Modern.az

Köksümdəki QAFQAZ

Köksümdəki QAFQAZ

Ədəbi̇yyat

12 Avqust 2020, 18:30

Quçqar NARQABIL

(hekayə)

 

– Дедуля, откуда вы? Из Таджикистан? Пакистан?

– Нет, из Джахонистан!

Pəncərənin arxasındakı cazibədar qızın bəyaz sifətinə gözəl bir təbəssüm yayılmışdı. O, Qafqaz gözəllərinə xas, ilahidən əta olunmuş – böyük, ulduz kimi parlaq, qara gözləri ilə mənə baxaraq soruşdu:

– Джаханистан, где это Джаханистан?

– Джаханистан – это Узбекистан!– Bəyəm bunu bilmirsən? – deyərək onun üzünə baxdım. -Axı Özbəkistan dünyanın bütün möcüzələrini, gözəlliyini, səxavətini və cazibəsini özündə cəmləşdirir.

     Qız pasportumu açıb baxdı. "Узбекистан... Узбекистан", – dedi və pasportu təkrar nəzərdən keçirdi.

    Onun laqeydliyi mənə xoş gəlmədi.

    O:

– Yaxşı, siz harada müvəqqəti qeydiyyatdasınız?, – deyə, təkəbbürlə soruşdu.

– Sanatoriyada. Öz sanatoriyamızda. "Özbəkistan" sanatoriyasında. Babamın qanuni qeydiyyata alındığı sanatoriyamızda.

İndi o, mənə təəccüblə baxdı. Qafqazdami? Xeyr. Bizim özcə sanatoriyamız, özbəklərin qəşəng sanatoriyası Qafqazın ən sərin, ən səfalı yerində yerləşir.

   – Anladım. Bəs, o kağız haradadır?

      – Hansı kağız?

     – Qeyd olunduğunuz kağız.

Başım gicəlləndi. Uzun müddət pul gözləmişdim. Oğlum xaricdən "Western Union" vasitəsilə pul göndərmişdi. Onu Kislovodskda da ala bilərdim. Sanatoriyanın yanında bir bank vardı. Mən Pyatiqorskıyə tamaşa edib sonra banka getmiş, daha sonra isə dostum Əhmər üçün hədiyyə almışdım.

– Kağızsız mümkün deyil, heç nə edə bilmərəm, – Bank məlakəsi dilləndi.

– Bəs mən edə bilərəm? Yenidən sanatoriyaya gedib həmin kağızı təzədən yazım?, – deyə kədərlə dilləndim.

Qız yenidən pasportumu vərəqləyib gülümsədi və kompüterin düymələrini basmağa başladı. "Hə, şükür, deyəsən yazır...". Əlimdəki "Əli Qəmbər" qovununu pəncərənin yanindəki böyük stolun üstünə qoydum. Qovun görünüşcə kiçik olsa da, çox ağır idi. Əlim əsirdi.

Qafqaza uçmazdan öncə, dostum Nurillaya zəng etmişdim. Bu qovunu heç yerdə tapmaq mümkün deyildi, yalnız Qarakalpaqstanın Beruni rayonunda, ya da Xorazmdə yetişir.

   Dostum demişdi:

– Heç başın işləyir? Bu vədə sən "Əli Qəmbər"i haradan tapa bilərsin?

– Tapılacaq, – demişdim, – çünki Qafqazda dostumu görməliyəm. Bilirsən, Əhmər Əhədov ilə Əfqanıstanda bir hərbi hissədə olmuşduq. Otuz ildir bir-birimizi görməmişik. Bunu ona hədiyyə üçün gəzirəm.

– Bura bax, sən daş yox, məndən "Əli Qəmbər” soruşursun. Heç “Əli Qəmbər” qalar bu vaxtcan?

Nurilla telefonunu söndürmüşdü.

Əhmər və mən eyni vzvoddə xidmət etmişdik. Yad bir ölkədə, faciənin, qan-qadanın içində çox hadisələrin şahidi olmuşduq. Bir dəfə o məni ölümün ağzından çıxartmişdi. Yaralı olduğum zaman güllə yağışı altında məni o, xilas etmişdi. Yadımdadır, onun çox şirin bir ləhcəsi vardı:  bay-bay… Əhmər özbək dilinə çox yaxın tatar və qazax ləhcəsləri arasindəki gözəl bir lisanda, dialektdə danışırdı. Hər ikimiz damarlarımızdan qədim türk atamızın qanının  axdığını sövq-təbii hiss edərdik.  

Eh, taleyə nə deyəsən? Biz sanki döyüşə yox, cəhənnəmə düşmüşdük.  Birimiz uzaq Qafqazın dağ kəndində, o birimizsə Surxandaryanın cənubundakı bir kənddə – Mömingüldə doğulub böyümüşdük. Amma buna baxmayaraq bizi, bu zavallı insanları sanki bir iplə bağlayıb, Əfqanıstan müharibəsinin gur alovunun içinə tolazlamışdılar. Bəs nə idi bunun mənası?

Doğrudur, bizi o yanğında təltiflərə də layiq görüldük, evə də sağ-salamat geri döndük... Budur, indi qafqazlı dostum Əhməri görməyə qərar vermişəm. Dincəldiyim sanatoriyanın Kabardino-Balqariya Respublikasına yaxın olduğunu biləndə bir az narahat da oldum. Əlli kilometr aralıdakı dostum  üçün əlli il sürünsəm də azdir,- diyə bir fikir ağlima  nizə kimi sançildi.

Axı bir vaxt bədəni güllələrdən dəlmə-deşik olmuş özbək dostunu ölümdən xilas etmiş balkar qardaş üçün əlli kilometr yol keçmək əziyyəti nədir ki?

Beləliklə, qospitalda müalicə başa çatandan sonra mən yenidən hərbi hissəyə qayıtdım. O vaxt balkar qardaşım Əhmər də  oradakı özbəklər kimi çox xoşbəxt idi. Sevinir, gülürdü. Ürəyi atlanmışdı. Sonra, əldə etdiyimiz hərbi praktikaya uyğun olaraq kazarmanın qaranlıq küncündə sübhə qədər içdik. Kimsə siqaret çəkirdi. Tənbəkinin qatı,  kəskin qoxusu adamın başını fırladırdı.

– Əhma-ə-ə-ər... Ah... Ah, de görüm, əvəzində mən sənə nə edə bilərəm? Sən mənim dostumsan! Əgər ölməsəm, sağ-salamat  evə dönsəm sənə nə göndərim? De, sənə nə lazımdır?

Əhmər:

     – Siz tərəfdə... Eşitmişəm, qovuuunuz çox şirindir. Daşkənddən qovun göndərərsən, – dedi

       Deyəsən onun da başi içkidən və tüstüdən firlanırdi.

– Göndərərəm... Yox, özüm gətirərm sənə. Gerçək sözümdür, özüm gətirərəm mütləq, – dedim.

        Dumanlanan başımı onun sinəsinə qoydub ağlamağa başladım. Onun də çiyinləri silkənirdi... Hə, belə işlər olmuşdu. Başım qarışdı, bir az, üzr dilərim...

İndi o bankir qıza qayıdaq; o hələ də kompüterdə nəsə yazırdı.

– Müvəqqəti qeydiyyata dair məlumatların pasportunuzda olduğunu bilmirdiniz? Onu itirməyin, əgər itirsiniz, pulu ala bilməyəcəksiniz, –qız vacib bir şey barədə xəbərdar edirmiş kimi dilləndi.

Elə bu vaxt hündür boylu, yaraşıqlı bir qadın masaya yaxın gələrək "Əli Qəmbərə"ə toxundu və  uzun-uzadı qovuna baxmağa başladı. Qadın uzun, ağ barmaqları ilə qovunu ovuşdururdu. Nədənsə onun gözləri yaşarmışdı. O, digər əli ilə qarnını sıqallayırdı.

Sonra qadın yaxınlıqdakı boş stulda əyləşdi. Gözləri yenə qovunda idi. Mən özümü narahat hiss edirdim. Sanki nəsə səhv bir iş görmüşdüm.

Qadına baxmamağa çalişirdim. Bankir qız işimi tez qurtarsaydı, qovunu da götürüb arxaya baxmadan çıxıb gederdim. Aman Allah, qadın ayağa qalxdı və yenidən "Əli Qəmbər"in yanına gəldi. İndi onu əlinə götürdü və həzin səslə yalvararaq dedi:

     – Bu qovunu mənə satin, lütfən, nə qədər pul istəsənız verərəm.

Qadının üzü qızarmışdı.

Pəncərənin arxasındakı Qafqaz gözəli mənə maraqla baxaraq  birdən dilləndi: – Qovunu ver! Axı sən yaxşı insansan! Bax, o xanım ikicanlıdır. Siz tərəfdə də hamilə qadınlara ehtiram göstərirlər, doğrumu?

– Bəli, doğrudur. Elədir, – dedim.

– Bax bu həqiqi kişi sözü oldu. Əgər bu qovunu bir kağıza büksən və ya bir qutuya salsaydin, savab yiyəsi olardın. – İndi o, gülümsəyirdi.

Dayandığım yerdə qəhər məni boğur. Nurilla  min bir əzaba qatlaşmış, Xorəzmdə ev-ev gəzib, Bek ağanın evindən tapmişdi bunu... Bek ağa da Nurilla ilə söhbətində qovunun haraya nə məqsədlə gedəcəyini biləndən sonra razılaşmışdı: “Nə deyirəm? Al, raziyam. Rəhbər adam Qafqaza getməyini israr edirsə etirazım yox. Ancaq bir ay saxlayacağam, görüm qalacaq ya yox… Yenə də sınamaq istəyirəm", – diyə bildirmişdi…

Qadın:

– Bilirsinizmi, bu adam mənim gəlinbacımdır, qardaşımın arvadı, –deyərək, cibindən pul çıxarıb mənə uzatdı.

Mən: "Mən bunu...Bu qovun... Bu ..." diyə mızıldansam da o, sözümü kəsdi.

– Axi siz kişisiz, – Bu sözləri deyən bankir qızın gözlərində sanki od parlayırdı.

Mən yerimdən qalxdım. Oğlumun xaricdən göndərdiyi pulları götürdüm və binanı tərk ettim. Bek ağanın qovunu içəridə qaldı. Hansısa bir  günah işlətmiş təqsirkar adam kimi küçədə gəzişməyə başladım. Allahın rəhmətinə getmiş nənəmin uşaqliğimda dediyi sözlər qulağımda səslənirdi: "İkicanlı qadının istəyini yerinə yetirməsən dağ oynayar yerindən…"

Maraqlıdır ki, bir dəfə söylənilən bu sözlər indi qulaqlarımda əks-səda verirdi. Özümü indi qismən rahat hiss edirdim.

Bir qədər alış-veriş etdim. Günortadan sonra Əhmərin evinə çatdım. Gəldiyimi görəndə sanki həyətdə toy-büsat quruldu.

Qonşular dərhal "qönaq gəlib"- deyə toplaşdılar. Səs-səda, deyib-gülmə... Əhmər məni həmkəndlilərinin hər birinə təqdim edirdi: “Mənim dostumdur, mənim özbəyimdir. Vay, belə bir adam... Özbəkistandan gəlib, məni görmək üçün gəlib".

Kişilərin ayağı onun həyətindən axşama qədər kəsmədi. Axşama yaxın onun həyat yoldaşı  Zamarta bağın ayaq tərəfində mənimlə Əhmər üçün yenidən süfrə düzəltdi. Dostumla keçmişdəki hadisələri xatırlayaraq gah kədərlənir, gah da sevinir, deyib-gülürdük. Təəccüblüdür ki, müharibədə cəmi iki il bir yerdə olsaq da, sanki iki yüz illik bir tarix yaşamışdıq, bir-birimizi qədim zamanlarda görmüş adamlar kimi danışırdıq.

Zamarta biz heç adını belə bilmədiyim yeməklər gətirirdi, onun qara gözləri təamlarla dolu süfrədəkı çatışmazlıqları axtarırdı.  

Əhmər çox sevinirdi. Mən də öz yaxın qohumunu tapan adam kimi çox şad idim. Eh-h-ey, məni qədim türk damarlarımın bağlandığı ocağa gətirdiyinə görə, Yaradanım, sənə min dəfə  təşəkkür edirəm.

– Yoruldunmu? Adamlarin gəlmək-getməyindən yorulmadın ki? Kəndlilər də bizə qonaq olsun dedilər. Bu gün dincini al. Sabah hər birinə bir-bir gedəcəyik, – deyirdi Əhmər.

– İnşallah, yayda Özbəkistana gələrsən  sən də. Kəndimiz də çox qonaqpərvərdir. Ümumiyyətlə, bütün Özbəkistan qonaqpərvərdir.

– Əlbəttə gedəcəyəm. Getməsəm ayıb olar.

– Əhmər, xatırlayırsansa mən o vaxt sənə dəfələrlə söz vemişdim ki, ölkəmizdən bal qovun göndərəcəm. İnşallah, yayda gəlsən, qovunu özün seçib ala bilərsin. İndi buna imkanı yoxdu, əsl qovun yayda yetişir, – deyərəm. Əslində isə o, bu barədə heç nə soruşmur.

– Əlbətdə, gedəcəm, – deyə, Əhmər gülümsədi.

Həyətdə bir canlanma yarandı. Böyük darvaza açılıb-bağlandı. Qulaqlarıma gülüş və zəngi səsi gəldi.

– Uşaqlar da gəldilər. Bizi kənddə saxlayıb, özləri şəhərə getmişdilər, – deyə, Əhmər dilləndi.

Həyətə diqqətlə baxmağı yersiz hesab etdim. Axı burada qonaq evin  qız-gəlininə baxmır, bu, ayıb sayılır. Qayda bələdir.

Zamarta yenə yemək gətirdi və ərinin qulağına nəsə pıçıldadı. Ev sahibi başını tərpətdi. Gəlin çıxıb getdi, az sonra bizdən xeyli aralıda milli geyimli iki qız göründü.

– Bunlar mənim övladlarımdır. Biri qızım Asmana, o biri isə gəlinim Talihə! Oğlum işdən evə gec gəlir. Onunla da taniş olacaqsan mütləq.

Bir azdan qız və gəlini evə keçdilər. Yenə bir müddət sonra Zamarta süfrə qaşinda yenidən göründü. Əlindəki məcməyini masaya qoydu. Mən... Mən... Qaba göz dikirəm və birdən yerimdən sıçrayıb dik atılıram. İçimdən bir ah qopur, əzalarım yığılır, gözlərim qaralır, kirpiklərim nəmlənir, titrəyən dodaqlarımın arasından pıçıltılı bir haray qopur:

– Aman Allah... Sənin qüdrətinə şükür, Allahım...

– Bəli, Özbəkistanın qovunudur. Bazarda satırmışlar. Gəlinimlə qızım oradan alıb bunu, – Zamarta bu sözləri deyərkən sanki mənim  həyəcanlandığımı da anlayır.

Mən yerimdən qalxdım. Əhmər də ayağa durdu. Artıq uzaqlarda qalmış qanlı bir döyüşdən sağ-salamat çıxan adam kimi onu qucaqlayıram, göz yaşlarımı saxlaya bilmirəm...

– Sənə nə oldu, sakitləş, o günləri xatırlama, – deyə, Əhmər dilləndi.

Mən pıçıldayıram:

– Allahim, sənə çox şükür. Allaha şükürlər olsun...

Həyətdə dayanmış Zamarta isə qızı və gəlini ilə birgə bizə mehribanlıqla baxırdılar.


Özbək dilindən çevirdi: Rəhmət Babacan

Redaktə edən: Firuz Mustafa


P.S. Quçqar NARQABİL  Özbəkistanın tanınmış yazıçı, dramaturq və publisistidir. O, qardaş ölkədə populyar “İnsan və qanun” qəzetinin baş redaktorudur. Yazıçının pyeslərinə bir sıra ölkələrdə quruluş verilmiş, əsərləri xarici dillərə, o cümlədən azərbaycancaya tərcümə olunmuşdur. Biz oxuculara Quçqar Narqabilin hekayələrindən birini təqdim edirik. Hekayəni dilimizə özbək tərcüməçisi Rəhmət Babacan çevirmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi