Modern.az

Bir ildə 1720 azərbaycanlı qız əcnəbi oğlanlara ərə gedib

Bir ildə 1720 azərbaycanlı qız əcnəbi oğlanlara ərə gedib

18 Yanvar 2010, 17:43

Vaxt var idi Azərbaycanda ailə həyatı qurularkən milli-mənəvi dəyərlər üstün tutulur, adət-ənənələrə əməl edilir, xüsusilə də əcnəbilərlə nikaha soyuq yanaşılırdı. Çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınırdı, qızlarımız isə beynəlmiləl ailə qurmağı ümumiyyətlə ağıllarına gətirmirdilər. Amma indi beynəlmiləl ailə qurmağa 20-30 il öncəki kimi yanaşılmır.
Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı artıb. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova Modern.az-a bildirib ki, 2009-cu ildə Azərbaycan Respublikasının vətəndaşı olan 1720 qız əcnəbilərlə nigaha girib.
R.Kərimova əvvəlki illərlə müqayisədə əcnəbilərlə nikah bağlayan azərbaycanlıların saytında artım olduğunu qeyd edib.
Ümumiyyəylə, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar.  Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Yəni, atalar demişkən «könül sevən göyçək olar».
Əcnəbilərə ərə gedən azərbaycanlı qadınlar daha çox türklərlə beynəlxalq izdivac bağlayıblar. Azərbaycanlıların xoşbəxt etdiyi əcnəbilərin sırasında İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.
Faktlar belə deməyə əsas verir ki, milli mentaliletin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Görünür yeni sivilizasiyalar, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum digər xalqlar kimi azərbaycanlılara da təsirsiz ötüşməyib.
Bəzi ekspertlər fikrincə, əcnəbilərlə nigah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişlənməsi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası bu cür nikahların sayının artmasına səbəb olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı