Modern.az

Bir şəklin tarixçəsi: İrandan Parisə qaçmış müğənni Mərziyə xanım Bakıya niyə gəlmişdi... - VİDEO

Bir şəklin tarixçəsi: İrandan Parisə qaçmış müğənni Mərziyə xanım Bakıya niyə gəlmişdi... - VİDEO

18 Avqust 2020, 13:38

İranda Azərbaycana və bizim incəsənətə həmişə böyük maraq olub. İranın məşhur müğənnilərinin zaman-zaman Bakıya qastrol səfəri də bu maraqdan irəli gəlib. İranlı müğənnilər daim öz repertuarlarına Azərbaycan mahnılarını daxil ediblər. Belə ifaçılardan biri də Mərziyə xanım olub.

Elə Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının növbəti təqdimatı da məşhur iranlı müğənni Mərziyə xanımın Bakıya səfərilə bağlıdır.

Zaman 1963-cü ilin iyun ayı.., məkan Bakı şəhəri...  İranın o zamanlar üçün məşhur müğənnisi Mərziyə xanım Bakıya gəlib.

Azərbaycan Dövlət Filarmoniyası və Mədəniyyət Nazirliyi belə məsləhət görür ki, o zaman İranda da yaxşı tanınan azərbaycanlı xanəndə Sara Qədimova Culfa rayonuna gedib iranlı müğənnini qarşılasın və onunla birlikdə Bakıya qayıtsın. Belə də olur.

Qeyd edək ki, Sovet qoşunlarının 1943-1945-ci illərdə İrana daxil olması SSRİ ilə İran arasında olan əlaqələrdə möhkəm soyuqluq yaratmışdı. 1962-ci ildə İran şahı Məhəmməd Rza şah Pəhləvinin göndərdiyi nümayəndə heyətinin Bakıya səfərindən sonra bu soyuqluq xeyli yumuşalmağa başlamış və mədəni əlaqələr yaxşılaşmışdı. 1960-cı ildən İran müğənniləri Bakıya qastrola gələrək, konsertlər verməklə mədəni əlaqələrin yaranmasına təsirli dəstək verirdilər. Onların qarşılanması, konsertlərin təşkili və yola salınması Azərbaycan hökumətinin nəzarətində idi.

Bakıdakı Dəmiryolu vağzalında Tehran – Moskva qatarı ilə gələn Mərziyə xanımı və Sara  Qədimovanı Rəşid Behbudov, Filarmoniyanın direktoru Tofiq Quliyev və Filarmoniyanın ilk partiya təşkilat katibi Surəyya Qacar qarşılayır və qonağı birbaşa o vaxtlar Bakıda çox məşhur olan “İnturist” mehmanxanasına aparırlar.


Qastrol səfəri zamanl Mərziyə xanım Bakıdakı Yaşıl teatrda 3 dəfə konsert verib. O zaman müğənninin ifa etdiyi “Rəftəm ki, rəftəm” (“Getdim ki, getdim”) mahnısı Bakıda böyük şöhrət qazanmışdı.

Rəşid Behbudov həm Mərziyə xanımı, həm də onu müşayiət edən musiqiçilərin şərəfinə evində qonaqlıq verir. Həmin ziyafətdə Filarmoniyanın direktoru Tofiq Quliyev və Sara Qədimova da iştirak edir.

1979-cu ildə baş verən İran İslam inqilabından bir müddət sonra müğənni Mərziyə xanım Fransaya mühacirət edib və ömrünün axırınadək orada yaşayıb.  O, hətta qürbətdəki İran mühacirlərinin yaratdığı "Mücahidin-e Xəlq" təşkilatında rəhbər heyətdə təmsil olunub. Bu təşkilat İrandakı dini rejimə qarşı mübarizə aparıb.


Mərziyə xanım 2010-cu ildə 86 yaşında Parisdə vəfat edib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir