Modern.az

İTBAŞI (10-cu bölüm)

İTBAŞI (10-cu bölüm)

Ədəbi̇yyat

16 Avqust 2020, 17:16

Mahir Qabiloğlunun romanı

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

 


Səhərdir. Şahənşah Göyverən taxtında oturub. Baş vəzir Qüdrət otağa girir.

– Qüdrət, nə tez gedib-gəldin?

– Şahənşahım, gecə çapar gəldi. Aslandan namə gətirdi. Hərəmxanada olduğunuz üçün narahat etmədim.

– Nə yazır?

– Hər şey əladır, şahənşahım. Əllam şahlığı ram edilib. Amma Aslanın işi çətinə düşüb. Bilmir nə etsin. Sizin hökmünüz lazımdır.

– Nə çətinlikdir? İlk dəfədir müharibə aparır? Əllam Şah meydanda təbəəliyi qəbul etdiyini özü car çəksin, Aslan da qəniməti yığışdırıb, bac-xərac təyin edib, şahzadə Göyverənlərlə qayıtsın geriyə.

– Elə çətinlik də bundadır. Əllam şah burdan qayıdandan sonra görüb ki, artıq gecdir. Şahzadə Göyverənlər paytaxt qalanı da götürüblər. Kişilərin lüt cəsədləri küçələrdə qalaqlanıb. Meydana gedib. Görüb ki, şahzadələr vəliəhdi üzüüstə edam kötüyünə uzadıblar. Şalvarını da aşağı çəkib... Arvad-uşağı da məcburi ora yığıblar ki, tamaşa etsinlər. Əllam şah kürsüyə qalxıb. Oğlunu yanına çağırıb ki, bəs biz Şahənşah Göyverənin təbəəsi olduğumuzu bir yerdə car çəkəcəyik. Bu an xəncərini çıxarıb oğlunun boğazına soxub. Sonra da özünün boğazını kəsərək intihar edib. Aslan da qalıb neyləsin. Əllam Şahın da övrətindən, qızlarından başqa heç kimi qalmayıb. Bircə oğlu varmış. Şahənşahım, indi özünüz qərar çıxarın, nə edək?

Şahənşah Göyverən taxtına yayxandı. Əlini çənəsinə qoyub fikrə getdi: neçə illər Həqqi Şahın təcavüzünə məruz qaldım. Bir dəfə də intihar etmək ağlıma gəlmədi. İntiqam hissiylə yaşadım həmişə. Əllam Şah isə sadəcə gözüylə gördü, heç hiss də etmədi. Sadəcə, gördü. Amma dözməyib özünü öldürdü. Axmağın biri axmaq, bir addımlığında dayanmışdım. Üzünə də dedim ki, artıq şahzadə Göyverənlər məmləkətindədirlər. Heç olmasa birinci məni öldürəydin, sonra özünü. Yox, artıq məni öldürməklə də iş bitmir. Mən tək deyiləm – iyirmi min şahzadəm var. Hamısı da Göyverən kökənli. Hətta istəsəm də onları durdura bilmərəm. İndi anladım ki, şahzadələr niyə zənən xeylaqlarına, qır-qızıla gözlərinin ucuyla da baxmırlarmış.

– Əyan Dürəngi apar, mənim adımdan şah elan et. Sonra da keçən dəfəki kimi, məmləkəti dolaşa-dolaşa, qala meydanlarından keçə-keçə, “şahənşah Göyverən” hayqıra-hayqıra gəlin paytaxta. Qalibiyyətimizi burda qeyd edək.

– Gözəl fikirdir, şahənşahım, – baş vəzir Qüdrət təzim edərək otaqdan çıxdı.

Axşam düşüb. Şahənşah Göyverən otağında təkdir. Darıxır. Qərara alır ki, təğyiri-libas olub şəhərə çıxsın.

Şahənşah Göyverən paytaxtın qədim, qənbər döşənmiş küçələrini tək dolaşır. Fikirləşir: nə qədər insan bu daşların üstüylə addımlayıb. Amma heç birinin izi qalmayıb. Yəqin mənim də izim qalmayacaq. Yola qənbər döşəyərək camaatı palçığa batmaqdan qurtaranın da adı heç yadda deyil. Öz aləmində guya ki, yaxşılıq edib, adını yaxşı kişi kimi əbədiləşdirmək istəyib. Daş-kəsəklə insan yadda qalarmı? Düz deyirlər ki, insanlar əzazillikləriylə yadda qalırlar. Tikdikləri qalalarla yox, insan kəllələrindən ucaltdıqları qüllələrlə adlarını tarixə yazdırırlar. Mən də elə olacağam. İndi məmləkətin ən varlı adamıyam. Məndən varlısı yoxdur. Ən əzazili də özüm olmalıyam. Bu sonranın işidir. Başlayım qapı döyməyə. Bu nədir? Qapının yuxarısındakı bu balaca deşik nədir? Əvvəllər belə şey yox idi.

Şahənşah qapını tıqqıldatdı. Oyuqdan göz baxdı. Sonra kişi səsi gəldi:

– Kimdi?

– Dərviş babadır.

– Nə dərviş? Bircə dərvişimiz çatmırdı. Özümüz güclə yemək tapırıq. Üstəlik ondan da kəsib sənin xurcununa pay qoymalıyıq? Rədd ol öz məmləkətinə.

– Acam. Bir tikə quru çörək verin, nə olar, – deyə şahənşah səsinə yazıqlıq qatdı.

– Get sarayın qapısını döy. Bütün pullarımızı göyvərənə vermişik. Bacarırsan get ondan al.

– Ay kişi, keç bu yana. Fərraşlar eşidər. Tutub apararlar səni. Əcəb də eləyərlər. Sənin şahənşahda nə işin var? Tayın-zadındır? Bizi başsız qoymaq istəyirsən? – deyə arvad kişini qapıdan uzaqlaşdırdı.

Şahənşahın dizləri əsdi. Çömbəlib belini divara söykədi. Bir qədər bu cür oturdu. Sonra durub o biri evə yaxınlaşdı. Qapını döydü. Gözləyirdi ki, desinlər “kimdir?”. O da cavab versin ki, “Allah qonağı”. Amma bu dəfə heç onu da soruşmadılar. Deşikdən baxıb:

– Ay arvad, narahat olma. Yenə dilənçidir. Vallahi bezmişik sizlərin əlindən. Günlərin bir günü hansınızısa baltalayıb gedib düşəcəyəm zindana. Min dəfə demişəm. Bizim heç nəyimiz yoxdur. Gedin şahınıza... şahınıza yox e.. şa-hən-şa-hı-nı-za əl açın. Sizin payınızı da ona vermişik. Bacarırsınızsa gedin ondan alın.

Səs kəsildi. Göyverən bir qapını da döydü, sonra o birini, sonra bu birisini. Hamısından eyni cavab gəldi. Nə vaxtlarsa qulağı öyrəşdiyi “Allaha da qurban olum, qonağına da” ifadəsini isə eşitmədi. Küçənin ortasında beləcə durub qurudu. Birdən kiminsə onun ətəyini dartdığını hiss etdi. Balaca oğlan uşağıydı:

– Nə istəyirsən, ay uşaq?

– Dədəm gətirməyib, nənəm bişirməyib, mən yeməmişəm, – deyə uşaq əlini açıb ümid dolu gözlərlə ona baxdı.

– Yox, ay bala, misal elə deyil. Bax sən belə deməlisən. Özü də ki, əl açmadan: “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”.

Bu dəm kənarda dayanan ata onlara yaxınlaşdı.

– Ay dərviş baba, o əvvəllər idi. Quru çörəyimiz, suyumuz vardı heç olmasa. Qarnımız yarı ac, yarı tox idi. Yalnız yaxşı şeylərə əlimiz çatmırdı. Onları görəndə belə deyirdik. İndi isə acıq. Sən də dərvişsən. Yəqin ki, səni əliboş yola salmazlar. Bizim məmləkətdə qəribə daha çox hörmət var, nəinki yerliyə. Gör heybəndə nə var? Arvad-uşaq acdır, – deyib ata kənarda boynunu büküb dayanan arvadıyla körpə qızını göstərdi.

– Özün niyə yaxınlaşmadın ki?

– Balaca uşağa yazıqları gəlir. Az da olsa nəsə verirlər. Mən yaxınlaşanda təpikləyib qovurlar.

– Yoxdur heç nəyim. Bu Şahənşah Göyverən camaatda bir şey qoyub ki, hələ bir mənə də nəsə versinlər? Səhərdən yüz qapı döymüşəm. Hamısı söyüb qovub.

– Gecdir. Küçələrdən əl-ayaq yığışıb. Son ümidimiz sənə idi. Sən də ki, belə, – deyib atanın gözlərində yaş gilələndi. Göyverən isə eləcə gözlərini ona dikib tərpənmirdi. Ata son ümidinin də boşa çıxdığını görüb diz çökdü. Əllərini göyə qaldırıb qarğış tökməyə başladı.

– Allah evini yıxsın, Şahənşah Göyverən!

– Amin! – deyə Göyverən də onun yanında diz çöküb əllərini göyə açdı.

– Sağ xərcləmə yığdığın qızılları!

– Amin! – deyə Göyverən bir az da səsini qaldırdı.

– Balaların bir tikə quru çörəyə möhtac qalsın!

– Amin! – deyə Göyverən bağırdı.

Yaxından keçən fərraşlar onun bağırtısını eşidib yaxına gəldilər. Ataya da, Göyverənə də bir şillə çəkib yerə uzatdılar.

– Nə hürürsünüz gecənin bu vaxtı? İndi aparıb sizi basarıq qoduqluğa. Onda bilərsiniz ki, şahənşahımıza qarğış yağdırmaq nə deməkdir. Heyf ki, gecdir. Həm də keşik vaxtımız bitib, evə gedirik. İş vaxtı olsaydı göstərərdik sizə. Axmaqlar! Sizin nə ixtiyarınız çatır ki, varlı məhlələr tərəfə keçmisiniz. Bundan sonra həddinizi bilin. Nə qədər ki, fikrimizi dəyişməmişik, rədd olun xarabanıza.

Fərraşlar çıxıb getdilər. Ata artıq heç nə demədi. Şillədən qızarmış üzünü əliylə tutub ailəsinin yanına qayıtdı. Şahənşah əlini pul kisəsinə aparmaq istədi. Amma “bunlar qarğış tökəcəklər, mən isə bunlara qızıl verəcəyəm?” deyib fikrindən daşındı. İti addımlarla ordan uzaqlaşdı. Sarayın gizli qapısından otağına girdi. Hoqqadan iki qullab vurub yatağına uzandı.

 

***

 

Səhərdir. Şahənşah taxtında oturub. Baş vəzir Qüdrət hüzurunda dayanıb. Əlində pul kisəsi tutub.

– Bu nədir, Qüdrət?

– Şahənşahım, nəqqaşlar bir böyük və otuz doqquz balaca qızıl, yüz gümüş göyverən pulu hazırlayıb qurtardılar. Onları gətirmişəm.

– Əla! Əla! Əla-ül-əla! – deyə şahənşahın gözləri güldü, – Qüdrət, o nəqqaşların arasında zərgər də olmalıydı.

– Var, şahənşahım.

– Ona ver, bunlardan sırğa hazırlasın. Hamısını sağ qulaq üçün nəzərdə tutsun. Təkcə bu böyük qızıl sırğanı isə sol qulağa düzəltsin. Yəni ki, mənim əksim olan hissə görsənən tərəf olsun. Sonra gətirərsən mənə. Nəqqaşlar isə dəmir göyverənləri düzəltməyə başlasınlar. Başlarının üstündə ol ki, gecikdirməsinlər.

– Başüstə, şahənşahım.

– Bura bax. Sən Dürəngi Əllam şahlığına aparmalıydın. Heç bundan danışmırsan.

– Onu deməyə gəlmişdim. Şahənşahım əlimdə tutduğum pul kisəsiylə maraqlandı əvvəlcə. Ona görə unutdum. Hər şey dediyiniz kimi oldu. Dürəng artıq şahdır. Amma şahlıq Əllamın adını daşıyacaq.

– Olsun. Oranı valilik edə bilmərəm. Bəs Aslan, şahzadə Göyverənlər necədirlər?

– Onlar da bac-xəracı götürüb yola düşdülər. Siz deyən kimi – hər valilikdə “Şahənşah Göyverən” hayqıra-hayqıra gələcəklər paytaxta. Amma...

– Nə amma?

– Şahzadə Göyverənlər qulaq asmırlar Aslanın sözünə.

– Necə yəni tabe olmurlar?

– Tabe olurlar. Amma bir sözünü qulaqardına vururlar. Aslan deyir ki, silahlıları döyüş meydanında öldürürsünüzsə, sizə halal olsun. Amma silahsızları öldürməyin, başqa nə edirsinizsə özünüz bilərsiniz. Qaliblər ittiham olunmazlar. Onların isə vecinə deyil. Öldürürlər. Arvad-uşaq da ölüm-zülüm qəbir qazıyıb ölülərini dəfn edir. Çox iyrənc bir mənzərədir, şahənşahım, – deyib baş vəzir öyüməyə başladı.

– Çıx otaqdan! Tez çıx! Bircə bura qusmağın qalmışdı.

Baş vəzir özünü tez ələ alıb sözünə davam etdi:

– Növbəti şahlığın adını deyimmi, şahənşahım?

– Tələsmə, Qüdrət. Dünyanın axırıdır? On günə üç şahlığı tarimar etmişik. Bir az ara verək.

– Əmr sizinkidir, şahənşahım, – deyib baş vəzir təzim etdi, – Şahənşahım heç qənimət barədə soruşmadı.

– Aslana demişəm ki, hamısını Göyverən valiliyinin xəzinəsinə aparsın.

– Düzünü siz bilirsiniz, şahənşahım. Qızıl-zinət dolu sandıqlar yüklənən on araba idi.

– Maraqlı deyil mənimçün, Qüdrət.

– Başa düşdüm, şahım. Sizi rahatsız etdim. Bir xüsus da var, şahənşahım. Amma cürət etmirəm.

– De!

– Camaatla bağlıdır. Fərraşlar nə qədər çalışsalar da bacarmırlar. Bəlkə siz məsləhət verəsiniz.

– Nə məsələdir ki?

– Qorxuram qəzəbinizə tuş gələm.

– De, qorxma!

– Şahənşahım, camaatın dilində “göyvərən” kəlməsi yayılmaqdadır. Eşikdə, bazarda qarğış tökənlər çoxalıb. Baş fərraş çatdırdı. Mən də əmr verdim ki, kimin dilindən bu kəlməni eşitsələr, tutub bassınlar qoduqluğa. Zopalasınlar.

Şahənşah Göyverən fikrə getdi. Hələ də tiryəkin təsirində olduğundan çox da qeyzlənmədi.

– Qoy sən deyəni etsin fərraşlar. Qabağını ala bilməsələr bir şey fikirləşərik. Evlərin içinə də nəzarət etsinlər.

– Necə, şahənşahım?

– Hamı qapısında bir deşik açıb. Həmin deşiklərdən pussunlar. Evlərdə danışılanlar küçədə danışılanlardan təhlükəlidir. Çünki balacalar da qulaq asır. Ürəklərində şahənşahlarına qarşı nifrət indidən kök salır. Sarayın da bütün qapılarında adam boyu səviyyəsində dəmir quruş boyda deşiklər açdır.

– Başüstə, şahənşahım.

– Gedə bilərsən.

 

***

 

Divan. Baş vəzir taxtında pəjmürdə oturub. Baş xəzinədar Hətəmlə baş hakim Fərman da burdadırlar.

– Ürəyinə salma, ay Qüdrət. İndi deməyib-deməyib də... Gələn dəfə deyər, – deyə Hətəm ürək-dirək verməyə başladı.

– Bəlkə mənim hoqqamın təsirində olub? Əla tiryək idi, – deyə Fərman hırtıldadı.

– Yox. Ağlı özündəydi. Əvvəllər “min qızıl” deyəndə, çırtıq çalıb yerindən hoppanırdı. İndi on araba qənimət dedim, heç tükü də tərpənmədi. “Əla! Əla! Əla-ül-əla!” ifadəsi çıxmadı ağzından. Qəniməti isə paytaxta gətirib, sənə vermir, Hətəm. Yatızdırır Göyverən valiliyinin xəzinəsinə. Yox. Şahənşaha nəsə olub. Deyirəm camaat dil açıb – sizə “göyvərən” deyir. Heç vecinə də almadı. Fikrində nəsə hazırlayır. Nə qədər gec deyil tutmalıyam fikrini. Daha doğrusu yeni zəif yerini. Qızıl artıq maraqlı deyil onun üçün. Hərəmxanaya demək olar ki, getmir. Hamilə Karineylə maraqlanmır. Şairləri soruşmur. Zəbt etmək üçün yeni şahlıq adı çəkmək istədim – ağzımdan vurdu. Üstündə “Göyverən” sözü yazılan pulları göstərəndə isə “Əla! Əla! Əla-ül-əla!” deyib gözləri işıldadı. Üstəlik onlardan qəribə sırğalar hazırlatdırmaq əmri verdi. Yenə nəsə qarışdırır beynində. Yox, bunun fikri tamam başqa şeydir. Siz də gözdə-qulaqda olun.

– Lap yaxşı. Burda pis nə var ki? Qızıl istəmirsə bizim də xeyrimizədir. Onsuz da tükənə-tükənə gedirik. Biz də, camaat da...

– Kəs səsini, Fərman. Mən nədən danışıram, sən nədən? Sən acından ölməyəcəksən heç vaxt. Nə qədər ki, bütün hoqqaxanaları tiryəklə təmin edirsən, sənə zaval yoxdur. Mən başqa şeydən qorxuram.

– Nədən? – deyə Fərman soruşdu.

– Deyəsən bunun yenə də ibnəsi oyanıb.

– Aydın danış sən Allah, Qüdrət.

– Əllam şahlığında şahzadə Göyverənlər elə bir oyun çıxarıblar ki, Əllam Şah biabırçılığa dözməyib əvvəlcə vəliəhdi, sonra isə özünü öldürüb. Özü də meydanda. Lüt kişi meyitləri küçələrdə qalaqlanıb. Mən özüm dəhşətə gəldim bu mənzərədən. Aslanın da sözünə baxmırlar şahzadələr. Şahənşaha deyəndə o da soyuqqanlılıqla qarşıladı sözlərimi. Ürəyinə yağ kimi yayıldı xəbər. Mən indi başa düşmüşəm ki, niyə Göyverən valiliyi belə güclü qorunurmuş. Məni niyə ora buraxmırlarmış. Belə getsə...

Baş vəzir susdu.

– Ay Qüdrət, day ağ eləmə də... biz düşmən deyilik ha... Yəni şahzadə Göyverənlər özlərinkiylə düşməni bir-birindən ayırd edə bilməyəcəklər?

– Nə bilim vallah. Nəsə yaman narahatam. Gözləyək görək nə olur. Bir xəbərim də var. Mənə deyir ki, paytaxtdakı evlərin qapılarında deşiklər açılıb. Görəsən bunu hardan bilir? Saraydakı qapılarda da deşik açdırmaq əmri verdi şahənşahımız. Yəqin ki, pusacaqlar qapıları. Həm sarayda, həm də evinizdə. Ehtiyatlı olun. Danışığınıza fikir verin.

– Ömrün uzun olsun, Qüdrət. Yaxşı ki, xəbərdar etdin.

– İndi isə gedin. Ayıq-sayıq olun. Çətin zəmanəyə gəlib çıxdıq.

 

***

 

Səhərdir. Baş vəzir şahənşahın otağına girib onu yuxudan oyadır.

– Şahənşahım, gözünüz aydın. Aslan şahzadə Göyverənlərlə qalaya yaxınlaşır. Çapar xəbər gətirib.

– Nə gözəl? Tez meydana yığ camaatı. Biz də ora gedirik.

– Başüstə, şahənşahım.

Meydan. Şahənşah Göyverən kürsünün üstündədir. Arxasında baş vəzir Qüdrət dayanıb. Aslan qoşunla meydana daxil olur. Şahzadə Göyverənlər kürsünün ətrafında dövrə vurub dayanırlar. Aslan atdan düşüb kürsüyə qalxır. Təzim edərək Əllam şahın qılıncını şahənşaha uzadır.

– Şahənşahım, Ərdan, Kaminat şahlıqlarından sonra Əllam şahlığı da təbəəliyi qəbul etdi. Yaşasın Şahənşah Göyverən!

Şahzadə Göyverənlərin alqış sədaları ətrafı bürüyür. Şahənşah Göyverən qılıncı alıb üzünü qoşuna çevirir.

– Şahzadə Göyverənlərim! Halal olsun çörəyim sizə. Qəhrəmansınız. On günə iki şahlığı diz çökdürdünüz. Ona görə sizin üçün üç gün bayram elan edirəm. Bayramı istədiyiniz paytaxt sakiniylə, ailəylə birgə keçirin. Hər bir ev sizin doğma eviniz sayılır. Çünki siz onların yolunda vuruşub qan tökmüsünüz. Çünki siz mənim şahzadələrimsiniz. Qalibsiniz. Qaliblərə isə hər şey qurbandır. Üç gündən sonra isə Göyverən valiliyinə geri dönün.

“Şahənşah Göyverən”, “Şahənşah Göyverən” sədaları altında şahənşah kürsüdən enib atına mindi və saraya doğru yol aldı.

 

***

 

Üç günlük bayram başa çatıb. Saray. Şahənşah taxtında əyləşib. Baş vəzir Qüdrət, baş mühafiz Aslan hüzurundadırlar.

– Şahənşahım, şahzadə Göyverənlər təxtgahı tərk etdilər, – deyə birinci Aslan dilləndi.

– Xub, xub. Razı getdilərmi barı? Müharibənin ağrı-acısını çıxara bildilərmi?

– Bəli, şahənşahım.

– Başqa məmləkətlərin əhalisi bir-iki şahzadənin nazına dözə bilmir. Bizim camaat on min şahzadə Göyverəni yola verə bilibsə, halal olsun onlara.

– Düz buyurursunuz, şahənşahım, – bu dəfə baş vəzir Qüdrət dilləndi, – İki şahzadə bizim də qapımızı döydü. Layiqincə qulluq etdik onlara.

– Əla! Əla-ül-əla! – deyə Göyverən taxtına yayxandı, – Qüdrət, sən get, – baş vəzir otaqdan çıxır. Şah üzünü baş mühafizə tutur, – Aslan, yenə əsir gətirmişdilər qalaya?

– Bəli, şahənşahım.

– Gedib artıq adamları təmizləyərsən qaladan. Əvvəlki vəziyyətinə salarsan həyatı. Hələlik heç bir müharibə olmayacaq.

– Başüstə, şahənşahım.

– Göyverən ibadətgahının tikintisinə diqqəti artır.

– Şahənşahım, minarələri ucaltmağa başlamışıq. Həm də günbəzin tikintisinə hazırlıq görülür.

– Aslan, yəqin sənə demək yadımdan çıxıb. Məscidin günbəzi olmayacaq.

– Günbəzsiz məscid? Maraqlıdır, – deyə Aslan təəccübləndi.

– Bir daha təkrar edim ki, yadından çıxmasın: adını divara məscid yox, Göyverən ibadətgahı yaz. Üç səmavi dinin rəmzləri isə giriş qapısının üstünə həkk olunsun.

– Yadımdadır, şahənşahım – bütün dindarların Allahı birdir. Alqışlayıram fikrinizi bir daha. Şahənşahımdan heç kimin bugünə qədər atmadığı müdrik addım.

– Aslan, Alqan Şahın məzarının yerini öyrən. Ziyarət etmək istəyirəm.

– Başüstə, şahənşahım.

Şahənşah Göyverən daha heç nə demədi. Aslana əliylə get işarəsi verdi.

Axşam düşüb. Şahənşah hərəmxanadadır. Mütəkkələrə dirsəklənib hərəmlərin rəqsinə tamaşa edir. Fikirlidir. Həmişə olduğu kimi yanında hərəmlərin oturmasına izn verməyib. Karine isə pəncərənin qabağındadır. Qəmgin-qəmgin eşiyə baxır. Xacə Dümbələk hoqqanı közləyir.

– Xacə Dümbələk, sən hardan bilirsən hoqqa közləməyi?

– Şahənşahım, rəhmətlik babamla nənəm hər axşam iki-üç qullab vurmasaydılar, yatmazdılar. Onlarda görmüşəm.

– Özün çəkirsən?

– Xeyr, böyük şahənşah.

– Niyə?

– Nə dərdim var ki, hələ bir tiryək də çəkim.

– Sözündən belə çıxır ki, mənim dərdim böyükdür.

– Biz kiçik adamlarıq. Böyük adamların dərdi də böyük olar, şahənşahım.

– Bəs axtalanmağı böyük dərd saymırsan?

Xacə dinmədi.

– Kim səni axtalayıb, Dümbələk?

– Quldarlar, şahənşahım. On iki yaşım olardı. Oğurladılar. Xacələr də hərəmlər kimi alınır-satılır. Mən də satıla-satıla gəlib çıxdım sizin məmləkətə. Qul bazarından on qızıla alıb gətirdilər saraya.

– Özünü necə hiss edirsən hərəmxanada?

– Mənim kişi hislərim çoxdan ölüb, şahənşahım. Mən nə kişiyəm, nə də qadın.

Şahənşah daha heç nə soruşmadı. Xortumdan bir qullab vurub, hərəmxana təbibini əl işarəsiylə yanına çağırdı. Bunu görən hərəmlər pıqqıldaşmağa başladılar. Qırx-qırx beş yaşlarında olan təbib şahənşahın əmriylə gəlib onun yanında oturdu. “Deyəsən yenə də Qəndab yadına düşüb şahənşahımızın”, “təbib də onun kimi ətli-canlıdır”, “yəqin birinci hamama gedərlər”, “elə bir atımlıq barıtı varmış bunun, yenə sığallanmağı gəldi” pıç-pıçları hərəmxananı bürüdü. Şahənşah əyilib təbibin qulağına nəsə dedi. O, razılıq əlaməti olaraq başını yellədi. Bu zaman şahənşah əlini-əlinə vurdu. Qızlar düzlənən kimi, – Xacə Dümbələk, təbibi otağıma gətir, – deyib hərəmxanadan çıxdı.

Şahənşahın otağı. Göyverən əbasını soyunub. Təbib isə şam işığında iynə saplayır.

– Mən hazıram. Başlayımmı, şahənşahım?

– Ağrıdacaq?

– Ovuşdurub-ovuşdurub keyidəcəyəm yerini. Həm də hoqqa çəkmisiniz. Ağrını az hiss edəcəksiniz. Hansı qulağınızı deşəcəyəm, şahənşahım.

– Sol qulağımı. Hardasa oxumuşdum ki, sol qulaqda sırğa gəzdirmək təklik əlamətidir.

– Əmr edərsiniz, şahənşahım.

Təbib şahənşağa yaxınlaşdı. İki barmağını qızılgül yağıyla islatdı. Şahənşahın sol qulağının sırğalığını – mərçəyini ovxalamağa başladı.

– Adın nədir, təbib?

– Məkrubə.

– Nədir mənası?

– Kədərli, qəmli deməkdir, şahənşahım.

– Qəribə addır.

– Şahənşahım, bir xüsusu nəzərinizə çatdırmaq istərdim.

– Nə xüsus? Xüsus vaxtıdı? Yaxşı, de!

– Şahənşahım, Dümbələk dedi ki, onu on iki yaşında axtalayıblar. Amma heç oxşamır balaca vaxtı axtalanana.

– Balaca vaxtı axtalananın buynuzu olur ki?

– Şahənşahım, oğlan uşağını kiçik yaşlarında axtalayanda səsi qadın səsinə oxşayır, üzünə tük çıxmır, əzələləri inkişaf etmir. Zahirən zənən xeylağına oxşayır. Amma bu deyir ki, məni on iki yaşında axtalayıblar. Yalan danışır.

– Yəqin utanır deməyə böyük yaşlarında axtalanmağını.

– Sizinlə danışanda dedi ki, “mənim kişi hislərim çoxdan ölüb, şahənşahım. Mən nə kişiyəm, nə də qadın”. Uşaq vaxtı axtalanan hardan bilir ki, kişi hisləri nə deməkdir?

Şahənşah bu sözlərə əhəmiyyət vermədi. Təbib isə şahənşahın sırğalığını barmaqlarıyla ovuşdurmaqda davam edirdi. Bu, əvvəlcə şahənşahın xoşuna gəlirdi. Amma təbib getdikcə barmaqlarını daha bərk sıxmağa başladı. Birdən iynəni qulağın tənəsinə taxıb o biri tərəfdən çıxartdı. Şahənşahı ağrıtsa da qışqırmadı. Təbib işini qurtarıb, sapa düyün vurdu.

– Ucunu elə kəs ki, aydın görünməsin.

– Başüstə, şahənşahım. Başqa bir əmriniz?

– İndi bu neçə günə sağalacaq? – deyə Göyverən ufuldaya-ufuldaya soruşdu.

– Yəqin ki, beş-on günə, şahənşahım. Hər gün sapı tərpətməliyəm. Sağalanda isə sapı çıxarıb... – təbib duruxdu, – Sapı çıxarandan sonra yerinə nə salacaqsınız, şahənşahım?

– Vaxtı çatanda biləcəksən. İndi isə get.

– Şahənşahım, bir xüsusu da çatdırmaq istərdim.

– De.

– Karine yaman əsəbidir.

– Niyə?

– Ona diqqət ayırmadığınıza görə.

– Sənə nə dəxli var ki, bunun?

– Bir təbib kimi deyirəm. Bunun hamiləliyin gedişinə pis təsiri ola bilər. Ona görə.

– Heç nə olmaz. Baş kəsəndə heç tükü də tərpənməyib, indi diqqətsizlik təsir edəcək ona? Get!

Təbib təzim edib otaqdan çıxır. Şahənşah aynaya yaxınlaşıb qanı qurumuş qulağına baxır. Öz-özünə deyir:

– Hə, şahənşah Göyverən, yavaş-yavaş qulağısırğalıların zamanı gəlir. Artıq əsl göyverənləri uzaqdan tanıyacaqlar, – dedi. Xortumu əlinə götürdü. İki qullab vurub, yatağına uzandı.

 

***

 

Axşam düşür. Qara geyimli atlı qaladan çıxıb karvan yoluna dönür. Xaraba karvansaraya gəlib çatır. İtlər onu hürə-hürə qarşılayıb komaya qədər ötürürlər. Çapar atından düşüb diz çökür. Qoca onu ayağa qaldırıb qucaqlayır:

– Xoş gəlmisən, bala. Həmişə sən gələsən.

 

***

 

Səhərdir. Şahənşah taxtında oturub. Aslan hüzurundadır.

– Şahənşahı pəjmürdə görürəm.

– Düz deyirsən. Yaman ürəyim darıxır.

– Bəlkə İtbaşını ziyarət edək?

– Gedək. Görək indi nə deyib qanımızı qaraldacaq?

– Nə deyəcək ki? Dediklərinin hamısı həyata keçib.

– Hazırlıq gör, səhər çıxaq.

– Başüstə, şahənşahım.

 

***

 

Sübh əzanının səsi bütün təxtgahı bürüyür. Qala qapılarından dərviş paltarında iki atlı çıxıb karvan yoluna düzəlir. Aslan fikirlidir.

– Aslan, axır vaxtlar yaman fikirlisən.

– Xeyr, şahənşahım. Hər şey qaydasındadır.

– Deməzdim. Nəsə olub sənə.

– Şahənşahım, axırıncı vuruşda şahzadə Göyverənlər yaman qorxuzdular məni.

– Səni qorxuzdular? Mənim igid baş mühafizimi?

– O mənada yox. Sadəcə mənə çatmır bunların hərəkəti. Biz görmüşük ki, kişi qadına meyllənər. Mən də müharibə tərəfdarı idim ki, bunlar cavandır. Qalada da zənən xeylağı yox. Vuruşarlar, həm də tələbatlarını ödəyərlər. Bunlar isə kişi qanına susayıblar. Elə bil həzz alırlar kişiyə işgəncə verib, sonra da öldürməkdən.

– Öldürməkdən? Burda qeyri-adi nə var ki, Aslan? Əsgərin qabağına kişi əsgər çıxar da... arvad çıxmayacaq ha. Ya sən onu öldürməlisən, ya da o səni.

– Düz buyurursunuz, şahənşahım. Yəqin yanılmışam.

– Yox. Deyəsən nəyisə gizlədirsən məndən.

– Xeyr, şahənşahım. Sizdən nə gizlədə bilərəm ki?

Aslan susdu. Şahənşah fikrə getdi: gizlədir, ya da ki, utanır mənə deməyə. Amma bilmir ki, əvvəl Əllam Şah, sonra da baş vəzir hamısını danışıb mənə. Vuruşda baş verənləri də, paytaxtda gəzən söz-söhbətləri də... Ola bilsin ki, qorxur. Qorxur ki, birdən qeyzlənərəm. Üstüörtülü şəkildə “işgəncə” dedi. Açıqcana – “kişi də kişiyə belə edər? Day onun nəyi kişi oldu?” desə, başa düşür ki, bunun sonu edamdır. Ağıllı adamdır Aslan. Ona görə içində çəkir. Bəs Qüdrət niyə qorxmadı? O Qüdrət ki, uşaqlıqda hamıdan çox məni “göyvərən”, “göyvərən” deyib cırnadırdı. Yox. Baş vəzir başqa, baş mühafiz başqa. Amma hər dəfə “darıxıram” deyəndə, tez İtbaşını salır yadıma. Yəqin özü də nəsə yeni bir şey öyrənməyə meyllidir. Ona görə.

Uzaqdan karvansarayın xarabalıqları görsəndi. Axırıncı dəfədən fərqli olaraq itlər onlara tərəf cumdular. Çatıb hürməklərində davam etdilər. Həmişə səslərini kəsib, ağızlarının suyu axa-axa, quyruqlarını bulaya-bulaya qonaqları komaya tərəf ötürürdülər. Amma indi hürməkləri kəsilmirdi. Hürsələr də atlara hücum etmirdilər, diş atmırdılar. Sadəcə hürürdülər. İtbaşı çomağına söykənərək onları gözləyirdi.

– Şahənşah Göyverən, xoş gəlib, səfa gətirib!

– Axır ki, səndən bir xoş söz eşitdik, ay İtbaşı! Salam! Deyəsən elədiklərimdən razı qalmısan.

– Onu kim dedi?

– Razı qalmasaydın, bu cür qarşılamazdın axı.

– Düz deyirsən. Razı qalmışam. Amma, ay şahənşah, it itin ayağını basdalamaz da...

– Yenə keçdin qarğa dilinə? İndi gəl başa düş ki, nə demək istəyir İtbaşı. Hə, tapdım. Xalq xalqın ayağını basdalamaz.

– Yox.

– Adam adamın ayağını basdalamaz.

– Yox.

– Ay İtbaşı, vallahi tapmaca tapmağa halım yoxdur. Özün izah elə.

– Bunu izah edə bilmərəm. Özün fikirləşib tapmalısan.

– Yaxşı. Sonra fikirləşib taparam. Keçən dəfəkindən fərqli olaraq bu dəfə itlərin də özün kimi gümrahdır. Deyəsən məmləkətdə hər şey qaydasına düşüb.

– Yox, ay şahənşah.

– Bəs onda niyə belə diriliblər?

– Guya ki, bilmirsən?

– Yox.

– Ey şahənşah, meydana çıxıb acından ölən xalqa dedin ki, müharibə eləməliyik. Şahənşahlıq olmalıyıq. Qənimət də sizin. Gedin əzin-tökün, talayın təbəələrinizi. Nə dedilər?

– İstəmədilər. İndi suç məndədir?

– Yox, məndədir? Əlbəttə ki, səndədir? O qədər yalan danışdın, o qədər qan uddurdun ki, xalqa, sənin xeyirli çağırışına məhəl qoymadılar. Üstəlik cavab da qaytardılar. Cavab qaytarmaq bilirsən nədir? Veclərinə almırlar səni. Bir biədəb söz də ağızlarında yayıla-yayıla gedir. Nədir o söz? O gün saribanlardan biri demişdi mənə... İndi yadıma salaram.

Bunu deyib İtbaşı gözünü Göyverənin gözünə dikdi. Şahənşah dinmirdi. Gözləri az qala oynayıb hədəqəsindən çıxacaqdı.

– Demişdim də Aslana... Ki, inanmıram İtbaşıdan bir xoş söz eşidək. Nahaq gəldik.

– Təbrik gözləyirdin? Mübarək deyim? Ağsaqqal xeyir-duası verim? Başüstə, şahənşah. Şahənşahlığın mübarək. Xeyirli olsun.

İtbaşı sözünü bitirib komaya girdi. Aslanın gətirdiyi çuvallardan birini gətirib itlərin təknəsinə boşaltdı. İtlər əvvəlki vaxtlardakı kimi yeməyə daraşıb kim çox qamarlayar deyə qırğına çıxmadılar. Əksinə, İtbaşı onlara yaxınlaşanacan və yenidən komaya girib su tuluğunu gətirənəcən dalıyca hürürdülər. İtbaşı onların qabına su töküb yenidən qonaqların yanına qayıtdı. İtlər isə yeməyə daraşmaq əvəzinə, hürməklərində davam edirdilər.

– Bunlar niyə belə edir, ay İtbaşı? Əvvəllər mırıldayanda çomaqla bir-iki dənə çəkirdin bunlara. İndi isə hürürlər. Amma tükün də tərpənmir.

– Xeyri yoxdur, ey şahənşah.

– Niyə?

– Çünki artıq mırıldamırlar, açıq-aşkar hürürlər.

– Birinə çək, hamısına dərs olsun. Keçən dəfəki kimi.

– İstəyirsən məni parçalasınlar? Hamısı hürəndə çomaq köməyə gəlmir. Onlara az vermişəm yemək, özüm çox yemişəm. Ona görə acıqlıdırlar mənə.

– Bəs indi niyə yemirlər? Axı indi yeməyin ən əlasını atdın qabaqlarına.

– Onlara indi hürmək ləzzət eləyir, nəinki yemək. Əvvəllər yeyirdilər. Doymayanda hürmürdülər. Çomaqlayanda incimirdilər. Çünki qarınları tox olurdu. Həm də bilirdilər ki, ruzumu onlarla bölüşürəm. İndi isə onlar üçün hürmək yeməkdən irəlidir. Lap sənin rəiyyətin kimi. Səni söydüklərinə görə fərraşlar birini şil-küt edir, o yandan pırtlayıb beşi çıxır. Fərraşlar da artıq beziblər kötəkləməkdən. Qorx ki, bir azdan xalqa qoşulub ağız-ağıza verələr. Onda vay halına.

– İndi nə məsləhət edirsən?

– Məsləhətdən keçib. Çünki danışan çoxdur. Onların ağzını ağzıcırıqlarla, evyıxanlarla, fərraş-mərraşla bağlaya bilməzsən.

– Nə edim bəs?

– Qoşunu sal, qırdır hamısını.

– Bəs sonra?

– Sonra da saray əyanlarını, mühafizləri, fərraşları, qoşunu yığ başına ki, bəs mən yalnız sizin şahənşahınızam.

– İtbaşı, sən məni dolayırsan? – deyə şahənşah qeyzləndi.

– Yolu budur. Mən çıxış yolunu deyirəm. Bacarırsansa elə.

– Bəlkə xəzinənin ağzını açıb paylayım onlara?

– Xeyri yoxdur.

– Müharibəyə getməkdən imtina edirlər. Bəlkə vəba xəstəliyi yayım məmləkətə?

– Özün də yoluxub ölə bilərsən. Bax, ey şahənşah, şətrənc diliylə danışsaq, indi əsl pat vəziyyətindəsən.

– Sənə qulaq asmışam – ona görə.

– Belə çıxır ki, günahkar mənəm?

– Hə. Sən saldın beynimə bu şahənşahlıq sövdasını.

– Düz deyirsən. Mən demişdim şahənşah ol. Amma deməmişdim ki, çıx xalqın qabağına özün əhalini səfərbər et. Bunun üçün baş vəzirin var. Dedim ki, ömrünün sonunda varislərinə atan-baban kimi şahlıq yox, şahənşahlıq qoy get. Demədim ki, on günə üç şahlığı böyrü üstə qoy. Dedim ki, şahlar çıxıb təbəəliklərini özləri elan etsinlər. Demədim ki, kişiləri ucdantutma qır-çat. Şahlar da buna dözməyib intihar etsinlər. Sonda... – İtbaşı ah çəkdi. Sözünə ara verib, – İt itin ayağını basdalamaz, ey şahənşah. Yenə də anlamadın?

– Yox.

– Ey şahənşah, ey şahlar şahı! Sən hər şeydən qabaq kişisən. Kişi kişinin qüruruna toxunmaz. Kişi kişiyə qurşaqdan aşağı zərbə vurmaz. Özü də arvad-uşağının gözü önündə. Yenə başa düşmədin?

Şahənşah Göyverən dinmədi.

– Zəbt etdiyin şahlıqlardakı əhali sənin təbəən sayılmırmı?

– Sayılır.

– Kişiləri öldürtdün. Bəs onda kim işləyəcək? Kim xəzinənə bac-xərac ödəyəcək? Savadı, sənəti olmayan avam dul qadınlar, yetim qızlar? Fahişəlikləmi? Köləlikləmi? Şahənşahlıq yaratmaq yeni fahişəxanalar, kefxanalar açmaq deməkdirmi?

– Mən onlara bu cür əmr verməmişəm. Aslan yaxşı bilir.

– Vermisən. Sübut edim?

– Et!

– Mən demişdim ki, yetim oğlan-qızları bir yerə yığ, böyüt, evləndir. Qoy onların uşaqları sənə “dədə” desinlər. Demişdimmi?

– Hə!

– Bəs sən nə etdin? Yalnız oğlan uşaqlarını bir yerə yığdın. Bilmirdin ki, sonu belə olacaq? Əvvəl bir-birilərini, sonra da... İndi isə deyirsən ki, “əmr verməmişəm”.

– İtbaşı, sən Barəngahsan?

– Yox. Mən İtbaşıyam.

İtbaşı susdu. Başını döndərib gözlərini karvan yoluna dikdi.

– Karvanlar yenə az keçir burdan?

– Yox.

– Bəs onda gözün niyə yol çəkir?

– Dost karvanlar az keçir. Düşmən karvanlar çoxalıb.

– İtbaşı, keçən dəfə demişdin ki, bir məsələni izah edəcəksən. Soruşdum e səndən – mədə əsasdırsa, onda tacı niyə başa qoyurlar?

– Yadımdadır. Amma mən elə bilmişdim ki, başa düşmüsən. Deyəsən, axı danışmışdım sənə.

– Yox. Yadımda deyil.

– Deməmişdimmi ki, dövlət sanki dəvədir? Dövlətin dəvə kimi dörd ayağı – dörd dayağı var. Qabaq ayaqlarından biri – birinci əsas dayaq saray əyanlarıdır. Onları həmişə tox saxla. Hərdən də təpiyini bas, artıq yağları çıxsın. Onlar camaatı incidib, sənin hörmətini “Şah bilmir. Bilsə bunların canını alar” deyən xalqının gözündə qaldıran birinci dayaqdır? Deməmişdimmi ki, qabaq ayaqlarından ikincisi – ikinci əsas dayaq qazi və hakimlərdir? Onlar camaata cəza verməklə, ölüm hökmü çıxartmaqla sənin əlini qana batırmayan, sonda Allah yanında günah qazandırmayan dayağındır? Deməmişdimmi ki, arxa ayaqlardan biri din xadimləri və məsciddir? Onlar xalqı Haqq dünyası xülyası ilə xumarlandırıb sakitləşdirən, müti və qulaqasan edən üçüncü dayağındır? Mollaxana və mədrəsələr, elm-bilik sahələri onlara tabedir. Kim evlənir-kim boşanır, kim doğulur-kim ölür, hamısı onların üstünə qaçır. Bir də ki, xəbəri camaata onlar çatdırır. Cümə namazları məhz sənə sərf edən xəbəri rəiyyətinə çatdırmaq üçündür. Deməmişdimmi ki, arxa ayaqlardan o birisi – dördüncü dayaq cibiboş, başıdolu insanlar, şairlər, təfəkkür sahibləridir? Onlar əslində dayaq deyil. Onları ayaq üstündə saxlayan sadaladığım üç dayaqdır. O üç dayaq çökəndə, səni dəstəkləməyəndə, dördüncü dayaq dünəndən dəstəkləmir?

– Yadıma düşdü. Demişdin.

– Deməmişdimmi ki, bu təfəkkür sahibləri əleyhinə çıxa da bilər, çıxmaya da... Ağır məqamda əsasən, arxanda durmurlar. Deməmişdimmi ki, şahı xalq devirmir, saray devirir? Xalq isə alətdir – mənim dilimlə desək ac-yalavac, sabaha ümidi olmayan, əzilən, təpiklənən talesiz itlər.

– Demişdin. Ay İtbaşı, qəribə adamsan. O yandan elə deyirsən, bu yandan belə. Xalqı itə çevirirsən. Qılıncını həmişə qınından sıyrılmış vəziyyətdə hazır saxla deyirsən. Mən təpikləyəndə isə itləri müdafiə edirsən.

– Mən dedim ki, təpiklə. Demədim ki, hər şeyini əlindən alıb qarnını ac qoy. Üstəlik də qurşaqdan aşağı...

Bu dəm uzaqdan karvan göründü. İtlər ox yaydan çıxmış kimi o səmtə cumdular. Hürə-hürə karvanı komayacan müşayiət etdilər. Sariban qocanın bərabərində dəvəni saxladı. Düşüb onunla və qonaqlarıyla salamlaşdı. Tuluğu və çuvalı yerə qoydu.

– Nə var, nə yox, ay sariban? Nə baş verir məmləkətdə? – deyə İtbaşı xəbər aldı.

– Nəsə böyük bir hadisə baş verməyib. Sakitçilikdir. Deyilənə görə şahənşahımız bir qulağını deşdirib. Sırğa taxmaq üçün etsəydi, yəqin ki, iki qulağını deşdirərdi. Niyə belə edib, heç kim başa düşmür. Bir də ki, tiryəkə qurşanıb. Hə, yadıma düşdü. O boyda gözəl, bakirə hərəmləri ola-ola, meylini hərəmxananın yaşlı təbibinə salıb.

– Hardan eşitmisən bu şayiələri? – deyə dərviş paltarlı şahənşah soruşdu.

– Bazarda danışırdılar.

– Nəsə həqiqətə oxşamır, – deyə şahənşah əlavə etdi.

– Mən də belə düşünürəm. Xalqdır da... boş-boş danışmağı bacarır ancaq. Yolçu yolda gərək. Mən getdim.

Sariban sağollaşıb dəvəsinə mindi. Dəvə ayağa qalxsa da yerindən tərpənmədi. Arxasından peyin, sidik tökülməyə başladı. Arxa ayaqları, quyruğu bulaşdı. Rahatlanandan sonra yerindən tərpəndi. İtlər karvanı gözdən itənəcən ötürüb geri qayıtdılar.

– Gördün? – deyə İtbaşı Şahənşah Göyverəndən soruşdu.

– Hamısı yalandır.

– Onu demirəm.

– Nəyi deyirsən?

– Dəvənin batırmağını.

– Hə. Burda qeyri-adi nə var ki?

– Bayaq dediyim məsələdir. Sariban dəvəni yedizdirir, şah isə öz dövlətini. Yem gedir mədəyə. Qabaq ayaqları, yəni saray əyanları, qazi və hakimlər mədəyə yaxın olduqlarından istədiklərini çırpışdırırlar. Çatdırıb götürə bilmədikləri keçir bağırsağa. Bu zaman növbə valilərə, fərraşlara, xırda-mırda məmurlara çatır. Onlar da bacardıqlarını qamarlayırlar. Yem, su həzmdən keçib dönür peyinə, sidiyə. Bayıra çıxanda bir hissəsi bulaşır dal ayaqlara, quyruğa. Yəni ki, bu din xadimlərinin, təfəkkür sahiblərinin və quyruqlarının – əllaməlik eləyənlərin qismətidir. Yerə tökülən isə xalqındır. İndi sən şahənşah dəvəni yaxşı yedizdirmirsənsə, su vermirsənsə, bu xalq nə etsin? Yerə bir şey tökülməlidir ki, onlar da... İndi hürməkdən, diş atmaqdan başqa əlacları qalırmı? Ona görə tac saribanın – şahın başına qoyulur ki, həmin baş bu ruzunun bölünməsinə cavabdehdir. Amma dediklərimin indi zərrə qədər əhəmiyyəti yoxdur. Sənin haqqında eşitdiklərim əgər doğrudursa, bu artıq sənin sonunun başlanğıcıdır.

– Devirəcəklər məni?

– Yox! Qətlinə fərman veriləcək. Sən özün özünü ölümə aparacaqsan. Hamı da tamaşana duracaq.

– Zəhərləyəcəyəm özümü?

– Yox.

– Axı o qoçaq kimdir ki, mənim qətlimə fərman versin.

– Səndən sonra taxt-taca sahib olacaq şəxs.

– Mənim o boyda şahzadə Göyverənlər ordum var. On günə üç məmləkəti özlərinə ram etdilər. İndi də hazır vəziyyətdədirlər. Yəni mənim üstümə qalxanları yatızdıra bilməyəcəklər?

– Onlar xəbər tutanacan gec olacaq, ay şahənşah.

İtbaşı diqqətlə şahənşaha baxdı.

– Qulağının ucunda ağ nəsə var.

– Heç. Boş şeydir. Ağacın budağı toxunub cızmışdı. Pambıq basmışdılar. Yəqin yapışıb.

– Neynək. Olsun boş şey.

– Vaxtdır, İtbaşı. Biz gedək.

– Di salamat qal, Şahənşah Göyverən.

 

***

 

Saray. Şahənşah taxtında oturub. Fikirlidir: deməli, məni boğub öldürəcəklər. Kim? Qüdrətmi? İnanmıram. Nə pisliyim keçib ki? Əksinə. Quyunun dibindən çıxarıb baş vəzir qoymuşam onu. Bütün səlahiyyətləri də vermişəm ona. Ürəyi nə istəyir onu da edir. Amma ki, yox. Öldürə bilər. Axı yerimə yeganə vəliəhd odur. Vəliəhd olmağına vəliəhddir. Amma inanmıram onda o ürək ola. Bəs kim? Aslanmı? Niyə öldürməlidir? Əksinə, mənim ağır vaxtlarımda arxamda dayanıb. Fərmanmı? Kəsilmiş sağ qulağının heyfini çıxacaq məndən? Yox. Onda cürət olsaydı qulaqkəsən Birrəngi öldürərdi. Bəs kim? Axı İtbaşı kimi nəzərdə tutub belə söylədi? İndi də işimi-gücümü atıb, gərək qatil axtarışına çıxım. Hər otağıma girəni qatil cismində görüm. Yox. Belə yaşamaq olmaz. Şahənşah qorxaq olmamalıdır. Amma İtbaşı onu düz dedi ki, şahzadə Göyverənlər köməyimə çata bilməyəcəklər. Nə edim? Onları paytaxta köçürüm? İyirmi min gəncə burda nə ehtiyac var ki... Onda içərisindən ən cüssəlilərini, cəsurlarını seçib saray mühafizi edim. Bəs onda öz mühafizlərim? Onlar neçə ildir ki, mənə sədaqətlə qulluq edirlər. Aslan, Abbas, onlar olmasaydı çoxdan başımı yemişdilər. Olmaz. İndi mən bütün sarayı didərgin salmalıyam ki, nədi-nədi İtbaşı ürəyimə xal salıb? Dedi ki, öldürəcəklər. Demədi axı nə vaxt öldürəcəklər? Həm də qismətimə nə yazılıb, o da olacaq. Yox. İtbaşının dediyi xəbərdarlıq idi. Bir şey bilir ki, deyir. Ona görə də tədbir görməliyəm – ehtiyat tədbiri. Bunu etmək istəyənin gözünü qorxutmalıyam ki, bu fikri yerli-dibli başından çıxartsın.

Bu an baş vəzir içəri girir.

– Nə olub, Qüdrət? Nə baş verib?

– Hər şey qaydasındadır, şahənşahım. Sadəcə, zərgər qızıl sırğaları hazırlayıb qurtardı. Onu çatdırmaq istəyirdim, – deyib baş vəzir balaca zərli kisəni şahənşaha uzatdı.

Göyverən ağzını açıb içindən ən böyük qızıl sırğanı tapıb çıxartdı. Asqı yerindən tutub gözünün önündə yellətməyə başladı.

– Yaxşı düzəldib. Əhsən. Gümüşləri də düzəldən kimi gətir. Zərgər təkbaşına çatdırmayacaq. Başqalarını da cəlb eləsin.

– Başüstə, şahənşahım. Şahənşahım, başqa şahlıqlar da dəvətimizi gözləyir. Çağırımmı saraya?

– Dəvət gözləyirlər?

– Bəli, şahənşahım. Şahzadə Göyverənlərin qəhrəmanlığı canlarına qorxu salıb.

– Əla! Əla! Əla-ül-əla! – deyib şahənşah taxtından durdu. Otaqda var-gəl etməyə başladı, – Yox. Dəvət etmə. Qoy qorxu içində yaşasınlar. Hər ay birinə səfər et, təpiyini basıb yağlarını çıxart. Şahənşahlığın baş vəziri onların hamısından yüksəkdir.

– Ömrün uzun olsun, şahənşahım.

– Amma yaman həvəsin var ha müharibə etməyə. Hardandır bu həvəs?

– Bir səbəb var. Amma qorxuram deməyə.

– De! Qorxma!

– Şahənşahım, camaat vergi ödəməkdən açıq-aşkar imtina edir. Xəzinəyə pul gəlmir. Ona görə istədim ki, müharibə edib bac-xərac yığım. Son iki savaşdan gələn qənimət Göyverən valiliyinin xəzinəsinə yatırılıb. Saray xəzinəsinin üstündən yeyirik.

– Bunumu deməyə qorxurdun?

– Bəli.

– Burda qorxulu nə var ki?

– Axı xəzinəyə qızıl gəlmir. Qorxdum ki, qəzəbinizə tuş gələm.

– Belə xırda şeylərə görə ürəyini sıxma. Qoy istədiklərini eləsinlər. Piylənsinlər. Sonra özləri gəlib vergi də ödəyəcəklər, elədiklərinə və boş-boş hürdüklərinə görə əfv də diləyəcəklər.

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Yığ camaatı meydana. Sözüm var onlara.

– Başüstə, şahənşahım.

 

***

 

Meydan. Camaat yığışıb. Şahənşah Göyverən ağ atın belində gəlir. Heç kim dinmir. Şahənşah atından düşüb kürsüyə qalxır.

– Ay cəmaət, eşitdim vergiləri ödəməkdən imtina etmisiniz.

“Nə ödəyək?”, “nəyimiz var ki, nə də ödəyək?”, “pul tapsaq yemək alardıq” deyə kütlədən səslər gəldi. Şahənşah təmkinini pozmadan sözünə davam etdi:

– Üç şahlığı ram etmişik. Artıq siz şahənşahlığın rəiyyəti sayılırsınız. Ona görə mən öz doğma rəiyyətim üçün vergiləri iki dəfə aşağı salıram.

Kütlədən yenə səs çıxmadı. Şahənşah kürsüdən enib, atına mindi. Saraya doğru yol aldı. Şahənşah gedəndən sonra meydanda pıçhapıç başladı...

 

***

 

Saray. Baş vəzir şahənşahın hüzurunda dayanıb.

– Vergiləri iki dəfə azaltdım. Yəqin ki, camaat razı qalar.

– Ömrün uzun olsun, şahənşahım.

– Başqa nə var, nə yox məmləkətdə?

– Hər şey qaydasındadır, şahənşahım.

– Yeni nə baş verir? Nə deyirlər? Nə danışırlar?

– Sakitçilikdir, şahənşahım. Açıq heç nə demirlər. Amma yaman pıçapıçdır.

– Nə pıçapıç?

– Heç bilmək olur ki? O qədər yavaş danışırlar ki, fərraşlar da çox şeyi eşidə bilmirlər.

– Eşitdiklərindən de.

– Deyirlər ki, dilənçilik artıb, oğurluq artıb, tiryəkilər çoxalıb, fahişəlik baş alıb gedir.

– Day denən səninlə Fərmanın kefidir də... – baş vəzir başını aşağı saldı, – Nə oldu? Niyə dinmirsən?

– Hər şey köhnə vaxtlardakı kimidir, şahənşahım.

– Bəs deyirsən ki, hər şey artır.

– Şahənşahım, hər şeyə nəzarət lazımdır. Hər şey tənzimlənməlidir. Amma indi elə bir həddə çatıb ki, nəzarət edə bilmirik.

– Bəs fərraşlar hara baxır?

– Oğru, cani, tiryəki sayı fərraşlardan qat-qat çoxdur. Necə nəzarət etsinlər?

– Amma sən narazı olmamalısan. Gəlirin çoxalıb.

– Əksinə, şahənşahım. Əvvəlkindən aşağı düşüb. Fahişəlik peşə idi. Bununla pul qazanıb haq verirdilər. İndi isə bir qarın çörəyə görə bu yola düşənlər var. Özü də cavan, yaraşıqlı, dul ev qadınları. Üstəlik bakirə qızlarını da çəkirlər bu yola. Elə ər var ki, evdə oturub uşaqlara baxır, arvad isə gedib “işləyir”. Tənzimləmək mümkün deyil.

– Mümkün deyil, yoxsa sən bacarmırsan?

– Burda yalnız bir çıxış yolu var – müharibə.

– Nə qazanacağıq müharibədən?

– Həmin oğrular, dilənçilər, tiryəkilər elə müharibənin birinci günü tələf olacaqlar. Fahişəliyi özlərinə sənət edənlər isə acından qırılacaq.

– Yox! Müharibə olmayacaq! Şahənşah öz xalqını qırğına verməz! Müharibə etmək artıq şahzadə Göyverənlərin borcudur. Bir də ki, qurunun oduna yaşı yandırmaq olmaz.

– Şahənşahım, meşənin ortasında ağacsız, açıq bir yerə çıxırsan. Adına tala deyirlər. Orada gözəl güllər, çiçəklər bitir. Başlayırsan gəzməyə. Ayağının altında çiçək də əzilir, ot da, tikan da, alaq da... Bu təbiidir.

– Başqa çıxış yolu tap.

– Başqa çıxış yolu isə vəbadır, xəstəliklərdir.

– Özümüz də yoluxa bilərik.

– Düz ehtimaldır, şahənşahım.

– Başqa?

– Başqa çıxış yolu bilmirəm.

– Mən isə bilirəm. İnsanların həyatını dəyişmək, rəngarəng etmək lazımdır. Gündə bir yeni söz eşitməlidirlər, yeni bir şey görməlidirlər ki, başları qarışsın. Fikirləri əsas məsələlərdən yayınsın.

– Məsləhət sizinkidir, şahənşahım.

– Ağzıcırıqları fəallaşdır. İlk yaydıqları xəbər isə bu olsun: “Göyverən şahənşahlığında yeni dəmir pullar – “göyverən“lər buraxılır. Köhnə pulların dəyəri aşağı düşəcək. Yeni pullar qızıldan da qiymətli olacaq”.

– Nə vaxt buraxılır, şahənşahım?

– Nəyinə lazımdır nə vaxt buraxılır? Sən xəbəri yay. Nə vaxt desəm, onda da buraxılacaq.

– Başüstə, şahənşahım, – deyib baş vəzir otaqdan çıxır. Baş xəzinədar Hətəmlə rastlaşır.

– Nə olub, Qüdrət? Nə baş verib?

– Heç nə. Nəqqaş Təbərxanın lap...

 

***

 

Göyverən şahənşahlığında camaat təşviş içindədir.

– Ay Allah, bu nə gündür saldın bizi? Bu, müharibədən də betər oldu.

– Heç vecimə də deyil. Nəyim var ki, nəyim də batsın.

– Ömrü boyu işləyəsən, bir az qızıl yığasan, sonu da bu. Dəmir qızıldan irəli olub.

– “Dəmir qızıldan irəli olub?” Day denən dünyanın axırıdır da...

– Ay camaat, qızıl nə rəngdə olur? Bir göstərin, bilək də...

– Yox. İnanmıram ki, şahənşahımız bu addımı ata. Mən həmişə vergini vaxtında vermişəm. Düz deyirlər e... qurunun oduna yaş da yanar.

– Görəsən bir qızıl neçə göyverən olacaq?

– Sən soruş ki, bir göyverən neçə qızıl olacaq? Başabaş olsa yenə yaxşıdır.

– Tacirlər yenə qaçacaq. Nə yeyəcəyik..?

 

***

 

Saray. Şahənşah taxtında oturub. Baş vəzir hüzurundadır.

– Nə var, nə yox məmləkətdə, baş vəzir?

– Puldan başqa bir şey yoxdur. Hamı dəmir göyverənlərdən danışır, şahənşahım.

– Xub, xub. Deməli, bunların ən zəif yeri pul imiş. Mən niyə bunu əvvəldən bilməmişəm? Hazırlayırlarmı nəqqaşlar dəmir göyverənləri?

– Bəli, şahənşahım.

– Qoy tez hazırlasınlar.

Baş vəzir otaqdan çıxır. Aslan gəlir.

– Aslan, biz ayrıseçkilik salırıq. Şahzadə Göyverənlərdən on mini paytaxtı iki dəfə görüb. Amma o biri on mini heç vaxt qala divarlarından kənara çıxmayıb. Nədi-nədi on beş, on altı, on yeddi yaşları var. Bu haqsızlıq deyilmi?

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Get Göyverən valiliyinə. Onlarla birlikdə yürüş keçir paytaxta. Bir-iki gün qonağım olsunlar.

– Gözəl fikirdir, şahənşahım.

– Aslan, mədrəsədə necə gedir işlər?

– Ömrünüz uzun olsun, şahənşahım. Həm camaatı sağaldırlar, həm də gənclərə bilik verirlər.

– Xub, xub. Həm də sənə xeyir verirlər. Əsas budur.

– Ömrünüz uzun olsun, hökmdar.

– Sənə halaldır. Sədaqətli adamsan. Başqa nə istəyirsənsə elə. Sənə qadağa yoxdur. Mühafizlərlə bağlı da nə sözün olsa de.

– Ömrünüz uzun olsun, şahənşahım.

– İndi isə get. Yolçu yolda gərək.

 

***

 

Səhərdir. “Göyverənlər gəlir”, “Göyverənlər gəlir” sədalarına şahənşah yuxudan oyanır. Sevincək eyvana çıxır. Uzaqdan ordunun qalaya yaxınlaşdığını görür.

– Baş vəzir, – deyə çağırır. Qüdrət hövllü özünü otağa salır, – hazırlaşın meydana gedirik.

Meydan. Şahənşah mərkəzdə dayanıb. Qoşun meydana daxil olduqca kürsünün ətrafında çevrə qurur. Baş mühafiz Aslan atından düşüb kürsünün üstünə qalxır. Şahənşaha təzim edərək deyir:

– Şahənşahım, şahzadə Göyverənlər əmrinizə müntəzir paytaxta gəliblər.

– Xoş gəlmisiniz, şahzadələrim, – deyə şahənşah üzünü Göyverənlərə tutdu, – Üç gün təxtgahda olacaqsınız. İstənilən evin qapısını döyə, o ailənin qonağı ola bilərsiniz. Üç gündən sonra səhər toplaşıb, Göyverən valiliyinə qayıdacaqsınız.

Sözünü başa çatdırıb, şahənşah Göyverən atına mindi. Saraya doğru yol aldı.

 

***

 

Üç gün keçib. Saray. Şahənşahın otağı.

– Baş vəzir Qüdrət, nə var, nə yox?

– Hər şey yaxşıdır, şahənşahım. Bu gün səhər şahzadə Göyverənlər Aslanın başçılığıyla qalanı tərk etdilər.

– Görəsən razı getdilər?

– Əlbəttə ki, şahənşahım. Lap düzünü Aslan bilər.

– Xub, xub. Camaat nə danışır?

– Hələ ki, heç nə. Bir-iki günə dil açarlar. Nəsə pis bir şey axtarışına çıxıblar yəqin.

– Pis nə danışacaqlar ki? Şahzadə Göyverənlər onların əvəzinə vuruşur, qan tökürlər. Onlar isə burda özlərini günə verib keyf edirlər. Üç gün onların nazına dözmək borclarıdır. Durub hələ bir narazılıq edəcəklər?

– Şahənşahım, nə etsəniz də xeyri yoxdur. Lap beş barmağınızın beşini də bala batırıb soxun xalqın ağzına, yenə narazılıq edəcək. Dünya əzəldən belə qurulub. Şahənşahım, bir xüsusu çatdırmaq istərdim.

– De!

– Vergilərin az yığılması narahat edir məni. Nə əlac qılaq?

– Narahat olma, Qüdrət! Xəzinə indikindən on qat artıq olacaq.

– Düzünü siz bilirsiniz, şahım.

 

***

 

Saray. Şahənşah taxtında oturub. Baş mühafiz Aslan hüzurundadır.

– Şahzadə Göyverənlər razı qaldılarmı ilk səyahətlərindən?

– Bəli, şahənşahım. Yol boyu adınız düşmürdü dillərindən. Əvvəlcə heç qayıtmaq istəmirdilər. Güclə çıxartmışam təxtgahdan. Uşaqdılar da...

– Xub, xub. Aslan, sən də ordaydın. İtbaşı dedi ki, məni öldürəcəklər. Sən şahənşahın baş mühafizi kimi nə təklif edirsən ki, bu baş verməsin?

– Şahənşahım, mən əmr quluyam. Siz nə desəniz o da olacaq.

– Mən səndən soruşuram.

– Şahənşahım, İtbaşının yanına gedirik. Mühafizsiz-filansız. Siz deyirsiniz ki, onlarsız gedək. Yolda hücum etsələr, mən birinə, ikisinə, lap onuna cavab verim, sonda taqətdən düşməyəcəyəmmi? Məni də öldürə bilərlər, sizi də... Yox idim paytaxtda. Savaşdaydım. Mən sizin təhlükəsizliyinizə necə cavabdeh ola bilərdim? Hər gün otağınıza kimi istəyirsiniz çağırırsınız. Hərəmxanaya gedirsiniz. Gecələr dərviş seyrinə tək çıxmağınız da öz yerində. İndi deyin. Mən neyləyim? Sizin bu sualınıza necə cavab verim?

– Belə çıxır ki, sən gecə-gündüz yanımda olmalısan. Bunu demək istəyirdinmi?

– Əvvəllər beləydi.

– Sən indidən danış.

– Bəli. Həmişə yanınızda olmalıyam – mən və şahzadə Göyverənlər. Onlardan yüz nəfərini saraya gətirmək istəyirəm. O şahzadələr ki, kənardan baxanda silahsız belə ürəklərə vahimə salırlar. Və o şahzadələr növbəylə gecə-gündüz sizin otağınızda, yatağınızın başında, hərəmxanada və qapının ağzında keşik çəkməlidirlər. Heç kimi, o cümlədən baş vəziri belə beş addımdan yaxına buraxmamalıdırlar.

– Sənin sözündən belə çıxır ki, mən onların yanında dövlət işlərindən danışmalıyam? Mən onların yanında hərəmlərlə mazaqlaşmalıyam?

– Şahənşahım mənim fikrimi soruşdu, mən də düşündüyümü dedim.

– Aslan, sən dediyin axı həyat deyil. Zindandan da pisdir.

– Şahənşahım, öz sualınıza özünüz cavab verdiniz. Mən də şahənşahımı özüm öz əllərimlə zindana sala bilmərəm. Şahənşahım, Karineni edam edimmi?

– O hardan yadına düşdü? Yəni belə vacib məsələdir?

– Bəli, şahənşahım.

– Axı bunu sənə demişdim, Aslan! Doğandan sonra.

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Təbiblərin neyləyir?

– İşləri çoxalıb axır vaxtlar. Müraciət edənlərin əksəriyyəti isə kişilərdir.

– Vuruşmaq istəmirlər, vergi ödəmirlər, üstəlik də xəstələnirlər. Nə olub bunlara?

– Xırda şeydir, şahım. Təbiblər deyirlər ki, çox oturmaqdan, işləməməkdən yaranan mərəzdir. Adına babasil deyirlər.

– Öz günahlarıdır, qoy çəksinlər. Aslan, sabahdan Göyverən ibadətgahının tikintisiylə məşğul ol. Mənim otuz yaşım tamam olan gün açılışını edərik.

– Başüstə, şahənşahım. Alqan Şahın məzarını tapmışam əmr etdiyiniz kimi.

– Yadıma sal, açılışdan sonra gedib ziyarət edək.

Aslan gedir. Baş vəzir gəlir.

– Nə var, nə yox, Qüdrət?

– Hər şey qaydasındadır, şahənşahım. Kim vergi ödəmirsə, qoduqluğa basırıq. İşgəncə veririk. Bunların ipini boş buraxmaq olmaz. Qudurarlar.

– Camaatı əleyhimizə qaldıracaqsan! Xəzinədə qızıl yoxdur ki, belə əl-ayağa düşmüsən?

– Düzünü siz bilirsiniz, şahənşahım. Amma qudurublar bunlar. Quduzluğun isə müalicəsi yoxdur. Yeganə dərmanı odur ki, gərək yerində gəbərdəsən. Siz ölüm hökmünü ləğv etmisiniz deyə, ayaqları yer alıb.

– Ölüm hökmünü ləğv etmişəm. Öldürməyə ki, qadağa qoyulmayıb?

– Düz buyurursunuz, şahənşahım. Zindandakı işgəncələrə tab gətirməyib ölənlər olur. Bu isə sizin hökmünüzün əleyhinə getmək deyil. Şahənşahım, bir xüsus da var. Amma bilmirəm necə deyim.

– De! İcazə verirəm.

– Bir şair Cəbbar var. Sizə həcvvari bir şey qoşub. Salıb camaatın dilinə.

– Oxu!

–                      Şahənşah olub Göyverən –

                        İt kef çəkir, atlar ölmüş.

                        Allah bizi öldürməmiş,

                        Özü bizdən qabaq ölmüş.

 

– Deməli, mənə həcv yazmağa başlayıblar. Lərzan bunların yanında toya getməliydi ki? O heç mənim adımı da çəkmirdi, işi-gücü sizləri aşağılamaq idi. Amma mən buna dözmədim. Onun dilini də kəsdim, başını da... Üstəlik dörd oğlunu qətlə yetirdim. Amma indi məni söyürlər, sizlər isə durub tamaşa edirsiniz?

– İndi gedib başını kəsərəm onun, şahənşahım.

– Mən deyəndən sonra? Küçədə biri o birini söyəndə çıxarıb qəməni soxur qarnına. Amma sizin şahənşahınızı söyürlər, siz isə qaçıb yanıma xəbərçilik etməklə məşğulsunuz? Bircə muştuluqlamağınız çatmır, – deyib, Şahənşah Göyverən taxtından durdu. Otaqboyu var-gəl etməyə başladı, – Yox. Heç nə etmə ona. Qoy yaşasın hələlik, – deyib şahənşah baş vəzirə əliylə “get!” işarəsi verir.

Taxtına əyləşir. Fikrə gedir: deməli, məni təhqir edirlər. Əvvəl camaat, indi də zəka sahibləri. İtbaşının təbirincə desək, dörd dayağımdan – dövlətin rəmzi sayılan dəvənin isə peyinlə, sidiklə dolanan dal ayaqlarından biri. Adımı da it qoyub. Deməli, atlar ölüb, itlərin bayramıdır. “İtlər”i başa düşdüm, bəs “atlar” kimlər idi ki, artıq ölmüş sayılırlar? Saray əyanlarımı, yoxsa sözünü heçə endirdiyim ziya sahibləri? Bəlkə dörd dayağımdan biri sayılan din xadimləri? Belə çıxır ki, dəvənin iki ayağı artıq məni dəstəkləmir? Bəs onda ayaq üstə necə dayanıram? Niyə yıxılmıram? Birdən çökəcəyəm? İtbaşı bunumu xəbərdarlıq etdi? Yox. O demədi ki, devirəcəklər. O dedi ki, öldürəcəklər. Deməli, dəvənin ayaqları çökməyəcək. Yəni dövlət dağılmayacaq. Sariban, yəni mən yerə yıxılmayacağam. İtlər, yəni ki, xalq hücuma keçib məni parçalamayacaq. Hə... indi çatdı mənə. Bu, sui-qəsd olacaq. Mənim şahənşahlığım kimin xoşuna gəlmirsə, o da qatilim olacaq. Kimdir o şir ürəyi yemiş qoçaq?

– Aslan! – şahənşah qışqırdı.

– Bəli, şahənşahım, – deyə Aslan içəri girib təzim etdi.

– Mən sən düşündüyün “zindan”ı seçirəm. Get yüz şahzadə Göyverəni gətir. Bir də... Göyverən qalasında mollaxana, mədrəsə aç. Məşhur üləmaları ora cəlb et. Şahzadələrin arasından ən ağıllılarını seçib elm, bilik, dövlət qanunlarını öyrətsinlər.

– Başüstə, şahənşahım, – deyib Aslan otaqdan çıxır.

Şah yenə xəyala dalır: saray əyanlarından ikinci vəzir yox, vəkil yox, əyan yerləri boş. Amma hər şey qaydasında gedir. Görəsən, şah da olmasa bu məmləkət necə yaşayar? Yaxşı, yoxsa pis? Bəlkə də kökündən məhv olar. Çünki heç kim bir-birindən qorxmur. Qorxduqları göydəki Allahdır, bir də yerdəki şah. Çünki öldürməyi bacarırlar. Mən isə ölüm hökmünü ləğv etdim. Bəlkə buna görə hörmətimi itirirəm xalq arasında? Xalq yox, elə əyanlar arasında da... Kim deyə bilər ki, sabah valilər, hakimlər, qazilər, fərraşlar əleyhimə qalxmayacaqlar? Sözümün kəsəri qılıncın kəsərindən itidirmi? Sözlə baş kəsə biləcəyəmmi? Bəlkə bərpa edim edam hökmünü? Yox. Özümü hörmətdən salaram. Mən elə bil cəza fikirləşməliyəm ki, ölüm hökmü onun yanında toya getməli olsun. Bəs onda niyə tələsirdim? Niyə yenisini yaratmadan köhnəsini ləğv etdim? Yaxşı olar, Göyverən. Ürəyini sıxma. Ürəyin belə istəyib, belə də etmisən. Lap əcəb eləmisən.

 

***

 

Şahənşah Göyverənin otuz yaşı tamamdır. Bu günü o, Göyverən ibadətgahının açılışı ilə qeyd edir. Hamı Əraf məhəlləsinə yığışıb. Şahənşah Göyverən ağ atın belində ibadətgaha yaxınlaşır. Atından düşüb kürsüyə qalxır.

– Ay cəmaət, bu gün mənim – şahənşahınızın otuz yaşı tamam olur. İstədim bu tarixi sizinlə birlikdə – Göyverən ibadətgahının açılışıyla qeyd edim. Çoxları məni qınayır ki, niyə inşasına Həqqi məscidi kimi başlanılan tikilinin adını dəyişib Göyverən ibadətgahı qoydum. Amma yaddan çıxartmasınlar ki, paytaxtda və yerlərdə Həqqi məscidlərinin tikintisinə başlamaq təşəbbüsünü dilimə gətirəndə, çoxu əleyhinə durub “nəyə lazımdır axı bu? Onsuz da hər məhlədə məscidlər fəaliyyət göstərir” deyə ağızlarını büzmüşdülər. Düzdür. Məscidlər çoxdur. Amma şahlıqdan şahənşahlığa çevrilən məmləkətimizdə digər xalqlar, din mənsubları da yaşayır. Onlar da ibadət etmək istəyirlər. Biz müsəlmanların da inandığı Allaha. Çünki Allah təkdir. Ona görə mən qərara aldım ki, məscidin adını dəyişib ibadətgah qoyum. Bu ibadətgahın iki minarəsi var. Amma günbəzi yoxdur. Minarələr azan vermək üçün deyil. Bu, ibadətgahın İslam dövlətində yerləşdiyinə bir işarədir. Qapısının üstündəki rəmzlər üç səmavi dinə məxsusdur. Minarələr arasında asılan yoğun kəndir isə Haqq dünyasındakı Qıl körpüsünə bir işarədir ki, hər kəs bunu görüb öz həyatını düzgün qurmalı, hamıyla yaxşı davranmalıdır. Bu dünyada hamı Allah qarşısında bərabərdir. Göyverən şahənşahlığında da bu bərabərliyi mən bərqərar edəcəyəm.

Kütlədən səs çıxmadı. Alqış səsləri eşidilmədi. Handan-hana bir nəfər dilləndi:

– Şahənşahım, mən müsliməm. Belə çıxır ki, bu gündən mən şərab içə, donuz əti yeyə bilərəm?

– Ay müslim, birinci sən ona niyə çevrilirsən? Çalış, qoy o sən edəndən etsin, sən yeyəndən yesin. İkincisi də, ay gic müsəlman, müslim olmağın beş şərti var: kəlmeyi-şəhadəti bilmək, namaz qılmaq, oruc tutmaq, Həccə getmək və zəkat vermək. İndi özün de: burda şərabdan, donuz ətindən bir söz deyilib ki, hələ bir soruşursan da?

– Şahənşahın sözündən belə çıxır ki, tiryək də çəkə bilərik, üstəlik zina da etməyə ixtiyarımız çatır? – deyə bir başqası dilləndi.

– Guya ki, etmirsiniz?

– Onda niyə qadağa qoyulub bunlara?

Şahənşah Göyverən bu sözdən tutuldu. Bilmədi nə cavab versin. Üzünü baş vəzir Qüdrətə və baş hakim Fərmana tutub:

– Hökmümü hər yerə yayın. Bu gündən Göyverən şahənşahlığında bütün qadağalar ləğv olunur. Kim nə istəyir yesin-içsin, kim nə istəyir çəksin. Kim də istəsə zina etsin. Özü də təkcə kişilər yox, zənən xeylaqları da... Qızlar, qadınlar mollaxanada, mədrəsədə təhsil də ala bilərlər.

Pıçhapıç meydanı götürdü. Qüdrətlə Fərman matdım-matdım bir-birinin üzünə baxdılar. Şahənşah Göyverən sözünü bitirib kürsüdən düşdü.

– Aslan, gedək Alqan Şahın məzarını ziyarət edək.

Şahənşahla Aslan atlarına minib qədim qəbiristanlığa gəlirlər.

– Bura haradır, Aslan?

– Qəbiristanlıqdır, şahənşahım.

– Bəs qəbirlər hanı?

– Yerlə-yeksandır hamısı. Dini qanunlarımıza uyğun olaraq.

– Bəs Alqan Şahın məzarı hanı?

– Hardasa buralardadır. Tapa bilmədim. Sizə də deyə bilmədim tapmadığımı. İstədim özünüz gözlərinizlə görüb şahid olasınız. Keçmişdə dini qanunlara riayət edirdilər. Şahlığından və ya kasıb-varlılığından asılı olmayaraq. İndi isə hər şey dəyişib.

Şahənşahla Aslan yeni qəbiristanlığa gəlirlər. Həqqi Şahın türbəsini ziyarət edirlər. Geri qayıdanda Göyverən bir kəlmə də danışmır.

 

***

 

İki gün keçib. Saray. Aslan şahənşahın hüzurundadır.

– Şahənşahım, əmriniz yerinə yetirildi. Yüz nəfər say-seçmə, lal-kar şahzadə Göyverəni gətirdim paytaxta.

– Lal? Kar? Bəs mənim əmrlərimi bunlar necə eşidəcək?

– Əsas odur ki, danışmırlar. Amma bərkdən deyəndə az-maz eşidirlər. Gözləri isə qırğı gözüdür maşallah. Savadları isə yoxdur.

– Əla! – deyə şahənşah razılıqla başını yellədi, – Mən dediklərimi düzgün tutmusan. Bəs onları necə lal-kar etdin? Dillərini kəsdin, yoxsa qulaqlarına şiş soxdun?

– Əsla, şahənşahım. İyirmi minin içində belələri də kifayət qədər idi.

– Yaxşı, indi onları necə yerləşdirək?

– Siz necə məsləhət bilsəniz, elə.

– Aslan, onlar yalnız mənə və sənə tabedirlər bu gündən. Dörd nəfər gecə-gündüz taxtımın, yatağımın başında dayanmalıdır. İki nəfər qapının o tərəfində, iki nəfər də bu tərəfində. Otağıma silahla bir adam da buraxılmır. Üst-başları yoxlanılır.

– Bəs hərəmxana?

– Görürsənmi, Aslan, burda boşluğa yol vermişik. Gərək yetim qızlardan da yüz nəfərini yığıb, başkəsən hazırlayardıq. İndi mən bu cavan uşaqlarla hərəmxanaya necə girim?

– Ona əlac taparam, şahənşahım. Azca vaxt lazımdır. Şahənşahım, sizin əmriniz yerinə yetirildi. Üləmalar dərsə başladılar.

– Xub, xub. Aslan, indi yəqin Qüdrətlə Fərmanın qanı qaralıb qadağaları ləğv etdiyimə görə. Hələ fərraşları demirəm.

– Şahənşahım, mən onları yaxşı tanıyıram. Bir çıxış yolu tapacaqlar.

– Aslan, mənim yaxın adamım kimi səni şahənşah ənamına layiq görürəm. Göyverən valiliyindəki xəzinədən bir sandıq qızıl sənin hədiyyən olsun.

– Ömrünüz uzun olsun, şahənşahım. Bir xüsus da var. Nəzərinizə çatdırmaq istərdim.

– De!

– Mən savaşda olduğumdan rəhmətlik Mirqəzəbin yerinə cəlladı baş vəzir təyin edib. Cəllad sarayın daxilində silah gəzdirdiyi üçün mənim adamım olmalıdır. Çünki baş mühafizə tabedir. Mən isə onu tanımıram.

– Ölüm hökmünü ləğv etmişəm. Hələlik qoy qalsın zindanbaşı kimi.

– Əmr sizinkidir, adil hökmdar.

– Aslan, düz etdimmi ölüm hökmünü ləğv etməkdə?

– Alqışlayıram hökmünüzü, şahənşahım. Amma hökmdarım gözəl bilir ki, dünyanı idarə edən iki qüvvə var: ölüm qorxusu, sonra cəhənnəm əzabı. Camaat qudura bilər. Qudurana isə əlac yoxdur, gərək gəbərdəsən.

– Narahat olma, Aslan. Öz əlimizdə deyil? Bir anda bərpa edərəm.

– Əmr sizinkidir, şahənşahım.

– Əhali necədir, Aslan?

– Hər şey qaydasındadır. Başlarını aşağı salıb, kasıbçılıqlarını edirlər.

– Yaxşı, get. Qüdrət gəlsin.

Aslan gedir. Baş vəzir Qüdrət qanıqara vəziyyətdə otağa girir.

– Nə olub, Qüdrət? Yük dolu gəmilərin dəryada batıb? Yoxsa son hökmlərim xoşuna gəlməyib? Bəlkə nəyəsə etirazın var?

– Əsla, şahənşahım. Alqışlayıram əmrlərinizi.

– Onda niyə kefin yoxdur?

– Nəsə gözlənilməz oldu qərarınız.

– Neyləməliydim? Rəiyyətimin sözünün qabağından qaçmalıydım? Nədi-nədi sənin, Fərmanın, fərraşlarının acığına gələcək?

– Əsla, şahənşahım. Əksinə, sevindik sizin qərarınıza.

– Sevindiz?

– Bəli.

– Bəs onda kefin niyə yoxdur?

– Şahənşahım, hazır deyilik. Bu cür qərarların icra olunmağa başlanmasını əsasən bir-iki ay sonraya nəzərdə tuturlar ki, hazırlıq görülsün.

– Əsaslandır fikrini!

– Şahənşahım, siz elan etdiniz ki, kim istəyir tiryək çəksin, kim istəyir şərab içsin, kim istəyir zina etsin. Hələ haram buyrulmuş təamları demirəm. Bunlar çoxları üçün maraqlı idi. Amma qanundan, şəriətdən qorxurdular. Qorxmayanlar, yolunu azanlar az idi. Biz də onların və gəlmələrin ehtiyacını ödəyirdik. İndi o qorxmayanlara qorxanlar da qoşuldu. Tələb artdı. İndi tələbatı necə ödəyək? Üstünə də əcnəbiləri gəlsək... Hələ azad həyat, azad məhəbbət eşqiylə yanıb məmləkətimizə köçmək istəyənləri demirəm. Karvansaraylar tikmək vaxt aparacaq axı. Onları necə yerləşdirək? Qalaya sığışmayacaqlar.

– Anladım. Mən də sənin pəjmürdə halını görüb elə bildim ki, narazı qalmısan.

– Əsla. Şahənşahımız onun sədaqətli qullarını heç vaxt çörəksiz qoymayıb, indi də elə oldu. Birə on artacaq gəlirimiz.

– Anlamadım.

– Şahənşahım, siz dediniz ki, çəkməyə, içməyə, zinaya icazə verirəm.

– Dedim. Bu qadağanın götürülməsi deyilmi?

– Elədir. Amma bunların alış-verişinə icazə yenə kimdə qaldı? Onu ki, əlimizdən almamısınız.

Şahənşah qəşş eləyib güldü. Handan-hana özünə gəlib.

– Bəs mənə demişdilər ki, bir şey qadağan olunanda daha şirin olur, daha çox gəlir gətirir?

– Qadağa bir şeyin qiymətini qaldırır. Onu əlçatmaz edir. Həmən şeyə həvəsi daha da artırır. Yox, elə bilməyin ki, siz qadağanı götürəndən sonra hamı tiryəkə qurşanacaq, yaxud da şərab içəcək. İçməyən-çəkməyən onsuz da həmən-həmən qalacaq. Amma tərəddüd edənlər, qanundan qorxanlar onlardan qat-qat çoxdur. Bizim işimiz də artacaq, gəlirimiz də... Üstəlik idarə etmək asanlaşacaq.

– Anlamadım.

– Şahənşahım, içəcəklər şərabdan, çəkəcəklər tiryəkdən, dalaşacaqlar, bir-birilərinin başını yaracaqlar, hətta qətlə də yetirəcəklər. Beləcə, başları qarışacaq. Boş-boş danışmağa heyləri qalmayacaq. Asayiş də tez-tez pozulacaq. Fərraşların da işi artacaq. Amma bircə karvansaray məsələsini necə həll edəcəyəm, bilmirəm. Yer yoxdur qala daxilində yenilərini tikməyə.

– Mən bilirəm yolunu. Qala divarlarından kənarda məhəllələr salınmasına fərman verirəm.

– Ömrünüz uzun olsun, şahənşahım. Hökmdar, yüz gümüş sırğa da hazırdır. Dəmir pullar da xeyli hazırlanıb. Dövriyyəyə buraxaqmı?

– Yox. Onları da sırğa elə yavaş-yavaş. Zamanı çatanda deyəcəyəm. Gümüş sırğaları isə özündə saxla.

– Başüstə, şahənşahım.

Axşam düşüb. Şahənşah hərəmxanaya gedib. Hərəmlər qarşısında rəqs edirlər. Gözünü onlara diksə də fikri başqa yerdədir. Əlini əlinə vurur. Qızlar düzlənirlər.

– Xacə Dümbələk, təbib Məkrubəni gətir otağıma.

Şahənşahın yataq otağı. Təbib şahənşahın qulağına baxır.

– Təbib, yəqin sağalar yeri.

– Düz buyurursunuz, şahənşahım.

Şahənşah balaca kisədən qızıl sırğanı çıxarıb Məkrubəyə verir:

– Sapı çıxart, bunu tax yerinə!

– Başüstə, şahənşahım.

Təbib hökmdar dediyi kimi edir. Göyverən yerindən durub güzgüyə yaxınlaşır.

– Yaraşırmı, təbib?

– Bəli, şahənşahım. Amma biz görmüşük ki, sırğa iki qulaqda olar. Amma bu, sol qulaqdadır yalnız. Yəqin bir rəmzi mənası var.

– Hə. Göyverənliyin rəmzidir bu sırğa. Üstündə mənim əksim və adım var, – deyib sırğanı təbibin gözünə yaxınlaşdırır.

– Zərgəri bilmirəm kimdir. Amma gözəl işləyib. Mən də arzu edərdim bu sırğadan.

– Bu qadın sırğası deyil. Kişilərçündür. O da yalnız Göyverənliyi qəbul edənlərçün.

– Qüsura baxmayın, şahənşahım. Bilmirdim. Mən buna zinyət kimi qiymət verdim.

– Təbib, mən xacə Dümbələyə deyəndə ki, təbibi gətir otağıma, hərəmlər niyə gülüşdülər?

– Şahənşahım, onlar mənim bura niyə gəlməyimin məğzini bilmirlər. Ağıllarında başqa şeydir. Həm də yaşıma lağ edirlər.

“Yaxşı, əgər burda olanları heç kimə deməyibsə, onda sariban, İtbaşı bundan necə xəbər tutublar?” sualı şahənşahı narahat etdi.

– Yaşlı məsələsi bir yana qalsın. Məncə əsas qadının gözəl-kifir olmasıdır.

– Şahənşahım, kifir qadını sev, gözəlləşəcək. Çünki insan seviləndə özünə baxmağa başlayır, qəşəng geyinib-keçinir. İstər kişi olsun, istər qadın. Lap gözəl olsun, sevilməsə kifirləşəcək. Ona görə deyirlər ki, gözəl-kifir qadın yoxdur. Var özünə baxan və baxmayan qadın. Bir də ki, beş ayın gəlini olmuşam, ərim qəflətən öldü. Uşağım da yox. Həyat mənim üçün indi-indi başlayır. Axı nə yaşım var ki? Qırx olmayıb heç. Bu hərəmlər anlamırlar ki, qadının yaşı olmaz.

– O niyə?

– Qadın qadındır. İstəyir cavan olsun, istəyir yaşlı. Həmişə diqqət, sevib-sevilmək acıdır. Burda yaş heç fərq etməz. Özü də yaş söhbəti müqəddəs sayılır. Bəşəriyyəti fəlakətdən qurtarıb. Yəqin şahənşahım rəvayəti eşidib.

– Yəqin ki... danış görüm.

– Hökmdar, dünyada böyük dəyişikliklər gedirmiş. Kişilər yavaş-yavaş öz mövqelərini itirirlərmiş. Qadınlar bundan istifadə edib, üstünlüyü ələ keçirməyə başlayırlar. Matriarxatın, madərşahlığın – qadınların hakimiyyətinin əsası qoyulub. Amma qadınlar dünyanın düzənini pozaraq, kişiləri ümumilikdə yer üzündən silməyə qərar verirlər. Sağ qalıb canlarını qurtarmağa çalışanları isə harda yaxalayıblarsa, ordaca divan qurub, ölüm hökmü çıxarıb, elə yerindəcə edam ediblərmiş. Beləcə kişilərin kökü yer üzündən kəsilməyə başlayıb. Günlərin bir günü dağlarda gizlənən iki kişi ələ keçir. Onları paytaxtın meydanına gətirirlər. Madərşah hamıya müraciət edir ki, bəs bunlara nə cəza verək? Hamı bir ağızdan deyir ki, edam edilsinlər. Dar ağacı qurulur. Kişilərə son arzu imkanı verilir. Birinci kişi deyir ki, bəs filan yeməyi istəyirəm. Tez bunun arzusunu yerinə yetirirlər. Sonra edam edirlər. Bu dəfə ikinci kişidən soruşurlar ki, sənin son arzun nədir? O nə desə yaxşıdır?

– Nə? – deyə şahənşah maraqla soruşur.

– Deyir ki, məni ən yaşlı qadın assın. Bir nəfər də irəli çıxmır. Çünki heç bir qadın özünü yaşlı saymaz. Həmin ağıllı kişinin bu sözü bəşəriyyəti sonsuzluqdan qurtarır. İndi hərəmlər mənə lağ elədilər. Sizə görə dinə bilmədim. Qayıdıb cavablarını verəcəyəm. Onda biləcəklər ki, yaşlı kimdir, cavan kim.

– Deməli, heç bir fərqi yoxdur. Təbib, bəlkə bunu mənə də sübut edəsən? Bacararsan?

– Elə bacararam. Aqillər demişkən: “Su girdi qaba, oldu içməli”. Nə olsun ki, təbibəm. Amma hərəmxananın çörəyini yeyirəm. Elə hərəmlərin acığına şahənşaha elə bir gecə yaşadacağam ki, düşündüklərinə peşman olsunlar, – deyib təbib şamı fülədi.

 

***

 

Səhərdir. Şah taxtında oturub. Gecə olanlardan hayıl-mayıldır. Ətrafında dörd qara niqablı şahzadə durub. Qılınclarını qınından sıyırıb hazır dayanıblar. Qapının hər iki tərəfində də ikisi durub. Qapı döyülür.

– Gəl! – deyə şahənşah dillənir. Baş vəzir vahimələnmiş halda içəri girir. Şahənşaha yaxınlaşıb təzim etmək istəyəndə, irəlidə dayanmış şahzadələrdən biri onu beş addım arxaya itələyir, – Nə olub, Qüdrət? Nəsə birtəhərsən.

– Şahım, başqa vaxt belə olmamışdı. Ona görə.

– Nə olub ki? – şahənşah özünü bilməməzliyə vurur.

– Şahzadə Göyverənlər məni soyundurdular. Ağzımın içinəcən yoxladılar. Qılıncımı da əlimdən aldılar.

– Aslan mənim tapşırığımla yeni qaydalar qoyub sarayda.

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Amma yoxlanmağını istəmirsənsə? – deyib şahənşah balaca kisənin ağzını açdı. İçindən bir dənə balaca qızıl sırğa çıxarıb, gözünün önündə yellətməyə başladı. Sonra isə barmağıyla qulağından asılanı göstərdi, – Şahzadə Göyverənlər sağ qulağında bu cür sırğa olanları yoxlamırlar. İstəyirsən sənə də verim. Hərəmxananın təbibinə də tapşıraram qulağını deşər. Məcbur deyil. Amma hər adama nəsib olmur bu cür xoşbəxtlik.

Baş vəzir Qüdrət susdu. Bilmədi nə cavab versin. Sırğanın üstündə “Göyverən” yazıldığını bilirdi. İndi başa düşdü ki, sırğaları hazırlatmaqda şahənşahın məqsədi nə imiş.

– Şahənşahım, böyük şərəf olardı mənimçün. Amma qulağımı deşdirməyə qorxuram.

– Necə istəyirsən, Qüdrət. Məndən deməkdir. Çünki sən mənim ən yaxın adamımsan. Sədaqətlisən.

– Ömrünüz uzun olsun, şahənşahım.

– Sözün yoxdursa gedə bilərsən!

Baş vəzir Divana gəlir. Taxtında oturur. Fikrə gedir: İndi də sırğa məsələsi ortaya çıxdı. Sırğa taxdırmaq istəyir bizə. Mən də fikirləşirdim ki, niyə qırx qızıl hazırlatdırır. Axı sarayın qırx əyanı var. Amma məcbur etmədi. Onda belə çıxır ki, sırğalar boş yerə hazırlanıb? Yox. Göyverən elə-belə etməz heç nəyi. Görsəm ki, vəziyyət gərginləşir, gedib ayağına düşüb, yalvarıb alaram sırğanı.

 

***

 

Axşam düşür. Qara geyimli atlı artıq xərabə karvansaraya çatır. İtlər onu hürə-hürə qarşılayıb komaya qədər ötürürlər. İtbaşı səsə çıxır.

– Salam, İtbaşı.

– Salam, salam. Yenə gəldin? Nəsə ciddi bir şey baş verib yəqin. Keç içəri.

 

***

 

Aylar keçir. Saray. Şahənşah taxtında oturub. Baş vəzir hüzurundadır.

– Necədir vəziyyət, vəzir?

– Hər şey yaxşı gedir. Məmləkətə əcnəbilərin axını başlayıb. Karvansaraylarda yer tapılmır. Çoxu burda qalıb yaşamaq istəyir. Öz ölkələrində olan qadağalar burda olmadığına görə.

– Qalıb yaşasınlar da... kim nə deyir ki, onlara?

– Yaşamaq üçün ev tikmək istəyirlər. Qalada isə yer yoxdur.

– Yeni salınan məhəllələr bəs nə üçündür? Orda tiksinlər. İcazə verirəm. Ora təkcə karvansaraylar üçün deyil ha... Camaat necə dolanır?

– Camaatın vəziyyəti yaxşılaşıb. Amma yenə narazıdırlar.

– Nə istədilər verdim onlara. Azadlıqdan böyük nemətmi var? İndi nə istəyirlər?

– Deyirlər ki, “şahənşah uşaqlarımızı öz gününə saldı. Onlar hardan bilirdilər ki, şərab nədir, tiryək nə. Dinləri birləşdirdikdən, qadağaları aradan götürdükdən sonra abır-həya, din-iman, böyük-kiçiklik – hamısı heç oldu”. Qadınlar da ərlərinin, ata-qardaşlarının üzünə ağ olmağa başlayıblar. Üstlərinə çımxıranda, onları sizinlə qorxuzurlar. Deyirlər ki, şahənşahımız qadınlara da zina icazəsi verib. Siz zina edəndə olar, biz yox? Hətta bəziləri zinayla pul qazanmağa başlayıblar. Çox arvadı olanların da sayı azalıb. Fərraşlar da çatdırmırlar. Nə qədər saylarını artırsam da... Nəzarətdən çıxır məmləkət.

– Deməli, yenə narazıdırlar. Nə təklif edirsən, vəzir?

– Şahənşahım, müharibə labüddür. Sadəcə sizin hökmünüz lazımdır. Belə uzun çəkə bilməz. Fəsadı çıxacaq hökmən. Onda idarəedilməz olacaqlar.

– Deyirsən ki, qurduqlarımızı heç edək?

– Hökmdar, kimin haqqı nədir ki, bizə hücum etsin. Müharibəni biz elan edəcəyik. Döyüş onların torpağında gedəcək. Sadəcə, camaatı səfərbər edək. Şahzadələrimiz qoy bir az dincəlsinlər.

– Yox, baş vəzir, hələ yox.

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Qüdrət, tutaq ki, idarəedilməz oldular. Nə edəcəklər?

– Şahənşahım, onsuz da neçə aydır ki, vergi ödəməkdən boyun qaçırırlar. Bu artıq üsyan deməkdir. Bir məsələ də var, deyə bilmirəm. Qorxuram.

– De!

– Əvvəllər sizi “göyvərən” çağırırdılar. İndi isə əvvəlinə “oğraş” sözü də artırıblar.

– Mənim oğraşlığımı nə vaxt görüblər? – deyə şahənşah taxtından durdu. Hirsindən qızarmışdı. Çırtma vursaydın qanı çıxardı. Əliylə baş vəzirə “get!” işarəsi verdi. Hirsi soyuyandan sonra baş mühafiz Aslanı çağırdı.

– Aslan, gedirsən Göyverən valiliyinə. İyirmi min şahzadənin hamısını səfərbər edirsən. “Şahənşah Göyverən” hayqıra-hayqıra gəlirsiniz paytaxta. Üç gün burda qalsınlar.

– Başüstə, hökmdar, – deyib Aslan gedir.

Şahənşah eyvana çıxır. Hündürlükdən təxtgaha tamaşa edir. Fikrə gedir: deməli mənə “oğraş” deyirlər. Vergi ödəməməkləri, “göyvərən” deməkləri, həcv yazmaqları az idi, bir söyüşü də bu yandan artırdılar. Mən isə dözürəm. Dözürəm, yoxsa hələ yığıram? Yox. Belə görürəm ki, yığıram. Bəs əvvəllər niyə dözmürdüm? Məni lağa qoyub cırnatdıqlarına görə bütün saray əyanlarının soyadını Göyverən etdim. Mənim sirrimi bildiklərinə görə baş vəzir Qurbanla saray həkimi Loğmanı amansızlıqla edam etdirdim. Lərzanın arvadı məni söymürdü, sadəcə qarğış edirdi – adını dəli qoyub Qəhqəhə qalasına apardılar. Bəs indi nə olub? Niyə dözürəm? Yox. Mənim də hövsələmin sonu var. Xalqa yaxşılıq edə-edə, əvəzində söyüş eşitmək? Axı, dünyanın heç bir məmləkətində – istər İslama, yaxud da ki, digər dinlərə sitayiş etsinlər – qadağalar tamamilə aradan qaldırılmayıb, Göyverən ibadətgahı kimi Allah evi açılmayıb, ölüm hökmü ləğv olunmayıb. Budurmu mənim təqsirim? Əcnəbilər bunu qiymətləndirib axınla gəlirlər şahənşahlığın təxtgahına, həmişəlik qalmaq istəyənlər də var. Amma özümkülər məni söyür. Üstəlik vergi də vermirlər. Çıxacağam paytaxta. Özü də günün günorta çağı. Görüm nə deyəcəklər. Düzdür Aslan yoxdur. Şahzadə Göyverənlər ki, yanımdadır.

 

***

 

Paytaxtın küçələri. Şahənşah Göyverən yüz qaraniqablının müşayiətiylə addımlayır. Qulağındakı sırğa parıldadığından hamının diqqətini cəlb edir. Şahzadələrin bədheybət zahirindən qorxaraq camaatdan kimsə ona yaxınlaşmağa cürət eləmir. Uzaqdan salamlayır, yaxud da dinməzcə durub gözləriylə şahənşahlarını yola salırlar. “Şahənşah Göyverən, ömrün uzun olsun”, “Səni var olasan” deyə alqış yağdıranlar da var. Beləcə, şahənşah paytaxtı dövrə vurub yenidən saraya qayıdır.

 

ARDI VAR

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir