Modern.az

Əmək pensiyaçılarının sayı 27 min nəfər artıb

Əmək pensiyaçılarının sayı 27 min nəfər artıb

19 Yanvar 2010, 10:07

Nazirlər Kabinetinin iclasında çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanda beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin təşəkkül tapdığını bildirib.
Onun sözlərinə görə, mühüm aspektlərdən biri pensiya xərclərinin tərkibində sığorta hissəsinin xüsusi çəkisinin ilbəil artmasıdır: "Belə ki, bu göstərici yeni sistemə keçildiyi 2006-cı ildəki 20,8 faizdən 2009-cu ildə 28,7 faizədək yüksəlmişdir, 2010-cu ildə isə onun 30,3 faizədək artacağı nəzərdə tutulur.
Sığorta-pensiya sisteminin mühüm göstəricilərindən olan əmək pensiyaçılarının sayı il ərzində ilkin məlumatlara görə 27 min nəfər artaraq ilin sonuna 1 milyon 302 min nəfər təşkil etmişdir. Bu artımın 59 faizi yaşa görə, 35 faizi əlilliyə görə, 6 faizi isə ailə başçısını itirməyə görə pensiyaya çıxanların payına düşür.
Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Sərəncamına əsasən pensiyaçıların 60 faizinin, yəni 765 min nəfərin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunmuşdur.
Digər bir mühüm göstəricinin - əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin olunmuşdur. İlin sonuna ölkə üzrə orta aylıq pensiyanın məbləği 100,4 manat olmuş və əvəzetmə əmsalı 34 faiz təşkil etmişdir. 2009-cu ildə pensiyaçılara ödənişlərin ÜDM-ə nisbəti müstəqillik dövründə ən yüksək səviyyəyə – 5,3 faizə çatmışdır. Bu da beynəlxalq aləmdə nəzərdə tutulan 5 faizlik həddin keçilməsi deməkdir.
Bütün bunlar Azərbaycanda qurulmuş müasir sığorta-pensiya sisteminin dinamik inkişafını bir daha təsdiqləyir".
Fond sədri deyib ki, insanların 2006-cı ildən əvvəlki dövrdə qazanmış olduqları pensiya hüquqlarının yeni sistemə vahid prinsip əsasında transformasiyası bütövlükdə sığorta-pensiya sisteminin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub: "Artıq biz pensiya təyinatının avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin reallaşdırılması mərhələsindəyik və fikrimcə, 2010-cu il ərzində bu məsələ gerçəkləşdiriləcəkdir.
Nəticədə, sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli inkişafının tam təmin olunması mexanizmi ortaya qoyulmuşdur. Yəni, hər bir şəxsin əmək fəaliyyətinə başladığı dövrdən etibarən öz fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir şəxs fondun internetdəki veb-saytında sosial sığorta nömrəsini daxil edərək, fərdi hesabında toplanmış məbləği və bu məbləğin hansı mənbələrdən formalaşdığını görə biləcəkdir. Həmin məbləğin 144-ə bölünməsi və alınan nəticəyə ölkə üzrə baza pensiyasının əlavə edilməsi şəxsin pensiyasının məbləğini göstərəcəkdir".
S.Müslümov deyib ki, hesabat dövründə fərdi uçota alınanların sayı 154 min nəfər artaraq 1 milyon 640 min nəfərə çatıb. "Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.
Lakin bununla belə özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması bu prosesə birbaşa təsir edən əsas vəzifələr kimi qalmaqda davam edir. 2010-cu ildə bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində saxlanacaqdır".
DSMF sədri pensiyaların bankomatlarla ödənişi sferasının da genişləndirildiyini qeyd edib. "Belə ki, kənddə yaşayan və plastik kartlarla pensiya alanların xüsusi çəkisi 94,4 faizə çatdırılmışdır. Hazırda ölkə üzrə bütün ödəniş aparılan pensiyaçıların 97,3 faizi pensiyasını plastik kartla alır. Bu məqsədlə 465 bankomat quraşdırılmışdır ki, bunun da 85-i kənd yerlərinin payına düşür. 2010-cu ildə kənd yerlərində bankomatların sayının artırılması, eləcə də plastik kartların pensiyaçılara bilavasitə bank filialları tərəfindən verilməsi barədə müvafiq banklar qarşısında məsələ qaldırılmışdır".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!