Modern.az

Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR

Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR

Aktual

15 Avqust 2020, 16:06

“Azərbaycanda koronovirusdan vəfat edənlər arasında paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişənlər var”.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva danışıb.

 

O qeyd edib ki, ölən şəxsin ekspertizası bizim ölkədə yaxınlarının razılığı ilə həyata keçirilir:

 

“Yəni bütün meyitlər autopsiya olunmur. Tutaq ki, kimsə COVİD-19 xəstəsidir avtomobil qəzasında rəhmətə gedib, o statistikaya daxil edilmir. Amma hər hansı yanaşı xəstəliyi olan insan COVİD-19-a yoluxursa, o zaman koronavirus onun yanaşı xəstəliyinə təsir edir və xəstəliyi daha da qabardır, ölümə səbəb olur. Bu zaman artıq xəstə COVİD-19-dan dünyasını dəyişmiş olur. Kiminsə ürək xəstəliyi varsa və koronavirusa yoluxubsa, virus ürəyindəki patologiyanı da ağırlaşdırır, nəticədə  miokard infarktı və ya başqa nəticələrə səbəb olur”.

 

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva isə bildirib ki, xəstə hər hansı başqa səbəbdən vəfat edibsə və onun təsadüfən koronavirus testi pozitiv çıxıbsa, bu COVİD-19-dan ölüm kimi qeydə alınmır:

 

“Amma xəstələr var ki, yanaşı olaraq, şəkərli diabeti, ürəyin işemik xəstəliyi, böyək patologiyaları kimi xəstəlikləri var. Bu hal, həmin şəxslərin virusa yoluxduqdan sonra ağırlaşma riskini artırmış olur. Nəticədə xəstəliklərin ağırlaşması baş verir, bundan ölüm qeydə alınır. Həmin hal koronovirusdan ölüm statistikasına daxil olur. Təbii ki, bunlar mütəxəssis tərəfindən aydınlaşdırılır və klinik diaqnoz qoyulur. Ola bilər ki, koronavirus xəstəsi miokard infarktından rəhmətə gedib. Amma xəstəliyi COVİD-19 ağırlaşdırıb və bu infarkta səbəb olub. Bu zaman vəfat edən şəxslər virusdan ölənlərə aid edilir”.

 

N.Mustafayevanın sözlərinə görə, əminliklə demək olar ki, koronavirusdan vəfat edənlərin əksəriyyəti digər xəstəliklərdən əziyyət çəkənlərdir:

 

“Dünya əhalisinin təxmini 81 faizi xəstəliyi yüngül keçirir. Qalanları orta-ağır və ağır keçirir ki, bunun da 3.7 faizi vəfat edənlərdir. Əgər araşdırsaq, görərik, ölənlərin böyük əksəriyyətinin yanaşı xəstəlikləri var. Xüsusilə ürək-qan damar xəstəlikləri, ürəyin işemik xəstəlikləri, arterial hipertoniya, şəkərli diabet kimi problemlər COVİD-19-la daha təklükəli hal alır. Tam sağlam olsa da vəfat edənlər də olub, təbii, amma bu azdır. Biz adətən gənc xəstələrin ölüm təhlükəsini gözləmirik, amma ölənlər arasında gənclər, tam sağlam olan insanlar da yer alıb. COVİD-19-un necə təsir göstərəcəyi, hansı orqana daha çox ziyan verəcəyi hal-hazırda məlum deyil, hələlik araşdırmalar davam edir. Bu səbəbləri dəqiq araşdırmaq üçün illər lazımdır”.

 

Qeyd edək ki, bu günə qədər Azərbaycanda 500 nəfər koronavirusdan vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!