Modern.az

Zibil yeşiyinə atılmış “7 şərt”

Zibil yeşiyinə atılmış “7 şərt”

Aktual

2 Avqust 2020, 11:16

Əkbər QOŞALI

Prezident İlham Əliyevin 29 iyulda Balakəndəki regional “ASAN Xidmət” Mərkəzinin açılışında etdiyi çıxış yalnız “ASAN Xidmət”lə, onun fəaliyyəti, ümumən sosial-iqtisadi sferada görülən işlərlə bağlı olmayıb, ölkə gündəminin ən ümdə məsələlərini əhatə etdi və necə deyərlər, özü də gündəm oldu. – Mən diqqəti Tovuz istiqamətində 12 iyuldan başlayan düşmən hücumu, bu hücumun qarşısının qətiyyətlə alınma­sın­dan sonra Paşinyanın “7 şərti” və əlaqədar məsələlərlə bağlı cənab Prezidentin qiymətləndirmələrinə yönəl­tmək istərdim. – “Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Bu dəfələrlə bildirilib”. – Bu sitat dövlət başçısının nitqindəndir. İndi fikir verin: “Dağlıq Qarabağ respublikası” yoxdur – nə dünya birliyi, nə beynəlxalq hüquq normaları, nə tərəqqipərvər bəşəriyyətin vicdanı belə bir qondarma qurumu tanımayıb, tanımır, tanımayacaq. – Bu, öz yerində. Məsələ ondadır ki işğalçı Ermənistan özü bu qondarma “respublika”nı tanımayıb. Və “Ermə­nis­tanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!” – bu Azərbaycan Prezidentinin sözü, tələbidir və heç şübhəsiz, erməni ictimai fikrinin əsas daşı­yı­cılarını, dünyanın dörd yanındakı erməni diaspor və lobbi güclərini, sadə erməniləri, övladı Qa­rabağda ölümə məhkum buraxılan erməni valideynlərini dərindən düşündürməli, qəflət yuxu­sundan ayıltmalıdır. – Ayılınca da, “sahi, biz özümüz niyə “Dağlıq Qarabağ respublikası”nı ta­nımırıq?” deyə sual etməlidirlər. Demirsiz, güclüsüz, qalibsiz, nə bilim, nəsiz? – buyurun, ərazisini işğal etdiyiniz ölkənin başçısı sizin qarşınızda konkret sual və tələb qoyub – cavab verin. Demək, Ermənistan göründüyü kimi olmayan, olduğu kimi görünməyən bir durumdadır. –

Qalibdir? – qalib deyil;

sülh istəyir? – istəmir;

müharibə apara bilərmi? – bəllidir ki, məğlub olacaq;

demokratik quruluşludur? – işğal və terror demokratiya ilə bir araya sığmır;

müstəqildir? – adıbəlli “forpost”dur ki var;

diaspor və lobbiləri güclüdür – Tovuza hücumlarından sonra Azərbaycana artan beynəlxalq dəstəyin gücünü gördülər.

Bəlkə KTMT? – Ona bəslənən ümidlərin də bekara bir şey olduğu yenə Tovuz hadisəsləri fonunda açığa çıxdı.

O zaman bəs nə? – Bu sualların cavabını bizdən çox ermənilər axtarmalıdır. Axtarınca da, məntiq­sizliyə gedib çıxacaqlar.

Bəlkə düşünürdülər ki “nəhayət, Azərbaycan işğal faktı ilə barışacaq, yeni nəsillər Qarabağı tələb etməyəcək”? – uzağa getməyək, 2016-cı ildən bu yana Azərbaycanı işğalla barışdırmağın qeyri-mümkünlüyünü idarak etməyiblərsə, onlar fil qulağında yatıb. “Unudan gənclik”mi? – Yalnız Mübariz İbarhimov adının Ermənsitanda yaratdığı çaxnaşma bəs etməliydi bu sualın doğru cavabını bulmaqçün…

Nəhayət, Tovuza Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış hücumundan sonra ordu-xalq birliyinin təntənəsini görməyən, bilməyən qaldımı? Xalqın, özəliklə, yeni nəsil nümayən­dələrinin küçə və meydanlara axışdığını erməni başbilənlərinin kor gözləri görmədi, eləmi?

 

Bu dəqiq təsbit cənab Prezidentin tarixi nitqindəndir: “…“Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.

 

Bəli, Ermənistanın ipi öz əlində olmayan ölkə olduğu hər halından bəlli...

 

Bilindiyi kimi, bir cəmiyyətdə suallar həddindən artıq çoxdursa və o suallara yetərli cavab yaxud cavab verən yoxdursa, o cəmiyyətin gələcəyi özü sual altındadır. Əgər “Ermənistan”dan sonra hansısa bir durğu işarəsi qoymaq lazımsa, o işarə məhz “sual” işarəsidir. Sualdan qurtarmaqçün nə etməli? – Cavab yenə Azər­bay­can Prezidentinin nitqindədir:

Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir.

Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır!

 

Dövlətimiz zaval görməsin!

Bayrağımız uca olsun!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu