Modern.az

Tovuzdan qayıdan jurnalistlərin CƏBHƏ QEYDLƏRİ: “İnformasiya müharibəsi məhz Qaraqaya ətrafında gedirdi”

Tovuzdan qayıdan jurnalistlərin CƏBHƏ QEYDLƏRİ: “İnformasiya müharibəsi məhz Qaraqaya ətrafında gedirdi”

Media

29 İyul 2020, 09:29

İyulun 12-16-sı aralığında düşmən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədərkən bir qrup media nümayəndəsi cəbhə bölgəsindən xəbərlər verirdi. Bu xəbərlər həm onların çalışdıqları KİV-lərdə, həm də sosial şəbəkələrdə tirajlanırdı... Söhbət təbii ki, dezinformasiya yayıcılarından deyil, obyektiv və operativ xəbər ötürən jurnalistlərdən gedir.

Modern.az saytı həmin jurnalistlərin döyüş günlərində olan cəbhə qeydlərini öyrənib.


Real TV-nin xüsusi müxbiri Kamil Eldaroğlu
deyir ki, Tovuz istiqamətində cəbhə bölgəsində olması onun ilk hərbi müxbirlik təcrübəsi oldu:


“İyulun 12-si günorta saatlarında Müdafiə Nazirliyi tərəfindən Tovuzda erməni təxribatı ilə bağlı xəbər yayıldı. Dərhal Real Televiziyası olaraq Tovuz rayonuna  ezam olunduq. Saat 8-9 arası artıq Tovuz rayonunun Ağdam kəndinin girişində idik. Hava qaralsa da, göy üzü erməni təxribatçılarının atəş açdığı iri çaplı silahların mərmisindən qırmızı rəngə boyanmışdı. Sərhəddə 30 ilin ən böyük erməni təxribatı yaşanırdı. Düşmən ordumuzun nəzarətində olan mövqelərimizi və dinc əhalinin yaşadığı sərhədə ən yaxın yaşayış məntəqələrini atəşə tuturdu. Təbii ki, düşmən təxribatı ordumuzun adekvat tədbirləri nəticəsində dərhal susudurulurdu.



İyulun 12-dən 18-dək qaynar nöqtədə müşahidələr apardıq. İlk dəfə idi bir jurnalist kimi döyüşlərin baş verdiyi nöqtədən canlı efirə bağlanır və reportajlar hazırlayaraq izləyicilərimizi sərhəddə yaşanan erməni təxribatı ilə bağlı məlumatlandırırdım. Bu müddət ərzində 39 dəfə canlı yayıma çıxdıq. Döyüş kənardan hər kəs üçün asan görünə bilər, amma reallıq tam fərqlidir. Düşmən təxribatının baş verdiyi ən qaynar nöqtələrdən o nöqtlər ki, düşmənlə aranda məsafə 300-500, bəzən isə 700-800 metr olur və sən bütün bunlara rəğmən canlı efirə bağlanıb baş verənləri izləyicilərə təqdim edirsən. Həyəcan, stress, əsəb gərginliyi təbii ki qaçılmazdır, amma həm də normaldır. Əgər sərhəddə bir təxribat varsa, mütləq orda bir cəbhə formalaşır,  əgər cəbhə varsa, orda mütləq döyüş gedir. Əgər döyüş varsa, orda mütləq informasiya da var. Bir sözlə, döyüşün cəbhəsi olduğu kimi, informasiyanın da cəbhəsi var və hər kəs öz cəbhəsində şərəfi ilə müharibə mübariz aparmalıdır. Əfsuslar olsun ki, erməni təxribatının baş verdiyi ən qaynar nöqtədə ən çox yaşadığımız çətinlik dezinformasiya ilə bağlı xəbərlər və bu dezinformasiyalarla mübarizə idi”.

 

Jurnalist qeydlərini sadalayarkən yaralı hərbçilərimizdən də danışıb:

 

“Tovuzda olduğumuz müddətdə düşmən təxribatı nəticəsində evləri dağılan ailələrdə olduq. O insanlar sadəcə möhtəşəmdilər. Onlar üçün ata-baba yurdunu tərk etmək ölümdən də betərdir. Kənd sakinlərinin gözlərində əsl qorxmazlıq əsl vətənpərvərlik qığılcımları alovlanırdı. Döyüşlərin 3-cü günündə yaralı əsgərlərimizə baş çəkdik. Təsəvvür edin, əsgərlərimizin əhval-ruhiyyəsi    o qədər yüksək idi ki, onlar qısa zamanda sağalıb yenidən sərhəddə düşmənə tutarlı cavab verməkləri barədə düşünürdülər. Əfsuslar olsun ki, erməni təxribatında Şəhidlərimiz də oldu. Torpağa su töksən palçıq, qan töksən vətən olar. Biz bu torpağı Mübarizlərin, Poladların qanı ilə Vətənə çevirmişik. Bu gün sərhəddə, cəbhədə düşmənlə üz-üzə duran hər bir əsgərimiz hər bir evin bir Mübarizi, bir Poladıdır!”.

 


“Report” informasiya agentliyinin əməkdaşı İsmayıl Nəsibli
Tovuz əhalisinin atışma olduğu müddətdə həmişəki qayda ilə işlərini davam etdirdiyini, sakinlərin heç nədən qorxmadığını müşahidə edib:

 

“Mən Tovuza iyulun 16-sı axşam saatlarında çatdım. Artıq döyüşlər dayanmışdı, rayonda ağır mərmilərin səsi gəlmirdi. Ora çatan kimi Ağdam kəndi istiqamətinə getdik, lakin axşam olduğu üçün bizi kəndə buraxmadılar, bir neçə saat orada qalıb, geri, rayonun mərkəzinə qayıtdıq. Səhərə qədər hərdən kiçik çaplı silahlardan atəş səsləri gəlirdi, düşmən yenə də Tovuzun kəndlərini hədəf almışdı. Ayın 16-sı Tovuzun bir neçə kəndinə düşmən ağır mərmilərdən atəş açmışdı. Biz ayın 17-də düşmən təxribatı nəticəsində Vahidli kəndinə atılan mərminin düşdüyü evlərə getdik. Mərmilərdən biri Vahidli kənd sakini Arif Məmmədovun həyətinə düşmüşdü. Həmin evdən reportaj hazırladıq. Arif Məmmədov bizə bildirdi ki, hadisə zamanı düşmən tərəfindən atılan mərmi onun ot tayasına düşüb. Qeyd etdi ki, mərmi təxminən onun 5 metr yaxınlığında partlayıb, möcüzə nəticəsində sağ qalıb.

Həmçinin düşmənin atdığı ağır mərmilər rayonun digər kəndlərinə - Ağdam, Dondar Quşçuya da düşmüşdü.

Həmin vaxt sosial şəbəkələrdə yazırdılar ki, guya kənd sakinləri kəndləri boşaldıb, ordan çıxıblar. Biz buna şahid idik, heç kəs kənddən çıxmamışdı, həyat öz axarı ilə davam edirdi. Səhər mal-qaranı örüşə aparan,  işə gedən, mağazadan çörək alan şəxsləri görürdük. Sakinlər də hərbçilərimiz kimi, səngərdə vuruşmağa can atırdı. Onlar hər an döyüş meydanlarına girməyə hazır olduqlarını bildirirdilər. Növbəti gün Ermənistan silahlı qüvvələri yenidən təxribata əl ataraq mülki yaşayış məntəqələrini hədəfə almışdılar. Düşmən kiçik çaplı silahlardan kəndlərə atəş açmışdı. Həttə sakinlər bizə evə atılan güllələri də göstərirdilər. Amma yenə də düşməndən qorxmadıqlarını vurğulayırdılar”.

 


“Oxu.az”ın əməkdaşı Aqşin Kərimov:

“Cəbhə bölgəsində, təmas xəttində jurnalistikanın prinsipləri adi günlərdəkindən fərqli olaraq dəyişir, məsuliyyət daha da artır. Şiddətli artilleriya döyüşlərinin getdiyi bir zamanda cəmiyyətin informasiyaya tələbatı daha da çoxalmışdı.

Jurnalistlər döyüşlərlə bağlı informasiya “aclığını” nəzərə alıb dəqiq məlumatlar verməlidirlər, özü də hansısa yerli əhalinin dediklərinə istinadən yox, dəqiqləşdirilmiş, rəsmi təsdiqini tapmış məlumatlar.

Bacardığım qədər bu prinsipi rəhbər tutdum, ən vacib məsələ isə Qaraqaya yüksəkliyinin Azərbaycan Ordusunda olması xəbərinin çatdırılması idi. Çünki informasiya müharibəsində məhz Qaraqaya amili üzərində dayanılırdı. Bu yüksəklik hərbi cəhətdən strateji olduğu qədər, informasiya cəbhəsində də mühüm çəkiyə malik idi. Ermənilərin Qaraqayanı nəzarətə götürdükləri ilə bağlı yalan, Azərbaycan cəmiyyətində xof yaratmağa hesablanmış məlumatları dövriyyəyə buraxmasından sonra ilk olaraq qısa analiz şəklində vəziyyətin tam fərqli olması barədə məlumatları ictimaiyyətə çatdırmağı hədəflədim”.


A.Kərimov qeyd edib ki, cəbhədə jurnalistlər yerli əhalinin nazı ilə də oynamağı bacarmalıdırlar:


“Çünki atəş altında yaşayırlar, sənin hər məqamda “mən jurnalistəm” deyib istədiyin kadrları çəkməyin hiddətlə qarşılana bilər. Hərbidən elementar anlayışların olması da vacibdir”.

A.Kərimov bildirib ki, bir neçə dəfə Ermənistan silahlı bölmələri tərəfindən atılan mərmilər jurnalistlərin 200-300 metr yaxınlığına düşüb.

O, digər təəssüratlarını da bölüşüb:

“Mən Tovuzdan yüksək təəssüratla qayıtdım, cəbhə kəndlərinin sakinlərinin qorxmazlığı, vətənpərvərliyi məni çox sevindirdi. General-mayor Polad Həşimovun şəhid olması xəbərini Ağdam kəndində olarkən eşitdik, çox pis olduq, bircə ümidimiz o idi ki, Müdafiə Nazirliyi yayılan məlumatla bağlı təkzib versin. Amma olmadı. Bir neçə cəbhə kəndində də olduq, dağıdılmış evləri çəkdik, informasiya hazırlayıb işə göndərdik. Əlibəyliyə də getdik, amma bəzi səbəblərdən material hazırlamamaq barədə qərara gəldik. Yazılası, deyiləsi çox şey var, amma hamısını bura sığışdırmaq olmaz”.


“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov
cəbhə bölgəsində həm jurnalistlərin, həm də yerli əhalinin peşəkarlaşdığını qeyd edib:


“Bu mənim ilk təcrübəm deyil. 2014-cü ilin avqust döyüşlərində, Aprel döyüşlərində də cəbhə bölgəsində olmuşam.  Düşünürəm ki, bir jurnalist üçün əsas çətinlik informasiya əldə etməsi ilə bağlı ola bilər. Biz cəbhədə olan zaman məlumat əldə etmək üçün çox cəhdlər etdik, çox əziyyət çəkdik. Əsas da rəsmi məlumatlarla bağlı. Düşünürəm ki, Müdafiə Nazirliyinin mətbuatla əməkdaşlığında çox ciddi dəyişikliyə ehtiyac var. Cəbhə bölgəsinə ezam olunan reportyorlarla görüşmək, onların fikirlərini dinləmək lazımdır. İnformasiya savaşı deyirləsə, əsas olaraq medianı dinləməli, onları informasiya ilə təmin etməlidirlər. Təəssüf ki, bu çox ciddi problemdir.

Əsas müşahidəm isə həm jurnalistlərin, həm də cəbhə bölgəsində yaşayan yerli sakinlərin peşəkarlaşmasıdır. Əvvəlki illərə baxanda artıq jurnalistlər arasında hərbi sirrin yayılması məsələsinə ciddi diqqət ayrılır. Həmçinin, yerli sakinlər də öz aralarında  belə informasiyanın yayılmasında ehtiyat edirlər. Çoxluq qeyri-rəsmi məlumatların yayılmasının qarşısını almağa çalışır, hətta jurnalistlərə də təklif edirlər ki, çəkiliş aparan zaman hərbi mövqelərimizin görünməməsinə xüsusi diqqət edilsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır