyuram kənara. Arxamca nə danışmısan – bunların da hamısını unuduram. Amma indi çox həssas məqamdır. Şahənşahın qanı yaman qaradır. Mən dedim ki, şairləri dəvət edək, söhbətləş, zarafatlaş, kefin açılsın. O da razılaşdı. Ona görə yalnız ürəkaçan söhbətlər elə. Abumahir kimi boş-boş zəvzəyib özünü ağıllı göstərmə. Gördün də onun taleyini? O gün də nakəslər meydanda bir-iki ağız banlayıblar. İstədim boyunlarını vurduram. Amma bunun ürəyi o qədər yumşaqdır ki, qoymadı. Birdən çaşıb “şahım” deyə müraciət edərsən ha... “şahənşahım” – yadından çıxmasın. Özün şair adamsan. Hər şairə qismət olmur saraya gəlmək. Elə et ki, qapı üzünə həmişə açıq olsun. Başqa sözün olsa şahənşaha demə. Bəs mən neyçünəm burda? Hazıram qulluğunuzda.

– Anladım, baş vəzir həzrətləri. Yaxşı ki, əvvəlcədən xəbərdar etdin. Yoxsa başlayacaqdım ki, xalq acından ölür, vəziyyəti pisdir, əyanlar camaatın qanını sorur, filan-bəsməkan. Başa düşdüm. Sən deyən kimi olacaq. Qoymaram şahənşahın kefi pozula, əksinə...

– Get həmpiyalələrini də başa sal. İçəndən sonra ağızlarını Allah yoluna qoymasınlar. Kefə gəliblər, keflərini də çəksinlər.

– Rəqqasələr də olacaq?

– Şahənşah sevmir belə şeyləri. Burdan çıxandan sonra tapşıracağam, gedərsiniz mənim baş karvansarayıma. Düz səhərəcən sizə ayrı cürə qulluq edərlər.

Şairlər otağa girirlər. Şahənşah onları görüb taxtından durur.

– Şair Meyxoş və dostları xoş gəlib.

– Xoş gününüzə gələk, şahlar şahım. Şahənşahlığın şairləri kimi sizinlə görüşməyimizdən çox məmnunuq. Bunlar da mənim şair dostlarımdır: Tənxan, Əmrac, Əsnaf.

– Çox gözəl. Keçin süfrənin arxasına. Baş vəzir, – deyə şahənşah işarə etdi. Baş vəzir tez eşikağasına göz elədi. Kuzələrdə süfrəyə ceyran südü gətirildi. Baş vəzir otaqdan çıxdı.

– Hə, şairlər, necəsiz?

– Ömrünüz uzun olsun. Yaxşıyıq, şahənşahım, – deyə hamının əvəzindən Meyxoş dilləndi, – Aylığımızı alırıq. Yemək-içməyimizi görür. Təbimiz gələndə də yazırıq. Arzu edirsinizsə, təzə şeirlərdən sizinçün oxuyaq.

– İndi yox, sonra. Nuş eləyin. Şair Meyxoş, başçılığı da öz üzərinə götür.

– Şahənşahım, buna el arasında tamada deyirlər.

– İlk dəfədir eşidirəm. Nə deməkdir ki?

– “Təam atası”dır açması.

– Nə gözəl, nə gözəl.

Meyxoş kuzəni götürüb içindəkini badələrə süzməyə başlayır. Şahənşah Göyverən badənin içindəki suyabənzər mayeyə baxıb:

– Ay Meyxoş, Qüdrət dedi ki, ceyran südüdür. Bu ki, sudur.

– Şahənşahım, bu xüsusi sudur. Keçən dəfə sizə bir əhvalat danışmışdım ha... xəstələnən şah barədə. Bu həmən nemətdir. Digər içkilərdən fərqləndiyi üçün adını əzizləyib “ceyran südü” qoyublar.

– Yoxlayarıq. Götürün badələri, – deyə şahənşah birinci dilləndi, – Xoş gəlmisiz. Həmişə siz gələsiz. Meyxoş, düz dedim?

– Düpbədüz, şahənşahım. Yadınızda yaxşı saxlamısız.

– Müəllimim yaxşı olub, şair. Amma xahiş edirəm, toqquşduranda asta toqquşduraq. Axı biz dostuq, – deyə şahənşah güldü.

– Başüstə, şahənşahımız. Xoş gününüzə gələk həmişə, – deyib şairlər badələri ehmalca toqquşdurdular.

Şahənşah bir qurtum içmişdi ki, üzünü turşudub dayandı.

– Bu nədi? Zəhərdir ki?

– Şahənşahım, bu şərab deyil. Bunu qurtum-qurtum yox, birnəfəsə içmək lazımdır. Yoxsa beyinə vurar.

Şahənşah şairin sözündən sonra badəni başına çəkdi. Əlini duzlu xiyara uzatmaq istəyirdi ki, bacarmadı. Gözlərindən od çıxdığı üçün iki əliylə üzünü tutdu. Nəfəsi getmişdi, amma qayıtmırdı. Ceyran südünün boğazından mədəyəcən qət etdiyi yolu hiss edə-edə gözlərini birtəhər açıb şairlərə baxdı. Bir an beləcə quruyub qaldı. Gözləri yaşardı. Sonra ağzını açıb iki dəfə dərindən nəfəs aldı. Əli uzana qalan Meyxoşdan xiyarı alıb dişlədi. Yanğısı bir az söndü.

– Bu nə idi, ay Meyxoş? Yandırdı məni.

– İlk dəfəydi, şahənşahım. Ona görə yandıra-yandıra getdi. Sabah həmin yanıqların qaysağı qopanda yenə istəyəcəksiniz. Onda süd kimi gedəcək.

– Yaxşı, başa düşmədim. Mənə deyirsiniz ki, axıracan iç, amma özünüz yarı-yarı içirsiniz.

– Şahənşahım, bunu içmirlər, gillədirlər. Badəni başına elə qaldırmalısan ki, ceyran südü birbaşa damağa, sonra boğazın divarına dəysin, ordan da içəri gillənsin. Dil-ağız bunu hiss etməməlidir. Bir də ki... içəndən sonra duzlu xiyarı öncə burnunuza tutub iyləyin, sonra yeyin. Bunun qaydası belədir. O ki qaldı bizə... birinci sağlıq özümüzün sağlığı idi. Ağzımız nədir ki, şahənşahın sağlığına sonacan içməyək? – deyib Meyxoş badələri yenidən doldurdu, – Şahənşahım, sizin sağlığınıza. Ceyran südü gedən yerə heç vaxt qada-bala getməsin. O gün olsun ki, sahib olduğunuz şahlıqların sayını itirib, adlarını yadınızdan çıxarasınız. Biz də şahənşahlığın şairləri olmaqdan həmişə qürur duyaq.

– Bəh-bəh-bəh. Nə gözəl dedin, Meyxoş. Yaxşı ki, məmləkətdə şahənşahlığın mahiyyətini düzgün başa düşən, qiymətləndirməyi bacaran sizin kimi insanlar var. Söylədiyin sağlığa, – deyib şahənşah badəni toqquşdurub başına çəkdi. Rəngi qızardı. Əlini yenə də duzlu xiyara apara bilmədi. Başının ortasından bir damla tər üzü aşağı süzülərək alnının ortasıyla burnunun ucuna, ordan da sinəsinə damcıladı. Gözləri tam açıldı, – Meyxoş, ceyran südünü başa düşdüm, bəs niyə ancaq duzlu xiyarı mənə uzadırsan? Süfrədə başqa təamlar da var axı?

– Şahənşahım, bu ceyran südünü içəndə bədəndə olan duzları qovmağa başlayır. Ona görə duzlu bir şey yeməlisən ki, əvəz-əvəz olsun.

– Əhsən bunu fikirləşənə. Yaman tərlədim amma.

– Soyuqdəyməniz çıxır, şahənşahım.

– Süz, Meyxoş, süz.

– Şahənşahım, bəlkə bir az yeyəsiniz.

– Niyə?

– Təsiri pis ola bilər.

– Əladır təsiri, Meyxoş. O qədər əladır ki, sizin üç qızıllıq aylıq ənamınız dönüb beş qızıl oldu.

Bunu eşidən şairlərin kefi kökəldi. Meyxoş başqa şairlərə imkan verməyib sağlığa başladı.

– Şahənşahımızdan bir dənədir. Mən bir tamada kimi sağlıq demək istəyirəm. Demək istəyirəm ki, Allah hamıya şahənşah ənamı qismət eləsin. Çox insanlarla oturub-dururuq. İçərilərində varlılar da var, ortabablar da... Amma hamısı təmənnalıdır. Sonuncu dəfə saraydan çıxandan sonra bilirsinizmi nə qədər qonaqlığa çağıranımız var? Getmirik. Bilirik ki, nəsə xahişləri olacaq. Əvvəllər niyə dəvət etmirdilər? Amma indi dalımızca adam göndərirlər. Niyə getmirik? Çünki şahımız bizə aylıq kəsib. İstədiyimiz vaxt istənilən yerdə oturub yeyib-içə bilirik. Hörmətimiz də birə-beş artıb şahənşahımız bizə “dost” deyəndən. Bu aylığı biz nuşicanlıqla yeyirik. Bilirik ki, şahənşah bizdən nəsə ummur. Şah hökm edər. Biz də rəiyyəti kimi ona tabe olarıq. Amma mən və dostlarım keçən aylar ərzində bir dəfə də eşitmədik ki, verilən pulun əvəzində bizdən nəsə istəsin şahənşahımız. Təmənnasızlığın şərəfinə. Bu məmləkətdə yeganə təmənnasız insan olan şahlar şahı Göyverən şahənşahın sağlığına. Onu bizə bəxş edənə qurban, – deyib Meyxoş badəsini şahənşahın badəsinə toqquşdurub başına çəkdi.

Göyverən də badəni sonacan içdi. Gözləri xumarlandı. Belini divara söykədi. Güclə sezilən fısıltı səsi gəlməyə başladı.

 

***

 

Səhərdir. Şahənşah taxtında məsti-xumardır. Bu an baş vəzir Qüdrət və baş sərdar Abbas başılovlu içəri girirlər. Şahənşah diksinir.

– Nə olub, Qüdrət? Nə baş verib?

– Heç bilmirəm necə deyim. Hələ tam aydınlaşdıra bilməmişəm.

– De, Qüdrət!

– Ərdan şahlığı tərəfdən təqribən on min üzü qara niqablı, dişinəcən silahlanmış əsgər sərhədi keçərək üzü paytaxta doğru gəlir. Nə edək, şahənşahım? Bir tədbir tökün.

Şah təlaşlanmadan taxtına yayxandı.

– Qüdrət, nə etməlisən ki? Tez qala qapılarını bağla. Abbas qoşunu hazırlasın. Camaatı səfərbər et. Bunu da mən deməliyəm sənə? Get! Abbas, sən isə qal!

Baş vəzir “başüstə, şahənşahım” deyib otaqdan çıxır. Şahənşah Abbası yanına çağırıb, qulağına nəsə pıçıldayır. O, “aydındır, şahənşahım” deyib otağı tərk edir.

Şahənşah fikrə gedir: deməli, Aslan qayıdır. Belə görürəm ki, itkisi olmayıb. Halal olsun ona. Elə edib ki, paytaxta xəbər başqa cürə çatıb. Qüdrəti yoxlamaq məqamıdır. İndi görüm o nə edəcək?

Bir az keçir. Baş vəzir yenə başılovlu qayıdır:

– Şahənşahım. Vəziyyət pisdir. Qoşun, mühafiz və fərraşlar hamısı qala divarlarındakı mazğallardadır. Amma əhali silaha sarılmaqdan imtina edir.

– Niyə?

– Qorxuram deməyə, şahənşahım.

– De!

– Deyirlər ki, elə əcəb oldu Göyverən Şaha. Qurban olarıq düşmənin qədəmlərinə. Gəlib Göyverəni taxtdan süpürüb atsaydılar canımız qurtarardı, ürəyimizdən tikan çıxardı. Qala qapılarını düşmənin üzünə elə özümüz açacağıq. Əllərinə də gül alıb hazır dayanıblar. Bu üsyan sayılır, şahənşahım.

– Eybi yox. Qoy üsyan eləsinlər.

– Nə edək, şahənşahım?

– Heç nə. Nə etməliyiksə onu? Gedək qalanın mazğalından döyüşə başçılıq edək.

– Getməyin, şahənşahım. Təhlükəlidir. Saray mühafizlərinin əksəriyyəti qala divarlarındadır.

– Nə olsun ki? Onlarla birlikdə ölərik. Şəhidlik zirvəsinə ucalmaq hər insana qismət olmur.

– Şahənşahım, sizinlə birlikdə şəhid olmaq xoşbəxtlikdir. Amma camaat sarayı mühasirəyə alıb. İmkan verməyəcəklər çıxaq.

– Ağciyər olma! Gedək!

Şahənşah Göyverənlə baş vəzir Qüdrət sarayın qapılarından kənara çıxmaqlarını görürlər. Camaat onları qamarlayıb əl-qollarını bağlayır, ağızlarına dəsmal soxurlar. Tabut kimi çiyinlərinə alıb, meydana tərəf aparırlar. Qətlgah qurulan kürsünün üstünə qaldırıb diz üstə çökdürürlər. Qadın və uşaqlar kürsünü əhatə edib dövrə qururlar. Kişilər isə qala qapılarına üz tuturlar. Qara niqablılar paytaxta yaxınlaşırdılar. Baş sərdar Abbas əsgərləri döyüşə hazır vəziyyətə gətirir. Bu zaman camaat qala qapılarını qoruyan əsgərlərə hücum çəkib, tərk-silah edirlər. Qapıları taybatay açırlar. Ordu paytaxta girir. Camaat əllərindəki gülləri qaraniqablıların başına səpməyə başlayırlar. “Xilaskarlar, xilaskarlar, meydana gedək. Şahla baş vəziri sizə qətlgahda təslim edəcəyik” sədaları ətrafı bürüyür. Qoşun qətlgahın ətrafında dövrə vurub bütün meydanı tutur. Camaat məcbur olub ətraf küçə və dalanlara çəkilirlər. Aslan atından düşüb üzündəki qara niqabı açaraq kürsüyə qalxır. Şahənşah Göyverənin, baş vəzirin əl-qolunu açıb, ayağa qaldırır. Təzim edir.

– Şahənşahım, hökmünüz yerinə yetirildi. Ərdan şahlığı təbəəliyi qəbul etdi, – deyib Ərdan Şahın qılıncını Şahənşah Göyverənə təqdim edir. O da qılıncı başı üstünə qaldırıb:

– Ey şahzadə Göyverənlər, halal olsun sizə. Bu gün paytaxt sizindir. Siz qalibsiniz. İstənilən evin, karvansarayın qapısını icazəsiz açıb, oranın qonağı ola bilərsiniz. Bayram edin, şənlənin. Səhər isə yenidən Göyverən valiliyinə qayıdın. Növbəti səfəriniz Əllam şahlığı olacaq.

Şahzadələrin “Şahənşah Göyverən”, “Şahənşah Göyverən” sədaları altında hökmdar kürsüdən düşür və saraya qayıdır.

 

***

 

Saray. Baş vəzir və baş mühafiz şahənşahın hüzurundadırlar. Qüdrət kövrəlib. Göz yaşlarını saxlaya bilmir.

– Gördün, Qüdrət? Bu da bizim xalqımız. Əl-qolumuzu, ağzımızı bağlayıb bizi düşmən saydıqlarına təhvil verdilər. Qala qapılarını onların üzünə taybatay açdılar. Mən isə üç gün bayram elan etmək istəyirdim bu xəyanətkarlar üçün. Bugündən vergiləri iki dəfə qaldırıram. Car çəkərsən meydanda.

– Başüstə, şahənşahım. Amma ağlınıza heyranam. Heç duyuq da düşməmişdim ki, məmləkətdə bu cür hadisələr cərəyan edir.

– Baş vəzir, Göyverən valiliyi yeganə yerdir ki, orda nə vali var, nə də fərraş. Amma sınağımdan üzüağ çıxdın. Var ol!

Baş vəzir gedir. Şahənşah Aslanla tək qalır.

– Danış, Aslan. Necə oldu?

– Şahənşahım, mən inanmazdım ki, şahzadə Göyverənlər bu qədər hazırlıqlı olarlar. Ömrümdə belə ordu görməmişdim.

– Qarşılarına çıxanı məhv edirdilər, eləmi?

– Bu öz yerində, şahənşahım. Amma bunlar qoşunun canına canavar kimi daraşırdılar. Qarşılarına çıxan istənilən silahlı onların niqablı sifətini görcək, qorxusundan qılıncını atıb qaçırdı. Bunlar da onlara çatıb...

Aslan susdu. Arxasını gətirmədi.

– Danış, Aslan. Nə edirdilər?

– Arxasını deyə bilmərəm, şahənşahım.

– Yəni bu qədər dəhşətli mənzərədir?

– Bəli, şahım. İnsan olan şəxs belə vəhşilik edə bilməz. Mən bunu öyrətməmişdim onlara. Zəncirini qıran itə bənzəyirdilər.

– Xub, xub. Səhər hamısını yığıb qaytararsan yerinə. Ertəsi gün isə hücum edərsən Əllam şahlığına. Qəniməti neylədin?

– Siz deyən kimi. Hamısını yatızdırdım Göyverən valiliyinin xəzinəsinə. Əsirlər üçün də ayrıca yer ayırdım.

– Nə əsir? Mən demişdim ki, əsirləri qətlə yetirsinlər.

– Şahım, qulaq asmadılar mənə. Dedilər ki, qənimət bizi maraqlandırmır. Qalada qalan şahzadələrə söz vermişik ki, onlar üçün qənimət olaraq kişi əsirlər gətirəcəyik. Beziblər bütləri nizələməkdən, yalançı başları kəsməkdən.

– Xub, xub. Amma nəzarət elə ki, hamısını öldürsünlər. Birdən gözdən yayınanı olar. Qayıdandan sonra ibadətgahın tikintisini başa çatdır. Yaman yubanır.

– Başüstə, şahənşahım.

Şahənşah Göyverən daha heç nə demədi. Aslana əliylə get işarəsi verdi.

 

***

 

Axşam düşür. Qara geyimli atlı qaladan çıxıb karvan yoluna dönür. Uzun yolçuluqdan sonra xaraba karvansaraya çatır. İtlər onu hürə-hürə qarşılayıb komaya qədər ötürürlər. Çapar atından düşüb diz çökür. Qoca onu ayağa qaldırıb qucaqlayır:

– Xoş gəlmisən, bala. Həmişə sən gələsən.

 

***

 

Səhərdir. Baş vəzir şahənşahın hüzurundadır.

– Nə olub, Qüdrət?

– Hər şey qaydasındadır, şahənşahım. Şahzadə Göyverənlər Aslanın başçılığı ilə paytaxtı tərk elədilər. Camaata vergiylə bağlı xəbəri çatdırdım. Cınqırlarını da çıxarmadılar. Sanki dünən qışqırıb kükrəyən onlar deyildi.

– Xub, xub.

– Əllam Şah təşrif buyurub. Sizi görmək istəyir.

– Nə tez xəbər çatıb ona?

– Pis xəbər tez yayılır. Həm də ki, Adı Əllamdır – hər şeydən xəbərdar.

– Qoy gözləsin. Sabah danışarıq.

– Əmr edərsiniz, şahənşahım.

 

***

 

Divan. Şair Meyxoş baş vəzirin hüzurundadır.

– Xoş gəlmisən, Meyxoş. Nə olub, niyə əsəbisən?

– Baş vəzirim, bu şair Cəbbarı tanıyırsan da... yığıb bizi boğaza. Camaatın içində hədyanlar danışır.

– Nə deyir?

– Buyur oxu.

Baş vəzir şairin ona uzatdığı tumarı açıb oxuyur: “Varlılar məhləsində bir evin küçəyə açılan pəncərəsindən boylanan əyanın qəzəbli çığırtısı bayaqdan bəri zibillikdə eşələnib, aramsız ulayan köpəyin səsini anındaca kəsdi.

– Ay it, qanacağın olsun. Qoymazsan bir çimir alaq, yuxumuzu yataq? Allah sənə insaf versin, nooolar axı...

Meyxoş köpək bulanıq gözləri ilə yuxarıları seyr elədi, açıq pəncərədən baxan əyanı gördü və başını aramla aşağı-yuxarı yellədi. Yəni ki, “anladım, ağsaqqal, daha hürmərəm”.

Pəncərə örtüldü və Meyxoş köpək sədaqətli boz qancığını yanına çağırdı.

– Görürsən də... məndən qanacaq umurlar. Daha bilmirlər ki, qanacağım, mərifətim olsaydı indi hansısa varlının həyətində şellənirdim. Qanacaq deyəndə ki, ay arvad, gərək felin-fəndin olsun, quyruq bulamağı bacarasan. İndi bacarmamışam, vurun öldürün məni. Fərsiz olduğumdan indi varlılar məhləsində səninlə bir yerdə aşağı-yuxarı sülənirik ki, görən hansı pəncərədən sür-sümük tolamazlayacaqlar ki, biz də ac qalmayaq. Bu varlı məhləsinin sakinləri də qəribə adamlardı. Yayda əllərindəki daş parçasını, qışda isə çomaqlarını az qala gözümüzə soxurlar. Soruşan lazımdır ki, balam, sizə neyləmişik? Yayda araba altında xudmani kölgələnirik, soyuq havalarda isə başımızı soxmağa isti yer tapmırıq. Ac-yalavac itlərə nə əkmisiniz ki, biçə bilimirsiniz? Əyanlar heç vaxt yaddan çıxarmamalıdır ki, Yaradanın sevimli məxluquyuq və bizə adamların lap süfrəsinin qırağında, evinin qənşərində görünmək, şöngümək, bir tikə çörəkdən, sür-sümükdən dadmaq icazəsi verilib uca göylərdən. Başqa hansı heyvanı, həşəratı insan öz evinə, həyətinə buraxar? Heç birini. Bizik, bir də pişiklər. Atlar da öz yerində. Sədaqətdən, etibardan söz düşəndə atlarla biz itlərin adı həmişə birinci çəkilir. Adamları hər cür təhlükədən, lap ayıdan, canavardan da qoruyuruq. Qışın şaxtasında, yayın qızmarında qulluqlarındayıq. Eşitdiyimə görə Allah çörəyi də birinci biz itlərə göndərib. Düzdür, bizim içərimizdə naşükürləri, xəyanətkarları, oğruları tapmaq olar. Amma bütövlükdə itlər insanların yaxın dostu sayılır.

Boz qancıq sevgilisinin sözlərini təsdiqləmək üçün iri başını xeyli yellədi.

– Düzdür, əzizim, qohum-əqrabamızdan bəziləri şirin dillərinə salıb, qəssabxanaların, kababxanaların yan-yörəsində girələnirlər. Tanış-biliş də var ki, mülkləri, bağları qoruyur. Bizdə isə Allah göstərməsin, birinə lap xoş niyyətlə dişini ağardıb gülsən, yerdən daş götürüb başını yaracaq, çomaqla ayaqlarını qıracaq. Hələ gəbərtməyi demirəm. Soruşan lazımdır ki, sizə nə pisliyimiz keçib? Yemək vermirsinizsə, imkan verin özümüz aşıb-daşan zibilliyinizdən görək axtarıb nə tapırıq da...

Meyxoş köpək pəncəsini qaldırıb diqqətlə onlara qulaq asan balalarının çirkli başlarını bircə-bircə sığallayıb köksünü ötürdü.

– Bu küçükləri böyütmək üçün nə qədər əziyyət çəkirik, tənələri, tənbehləri qəbul edirik. İndi gecədir, bekarçılıqdır, bir ağız çaşıb hürdüm də, nə olsun? Bu adamlar hələ haqqımızda lətifələr də düzəldirlər. Deyir ki, itdən soruşurlar, ay it niyə hürürsən? Cavab verir ki, qorxuzuram. Bəs niyə quyruğunu bulayırsan sualına da guya itin cavabı bu olur ki, həm də qorxuram axı... Bəli, qorxuruq. Vururlar, şikəst edirlər. Hələ bir məsəllər də düzəldirlər – itlə dostluq elə, çomağı yerə qoyma. Amma başqa bir söz də var – it insanın sadiq dostudur. İndi hansına inanaq? Bir qəti fikriniz olsun da... Görün hələ nə deyirlər – it itin ayağını basdalamaz, flankəs it günündədir. Bəli basdalamarıq, özümüz özümüzü qorumasaq bizi kim qoruyacaq bəs? Sizsiniz bir-birinizi tapdalayan, sürüyən, canını alan, biz yox. Sonra, elə gəzin-dolanın ki, it gününə düşməyin də. Ağlınız, başınız var, bizim kimi çöl quşu, səhra daşı deyilsiniz ki... Savadınız, işiniz, pulunuz-paranız, ətiniz-yağınız...

Qancıq “ət” sözünü eşitcək ayağa qalxıb yaxşıca gərnəşdi, sonra silkələndi.

– Deyirəm, ay Meyxoş, görəsən bir də möhkəmnən hürsən bayaq söyən varlı kişi bizə sür-sümük atmaz ki? Atanda nə olar ey, onsuz da evlərdən hər gün atılan əşyaların, artıq-urtuğun sayı-hesabı yoxdur. Biri də olsun bizə atılan sür-sümük. Allahı çağırıb bir ağız ulamaq keçirmi könlündən?

Meyxoş it bir ağız da hürdü. Səsə varlı kişi yox, Şahənşah Göyverən çıxdı. Ona və zibillikdə eşələnən altı dostuna ilikli sümüklər atdı”.

– Buna görə əsəbləşmisən, Meyxoş? Əksinə, sevinməlisən. Bu sənə paxıllıq edir. Ona qızıl çatmayıb. Ona görə hürür. Aylıq bir yana – şahənşahımız sənin xətrini çox istəyir, mənim hüzuruma istədiyin vaxt gələ bilirsən. Bütün bunlar şair Cəbbarın heç xəyalından da keçə bilməz. Belə şeylərə fikir vermə. Get, şeirini yaz, kefini elə. Ona baş qoşsaq, şərəfləndirmiş olarıq. Necə deyərlər, it hürər, karvan keçər.

 

***

 

Ertəsi gün. Əllam Şah şahənşahın hüzurunda dayanıb.

– Nə istəyirsən, Əllam?

– Şahənşahım, – deyib Əllam şah susur.

– Soruşuram ki, niyə gəlmisən, Əllam?

– Şahənşahım, – deyib Əllam şah yenə sözünün arxasını gətirmir.

– Ay Əllam, mənim səbrimi sınağa çəkmə. Vallahi, – deyib Göyverən ayağa durub qılıncını qınından sıyırdı. Əllam Şah diz çöküb başını irəli verdi.

– “Şahənşahım” deyə müraciət etdim sizə. Bununla təbəəniz olduğumu izhar etdim. Başqa deyiləcək sözüm yoxdur.

Şahənşah Göyverən qılıncını qınına saldı. Taxtına əyləşdi.

– Bir şeyi anlat mənə. Bildiyim qədər güclü şahlardan sayılırsan. Sadəcə adını meydanda çəkməklə niyə tez çatdırdın özünü?

– Şahənşahım, mən xalqıma görə diz çökərəm, təbəəliyi qəbul edərəm, təki namus-qeyrət əldən getməsin.

– Nə? Mən nə vaxt binamusluq, biqeyrətlik etmişəm ki? Müharibə etmişəm, torpaqlar zəbt etmişəm, baş kəsmişəm, qənimət götürmüşəm. Buna binamusluq, biqeyrətlik deyirsən? Bu nə cəsarət?

– Şahənşahım, qaraniqablıların Ərdan şahlığında etdikləri bizə də gəlib çatdı. Ərdan Şah dözdü, amma mən dözə bilmərəm onların elədiklərinə. Qıymayın bizə.

– Açıq danış, Əllam!

– Şahənşahım, sizin qaraniqablılar kişiləri əvvəlcə tərksilah ediblər. Döyüş bitdikdən sonra isə... – Əllam Şah susdu. Gözünü şahənşahın gözünə dikdi.

– Sonra, Əllam, sonra! Sözünü sona yetir!

– Sonra isə dombaldaraq, it kimi arxadan... şəhvətlərini söndürəndən sonra isə qətlə yetiriblər. Öldürmədiklərini isə əsir kimi aparıblar Göyverən qalasına. Şahənşah Göyverən, yalvarıram, bunu qıymayın bizə.

– Qadınlarla, uşaqlarla işləri olubmu?

– Xeyr.

Əllam Şah daha heç nə danışmadı. Susub başını aşağı saldı. Şahənşah Göyverən:

– Əllam, çıx get şahlığına. Allah necə məsləhət bilirsə, elə də olacaq.

– Bizim Allahımız sizsiniz, şahənşahım. Yalvarıram, qıymayın bizə. Qoşun göndərib qırdırın, yağmalayın. Amma o qaraniqablılar mənim torpağıma ayaq basmasınlar.

– Get, Əllam, get. Şahzadə Göyverənlər artıq məmləkətindədirlər. Təbəəliyini burda yox, şahlığının baş meydanında car çək.

Əllam Şah ayağa durdu. Otağı tərk etdi. Şahənşah fikrə getdi: deməli, Göyverən şahzadələr Ərdan şahlığında belə “vuruşublarmış”. Gözəl, gözəl. Belə də gözləyirdim. Qalaya zənən xeylağı buraxmamağımın sonu belə də olmalıydı. Əvvəl bir-birilərini, sonra isə... Bəs bunun sonu pis qurtarmazmı? Əsla! Göyverən şahzadələr bu yolla bütün cahanı zəbt edəcəklər. Çünki onları bir qayə birləşdirir. Hamını göyvərən görməkdir arzuları. Dünyada bir şahənşahlıq olacaq. O da Göyverən şahənşahlığı. Dünyada bir xalq olacaq. O da Göyverən xalqı. Bu cahanda hər şey mənim adımla çağrılmalıdır.

– Eşikağası!

Eşikağası hövlnak özünü içəri salır.

– Bəli, şahənşahım.

– Baş vəzir Qüdrəti çağır!

– Başüstə, şahənşahım.

Çox keçmir baş vəzir gəlir.

– Qüdrət, Aslandan nə xəbər?

– Hələ ki, xəbər yoxdur, şahənşahım.

– Vəzir, bu Əllam Şah heç xoşuma gəlmədi.

– Hər şey yaxşı olar, şahənşahım. Pis olub nə edəcək ki?

– Nəqqaşlar işləyirmi?

– Bəli, şahənşahım. İncə iş olduğundan çox vaxt aparır. Amma gözəl fikirləşmisiniz. Təkcə göyverən pullarıyla varidatınız ikiqat artacaq.

– İkiqat? – deyə şahənşah taxtında dikəldi, – Mən bir qızıla beş dəmir göyverən nəzərdə tutmuşdum.

– Siz nə danışırsınız, şahənşahım? Siz onu Həqq dövlətinin şahı olarkən nəzərdə tutmuşdunuz yəqin. İndi isə məmləkətin adı Göyverən şahənşahlığıdır. Siz isə Şahənşah Göyverən. Təkcə adına görə bir dəmir göyverən bir qızıldan qiymətlidir.

– Vergilər necə, yığılırmı?

– Şahənşahım, vergini təzəcə qaldırmışıq. Hələ ki, çətinlik yoxdur.

– Xalq nə edir?

– Səsləri çıxmır. Elədiklərinə peşman olublar yəqin.

– Amma layiqli cəzalarını hələ almayıblar. Şahənşaha, onun baş vəzirinə üsyan qaldırmağın bədəlini artıqlamasıyla ödəməlidirlər. Görəcəksən, vaxt gələcək, döyüşə getmək üçün gəlib sarayın qapısında sıraya düzüləcəklər. Hələlik isə sabah hamını meydana yığ. Çoxlu dar ağacları qur.

– Başüstə, şahənşahım. Bəs cəllad?

– Cəllada ehtiyac yoxdur.

 

***

 

Ertəsi gün. Paytaxt meydanı. Ortada dar ağacları qurulub. Şahənşah Göyverən ağ atın belində meydana gəlir. Atdan düşüb kürsünün üstünə qalxır. Baş vəzir Qüdrət gəlib arxasında dayanır. Mühafizlər iki dövrə vurub ətdən çəpər çəkiblər. Fərraşlar isə camaatın içindədirlər.

– Ay cəmaət! Bu gün qətl günüdür. Amma gördüyünüz kimi nə əli-qolu qandallı qatillər gözə dəyir, nə hakim, nə də cəllad. Mən məmləkətdə ölüm hökmünü sabah axşamdan ləğv edirəm. Mənim şahənşahlığımda heç kim hökmlə cəhənnəmə vasil olmayacaq. Amma bu o demək deyil ki, cəzasızlıq hökm sürəcək. Əsla. Amma bir cinayət baş verib və cəzasız qalıb. Ona görə də o cinayətkarların cəzalanmasını mən sizin öhdənizə buraxıram. Özünüz çox yaxşı bilirsiniz ki, şah Allahın yerdəki kölgəsidir. Ona qarşı çıxmaq Allaha üsyan etmək kimi qiymətləndirilir. Bunun cəzası fani dünyada edam, Haqq dünyasında isə cəhənnəm əzabıdır. Zatıqırıqlar şahzadə Göyverənləri düşmən bilib fürsətdən yararlandılar. Mənim və baş vəzirin əl-qolunu bağlayıb meydana gətirdilər. Vuruşmaq, silaha sarılmaq əvəzinə, əsgərləri tərksilah etdilər. Qala qapılarını açıb düşmən zənn etdikləri qaraniqablıları təxtgaha buraxdılar. Öz aləmlərində məni düşmənə təslim etdilər. Düzdür, mən onları bağışladım. Çünki mən rəhmli şahənşaham. Öz xalqımı çox sevirəm. Həmin yüz-iki yüz başıpozuğu, yolunu azmışı həbs elətdirib həmən boyunlarını vurdura da bilərdim. Ki, başqalarına dərs olsun. Etmədim. Əvəzində cəza olaraq vergiləri iki dəfə qaldırdım. Amma indi görürəm ki, onlara görə bütün xalq əziyyət çəkməməlidir. Buna görə də qərar çıxarmağı öz öhdənizə buraxıram. Əgər vergilərin əvvəlki məcraya qayıtmasını istəyirsinizsə, həmin adamları özünüz üzə çıxarın və bura gətirib dar ağacından asın. Həm hökm çıxarın, həm də ilgəyi həmin zatıqırıqların boğazına keçirib, ayağının altındakı kürsünü aşırdın. Yüz-iki yüz nəfərə görə hamı əziyyət çəkməməlidir. Dar ağacları sabaha qədər burda olacaq. Fərraşlar da asayişi qoruyacaqlar.

Meydana ölü sükut çökmüşdü. Şahənşah Göyverən sözünü bitirib kürsüdən düşdü. Atına minib mühafizlərin müşayiətiylə saraya doğru yol aldı.

 

***

 

Səhərdir. Şahənşah Göyverən taxtında oturub. Baş vəzir Qüdrət, baş hakim Fərman da burdadırlar.

– Deməli, heç kim dara çəkilməyib?

– Heç kim, şahənşahım, – deyə Qüdrət dilləndi.

– Nə olar. Gözləyək. Hələ axşamacan vaxtları var.

– Başüstə, şahənşahım.

– Aslandan nə xəbər?

– Hələ bir xəbər yoxdur.

– Baş hakim Fərman, nəsə sözün var?

– Bəli, şahənşahım. Ölüm hökmü çıxarılanları nə edim?

– Ölüm hökmünü ləğv etdim etməyinə. Amma hökm çıxarılanlara dəxli yoxdur. Gələcəyinə isə... canilərlə adi oğrunun cəzasını bir eləmək, sonra da azadlığa buraxmaq olmaz. Belələrinin yeməyinə zəhər qat. Ya da xəlvət yer olanda fərraşlar belələrini həbs etməsinlər, elə yerindəcə qətlə yetirsinlər. Müxtəlif adlarla: qaçmaq istəyirdi, əl qaldırdı və sairə, ilaxır.

– Gözəl qərardır, şahənşahım. Bəs cəllad?

– Cəllad qalsın. O yalnız mənə tabe olacaq.

– Başüstə, şahənşahım. Sözünüz qanundur, – deyə baş hakim Fərman təzim etdi.

Axşam düşüb. Yenə şahənşahın otağı.

– Şahənşahım, camaat heç kimi asmadı, – deyə baş vəzir peşman-peşman şahənşaha ərz etdi.

– Xub, xub. Deməli, asmadılar. Şahənşahlarına qarşı üsyan qaldıranları ələ vermək istəmədilər. Yerdəki Allahlarının yolunda qurban kəsməkdən boyun qaçırdılar. Qoy olsun.

– Şahım, fərraşlar hamısını tanıyır. Barmağınızın bir işarəsi yetər ki, gecə yataqlarındaca başlarını kəsək.

– Yox, Qüdrət! Tələsmə! Hər şey öz yerini tapacaq yavaş-yavaş. Sadəcə, zamana ehtiyac var.

– Dar ağaclarını neyləyim?

– Yandır hamısını! Qüdrət, Aslandan nigaranam yaman. Görəsən harda qaldı? Çapar göndər Əllam şahlığına.

– Başüstə, şahənşahım.

– Yox. Yaxşısı budur özün get. Yəqin nəsə baş verib. Keçən dəfə tez qayıtmışdı.

– Başüstə. Sübh tezdən çıxaram yola.

Qaranlıq düşüb. Şahənşah Göyverən eyvandan paytaxtı seyr edir. Fikrə gedir: nə dəyişib ki? Heç nə. Həmin şəhər, həmin adamlar. Deyirlər-gülürlər. Hərə öz kefindədir. Varlısı varlı, kasıbı da kasıb kimi. Sanki məmləkətdə baş verənlərin bunlara heç bir dəxli yoxdur. Vergiləri iki dəfə qaldırmağım da veclərinə deyil. Eh! Vaxt var idi mən bunların məhəbbətini qazanmaq istəyirdim. Amma nifrətləri günü-gündən artdı. İndi də qənimət yığmaq, ali xalq olmaq, əzmək hüququ verirəm. İstəmirlər. Ölüm hökmünü ləğv etdim, sevinmirlər. Sevinmirlər, yoxsa mənim sözümə, ədalətimə inanmırlar? Bəlkə başqa hüquqlar verim? Yəni ki, qadağaları götürüm. Car çəkim ki, bəs kim istəsə şərab içə bilər. Kim istəyir hoqqa çəksin. Gizli yox, lap aşkarca. Kim istəsə zina edə bilər – məhəbbət, sevgi azaddır Göyverən şahənşahlığında. Hazırdırmı camaat buna? Qəbul edəcəklərmi mənim bu bəxşişimi? Lap qəbul etsinlər... onda da əyanlar əleyhimə qalxacaq. Yenə özümü cəncələ salacağam. Axı Şahənşah Göyverən, sənin nəyinə lazımdır elə həlləm-qəlləm işlər? Nə etmək istəyirsən axı? İtbaşı da nə qədər məsləhət verir, amma yenə öz bildiyimi edirəm. Amma yox. Şahənşahlıq söhbətini o saldı. Deməyinə o dedi. Amma demədi ki, on günə üç şahlığı viran elə. Dedi elə et ki, varislərinə şahənşahlıq miras buraxıb gedəsən. Yəni ölənə qədər vaxtın var. Bəs niyə tələsirəm? Belə gənc öləcəyəmmi ki, tələsirəm? Yoxsa, özüməbənzər şahzadə Göyverənlərdən güc aldım? Güc almadım... bəlkə də köhnə dərdim yenidən yadıma düşdü. Bəlkə paytaxtı köçürüm Göyverən valiliyinə? Özüm kimi göyverənlərin arasında yaşayım. Onları məndən, məni onlardan yaxşı anlayan başqa bir kimsə varmı bu məmləkətdə? Amma yox. Mən fitrətən göyvərən deyiləm. Məni zorən göyvərən ediblər. Yaxşı... axı, bu şahzadə Göyverənlər də heç fitrətən göyvərən deyildilər. Binəva yetimlər idi. Mən onlara arxa durdum, himayə etdim. Belə çıxır ki, göyvərənin himayə etdiyi sonda elə göyvərən də olmalıymış? Belə çıxır ki, göyvərənin lap əzdiyi də göyvərənə çevrilməlidir? Bir də, nə fitrətən, fitrətən salmışam e... Kim anasının qarnında göyvərənə çevrilib ki? Yox. Uzaq qovmalıyam bu fikirləri özümdən. Mən kişiyəm. Mənim hərəmlərim var. Artıq biri hamilədir də... Bəs onda Karineylə niyə maraqlanmıram? Hərəmxanaya niyə getmirəm? Belə çıxır ki, bir atımlıq barıtım varmış? Qurtardı getdi? Bəs şairlər? Bər-bəzəkli karetalar, səyahət xəyalları? Axı bunların hamısına həvəsliydim mən. Nə oldu birdən-birə yox oldu? Yox. Qüdrətdir təqsirkar. O, paytaxta qayıdandan sonra baş verdi bütün əhvalatlar. Əvvəl yeganə düşmənim Qurban idi. Belə çıxır ki, indi də Qüdrətdir? Vurum boynunu canım qurtarsın? Onda belə çıxmazmı ki, məni idarə edən Qüdrət imiş? Bəs öz ağlım hanı? Həm də Qüdrət öz sədaqətini sübut etdi. Məni meydanda tək buraxmadı. Mənimlə birlikdə xalqa əsir düşdü. Əvvəlcədən bunu bilə-bilə, məni xəbərdar edə-edə. Demişəm xəzinəni doldur, o isə aşdırıb-daşdırır. Bəs niyə onda günah axtarıram? Hər şeyi üstünə atmışdım. Niyə birdən-birə yenidən hər şeyi öz əlimə aldım? Niyə xalqın qanına susadım? Bu xalq axı mənə nə edib? Mənim kimi göyvərən deyil, bəlkə ona görə? Lap yaxşı... deyil-deyil də... Mən özüm yenidən elə olmaq istəyirəmmi ki, onlara da bunu arzulayım? Əsla. Şahənşahlıq yoluna Qüdrətlə başladım. Birincisi uğurlu alındı. Bəs sonrakı fikirlərimi niyə gizlətdim? Baş sərdar Abbas da qalıb kənarda. Aslan başçılıq edir şahzadə Göyverənlər ordusuna. Birdən Aslanı öldürdülər? Onda kimə güvənəcəyəm? Əhalini cəngə Qüdrət çağıra bilməzdimi? Bilərdi. Bu onun vəzifəsidir. Döyüşə Qüdrət başçılıq etməməlidirmi? Etməlidir. Bəs onda niyə əvvəlki halıma qayıdıram? Mən axı büt idim. Yolumda qurban kəsən yoxdur? Bəlkə ona görə qeyzlənmişəm? Qan istəyirəm ki, sakitləşim. Kimin qanını? Öz rəiyyətimin qanını? Lap tutaq ki, iki yüz üsyançını xalq meydanda asaydı. Nə dəyişəcəkdi? Yox. Artıq mən dəli oluram. Mən kimlərinsə idarə etdiyi idarəolunmaz dəliyə çevrilirəm. Bəlkə Şahgülünün bir vaxt verdiyi məsləhətlərə qulaq asım? Məncə, lap vaxtıdır. Düz deyirdi: mən şaham. Səhv qərar verərəmsə bu, fəlakətə çevrilə bilər. Ona görə hoqqadan iki qullab vurub yatağıma uzanmalıyam ki, beynim dincəlsin.

– Eşikağası!

– Bəli, şahənşahım.

– Baş hakim Fərmanı çağır bura.

– Başüstə, şahənşahım.

Bir az keçmiş Fərman gəlir.

– Əmrinizə müntəzirəm, şahənşahım.

– Fərman, əmr edirəm. Hərəmxananı hoqqayla təmin et.

– Əmr quluyam, şahənşahım.

 

***

 

Hərəmxana. Şah taxtda mütəkkəyə dirsəklənib. Qarşısında hoqqa – qəlyan tüstülənir.

– Şahənşahımız bizi saymır, – deyə hərəmlərdən biri Göyverənə naz satdı.

– Saymasaydım hərəmxanaya gələrdimmi? – deyə Göyverən təəccüblə soruşdu.

– Səhərdən burcuda-burcuda göbək rəqsi oynayırıq. Şahənşahımız heç gözünün ucuyla da baxmır biz tərəfə.

– Adın nədir, hərəm?

– Yanina.

– Nə qəribə addır?

– Qədim yəhudi adıdır. “Allah tərəfindən verilən mərhəmət”dir mənası.

– Onda adaşıq ki... mən də Ulu Göyün, Allahın bəxşişiyəm, sən də...

– Deməli, belə çıxır ki, bu gün şahənşahın yatağına mən gedəcəyəm?

– Hoqqa imkan versə, hə.

– Mən olan yerdə şahənşahımın tiryəkə nə ehtiyacı? Şahənşahımı hamamda elə kisələyərəm, elə ovxalayaram ki, ruhu bədənindən çıxar.

Şahənşah əlini əlinə vurdu. Hərəmlər onun qabağında düzlənməyə macal tapmamış, barmağıyla Yaninanı işarə verdi.

Hərəmxananın hamamı. Göyverən isti mərmərin üstündə uzanıb. Bir tərəfdən tiryəkin təsiri, o biri tərəfdən Yaninanın nəvazişləri onu hayıl-mayıl edib.

– Yanina, vallah, sən şir ürəyi yemisən. Karinedən qorxmursan? Qorxmursan ki, səni də Afranın yanına göndərər?

– Qorxmuram.

– Niyə?

– O məndən qorxsun, şahənşahım.

– Niyə?

– Çünki mən ondan ağıllıyam.

– Yəni ki, qısqanc.

– Xeyr, şahənşahım. Qadınlar heç vaxt qısqanc olmurlar. Sadəcə, kişilərin hisləriylə oynamaq üçün özlərini qısqanc göstərirlər.

– Anlamadım.

– Şahənşahım, siz biləndə ki, o, Afranı sizi qısqandığına görə öldürüb... nə hiss keçirdiniz?

– Ləzzət elədi mənə.

– Fikirləşdiniz ki, hərəmlər mənim üstümdə ölüm-itim savaşına çıxıblar. Eləmi?

– Hə.

– Fikirləşdiniz ki, sarayda sizdən qüvvətli, sizdən yaraşıqlı, sizdən cüssəli kişi yoxdur.

– Elə deyil ki?

– Şahənşahım, axı hərəmxanaya sizdən başqa hansı kişinin girməyə ixtiyarı var ki, hələ bir müqayisə də edək? Sizdən başqa kişi görmüşük ki? Bu sadəcə qadın riyakarlığıdır. Sizə özünü bu cür göstərdi. Demək istədi ki, qırx hərəmdən ən çox sizi mən sevirəm. Qısqanclıqdan hətta rəqibimi də öldürə bilərəm. Vəssalam-şüttəmam. Əslində isə belə deyil.

– Yanina, sən necə, şahənşahının yolunda baş kəsərdinmi?

– Düşmənin başını kəsərdim, şahənşahım. Çünki o silahla üstünə gəlir. Sən öldürməsən, o öldürəcək. Məsum, on yeddi yaşlı, gözəl-göyçək hərəm olan Afranın yatdığı yerdə başını kəsmək sevgi, məhəbbət izharı yox, sadəcə vəhşilikdir. Mənə paxıl deməyin – Karine hərəmə yox, daha çox sarayın içinə salınmış casusa, sizin yatağınıza girən əfi ilana oxşayır. Əvvəl-axır sizi çala bilər. Zənən xeylağı bu qədər qəddar ola bilməz. Qadın yalnız balasını qoruyanda yırtıcı heyvana çevrilə bilər. Onda da gücü yalnız cırmaq atmağa çatar. Ya da bu Karine dəlidir. Dəlinin də yeri hərəmxana yox, dəlixanadır.

– Bax, son sözündən sonra dəqiq bildim ki, paxılsan. Hamilə Karineni saraydan uzaqlaşdırmaq istəyirsən. Qorxursan ki, hamınızdan qabaq oğlan doğar.

– Xeyr, şahənşahım. Sadəcə, sizi qorumaq üçün dedim. İstəməzdim ki, dediklərim əvvəl-axır düz çıxsın. Amma...

Şahənşah Göyverən gözlərini yumub fikrə getmişdi: bu da hərəmxana. İstədim dincələm. Hətta hoqqa da çəkdim. Sonu isə... Həqqi Şah düz edibmiş hərəmxananı ləğv etməkdə. Bundansa ürəyin istəyəndə saraya bakirəliyini satmaq istəyən fahişə gətirmək daha yaxşı olardı, nəinki hərəmxana saxlamaq. Bunlar dedi-qoduyla, qeybətlə məşğuldurlar. Axı nə etsinlər? Bütün günü dörd divarın arasındadırlar. Karinedən danışmasın, bəs kimdən danışsın? Kimə danışsın? Kimə paxıllıq etsin? Bir-birilərindən başqa kimi görürlər ki?

– Yanina, keçək yatağa. Daha bir kəlmə də danışma. Hərəmlər yalnız yataqda məsum və gözəl görünürlər.

 

(ARDI VAR)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu