Həsti: “Çalışırıq ki, artıq pul israf etməyək”
Modern.az “Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə müsahibə” silsiləsindən ikinci yazını oxuculara təqdim edir. Qeyd edək ki, bu layihəmizdə məqsədimiz əcnəbi tələbələrin Azərbaycan və azərbaycanlılar haqqında düşüncələrini oxucularımızla bölüşməkdir. Fikirləşdik ki, özümüzə və gəncliyimizə bir də əcnəbilərin gözü ilə baxaq.
Növbəti müsahibimiz İran vətəndaşı olan Həsti adlı qız Tibb Universitetinin stomotologiya fakültəsinin 4-cü kurs tələbəsidir. Onu da deyək ki, Həsti ilə söhbətimiz o qədər də asan olmadı. Əvvəla soyadını bildirmək istəmədi, israrlarımızdan sonra “M” hərfi ilə başladığını söylədi. Verdiyimiz hər suala siyasi isə don geyindirib qarşılığında bir cavab verirdi:
“Məlum hadisələrə görə mənə siyasi suallar verməyin”. Bir çətinliyimiz də müsahibimizin dörd il Azərbaycanda yaşamasına baxmayaraq dilimizi yaxşı bilməməsi idi. Səbəb kimi isə təhsillərinin ingilis dilində olmasını deməklə M. Həsti vəziyyətdən çıxmağa çalışdı.
Müsahibimizlə tanış olduğum ilk andan diqqətimizi bir nüans da cəlb etdi: xanım iranlı olmasına baxmayaraq, hicabsız idi. O, buna izah verməkdən birmənalı şəkildə intina etdi.
– Necə oldu ki, Azərbaycana gəldiniz?
–Azərbaycanda yaşayan qohumlarım var. Sənəd qəbulu zamanı mən də gəlib sənədlərimi burda verdim. İmtahan oldu və mən Tibb Universitetine qəbul oldum.
– Ümumiyyətlə Azərbaycana əvvəllər də gəlmək firkin olubmu?
– Bəli, daha əvvəl də Azərbaycana gəlib burda təhsil almaq fikrim var idi.
– İranla Azərbaycan arasında təhsil fərqi nədədir?
– Sözsüz ki, hər ölkənin təhsili fərqlidir. İranda təhsil sistemi ABŞ sisteminə oxşardır. Burda, yəni Azərbaycanda isə sovet sistemi hələ də qalmaqdadır. Boloniya siteminə keçilsə də, bu, hiss edilmir, stereotiplər qalmaqdadır.
– Azərbaycanda olmaq xoşunuza gəlir?
– Bəli. Adət-ənənələrimiz, gündəlik həyatımız sizin həyat tərzinizə yaxın olduğu üçün özümü yad, qərib ölkədə hiss etmirəm.
– Azərbaycan yaxşıdır, yoxsa İran?
– Mən bunları ayırmazdım. Hər iki ölkə mənim üçün əzizdir. Əvvəlki suala cavabda dediyim kimi, özümü burda qərib hiss etmirəm...
– Burda qalıb məskunlaşmaq fikriniz var?
– Xeyr! Vətənimə qayıdacağam. Mənim burda olma səbəbim təhsil almaqdır. Həkim kimi mən öz vətənimdə fəaliyyət göstərmək istəyirəm. Çünki orda həkimə verilən qiymət və hörmət burdan qat-qat üstündür. İranda həkimə olan hörmət prezidentdən də yüksəkdir.
– Bizim gənclərlə münasibətiniz necədir?
– Yaxşıdır, ancaq burada yaxın rəfiqəm yoxdur. Daha çox iranlı dostlarımla vaxt keçirirəm.
– Otaq yoldaşlarınız necə,onlar da iranlıdırlar?
– Tibb Universitetinin yataqxanasında əcnəbi tələbələr – iranlılar, türklər, pakistanlılar və s. ayrı - ayrı qalırlar.
– Milli yeməklərimizdən hansını bəyənirsiniz?
– Bütün yeməklərinizi çox xoşlayıram. Bizim əksər yeməklərimiz eynidir, ya da oxşardır.
– Özünüz necə, bişirməyə cəhd edirsiniz, ümumiyyətlə yemək bişirməklə aranız necədir?
– Dadlı yeməkləri, təamları sevirəm, amma təəssüflər olsun ki, bişirə bilmirəm. Sözün düzü, burda buna ayıracaq nə vaxt tapıram, nə də cəhd edirəm.
– İran vətəndaşı olaraq Azərbaycan gənclərində görüb bəyənmədiyin cəhətlər hansıdır?
– Hər ölkənin özünə görə mədəniyyəti var. İran gəncləri işləməyə daha çox üstünlük verdikləri halda, azərbaycanlı gənclər isə əyləncə və boşuna vaxt keçirməyi sevirlər. Ümumiyyətlə, İran vətəndaşı olduğum üçün çox şeyləri demək olmur. Çox fərqimiz var!
– Azərbaycanda olduğunuz müddətdə hansı şəhər, rayon və kəndlərdə olmusunuz?
– Biz, İran vətəndaşları dərsdən çıxdıqda ya yataqxanaya gedir, nadir hallarda da gəzməyə gedirik. Maddi imkanımız səyahətə imkan vermir.
– Niyə məhz stomotologiya fakültəsini seçmisiniz?
– Çünki İranda stomotoloqlara yaxşı maaş verilir. Maaşı yüksək olduğu üçün Tibb Universitetində təhsil alan iranlıların 99%-i stomotologiya ixtisasındadırlar.
– Təqaüd alırsınız?
– Xeyir, dövlət xətti ilə təhsil aldığımız üçün təqaüd almırıq. Ailələrimiz bizi təmin edir. Biz də çalışırıq ki, artıq pul israf etməyək.
Aygün NİZAMİQIZI
Elçin AĞAYEV