Modern.az

Dərdi dəmə qoyan DƏRVİŞ

Dərdi dəmə qoyan DƏRVİŞ

Ədəbi̇yyat

9 Avqust 2020, 09:11

Tələbəlik illərində eyni poeziya dərnəyində olsaq da, bir-birimizlə əlaqələri qoruya bilmədiyimiz, sonradan o illərin şirin xatirələrini yenidən bölüşmək imkanı əldə etdiyimiz,“altmış illik ömrünü əlli gündə yaşayan, dərdin tuş yerində dayanan, dərdləri pay götürməyən, boy verməz dərd evi tikən, içindən dərd boylanan, dərdin şikəstəsini oxuyan” dərviş-şair, pedaqoq, ozan Osman Fərmanoğlu yeni-səkkizinci mənəvi övladına-kitabına bütöv bir ömrünü yerləşdirib: “GƏLDİM, GÖRDÜM, GEDİRƏM”. Hələ çox görəcəksən, getməyə tələsmə, dostum. Hara tələsirsən, hələ çox-çox poeziya inciləri ilə bizi ilahi sözün möcüzəli aləminə aparmalısan, düşündürməlisən, saflaşdırmalısan. Axı sən bizim “sözü həmişə yuxarı tutan, amma boğazdan yuxarı danışmayan, olanını şeirə bükən, sözə söykənən, sözlə olan, öz sözünün işığında qıl körpülərindən keçən” şamanımız, dərvişimiz, başı ağ çalmalı ozanımızsan.”İçində güvə düşən kilimə bənzəyən bir Qarabağ qoyub, bu qədər ağrını oğul-uşağa yükləyib, cin düyünü kimi dolaşıq dərdləri sonadək çözməyib” köçməyə tələsmə, “öz içində azan şaman, dərviş Osman. Bu söz adamının taleyidir, qismətidir, yaşam tərzidir. Bu ilahi alın yazısıdır. Bizim belə tez köçməyə ixtiyarımız yoxdur. Nə olsun ki, “daha kömək olmur şaman duası, hələ xana-xana fikir çəkməliyik, dərdi tənbəkitək büküb çəkməliyik”. Ona görə də “ doğum günündən bir az böyüksən, öz əyninə” sığışmırsan. “Şümal şeirlər” dilinə, dodağına, qələminə ona görə yatmır, hər misran “sərt, köntöy” alınır, “ruhu əzab çəkən Qoca Dərviş. Sənin şeirlərinə həmişə tamarzıyıq. Nə olsun, “dərdlər ömrümüzə əkilib gedir? Əkilən dərdləri becərənlərin qisasını almamış heç yerə getməyəcəyik, Paşam.

Osman Fərmanoğlu sözlə meydan sulayan, xalq dilini əla bilən, xalq şeirinə yeni nəfəs, üslub gətirən ozan-şairdir. Onun şeirlərində ana dilimizin şirinliyinin çoxaltma dərəcəsi ağzımızın dadını dəyişir, şipşirindir. Şair gileylənir ki, “Paşam,daha oxuyan yox dost-tanışın kitabını” Ancaq, öz aramızdır, düz demirsən, dostum, biz həmişə sizin kitabınızın, sözünüzün sorağındayıq.
“Beşinci iti ulayan, Tanrı itinin niyyətini, işini bilməyən, içində ağrısı-əzabı, çölündə dərdi ulasa da, ömür cızı daralsa da, içində ulayan ölüm-itimin” səsini eşitsə də şairin o itə məğlub olmaq fikri yoxdur:

Bu əvvəldi, yoxsa axır,
Çüxur gəzən sular axır.
Hamı qanlı-qanlı baxır, -
Qan keçib sənə gəlirəm.

“Dərdi bütöv geyinib, dərmanı yarımçıq, bölünməyə urcah olub vurmanı yarımçıq tapan” Osman müəllim əmindir ki, “hərə özündən asılır, hərənin dərdi içində əriyir, içiylə birdi Qarabağ”. Ona “çək, dərd öz dərdindi”, desələr də, duyğulu həssaslar təkcə öz dərdini çəkmir. Şairin dərdlərinin çeşidləri saysız-hecabsızdır:

Kim bir əkərək dərdi min,
Dərd çəkdi, oldu dərdi min.
Çoxaldı dərdi dərdimin,
Boylanar məndən dərd indi.

Şair əkinçidir, cütcüdür, bağbandır, “nə zamandı tarlasını-ağ vərəqi” şumlayır, sonra da şumu ilahi sözlə tumlayır, “ələyərək daş-kəsəyi, iynə ilə gor qazır”:

Baxma çəkdiyim şələmə,
Ömür əsirdi sələmə...
Tapdığım gəlmir qələmə,
Yüz içində bir qazıram.

Şairlər həmişə qarışıq zamanın övladlarıdır, daha doğrusu zamanın qarışıqlığını görən, duyan göz, ürək sahibləridir. Çox harın bəndələrin çalıb-çapdığı, az qala dünyanın yarısını udmaq üçün nəfsinin quluna döndüyü məxluqları – “torpaqdan göbələk kimi çıxan, qafiyələri eyni biçimdə düzən” qrammofon sözbazları dəyirmana ölü salsalar o başdan diri çıxarlar. Əsl söz aşiqləri isə “hər şey yalan dadan” dövranda “dərd adlanan vara şükür” deyirlər, “evində əsir, yuvasız” olsalar da:

Qurdağzı bağlatdım qurda,
Qənim kəsilməsin yurda...
Uğura bax, bəduğurda, -
Gələni ondan iridi...

“Qarovula gedən əsgər sayağı qələmi, kağızı yoxlayan, könlünü tox saxlayan şairlər hətta “Vətənə həsrət durnanın düşən telinin” dərdini çəkirlər. Onların dərdli könlü bir havalı, gümüldəyən “Yurd yeri”di. Amma Osman Fərmanoğlu təvəzökardır:

Şairlik özünü ucuz eləmək,
Girələnmək imiş söz bazarında.
Ən gözəl yeməyi duzsuz eləmək,
Əyri getmək imiş düz bazarında...

...Ömür keçib gedir, bu daş, bu dübək,
Birdən başa düşür heç nəyi yoxdu.
Qəhətə çevrilib təknədə çörək,
Qazanda öynəlik yeməyi yoxdu...
...Hələ vaxtım yoxdu baş qaşımağa,
Tanrım, nə yaxşı ki, şair deyiləm...

Paşam, “Tanrım, nə yaxşı ki, şair deyiləm” sevincinə, yaxud qəminə şərik deyiləm. Böyük ustad Məmməd İsmayıl “Mən şair deyiləm, atam-qardaşım, öyrən, gör bu günün şairi varmı?” misraları ilə özünü təsdiq etdi. Poeziyasevərləri inandırdı ki, o, ŞAİRDİR! Nə olsun ki, “xalqın başına gələn min bəlanı görüb dözdü, dəli olmadı”, nə olsun ki, adı Məhəmməd olsa da peyğəmbər deyil”, nə olsun ki, “boş qalan yurdlarda ulaşır itlər”, nə olsun ki, “yolunu gözləməz Hələb meydanı”? Hər dövrün öz şairləri – Füzulisi, Nəsimisi, Hadisi, Cavidi, Sabiri var. Bu günün əsl şairlərinin də bədənində soyulası Nəsimi dərisi var...

Osman müəllim,
Ümid yox gur sulu dərya olmağa
Sısqa bulaq kimi axıb gedirəm

təvəzökarlığınızı qafiyəbazlar, sözbazlar əldə bayraq kimi tutub çırtma çalıb şıdırğı oynayarlar, meydanlarını genişləndirərlər. İfrat özündənnarazılığı hər kəs başa düşməz...

“Bəyliyi qandan nəsil ilə, soy ilə gələn” qazi şair Süleyman Abdullanın poetik heykəlini yaradan Osman Fərmanoğlu Laçında, Qubadlıda, Füzulidə, Ağdamda şərəfli döyüş yolu keçmiş Azərbaycan Respublikasının Milli Qvardiyasını təmsil edən “qara beretli”sinin qəhrəmanlıq yolunu fəxrlə işıq salır. “Sözdən xəbəri olmayıb, sözə söz atanların, bir tumaşlıq dərisi olmasa da özünü Nəsimi sayanların, dörd yanda sürüyə çevrilən Yalıncıqların at oynatmağa çalışdığı bu zamanda qazi şairin mənəvi bütövlüyündən, şəxsiyyətinin işığından, kölgəsindən qorxan yarasalara Osman müəllim xəbərdarlıq edir:

Osman, necə olar ki, söz atanlar bilməsin,
Dağlardan güc alanın darılmazdı nəfəsi...
Özü bir yana qalsın, ağır gələr kölgəsi, -
Yolundan yana dursun kimin ki yeri yoxdu...

Osman müəllimin daha bir Söz Adamı – işığa, kamilliyə doğru yol çıxan Mənəviyyat qoruyucusuna yazdığı üç bəndlik şeiri tanınmış şair, yazıçı Ayaz İmranoğlu haqqındadır. Üzü işığa gedənlərin yolunda “qara ağızlılar” (A.İmranoğlu) dayana bilməz. Ayaz İmranoğlu “Türk qatığı” çalanlardandır. O, bilir ki, türk qatığının mayasında bir eydirim yad süd olarsa, qatıq gəlməz. Osman Fərmanoğlu da bunu əla bilən böyük Türk oğludur. A.İmranoğlu “özüylədöyüş”ün qalibidir, “bəşəriyyətin çərçivəsiz doğulmuşları”ndandır.Osman Fərmanoğlu da şair dosunun iki misrasıyla özünün iki misrasını birləşdirib düşündürücü bir bənd yaradıb. Buna ruh yaxınlığı səbəb olub:

Könlüm yara – döyənəkdir,
Yenə döy, eynimə gəlməz.
“Bu dünya bir dar köynəkdir,
Geysəm də əynimə gəlməz”.

Osman müəllimin ürəyinin bir sağalmayan, məlhəmi tapılmayan yarası var – param-parça Vətən, onun əsir övladı Qarabağ, Kərkük, Göyçə, Borçalı, Dərbənd.
“Ulu Borçalıdan Yeniseyədək, - itirddiyimiz yerlər”.

Daha dil də yatmır Vətən deməyə,
Ağrıdır dil üstə bitən tikanlar...
Qıymırlar bir könül səni sevməyə,
İçində qırx otaq “vətən tikənlər”.

***
Bir ovuc içinə sığışır Vəvən,-
Əlimi sinəmə sıxıram daha...

***
Yayılmır ətrafa qoca “Cəngi”dən
Çoxdan gözlənilən qisas havası...

“Şairin yazdıqları daha yarımçıq çıxır, sözlər də yarımcandır, nə qədər beləcə özgə dondadı – Qarabağ özü də itən Kərkükdü. Ömrünə qurd yağı çəkilən Vətən”in şairi Vətən sənin çiyinlərindədir, yaralı Qarabağları içində qırx evi olanlar yox, evsiz-eşiksizlər, boynubükük şəhid atalarının oğulları, nəvələri sağaldacaq, nə olsun, “millətin alınıb köpü, bir eldə nə qədər Qarabağ olar?” Ərənlər bir himə bənddi.

Xalq yazıçısı Elçin “Ədəbi düşüncələri”ndə yazır: “yazıçı (şair də - V.O.) məlum məsələdir ki, özünü ifadə edir. Əgər söhbət istedadlı yazıçıdan (şairdən) gedirsə, o, özü ilə bərabər, xalqını da ifadə edir”. O.Fərmanoğlu xalqın dərdini, kədərini ifadə edən şairdir. Onun təxəyyül süzgəcinin poetik məhsulları xalqın ağrı-acısı ilə durulur. Bu ağrı-acı həqiqi söz, xalq, Vətən, torpaq vurğunlarının xörəyidir.Şair əlil arabasındakı yurdunu “sevir və onu unutmaq fikri də yoxdur:

Heç nə düşünə bilmirəm şeir yazanda,
vərəqi ortada qalan yiyəsiz
ölünün üstünə atılmış,
külək oynadan kəfən kimi görürəm.
Kiçik təsəllili rənglərlə
səslərin çatlarını birləşdirib hörürəm, -
yetimin saçını hörür kimi...

Vətən Osman müəllimin yaralı anasıdır. “92-də əsir düşüb qucağında gəzdiyi torpaq kimi zorlanan qadının doğduğu uşaq Qarabağda bizə qarşı dayanır ən öndə, lazım olanda arxadan vurulur, “nə vaxtsa qayıdacağımız yurdda” dığalar üçün heç nə olanın ölümünün suçu boynumuzda qalsın deyə”:

Babanın nə zülmlə tikdiyi evdə uşaq əkir,
donuz saxlayır...
Qonaq gəlib, gedəndən sonra
nənənin murdarlığı getsin deyə
qabını carladığı erməni,
İndi gorda nənənin sümükləri eymənir...
Yurdundan perik düşmüş ruhları
Yalquzağa dönüb ulayır.

Həssas ürəkləri cadar-cadarlar “milli” televiziyaların dərdlərimizi unutdurmaq üsullarına, canfəşanlığına, bu “tamaşa”ları düzüb-qoşanların “istedad”ına dözə bilərmi? Hətta qırmızı kostyumlu “mən-mən” deyub xoruzlanan “ər”lərin “Vətən sevgisi” aşıb-daşdığını, onların özündənrazılığını alqışlayan oynaq tamaşaçı kütləsinin sevincini demirəm.

O yerdə ki, “ağıllı başlar” “çöldə toyuq,
evdə xoruz” olarlar, onda siçanlar
pişiklərin başına darğalanar...
başını kola soxanlar
ağ-ağ bayraq düzəldər mələfə cırıqlarından...
o yerdə ki, qırmızı şalvarlı, lümə “müğənnilər”
davaya getmək istəyər, vay o yerin halına...

Bölünməkdən bezmirik. Bölünə-bölünə xırdalanırıq. “Nökərsiz torpaqda hərə bir ağa”dır. Bizsə çəkdiyimiz “dərd adlanan vara şükür” edirik, “ortada yarımcan Vətən” qalıb. Donuzu darıdan çıxara bilmirik:

Hər gün yurda su calanır,
Ömür özü suçda yanır...
Qarabağ da hecalanır,
Əldə qalır “qara”, şükür.

Rus ədəbiyyatşünası Y.M.Lotmanın fikrinə görə həcmcə çox böyük olmayan şeir neçə cildlik qeyri-bədii mətnin ifadə edə bilmədiyi informasiyanı özündə yerləşdirə bilər,Osman Fərmanoğlunun “Qordi düyünü”ndəki kimi:

...Bir qara paltarlı gəlin
Gül dəstəsi verib oğluna,
Göndərir “Xocalı harayı” abidəsinin önünə,
Bəlkə böyüyə bir əncam çəkə
Açilmayan Qordi düyününə.

Osman müəllim daha bir şərəfli peşə sahibidir, pedaqoqdur. O, təkcə sözün yox, həm də tərbiyənin, əxlaq kriteriyalarının keşiyni çəkən, sabahımızın etibarlı əllərdə olmasına cavabdeh olan müsəlləh əsgərdir. Vətənin bütövlüyü, azadlığı uğrunda ön cəbhəyə atılan, qazinin, şəhidin mənəvi atasıdır. Ona görə də “ boylandığı yerlər yedəyə qalan, şəhid adı böyük olduğu üçün varlıya yad olan vaxtda, əlləri uzalı məlul-məlul uzaqlara baxan, boyu balacalaşan, qəddi əyilən şəhid atasının ürək parçalayan sükutunu özünün ağrısı kimi duyur:

Üzün qırış-qırış kənd yolu kimi,
Bu şümal ordlardan nə umasısan?
Önündə dayanan Çin səddidimi,
Umudu qatlardan nə istəyirsən?

Haram çayır kimi basır hər yeri,
Nə halallıq qalıb, nə alın təri...
Darlayıb kəsirlər şiv ömürləri,
Bu ömrü qartlardan nə umasısan?

Ana dilimizdə bir “kaş” ədatı var, tez-tez işlədirik – sevinəndə də, təssüflənəndə də. Əlimizi aşağı salıb, zalımın fiziki və mənəvi zərbələrindən üzümüzü, ğözümüzü bir “kaş...” ilə qorumağı xoşlayırıq, yaxud üzümüzü göylərə tutub ağzımızı açırıq: “kaş göylərdən yağlı quyruq düşəydi. Və yaxud, Allah, hara baxırsan?!” Amma anlamırıq ki, “kaş” ümidsizliyin, inamsızlığın, cəsarətsizliyin sinomidir, çoxçalarlı, çoxmənalı sözdür. “Dərdini boynuna dolayıb, həsrətlə ölüm ilgəyinə baxmaqdır, kəndirin sallanan gözlərinə yazılan sözdür KAŞ...” “Kaş” həm də “dözümmüş, daşmış, daş!”

Meşin qapıların qabağında
ayaqlarının su gətirdiyi,
Hər qapıdan ümidsiz döndüyü bir vaxtda,
bu saxta qapılara nifrətlə baxan
Şəhid balasının dilinin ucuna qısılan söz:
KAŞ...
Həm torpağı gedən, həm canı,
əkib suvaracağı yerləri
suvararsa, içinə daman qanı...
O qanın üstündə rahat yeriyən dığanın
Ayaqları altından qapqara möhür kimi
Alnımıza qazılan söz:
KAŞ...

Şairin “Səni kim satdı, Babək?” şeirini başımıza gələn bəlaların, işləklərin poeziya diliylə xronologiyası adlandırardım.Bizi həmişə “diz-dizə oturub çörək kəsdiyimiz adamlar ürəyində yeyib”, bircə günlük azadlığına görə qırx ilini qurban verən Babəki də.

Oğuza nə bəla gəlsə, yuxudan gələr,
çox uzun yuxu yatdıq,
başımızın altında yumşaq yastıq,
bizi heç fələk də oyada bilməz bu şirin yuxudan...

“Səndən sonra Gəncə qapısını apardılar, yel vurub yengələr oynadı qapısız şəhərdə. Səndən sonra itirdiklərimizi qaytarmağa deyil, unutmağa çalışdıq. Beləcə tikə-tikə qopardılar torpaqlarımızı...”.

Unutduq ki:
Səni yurdundan qopara bilməyənlər,
qollarını kəsməklə...
əvvəl AZADLIĞI,
sonra yurdunu çıxartdılar qollarının arasından...
Atatürk deyirdi ki, hər tərəqqinin və qutuluşun anası azadlıqdır. B.Vahabzadəyə görə:
Azadlıq! Azadlıq! Tarix yaranmış
Bu amal uğrunda vuruşmalarda.

“Əgər yalan danışa bilmirsənsə, deməli azad insansan” (A.Kamyu). Osman Fərmanoğlu da azad insandır. Azadlıqsevər sələflərinin, ustadlarının layiqli davamçısı kimi “Azadlıq orucu”ndadır:

Çətindi ağzını çıxarmaq çölə,
İynədi samanda itkin düşən Dan.
Məni orucluqla sınama belə, -
Sən dindən orucsan, mən Azadlıqdan.

Pozmaq istəyirəm mən orucumu,
Ürəyim atlanar hər saat, hər an...
Tanrı əfv eləyər gələn suçumu,-
Daddırar mənə də o Azadlıqdan.

Şairin sözü zirvə, dağ, yamac, bulaq, meşə kimi təbiidir, səmimidir, safdır, misraların acısından da bal damır, düşüncələri dağlar kimi ağırtaxtadı, təxəyyülü düzənlər kimi genişdir, meşələr kimi təmiz havalıdır. “Ağzı süd qoxulu yollara düşüb gələndə “duman, salamat qal, dağ, salamat qal” deməsə də, şairi o yerlərə “dönməyə qoymadı elin qınağı”. Ürəyi də sözü kimi təmiz Osmanı şəhər cazibədarlığı qoynuna sıxıb saxladı, onun burada nəfəsi təngiyir, nə səhəri səhərdi, nə də mindiyi kəhərdi, ona görə də zamanın Koroğlusu, ağ atlı oğlanı olmaq arzusu urəyində qaldı:

Adına qosqoca şəhər deyilən
Arzulardan baxan şəhər deyilmiş.

Amma dərə, dağ, meşə, çəmən, kənd həsrətli dağlar oğlu “zamanın Koroğlusu” olmasa da, sözün Koroğlusu, ağ atlı oğlanı, başı qarlı dəli ozanı, dərvişi ola bildi. Osman “acıq verə-verə payıza, qışa, xörəyi boyat, ocağı soyuq olsa da könlünü tox saxlaya bildi:

Hamı küylənəndə getməyib küyə,
İşi dolaşanda boylanıb göyə...
Gündüz yazdığını edər hədiyyə,
Gecə vərəqləri qoxlayan şair.

Doğulub boya başa çatdığı elin, obanın milli ruhunu əbədi daşıyan ruh dərvişi, söz Paşası ustadnamələrlə, divanilərlə, deyişmələrlə meydangirlik edən ustad aşıqları hələ körpə vaxtlarında görüb, aşıq yaradıcılığını qanına, canına hopdurub. Onun gəraylı, qoşma, dodaqdəyməz, təcnis, cığalı təcnisləri çağdaş aşıq ədəbiyyatının uğurlu nümunələridir.Dodaqdəyməz yazan şair təbindən, ustalığından əvvəl ana dilinin zənginliyni mükəmməl bilməlidir. Dodaq səslərindən istifadə edərək elə poetik nümunə yaratmalısan ki, söz məna yüklü olsun, həm də infomasiya ilə zəngin:

Gedən gedər, qalan onun suçudu,
Suçsuzları suç içində suç udur...
Göz arx yeri, könül ona suçudu,-
Sellər axar quzulayan çatınca...


O.Fərmanoğlu “könüllərdə qala qurur” – söz qalası, fikir ehramı. Bu qala, ehram göz bəbəyi kimi qorunur, oraya yad nəfəs girə bilməz. Bu qalanın himi sözlə qoyulub, bu qala könüllərdə qurulub, bu qalada dərd də ilahi gözətçidir, xandı, ağadı. Şairin hətta “təcnisi də dərdli”dir:

Təsəlli gəzirsən dərdi var deyə,
Baxarsan əzizlər dərdi var deyə...
Sığınar dədinə dər-divar deyə
Sanasan dərdinə xandı, ağadı.

“Yad dillərdə talanan, özünə başqa ürək axtaran” (nə olsun, başqa ürək sənin dediyindən çıxacaqmı, şair), “indi özünə də bir köynək yad olan, nə qədər pərdəyə bürünər adam?”harayıyla dərdlərinə pənah aparan ozan-dərvişin bu dünyada müqəddəs bir şey tapmadığından “and içməyə bir çörək almaqdan” başqa çarəsi qalmır. Şair ana dilin keşiyində dayanan əsgərdir, ovxarlı söz axtarışına çıxan səyyahdır. Şeirlərindəki ləhlək, gümüldəmək, kəltə, şəltə, üznük, dansımaq, pəsinmək, üybəüy, umaxşımaq, pələsək, hərmə, mətəriş kəlmələri ulu Dədə Qorquddan üzü bəri gələn doğma, dilimizin qayda-qanunlarına uyuşan sözlərdir. “Ən maraqlı cəhət və özünəməxsusluq isə Osmanın xalq dilindən istifadə etdiyi sözləri, deyimləri səliqəli şəkildə poeziyaya gətirməsidir: əl havasına getmək, dərdlərini didmək (yun kimi), çənəni bağlamaq, urcah olmaq və s. və i.... nə qədər istəsən belə qanadlı söz və ifadələrə rast gələrsən” (Etibar Etibarlı). Böyük Elçibəyin fikri hər zaman üçün qiymətlidir: “Hər bir xalqın öz azadlığını əldə etmək uğrunda mübarizəsi dildən başlanır. Dil uğrunda mübarizə millətin son mübarizəsidir. Əgər bir millət dil uğrunda mübarizəyə qalxıbsa, demək ölməməyi uğrunda mübarizəyə qalxıb, hələ qələbəsi uğrunda yox”. Heyrətamiz düşüncədir!

Paşam, dilimizi yad dillər döyür,
Dil söyləyə bilmir, hələ ah çəkir.
Sözü sözümüzün dırnağı deyil,
Deyəndə diş dəyir dilə, ah çəkir.

Sözə vurulan şairlər məsum körpə kimidirlər. Körpəni bir rəngbərəng kağızlı konfetlə ovundurmaq asan olduğu kimi, söz aşiqini də bir bənd şerinin əzbər söyləməklə sevindirmək mümkündür. “Gəldim, gördüm, gedirəm”in əvvəlində Osman Fərmanoğlu öz kitabına “Və məndən...” adlı ön söz yazıb. Bu birsəhifəlik səmimi duyğularda sevinclə təəssüf qolboyundur:

“Bir neçə ilin söhbətidi. Evə suvaq çəkdirirdim. Əlləri qabar-qabar olan usta o yan, bu yandan danışandan sonra qəflətən: -Müəllim uşaq olanda Sizin şeirlərinizi oxumuşdum. Biri belə idi; “Kəndin kənarında köhnə dəyirman”....

Az qala üstündən qırx il keçəndən sonra şeirinin adını əli qabarlı ustadan eşitmək necə xoşdu... amma bir təəssüf də vardı, o dəyirman mənim özümü də üyütmüşdü... Ömrümün çoxu kəpəyə - çıxara çıxmışdı...”

Bu etirafmı, təvəzökarlıqmı? Bilmirəm...

“Yerin yerinə borcunu verməyib göylə əlləşənlər, atılan dənləri dənləyib ələbaxım olanlar dəyirman vaxtın sınağından çıxa bilmədilər, onları zaman kültək atdı” küllüyə...
İlahi söz, həqiqi söz vurğunları əbədi yaşadı, yaşayır, yaşayacaq...
“İçi Şuşa, Qarabağ boyda olan” Osman Fərmanoğlu da...


Vaqif Osmanov

İyul 2020.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar