Modern.az

Firuz Mustafanın “At günü” hekayəsi ilə bağlı düşüncələr

Firuz Mustafanın “At günü” hekayəsi ilə bağlı düşüncələr

18 Avqust 2020, 11:16

Araz Əhmədoğlu
(İran İslam Respublikası)

və yaxud

ÖZ ƏLİNLƏ DAĞITDIĞIN UÇMAĞ

         
Düşünən insan daima öz içində və çevrəsində olub keçənləri bir-bir gözdən keçirdib olumlu və olumsuz yönlərini maqqab altına qoyub sınayır. Bu cür insan yaşadığı mühitin olaylarına uzaqdan durub baxan birisi deyildir. Nəyin bahasına olur olsun, o, çatışmazlıqlar, sorunlar və düyünlərə çözüm yolları axtarmağa çalışır. Araşdırmaqdan usanmayıb, vaz keçməyən insanların gəlişdirdiyi bilik- fəlsəfədir. Filosoflar fəlsəfənin sunduğu yollarla insan oğlunun düşüncə sorunlarına əlac axtaran həkimlər dir. Amma yalnız fəlsəfi dünyagörüşü ilə bəşərin bütün dərdlərinə əlac elmək olmur. İtaliyalı filosof və ortaçağ uzmanı, Umberto Eko belə bir fikir irəli sürür: “Bəzən filosofun deyə bilməyəcəyi şeyləri roman yazan deyə bilir.”[1] Bu sözü bir ədəbiyyatçı desəydi filosofların özündən öncə tarixçilər, siyasətçilər və başqa elmlərin uzmanları tərəfi dərhal top ağzına bağlayacaqdılar. Amma Umberto Eko özü filosof olub fəlsəfədə uzun illər boyu professorluq etdikdən sonra roman yazan olub ədəbiyyata görə belə bir fikir irəli sürür.

        
 Firuz Mustafa da özü bir tanınmış filosofdur. Eyni halda ədəbiyyatda da uzmanlığı olan, fəlsəfədən qat-qat yuxarı addımlar götürdüyünü öz bədii yaradıcılığında tam ustalıqla sərgiləməkdədir. Eko kimi o da bədii yaradıcılığın daha üstün gücü oldğuna inanır və bu inancın yaradıcılığını biz onun əsərlərində görürük. Heç bir fəlsəfi  mətn insanın ixtiyarına verilmiş uçmağı və bu uçmağın elə insanın öz əli ilə cəhənnəmə döndərilməsi fəlsəfəsini “At günü” hekayəsində obrazlaşdırıldığı kimi görüntüləyə bilməz. Firuz Mustafa bu uçmağı Azərbaycan yaylaqlarında balaca bir dayçanın özünü kəşfetmə macərası ilə göz önündə bədii estetikanın təxəyyül gücü ilə görüntüləyir. Əsər elə ilk cümləsindən başlayraq hər ifadəsində yeni və orijinal imgələrlə oxucunun təxəyyül gücünü oxşayır. İnsan bu gözəlliyin qarşısında dərin heyrətlərə dalır. Valt Dizni cizgi filmlərinin səhnələri kimi mətnin bədii imgələri bir-bir oxucunun ruhunu utopiya aləminə aparıb o gözəlliklər dənizində cumdurur.

         
“AT GÜNÜ” hekayəsi üç bölümdən ibarət dir: 1. QAÇIŞ, 2. İNTİHAR, 3. SON. Yazıçı hər bölümdə  bir başqa janrda çıxış edir. Birinci bölümdə dayça obrazının məsumluğu və doğal yaşamda hər canlının təkamül nöqtəsinə çatma sürəcini dayçanın yaşadığı mühitdə obrazlaşdırır. Bu bölümdə, baxmayaraq yazıçı yaşadığı dünyanın hər gün gördüyü doğal gözəlliklərini görüntüləyir, haman gözəlliklər oxucunun yalnız təxəyyül gücü ilə dərk olunan imgələrə dönüşür. Bir atın yaşadığı bütün duyğuları anlamaq üçün – bəzi tənqidçilərin dediyi kimi – “at olmaq” istəmir. Ürəyi incə və dünyagörüşü doğadan alınmış bir aydın çevrəsində olan bütün yaratıqların şüurunu və duyqularını duyub yaşaya bilər. Hər halda, qələmin ucuna endikdə bu təxəyyül gücü romantizm adlanır. Buna görə demək olar bu bölüm romantisizm janrında gələmə alınıb. Romantisizmin nə olduğunu burada açıqlamaq gərəkli görünür.

                   
“1770-1848 arasında Britaniyada başlanan ədəbi cərəyan romantisizm adlanır. Zeyinsəl (intellektual) baxımdan romantisizm aydınlatma (maarifçilik) cərəyanının tam tərsinə olan sərt bir reaksiya dır. Siyasi olaraq Amerika, Fransa inqilabları və Polşa, İspaniya, Yunanıstan və başqa yerlərdə baş vermiş istiqlal savaşlarından ilham aldı. Dyuqusallıq baxımından romantizm insan nəfsinin sınırsız onaylaması (təsdiqləməsi) və birəysəl (fərdi) təcrübənin dəyərini ülvi və sınırsız olanın idrakı ilə birlikdə bəyan etdi. İctimaii baxımdan qəhrəmancasına qabaqcıl nədənlər üzərində mübarizə apardı, baxmayaq bunlar usandıqda o çox vaxt daha acı, kədərli və məyusedici dünyagörüşü meydana gətirdi. Romantizmin əsas açar düşüncəsi dərinlik, və şüarı “təxəyyül” dür. Romantisizm klasik forma, konservativ əxlaqiyyat, avtoritar hökümət, şəxsi səmimiyyətsizlik və insan mötədilliyinə qarşı tükənməkbilməyən üsyan ifadə etdi.”[2]

        
 Ensiklopediya Britanika yazır: “Romantisizmin özəl münasibətləri bunlardan ibarət dir: təbiət gözəlliklərini dərindən qimətləndirməsi, duyqunun məntiqdən və hissiyyatın zəkadan ümumi olaraq üstün tutması, özünə dönüş və insan şəxsiyyətini, əhvalı və beyinsəl çıxarını yüksək səviyyədə sınağa çəkmək; dahiyə, qəhrəmana və ümumilikdə müstəsna obrazlara qayğı, onun içindəki ehtiras və dalaşmalarına diqqət yetirmək; hünərməni (sənət adamını) çox yüksək səviyyədə yaradıcı birisi olaraq görmək, onun yaradıcı ruhu rəsmi qaydalar və dəb olan üsullardan daha önəmli olduğuna görə; ülvi təcrübə və mənəvi ruhiyyəyə bir keçiş qapısı olduğuna görə təxəyyülün üzərində təkid etmək; folklor mədəniyyətinə, milli və el mədəniyyətinin köklərinə və ortaçağ dövrünə qarşısıalınmaz maraq.”[3]

         
Romantisizmin bu iki ayrı açıqlamasında olan özəlliklərin çoxunu “AT GÜNÜ” hekayəsinin birinci bölümündə görmək olur. Ondan əlavə, hekayədəki bədii imgələrin orijinallığı və yüksək bədii üslubu, təhkiyə ustalığı, arxa planda olan düşüncəsi və dərin dünya görüşünə görə bu bölüm Azərbaycan və eləcə də dünya ədəbiyyatı romantizmnin ən yüksək örnəklərindən biri olaraq yaranıbdır. Bu bölümün dərinliklərinə enmək az öncə irəli sürülən fikirləri daha aydın açıqlayacaq. 

         
 Süjet yerlə göyün kəsişdiyi yerdəki çəhrayı zolaq və bu zolaqda dəlisov çapan ilxının kişnərtilərini səhnəyə gətirərək eşitmə, görmə, lamisə duyqularını təxəyyül gücü ilə birləşdirib çəhrayı və qızılı rəngləri, at, bulud və şimşək simgələrini səhnələşdirir. Qızılı və qara buludlar şimşəyin qamçısıla antik ya Rafaelit dövrünün tablolarını yaradır. Yazıçı materialını yaşadığı vətənin doğasının gözəlliklərindən alıb canlandırır. Bu materiallar Azərbaycan kürüsü kimi yerli ürətim olduğuna baxmayaraq yaratdığı bədiilik baxımından dünya şöhrəti qazana bilən bir əsər oluşdurur. Yaradılmış o gözəl səhnədə dayça uzaq düşmüş ilxısını axtarır. Onun axtarışı istər-istəməz hekayənin mətnində gərilim yaradır. Bu gərilim oxucunu arxasınca çəkib aparır. Yazıçı əsərini romantizm məktəbində dramatik kinayə ilə başlayır. Yəni, bu romantik səhnədə oxucu yer ilə göyün kəsişdiyi yerdə o çəhrayı zolağın, qızılı və qara buludların içində təbiətin gözəlliyini görür və orada ilxının olmadığını bilir, amma yazıçı təxəyyül gücü ilə dayçanın düşüncəsinə varıb o buludları dayçanın düşüncəsində ilxı kimi canlandırır.

         
Birinci bölümdə oxucu romantizm janrının təxəyyül gücü ilə dayçanın su içməsi və Azərbaycan yaylaqlarının, özəlliklə Azərbaycannın dağlıq Qarabağ uçmağının yaylaqlarındakı gözəlliklərin yaratdığı duyquları təxüyyülünün bütün dərinliyi ilə duya bilir. Dayça köpüklü dodaqlarını otların içindən axıb tər-tazə ot ətri verən sərin suların dayçanın bütün varlığında yayılan dalğalarının sərinliyini bütün varlığı ilə hiss edir. Bu gözəllikləri ancaq Firuz Mustafa kimi gözü bu genişlikdə açıq olan bir Azərbaycanlı bu dərinlikdə dərk edib çatdıra bilər. Bu dramatik səhnədə dayçanın sadəliyi, saflığı və bu dupduru ürəyi ilə təbiətin kəşfinə çıxması burada yaşayan millətin öz safürəkli varlığını simgələyir.

         

“Xeyr ilə şər qardaşdır” deyib ata-babalar. Sonralar çinli filosflar buna “Yin-Yanq” fəlsəfəsi adı qoyub mənimsəməyə çalışıb. Bu torpağın bu ilahi gözəllikləri istər istəməz şərri çəkib gətirəcəkdir. İlxısından, özəlliklə də anasından ayrı düşmüş məsum bala iki böyük düşüncənin təmsilidir (alleqoriyasıdır): bir yandan Mövlana C. Ruminin “Məsnəvi”sində Bəzirgan ilə Tutuquşu hekayəsini və insan ruhunun əsl Həqiqətdən ayrılıb ona bir daha çatmaq macərasını təmsil edir. Bir yandan da Azərbaycan ədəbiyyatında geniş yayılmış ana vətəndən ayrılma düşüncəsi burada təmsil olunur. Ana vətəndən ayrı düşmüş Qarabağ, Dərbənd, Borçalı, Dağıstan, Kərkük, Arazın o tayı və s.

         
Göydə sayrışan ulduzların parıltısı aydıncasına insanın qaranlıqlarda işıq yaxud aydınlıq ardıca olduğunu simgələyir. Dərin zülmətlərə  sinə gərib varmayan aydınlığa çata bilməz. Bu düşüncəni bəşər aynında (mifində) ilk olaraq Oğuz Xaqan öz macərasında insan oğluna çatdırmağa çalışır. Sonra onun soyundan olan Bilgəqam yaxud Qılqamış ata-baba yolunun ləyaqətli davamçısı olduğunu görsədir. Əlbəttə bu yolda qorxu var, can qorxusu var. Bu yolda canavarlar səni aydınlanmağa çatmağa qoymayıb yoluvu kəsəcəklər. İngilislərin bir məsəli var: “Hər parıldayan qızıl olmaz.” Firuz Mustafa bu imgələrdə bu düşüncəni oxucuya çatdırmaq istəyir. Hər şey öz yerində olmalı dır. Yerdə sürünən cüt ulduzlara inanmaq olmaqz. Onların arxasında səni partaxlamaq (parçalamaq yox) istəyən canavarlar var. Amma yolunun düz olduğuna dərindən inanıb yoluna davam edənlərə qeybdən yardım əli də mütləq uzanacaqdır; bizim bu dayçaya uzanan sahibinin əli kimi. Bu bölüm gərilimin zirvəsinə bu səhnə ilə çatır. Eləcə də bu bölüm ilə birlikdə hikayədəki romantizm də yerini realizm ilə dəyişib “İntihar” adlanan ikinci bölümə keçir.

        
 “Ədəbiyyatda çox geniş yayılmış bu deyim – realizm – naturalizm, ekepresionizm, surrealizm kimi ədəbi cərəyanlar ilə qarşılıqlı işlənmədikdə elə də çox anlam daşımır. Sir P. Harvinin orijinal tərifinə görə (gerçəklik anlamı verən bu termin yaşamın görünən faktlarına, özəllik’lə aydın olmayanlara, işlədilir.) O bu tərifi ilə fransız realisti sonrası olan Gissing, A. Mortison, G. A. Mur (Moore), Maugham’ın Liza of Lambet’i, və s. kimi proletarian və orta-klas quruluşu olan əsərləri nəzrdə tuturdu. 19-cu yüzilliyin ortalarının Fransız realist məktəbi (Roman yazan Şapflori (1821-89) ona La Réalisme (1857) adlı bir manifesto yazmışdı) Romantiklərin elan etdikləri “sərbəstlik” anlamına qarşı olaraq “səmimiyyət”i vurğulayır. Realizm dəqiq sənədləşdirməyə, sosioloji gözüaçıqlığa, material fakt ayrıntılarının toplamasına, şairanə qələm, ideallaşdırma, şişirtmə, melodarama,və sayirdən çəkinmək; və mövzular, aşağı-klas yaşamını daha artıq bəyənərək, gündəlik yaşamdan alınmalı idı. Bu vurğulama aydıncasına artmaqda olan olumluçuluq (pozitivist) və elmi bir dövrün maraqlarını yansıdı. Balzak və Stendhal realizmin böyük öncülləri göründü. (Bu yarlıqdan xoşu gəlməsə də, habelə Naturalistlər kimi adı çıxsa da) Flobert və Qonkorts da ralizmdə qələm işlədənlərdən nəzərdə tutuldu. Fransız Realizmi sonralar, realizm ilə bağlı ama daha elmi səviyyədə işlənmiş və hazırlanmış bir doktorina, Naturalizmə gəlişdi. Bəzi sonrakı tənqidçilər – daha çox Marksist tənqidçilər – realizmin suyunun dönməsini söyləyirdilər. İngiltərədə Fransız realistlərini daha çox bilərək və istəyərək Mur və Arnold Benet yansılayırdılar, ama ingilis romanı Defo’nun vaxtından öz yarlıqsız dövrünü realizm axınını əldə etmişdi, və bu deyim beləlik’lə ingilis ədəbiyyatında çeşitli anlamlar və kontekstlərdə, “sosial” ya “psixoloji” realizm və sa. adlanır.”[4]

        
 “At günü” hekayəsində birinci bölüm dayça, sahibi və canavar obrazlarını romantik bir quruluşda dayçanın yaşadığı dünyanın gözəllikləri və təhlükələri ilə birlikdə oxucunun təxəyyül aləmində sevimli bir gözəllik qurur. “İntihar” adlı ikinci bölüm adından bəlli olduğu kimi poetik romantizminin sərbəstliyindən dayçanın, eləcə də sahibinin obrzaında olan daha çox səmimi bir kontekstə keçir. Yazıçı burada sosiloji gözüaçıqlıq yaratmaq istəyir. O “qonşu” adlı obrazı səhnəyə gətirir. Bu obraz Şekspirin Otello dramındakı Yaqo obrazını anımsadır. Belə bir şər obrazın varlığını oxucuya irəşdirmək üçün yazıçı poetik qələmdən, şişirtmədən, melodramadan vaz keçib obrazın gərçək yaşamındakı gərçək davranışlarına istinad edərək daha ayrıntılı   açıqlamalar işlətməlidir. O bu şər obrazın içindəki çirkinlikləri gün üzünə tökmək üçün heyvanlar şüuru ilə insan şüurunu tutuşdurur. İnsanların baxışında heyvanlar bacı-qardaş, ata-ana tanımır. O üzdən onların cütləşməsində heç bir sorun olmamalıdır. Başqa sözlə, heyvanlarda əxlaq normaları ola bilməz. Firuz Mustafa heyvanların əxlaqsızlıqlığını çox  normal bilən insanlara bu tutuşdurma ilə böyük gözüaçıqlıq dərsləri vermək istəyir. Birinci bu ki, heyvanlar şüursuz və əxlaqsız deyil. İkincisi isə, özlərinəi heyvanlardan qat-qat üstün bilən bəzi insanabənzərlər, yeri gəldikə, o heyvan sayılan yaratıqlardan qat-qat alçaq ola bilər. Qonşu obrazı dayça ilə anası kəhəri çox çirkin və alçaqcasına aldadıb cütləşdirməyə sürükləyir. Bu çirkin iblisliyin sonucu indi artıq çox yaraşıqlı-duruşqlu bir ayğır olmuş dayçanın ölümünə nədən olur. Heyvan, bu çirkin iblisliyə dözə bilməyib şahə qalxaraq başını bütün oradakıların gözü qarşısında qayaya çırpıb özünü öldürür. Bu etiraz bütün bəşəriyyətə olan bir etiraz dır.

         
Quranı-Kərim, Ə’raf surəsinin 179-cu ayəsində buyurur: “Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlar dır.” Əlbəttə “qonşu” obrazının çirkin üzü və şər ilə dolu ürəyinin təhlükələri dayçanın ölümü ilə başa çatan dəyil. Onun obrazında olan iblislik daha artıq ayrıntılar ilə oxucuya çatdırılmalıdır. İkinci bölümdə at, daha doğrusu atların, sahibi ilə qonşusu arasındakı dialoqlar ralizmin uğurlu şahidi dir. Ama o danışıqlar ilə görsədilən qonşu obrazının davranışları və şərrliyi hələ də yetərincə aydınlaşmayıb. Ona görə yazıçı üçüncü bölümü başqa bir janrda qələmə alır. O bu bölümdə oxucunu aydınlatmaq istəyir. İnsan oğlu “qonşu” adlı bir obrazı daha aydın, daha dəqiq tanımalı dır. Ona görə də yazıçı aydınlatma (maarifçilik) janrında bu bölümü yaradır.

         
“Aydınlatma (maarifçilik), (ingiliscə “enlightenment”, əslində Almanca Aufklärung sözcüyündən alınmış) çoxlusu 18-ci yüzilliyin fəlsəfi, elmi, ağıllı ruhiyyat, xurafatdan, inamsızlıq və dini dözümlülükdən qurtulmaq anlamında bir deyim dir. İngilis oxucuları beynində bu hərəkətin uluları Dekart, Lak, Şəftsberi, Niyuton, Volter, Rosso, Kondorset, və Buffon sayılır. Eləcə də o dövrün böyük abidəsi kimi Britanika Ensiklopediyası tanınır. Bu abidə o dövrün qabarıq və önəmli intellektual məhsulu kimi bəzən də Şotland Aydınlanması kimi tərif olunur. İngiltərə’də çoxlu yazıçı və şair, o cümlədən Qadvin, Şeli, E. Darvin, Akensayd, və Ecvırtlar aydınlanmanın təhsili və siyasi idellarını səsləndirib yaydılar. Bleyk aydınlanmanın siyasətlərinə abunə oldu, ama Niyoton materializminin “tək baxışlı” prinsiplərini qəbul etmirdi. Tomas Peyn daha çox Fransız aydınlatması siyasətlərinin etkisi altnda idı və onun Bəşər Haqları və habelə Amerika’nın İstiqlal Bəyaniyyəsi o aydınlanmanın səciyyəvi məhsulu idı. Daha çox ədəbi səviyyədə, bəziləri aydınlatma fəlsəfəsi, ədəbi realism və romanın dirçəlişi arasında ilişki görüblər. Romantizm isə bir baxımdan aydınlatma düşüncəsinə qarşı sayılır.”[5] Azərbaycan ədəbiyyatında aydınlatma dövrü Mirza Fətəli Axundov ilə 19-cu yüzillikdə başlayır, Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Həqverdiyev kimi dahilərin yaradıcılığı ilə zirvəyə çatır.

        
 “At günü” hekayəsində  Firuz Mustafa hər bölümün öz fəlsəfi kontekstinə görə uyqun janr seçib. İkinci bölümün dialoqlarında qonşu obrazının çirkinlikləri az-çox açıqlanır. Oxucu gərginliyin zirvəsinə çatır. “Görəsən bundan da aşağı alçaqlıq ola bilərmi?” Yazıçı onun bu sorqusuna üçüncü bölümdə daha çaşdırıcı bir monoloq ilə cavab verir. Bu monoloq fəlsəfi retorikadır. Öncə sevdiyi qızı, sonra sevdiyi kəhər atını, indi də sevdiyi ayğırını əlindən almış qonşuya oturub öz ürəyində danışır. Oxucu burada belə bir sorqu ilə çıxış edə bilər: “Axı niyə monoloq? Niyə onca xəyanətə uğramış, sevdiklərini bir bir ardıcıl əldən verib, demək olar, var-yoxunu uduzmuş adam qonşunun onca zülmü, onca düşmənliyinin qarşısında yalnız evində oturub öz-özünə deyinir? Niyə bu adam bilib tanıdığı iblis qonşusuna bunca inanır. Bunca sadəqəlbliklik ola bilərmi? Bunca aldanmaq olarmı? Bunca xəyanətə meydan vermək olarmı?”

       
  Yazıçı həm də bir filosof olaraq fəlsəfənin deyə bilmədiyini əsərdəki bu sonluq-monoloqda deyir. Bəlkə də yazıçı “pis” ilə “yaxşı”, yaxud “xeyr” ilə “şər” olan qarşılıqlı fəlsəfi anlamları burada dartışmaq istəyir. Doğrudan da “yaxşılıq” nə dir? Yaxşılığın sınırları ola bilərmi? Bu hekayədə uduzan sevdiklərindən başqa quru canının da qonşusunun xainliikləri qarşısında əldən verir. Onun yasına gələn qonşunun gülməsinə başqaları təpki görsədib sayqısızlığına etiraz edir. Qonşunun yasda gülümsəməsi onun obrazına yaraşan bir davranış dır. O özünü zəfərli hesab edir. Ölmüş qonşunun sadəliyinə gülür. O bu gülüşü ilə bəşəriyyətə böyük bir dərs vermək istəyir: “Pis qonşuya meydan verməklə onu pisliyə sürükləyən sən və sənin kimi sadəlövh, tez inanıb, tez aldanan insanlar olub.”

        
 Qonşu mədəniyyət işçisi, klub müdiridir. Ata-babalar deyib: “Keçəlin adın Zülfəli qoyarlar”. Obrazında iynənin ucuca mədəniyyət, insanlıq izi-tozu olamayan, əxlaqsız, savadsız və mədəniyyətsizin birini tanışlıq hesabına iş başında qoyurlar. Belə iş adamlarının əlinə girəvə düşüb deyə, başqalarına olub qalmayan zülmü edirlər. O, hətta öz həyat yoldaşı ilə də  insan kimi davranmır. Onu evində kölə kimi at günündə işlədir. Əslində bu hekayənin adı da elə bu xanımın fəlakətli yaşamına istiarə dir. Bir yandan da Corc Orvel’in “Heyvan Tarlası” adlı romanındakı “Bokser” adlı işləməkdən usanmayan cahil atın obrazı göz önündə canlanır. Maraqlısı budur ki, öz həyat yoldaşına rəhm etməyən qunşu, qarşı tərəfi, ailəsinə yaxşı olduğu üçün lağa qoyur. Bəlkə də hekayənin bu bölümünü yalnız aydınlatma yox, sosial realizm də hesab etmək olar. Eyni halda Azərbaycanda qadına olan iki ayrı tipli davranışı oxucunun diqqətinə çəkdiyi üçün bu bölümü feministi yanaşmala da araşdırmaq daha uyqun olar. Hər halda bu bölümün ağır yükü xeyir ilə şərin qadına qarşı olan münasibəti və davranışını sosioloji baxımdan açıqlamaq istəyir. Əlbəttə, seçim oxucunundur.

         
Amma üçüncü bölümün ağır fəlsəfi-sosioloji yükü qonşuluq münasibətləridir. Bu qarşılıqlı münasibətlər və davranışları həm bir məhəllədə yaşayan iki qonşu arasında, həm də daha geniş ölçüdə qonşu ölkələr arasında da incələmək olar. Öncə vurğulandığı kimi, bu bölüm dərin düşünməyi təmsil edən monoloq kimi qələmə alınıb. Burada onca zülmə, xəyanətə, pisliklərə uğranmış bir insan oturub özü öz içində o zülmlərin nədənlərini incələyir. Bu fəlsəfi retorikanın çatdırdığı əxalaqi sonucları var. Birinci bu ola bilər: onca zülmlər, düşmənlik, alçaqlıq edən bir qonşuya nə desən alınmayacaq. Demək elə bir qonşu məntiq dili anlamır. Onunla danışmağın öz yolu var. Onun qana biləcəyi öz dili ilə danışmaq gərək dir. İkincisi də bu ola bilər: birinci dəfə o böyüklükdə xəyanətə uğrayan, sevdiyi qızı tərəfə uduzmağa gəlib çatan bir insan necə, ikinci az olar, üçüncü dəfə eyni adama inanıb xəyanətə uğrayır. Aldanan varsa aldadan boş durmayacaq. Üçüncü sonuc isə hər nəyin insanın özünə qayıtdığı düşüncəsini irəli sürür. Başqa sözlə, insanın başına nə gəlirsə, insanın öz düşüncəsi, öz etdikləri və öz davranışlarının sonucudur. Elə bir pis qonşunu neçə dəfə bağışlamaq olar?

        
 “At günü” hekayəsi haqda öz rəy və fikirlərini yazan rus və Avropa yazıçılarının bir neçəsi, o cümlədən Olqa Babuşkina, Taisya İrs və Konstantin Tsarenko hekayədə “Şərq koloriti” olduğunu və “Şərq”i sevdiklərini irəli sürüblər. Bəlkə onların “Şərq koloriti” anlamının mənzurları elə onların yaxın ilişkidə olduqları türklər və onların saflığı, sadəliyi, tez inanıb tez aldanmağı və pislikləri çox tez bağışlayıb unutmaqları ruhiyyəsidır.   

         
Bu hekayəni simbolizm yanaşması ilə araşdırmaq dəyərli dir. At mifoloji bir arxetipdir, eyni halda simbol anlamında belə bir imgə yaradır: “At əski heyvan simboludur. Gün və göy tanrılarıla ilgili dir. Yel, qasırqa, od və axar suyun elementar gücünün rəmzi dir. Ölüm qara at sürərkən görsədilir, ağ at isə işığın, yaşamın və ruhi aydınlanmanın simgəsi dir. deyilənlərə görə Buddha yer yaşayışını ağ bir at minərək tərk edibdir. Klasik, İran, Hind, Nordik və Babiloniya miflərində atlar günün faytununu çəkir.”[6] At türk xalqında igidə qardaşdır, namusdur. Bunca dərin mifik dəyərləri olan bir simbol bu hekayədə oxucunu ağladan bir günə düşür və bunun baisi birbaşa insan özüdür. Dayçasını canavarın dişindən çəkib qurtaran at sahibi onu qonşunun zülmü ilə ölümə tapşırır. Canavar qəddarlığın simgəsidir. Elə qəddar bir canavardan qurtulan dayça qonşunun çirkin hiyləsindən qurtula bilmir. Elə bir saf, bağışlayan, ziyalı bir insanı infarkt ilə öldürütdürən qonşu onun yasında zəfər gülüşü atırsa, demək bu dünyaya hökm sürən də sevgi, saflıq, insanlıq yox, elə o çirkin iblisliyi siyasət sananalar öldürdükləri insan oğlunun yasına gəlib güləcəklər.

         
Bu hekayədə postmodernlik də ən yüksək səviyyədə mövcuddur. Bəlkə bu gün bəzi gənclər erotik yazıları postmodern hesab edirlər, bu, onların öz sorunudur. Postmodern əsərin ən qabarıq özəlliklərindən biri “ikili kodlaşma”, yəni mətnlərarası istehza və impilisit metatəhkiyədən birgə və eyni zamanda istifadədir. Bu termin memar Çarlz Yenks tərəfindən postmodern memarlıqda istifadə olunub. O belə bir qərara gəlir ki, “postmodern tikinti nümunəsi və yaxud sənət əsəri eyni zamanda həm azlığa, yəni “yüksək” kodlardan istifadə edən elit ictimaiyyətə, həm də adi kodlardan istifadə edən kütləyə ünvanlanıb. Bu cür ikili kodlaşma üsulu tətbiq etməklə müəllif mahir oxucuda özünəməxsus səssiz, həm də də iştirakçılıq hissi yaradır. Bəzi sıravı oxucular isə allüziyanı başa düşmədikdə, sanki, nəyinsə onların gözündən qaçdığını hiss edə bilirlər. Lakin ədəbiyyat yalnız insanları əyləndirmək və onlara təsəlli vermək üçün deyil, onun həmçinin, insanları eyni mətni iki, bəlkə, hətta, bir neçə dəfə oxumağa təhrik etmək və həvəsləndirmək kimi bir məqsədi də var, çünki onlar həmin mətni daha yaxşı başa düşmək istəyir. Beləliklə, ikili kodlaşma bir kübarlıq həvəsi dəyil, oxucunun ağlı və məramına hörmət görsətmək üsulu dır.”[7] Eko kimi Firuz Mustafa da bu əsərində əslində oxucunun ağıl və məramına hörmət olaraq ikili kodlaşma ilə həm əsərini üslub baxımından yüksək səviyyəyə aparıb tam bir usta postmodern yazıçı kimi çıxış edir, həm də oxucunun ağlı, məramı və duyqularına hörmət yaradıb oxcunun sayqısını qazanır.

         
Demək olar ki, çoxlu yorumlu ədəbiyyat əsərləri kimi bu hekayənin güclü quruluşu yalnız ədəbi cərəyanlar ilə uyğun çıxışında bitmir. Quruluş üç bölümdə yazıldığı kimi, hər bölüm də üç əsli obrazdan oluşur. 1-ci bölümdə dayça, sahibi və canavar üç əsas obraz dır. Ataların dediyi kimi “üçün biri Şeytandır!”


 Bu romantik bölümdə utopiyanı dağıtmaq istəyən Canavardır. Onu dayçanın sahibi məhv edir. 2-ci bölümdə atların sahibi, qonşusu, və ana-bala atlar obrazlaşdırılır. İki at bir imgə olduğu üçün yenə burada üçgən obraz quruluşu gedir. Bu üçün də biri şeytandır. Həmin şeytan- qonşudur. Bu şeytan at obrazını yox edir. Üçüncü bölümdə əsli obrazlar atların sahibi, qonşusu və iki qadın var. Yenə qadın obrazları bir imgədir. Üçlük anlamı irəli gedir. Üçüncü bölümdə at imgəsini yox edən iblis qonşu at sahibi ilə birlikdə öz övladını da,  həyat yoldaşını da yox edir.

        
 Bu maraqlı üçgən quruluşu süjeti kədərli bir sona gətirir. Uğurlu yorumsal ədəbiyyat həyatın ən acı gerçəklərini oxucuya çatdırmaq üçün komedinin tam tərsinə edən bir yol seçir. Bu ədəbiyyat trajedi (faciəsi) ilə sonlanmalıdır. Burada insan yaşam qaranlıqlarının ən dərin yerlərinə aparılır. Yazıçı o qaranlıqda – aynda (mifdə) olduğu kimi – oxucunun əlindən tutub Oğuz Xaqan və Bilgəqam kimi zülmətlər dünyasının qaranlıqlarının dərinliklərinə aparır. Bu qaranlıq dərinliklərə getməyə komedinin gücü çatmaz. Oxucu “At günü” hekayəsini oxuyarkən dişləri bir-birini kəsir, bütün hüceyrələri titrəyir, ürəyindəki qan gözlərindən axır. Bu ağlamaq aydınlığın lap elə özüdür. Bu qələmə alınmış trajedinin-faciənin gücüdür. Bu yazıçını bəlkə də illər bouyu özündə boğan zülmət dənizinin dalqalarıdır. “At günü” isə Firuz Mustafanın o dənizin dərinliklərindən çıxardıb oxucuya sunduğu taysız-barabarsız bir incidir.  

         
Sonuc olaraq, deməliyik ki, “At günü” hekayəsi əxlaq fəlsəfəsinin dərinliklərinə varan bir bədii düşüncə qalereyasıdır. Burada insan öncə məsum bir dayça olub təbiət gözəlliklərində öz ilxısının, yəni öz əsl-kökünün axtarışına çıxır. Sonra öz nəfsinin dərin qaranlıqlarına varıb öz içindəki şəxsi-əxlaqi çatışmazlıqları görə bilir.

Bu əsər dünya ədəbiyyatında hekayə səviyyəsindən qat-qat yüksəkliklərə çıxan bədii bir yaradıcılıqdır. Nobel mükafatı belə bu əsərə azdır. Bu hekayənin bizim ana dilimizdə yazılmağı böyük bir xoşbəxtlikdir. Biz bu xoşbəxtliyi bizə təqdim edən böyük insan, filosof, yazıçı, ustad və əsil Vətən oğlu Firuz Mustafa cənablarına borcluyuq.     

 

QAYNAQLAR

 

  1. Drabble M. The Oxford Companion to English Literature, Bath: Oxford University Press, 1985, 1155 p.
  2. Eko U. GƏNC ROMANÇININ ETİRAFLARI, Bakı: AYF (Tərcümə), 2016, 159 s.
  3. Mustafa F. At Günü, (yazıçının yolladığı vord qovluğu)
  4. O’connel M., Airey R., & Craze R. The Complete Illustrated encyclopedia of Symbols, Signs & Dream Interpretation. London: Lorenz Books, 2007, 512 p.
  5. "Romanticism." Encyclopædia Britannica. Encyclopædia Britannica Ultimate Reference Suite. Chicago: Encyclopædia Britannica, 2013.

 

P.S.

Hörmətli redaksiya. 

Mənim Araz Əhmədoğlu ilə şəxsi tanışlığım yoxdur. Lakin mətbuatda tez-tez onun imzasına, elmi səciyyəli əsərlərinə və  tərcümələrinə rast gəlirəm. Araz Əhmədoğlu İran İslam Respublikasında yaşayıb-yaradn ziyalı, elm adamı, tənqidçi, ədəbiyyatşünas və esseçidir. O, 1968-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Əvvəlcə Şirazda texniki təmayüllü universitetin radiotexnika bölümündə, sonra isə Təbriz Universitetinin İngilis dili və ədəbiyyatı bölümündə təhsil almışdır. Ədəbiyyatımızı, dilimizi yorulmadan təbliğ edir.

Araz Əhmədoğlu mənim “At güna” hekayəmlə mətbuatda tanış olduqdan sonra oxuculara təqdim edilən bu qeydləri qələmə almışdır. Araz bəyə təşəkkür edərək həmin yazını geniş oxucu auditoriyasına təqdim edirəm.

Hörmətlə, Firuz Mustafa

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü