Modern.az

Azərbaycanın ilk süni peykinin 2012-ci ilin iyun ayında orbitə çıxarmaq planlaşdırılıb

Azərbaycanın ilk süni peykinin 2012-ci ilin iyun ayında orbitə çıxarmaq planlaşdırılıb

19 Yanvar 2010, 09:48

Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına dair iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2009-cu ildə Azərbaycanda iqtisadiyyatın bu sahəsində əsaslı irəliləyişə nail olunğunu bildirib. Onun sözlərinə görə, telekommunikasiyanın inkişafı üzrə mobil telefon şəbəkəsi hesabat dövründə 1,1 milyon qoşulma ilə artıb və beləliklə, Azərbaycanda hər 100 nəfərə düşən mobil telefonların sayı 85,6 faiz təşkil edir ki, bu da ümumdünya orta göstəricisindən təxminən 25 faiz yüksəkdir. "Bu sahədə əsas nəticələrdən biri də, “Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin dünya mobil bazarının lideri “Vodafon” şirkəti ilə birlikdə cari ilin dekabr ayından 3G xidmətlərinin ölkəmizdə tətbiqinə başlamasıdır. 3G texnologiyasının tətbiqi ölkənin telekommunikasiya bazarında keyfiyyətcə yeni mərhələnin əsasını qoymaqla, təkcə görüntülü danışıq yox, radio-televiziya yayımları üçün yeni mühit, “on-line” video müşahidələr və digər yeni tipli xidmətlərin verilməsini də təmin edir".
Nazir bildirib ki, stasionar telefon rabitəsində, ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması MDB və digər region ölkələri arasında ilk dəfə, 2008-ci ildə həyata keçirilib. Hesabat ilində isə yeni şəbəkə texnologiyasının tətbiqi genişləndirilib və təxminən 90 min yeni stasionar telefon şəbəkəyə əlavə olunub. "Baxmayaraq ki, ölkəmizdə şəbəkə infrastrukturunun səviyyəsi hətta inkişaf etmiş ölkələr səviyyəsindədir, lakin əhalinin sabit telefon rabitə xidmətlərindən istifadəsi arzuolunan səviyyədə deyildir. 2010-cu ildə bu məsələnin həlli qarşıda duran vəzifələrimizdən biridir və həyata keçirilən “100 ailəyə 100 telefon” layihəsinin əsas hədəfidir".
Ə.Abbasov deyib ki, 2009-cu ildə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25 faiz artıb, internet xidmətlərinin qiymətləri isə təxminən 5 dəfə aşağı düşüb.
"Beynəlxalq Telekommunikasiya İttifaqının standartı ilə ölçsək (bu, ölkəyə həm mobil telefondan, həm də kompyuterdən internetə çıxan istifadəçilər daxildir) bu gün əhalinin 40 faizdən çoxu internet istifadəçisidir. Bu göstərici uyğun orta ümumdünya göstəricidən təxminən 2 dəfə yüksəkdir. İnternet üzərindən ödəmələr, elektron ticarət və kommersiya, pərakəndə satış, reklam, ödənişli şəxsi xidmətlər həyata keçirilir, virtual iş yerləri açılır və bir sözlə, ölkəmizdə artıq sərbəst internet iqtisadi sektoru formalaşır".

Nazir Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması məsələsinə də toxunub. "“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, hesabat ilində ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün uyğun tenderlər keçirilmiş və məsləhətçi şirkətlərin köməyi ilə yanvarın axırına orbital mövqe kontraktı, fevralda isə istehsalçı şirkətlə baş kontraktın imzalanması planlaşdırılmışdır. Bu işdə təxminən 3 aylıq gecikmə var, bu da ki, məsləhətçi şirkətlər, ekspert qrupu və Maliyyə Nazirliyinin tövsiyə və tələblərinin nəzərə alınması ilə bağlıdır. Peykin orbitə çıxarılma vaxtının yeni tarixi 2012-ci ilin iyun ayı planlaşdırılmışdır".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi