Modern.az

Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”...

Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”...

5 Avqust 2020, 14:43

Keçmiş jurnalist, hazırda OXFAM xarici humanitar təşkilatında çalışan və “Ataqam” imzası ilə ədəbi yazılarla çıxış edən Azər Həsənli “Beyrut partlayışı” ilə bağlı hadisələrin gündəmdə oluğunu nəzərə alaraq, illər öncə Livanda başına gələn maraqlı əhvalat barədə danışıb. Həmin vaxt o, OXFAM-ın əməkdaşı kimi Livanda ezamiyyətdəymiş...

Modern.az saytı Ataqamın əhvalatını təqdim edir:


“1999-cu il. Beyrutda işlərimi yekunlaşdırmışam, Həmrada gəzişirəm. Livanda bir məbəd var - Bəəlbək məbədi. Dünyanın yeddi möcüzəsindən biridir. Romalılar Yupiterin şəninə tikiblər. O məbəd Beyrutdan Dəməşqə tərəf iki satlıq yoldadır. Xariciləri ora buraxmırlar. Təhlükəli yerdir. Suriya əsgərlərinin nəzarətindədir.

Livana gələsən, Bəəlbəki görməyəsən?!

Taksi saxlayıram. Sürücü ingiliscə bilmir, mənim də ərəbcəm eləcə qəhvə almağa çatır. Əl-qolla danışırıq. İndi olmasın, 75 dollara aparıb-gətirməyi boynuna götürür. Krimişcə gedirik. Darıxıram. Maqnitofona işarə eləyib musiqi qoymasını istəyirəm. “Lə”-“yox” cavab verir. Maqnitofonun altı audiokassetlə doludu. Deyirəm, ərəb müsiqisini xoşlayıram. “Lə” deyib durur.

Bekaa vadisinin girişində yan-yana iri nəzir qutusu qoyublar. Saxlayırıq. Gedib pul atır. Mən də düşürəm. Bəəlbəkin eşqinə qutuya 10-dollarlıq atıram. Taksi sürücüsünün gözü işıqlanır, mənə mehriban-mehriban baxır.

Yenidən taksidəyik. Sürücü kassetlərin birini götürür maqnitofonun ağzına aparır, mənə baxıb irişir:

- Musiği?

- Şafla getsin, - deyirəm.

Musiqi... Sözləri ikicə sətirdən ibarət:

“Lə İləhə illəllah, (ləhli-lülü) Hezbullah”.

Qaqaşın qarnının ağrısını indi anlayıram. Bura - Bekaa vadisi, Nəbatiyyə bölgəsi şiələrin məkanıdır, burda Hezbullah at oynadır. (Beyrutda şiə-sünni, müsəlman-xristian söhbəti eləyənləri qulaqlayıb zirzəmiyə atırlar)

Bəəlbəkə az qalmış Suriya əsgərlərini görürük. Bizə mane olmurlar, keçib gedirik. Bəəlbək haqda təssüratımı yazmıram, Allah sizə qismət eləsin, gedin, özünüz görün!

Qayıdırıq. Kepkamı gözümün üstünə basmışam ki, banan, xurma, zeytun plantasiyaları Bəəlbək təəssüratımı yaralamasın.

Maşın dayanır. Əliavtomatlı əsgər pəncərəni döyür:

- Bassbort!

Pasportumu o tərəf-bu tərəfə çevirirlər, Firudin Şuşinski cəbrayıllılar haqda “bu xxx da təzə çıxdı?!” dediyi kimi məəttəl-məəttəl baxırlar.

- Yəhudi?

- “Yox” deyə bilən bütün orqanlarımla- dilimlə, əlimlə, başımla “yox”deyirəm.

- Yə-hu-diii, - ceyran ovlamış ovçu kimi içi gülür, qolumdan yapışıb maşından çıxardır.

Taksi sürücüsünə baxıram: büzüşüb, qorxudan sallaq qara bığları ağarıb.

Bir nəfər əlisilahlı qabağımca, biri də dalımca məni aparıb bir otağa salırlar. Pasportumu içəridəki uzunsaqqallıya verirlər.

- Yəhudi?! – adam da pasportumu vərəqləyib soruşur. Saqqalının uzunluğundan bu adamın əsgər olmadığını dərk eləyirəm. Güman ki, Hezbullahın "zampoliti"dir.

- Lə, muslim! – deyirəm, sonra da Azərbaycanın harda yerləşdiyini izah eləyirəm.

Üzündə “mənə nağıl oxuma” ifadəsi yaranır. Yavaşca əlavə eləyirəm: - “Şiə”. Yenə inanmır. Vərəq götürüb nəsə yazır. “Ölüm əmrimi yazır”-düşünürəm. Özümdən asılı olmadan “Fatihə” surəsini oxuyuram. Əlini saxlayıb dinləyir. Dinmir. Vaxt qazanmaq üçün bir də oxuyuram; can zəhrimar şirin şeydir. Yenə dinmir. Hiss eləyirəm ki, “ölüm, ya olum” sualının cavabını fikirləşir. Ayrı surələri əzbər bilmədiyimdən, “Kəlmeyi-şəhadət”i oxuyuram və təsirli çıxsın deyə, “Əliyyən vəliyyullah”ı deyəndə Ağalar müəllim kimi səsimi titrədirəm.

Yenə kirimiş durduğunu görüb, əl atıb uşaq vaxtı gilas ağacından yıxılanda təpəmin ortasında yaranmış çapığı göstərib, Həzrəti Hüseyn yolunda başımı qəməltilədiyimi də çatdırmaq istəyirəm, amma yadıma düşür ki, çapığın üstünü tük basıb.

Bu vaxt bir əlisilahlı əsgər taksi sürücüsünü yanımıza gətirir, mənim saqqallı “müstəntiq”imin qulağına nəsə pıçıldayır. Taksi sürücüsünün mənə baxıb gülümsədiyini görürəm. Ürəklənirəm. Müstəntiq ayağa durub yanıma gəlir, “xalas!” deyib əlini kürəyimə vurur.

Bizi mehribanlıqla yola salırlar.

Yolboyu taksi sürücüsündən bizi niyə rahatlıqla buraxdıqlarını öyrənməyə cəhd eləyirəm, məlum məsələdir, alınmır.

Bekaa vadisinin çıxışındakı həmin nəzir qutularının yanında dayanırıq. Sürücü məni çəkib qutulardan birinin yanına aparır, qutunu göstərib “Hezbullah, Hezbullah” deyir.

Tapmacanın cavabı tapılır: demə, mən o 10 dolları Hezbullaha keçiribmişəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır