Hər hansı sənət adamıyla bacardığın qədər mübahisə etmək, müəyyən incəliklərlə bağlı fikir mübadiləsi eləməyə çalışmaq çox maraqlıdır. Əgər bu “Mübahisə” jurnalist fəaliyyətiylə məşğul olan biriylədirsə, deməli, danışmağa daha çox mətləblər var. Elə bu mübahisəli müshaibədə olduğu kimi. 
Beləliklə, rubrikamızın 11-ci qonağı tanınmış teleaparıcı Lətafət Ələkbərovadır.
 
  – On il "Space" televiziyasında işləmişəm, hər cür formatda proqramlar aparmışam. Musiqili, əyləncəli verilişlərin, dövlət tədbirlərinın aparıcısı olmuşam və bu təkliflər hələ də davam edir. Son vaxtlar “Xəzər” televiziyasında qadınlarla bağlı “Dəyişmək istəyirəm” proqramını aparıram. Bundan başqa həmin televiziyada yayımlanan “Kölgə” serialının bir bölümündə özümü aktrisa kimi sınamışam. Mahnılara sözlər, daha doğrusu, şeir yazıram. Azərbaycan haqqında yazdığım şeirin mahnısı artıq bəstələndi. Təəssüf ki, bəstəkarın adını xatırlamadım bu an. Gənc olsa da, işimiz çox uğurlu alınıb. 
 
 – Şeir yazırsınız, filmlərə çəkilirsiniz, aparıcılıq edirsiniz... Bu lap hərşeyşünaslığa bənzədi...
 
 – Bu, içimdən gəlir də. Oturub proqramlaşdırmıram ki, şeir yazmaq lazımdır, filmə çəkilmək lazımdır. Bir həftə öncə əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli və əməkdar artist Almaz Ələsgərova ilə bir mahnı yazmışıq. Artıq televiziyada, radiolarda səslənir. Nə qədər qəribə görünsə də, özüm o mahnını eşitməmişəm. Amma hamı tərifləyir ki, uğurlu alınıb. Hətta mən mahnı da oxuyuram. İçim doludur, ürəyim doludur, hər şeydən dadmaq istəyirəm. Ümumiyyətlə, həyat dolu insanam, dinamik insanam, dinamik həyat yaşamağı sevirəm, monotonluqdan qaçıram. Hər gün yeni bir şey axtarıram ki, həyatım maraqlı olsun. 
 
 – Sizi teleaparıcı kimi 2004-cü ildə “Azəri-Star” musiqi yarışmasından tanıyıram və qeyd etdiyiniz kimi, bundan sonra da müxtəlif formatlı verilişlər aparırdınız. Ən sonda isə hava haqqında məlumat...
 
 – Bu, Space televiziyasının prezidenti Vaqif Mustafayevin ideyası idi.
 
 – Sanki sizi sıxışdırmışdılar.
 
 – Yox. O bildirdi ki, hava proqnozunda heç vaxt tanınmış sima olmayıb və qoy bu, bir yenilik, fərqlilik olsun. 
 
 – Amma bu, teleaparıcı üçün reytinq itkisi demək deyilmi?
 
 – Hə, düzdür. Mən eyni zamanda dövlət tədbirlərində, Space-in təşkil elədiyi konsertlərdə də iştirak edirdim. Şikayət eləmirəm insanların münasibətindən. Bəlkə də özümü kənardan tam görə bilmədim.
 
 – Adətən, “aparıcı” deyəndə yada şou-proqramlar, qalmaqallar düşür. Niyə ciddi bir proqramn aparıcısı yox, şouyönümlü aparıcılığı seçdiniz? Sizcə, daxili imkanlarınız buna cavab vermir, yoxsa başqa bir səbəb var?
 
 – 2002-ci ildən Space-də işləyirəm, radioda da aparıcı olmuşam. Amma 2004-cü ildən tam peşəkar şəkildə “Azəri-Star”da fəaliyyətə başladım. O zaman çox tez tanındım. 
 
 – Teleaprıcı olmağın populyarlıq yükü daha çoxdur, yoxsa məsuliyyəti?
 
 – Məsuliyyət hissəsi kifayət qədərdir. Ümumiyyətlə, mən televiziya sahəsinə 1996-cı ildə tam təsadüfdən gəlmişəm. Universitetdə oxuyurdum, tələbəydim, maddi çətinliklərimə görə iş axtarırdım. Əyani oxuduğuma görə heç yerdə iş tapmırdım. Günlərin birində “Sara” radiosunda elan eşitdim və müraciət elədim. Radioda reklamçı kimi fəaliyyətə başladım. Ondan sonra məhur kinorejissor Arif Babayevin qardaşı Vasif Babayev məni foyedə gördü və dedi ki, belə bir qız televiziyada aparıcı olmalıdır. Reklam işini buraxdım, başladım teleaparıcılığıa. Əslində, o zaman tanınmağı düşünmürdüm. Məqsədim tələbə kimi maddi ehtiyaclarımı ödəmək idi. 
 
  – Efir adamları haqda belə bir fikir var. Nəyə görə insanlar efir adamlarını ciddiyə almırlar, onların intellektlerinə inanmırlar?
 
 
– Mən də belə hallarla çox rastlaşıram. Çox pis düşüncədir. Amma nahaq belə yanaşırlar. Qınayıram belə düşünənləri.
 
 – Bəlkə, insanlardan əvvəl özünüzü qınamalısınız?
 
 – İnsanlar bilməlidirlər ki, efir adamlarının arasında da yaxşı xanımlar, bəylər, ailə başçıları var. Kimisə tanıyıb sonra ona özünə görə qiymət vermək lazımdır.
 
 – Məsələn, insanlardan eşitdiyim bir fikri sizinlə paylaşıram. Qadın efirə çıxırsa və tanınırsa, ya ərindən boşanıb, kişidirsə orientasiyasında problem var... Mənə elə gəlir ki bir çox hallarda tamaşaçılar haqlıdırlar. Siz necə düşünürsünüz?
 
 – Hər kəs özünə cavabdehdir. İstər bu dünyada, istər o dünyada biz öz əməllərimizə görə cavab verəcəyik. Kim nə işlə məşğul olur, kim cinsi öz orientasiyasını dəyişir…bu, məni heç maraqlandırmır. Ona görə də hər kəslə münasibətim normaldır.
 
 – Bəyəndiyiniz teleaparıcılar var?
 
 – Əkbər Əlizadəni və Elnur Kərimovu çox bəyənirəm.
 
 – Onların hər ikisi aktyordur. Baxın, siz özünüz də bu sahədə ixtisaslı kadr olmadığınızdan bəyəndikləriniz də eynilə belələridir.
 
 – (gülür) Təhsil aldığımız dövrdə teleaparıcılıq fakültəsi yox idi. 
 
  – Amma jurnalistika var idi.
 
 – Bəli. Mən öz adımdan danışmaq istəyirəm. Fikrimcə, jurnalistikada heç bir insanın yerini tutmamışam. Belə bir aforizm var:  “Dünya o qədər böyükdür ki, həyatda heç vaxt heç kimin yerini tutmursan”. 
 
 – Sizə çox bəsit bir sual verim. Azərbaycanda televiziya neçənci ildə yaranıb?
– 1953-cü ildə.
– Xeyr. 1956-cı ildə.
 
 – (gülür) İnanın ki bilirdim. İndi siz o cümləni götürüb başlığa qoyacaqsınız? İnciyərəm sizdən. Mən onu da dəqiq bilirəm ki, Türkiyədə televiziya 1961-ci ildə yaranıb və hazırda bizdən xeyli irəlidədirlər. 
 
 – Azərbaycanın ilk diktorlarından kimləri tanıyırsınız?
 
 – Şərqiyyə Hüseynova.
 
  – O ilklərdən deyil.
 
  – Ofeliya Sənaninin həyat yoldaşı var idi... Hə, Valid Sənani. 
 
 – Bir ara, hətta elə indi də saytlarda fotosessiyalarınız yayımlandı. Buna ehtiyac var idi? 
 
 
– Mən xüsusi poz verib fotosessiya eləməmişəm, açıq-saçıqlığa üstünlük verməmişəm. Ola bilsin ki, dost saytlar çəkiblər. Orda pis bir şey görmürəm. 
 
 – Mən pis olduğunu deyil, ehtiyac olub-olmadığını soruşdum.
 
 – Əgər insan üzdədirsə, onun fotosunu çəkirlər. Media olmasa heç bir sənətçi, teleaparici uğur qazana bilməz. Yaxşı media işçilərinin sayəsində biz üzdə oluruq, sağ olsunlar.
 
 – Xəbər aparıcısı olmaq daha asandır, yoxsa şou-verilişin?
 
 – Aparıcılığın heç bir tərəfi asan deyil. Əgər insan milyonların qarşısına çıxırsa, səni hər sahədən olan insanlar izləyirsə, bu, böyük bir məsuliyyətdir. İnsan həm xarici görünüşünə, həm nitqinə diqqət eləməlidir.
 
 – Sizdən xəbər aparıcısı olar?
 
 – Əslində, mənə belə bir təklif olub, elə Space-də. Nədənsə istəmədim.
 
 – Bir az da sosial durumunuzu anlatın. Televiziyadan nə qədər əməkhaqqı alırsınız?
 
 – “Xəzər” televiziyasındakı layihədə çalışıram. Televiziyada hamı 200 manatdan 600 yüz manat arasınadək əməkhaqqı alır.
 
 – Niyə teleapariıcılar tanınandan sonra davranışlar, hərəkətlər dəyişir?
 
 – Belə deməzdim. Bəzən tanınmamış insanlara da salam vermək mümkün olmur, aqressivdirlər, ciddidirlər. Televiziya sahəsində tanıdığım neçə insanlar var ki, illər öncə necə tanımışamsa elə də qalıblar. Bu xarakterdir. Məsələn, mən universitetdə, məktəbdə oxuyandan ünsiyyətcil olmuşam, sadəyəm.  
 
 – Bir sıra aparıcılıar Space-dən uzaqlaşdılar, digər telekanallarda daha uğurlu layihələr ortaya qoydular. Amma sizi hələ də Space ilə tanıyırlar...
 
 – Çox qəribədir. Bir vaxtlar hər aparıcı bir telekanalın simasıydı, eləcə də mən, Kamilə Babayeva və s. Sonradan prodakşnlar fəaliyyətə başladılar, aparıcıların sayı artdı, aləm qarışdı bir-birinə. İnsan güclü və iradəli olmalıdır. Mən də uzun müddət bu telekanalda işlədiyimə görə hara gedirəmsə, deyirlər, Space-in aparıcısıdır. 
 
 – Sonda şəxsi həyatınız…
 
 – Mən 16 ildir televiziya sahəsindəyəm. Bir qızım var. Həyat yoldaşımdan ayrılmışam. Böyük bir problemə görə deyildi. Sadəcə, bir anlaşılmazılıq oldu və bitdi. 
 
 Yusuf YUSUFBƏYLİ