Modern.az

SSRİ-ni saxlamaq üçün sonuncu CƏHD – “QKÇP” qiyamı niyə uğursuzluqla bitdi...

SSRİ-ni saxlamaq üçün sonuncu CƏHD – “QKÇP” qiyamı niyə uğursuzluqla bitdi...

19 Avqust 2020, 12:02

1991-ci il 19-22 avqust tarixlərində Sovet İttifaqında “Avqust qiyamı”, yaxud “QKÇP qiyamı” adını almış dövlət çevrilişinə cəhd olub. 

Modern.az saytı 29 ili tamam olan qiyamla bağlı xatırlatma edir.
 

Mühafizəkar kommunistlər SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu devirməyi planlaşdırırdı. Belə ki, Qorbaçov avqusutun 20-də SSRİ-ni əvəzləyəcək suveren dövlətlərin federativ dövlətini qurmaq haqqında sazişi imzalamağa hazırlaşırdı.

Vitse-prezident Gennadi Yanayevin başçılıq etdiyi bir qrup kommunist müqavilənin imzalanmasını SSRİ-nin sonu kimi dəyərləndirirdi. Onlar fövqəladə vəziyyət elan edərək, Qorbaçovu vəzifəsindən kənarlaşdırmağa, müqavilənin imzalanmamasına çalışırdı.

 

1991-ci il avqustun 18-də Yanayevin başçılıq etdiyi Sovet rəhbərliyinin bır sıra rəhbər şəxsləri Qorbaçovu Krımın Foros şəhərində yerləşən iqamətgahında ziyarət edir. Onlar avqustun 20-nə planlaşdırılan suveren dövltələrin federativ dövləti barədə sazişi imzalamamaq üçün Qorbaçovdan xahiş edirlər.

 

19 avqust səhərt saat 6:00-da SSRİ-nin Mərkəzi Televiziyası və radiosu “Sövet rəhbərliyinin bəyanatı”nı oxuyur. “QKÇP” (SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) üzvlərinin hazırladığı bəyanatda prezident Mixail Qorbaçovun hakimiyyətdən uzaqlaşdırıldığı və ölkə ərazisində fövqəladə vəziyyətin elan olunduğu bildirilirdi. 

Eyni zamanda, Forosda Qorbaçovun iqamətgahı “KQB” (Dövlət Təhlükəsizliyi  Komitəsi) tərəfindən mühasirəyə alınır və işıq kəsilir.

Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Tallin, Tbilisi və Riqaya qoşunlar yeridilir, Baltikyanı ölkələrdə ordu və milis qüvvələri dövlət obyektlərini, KİV-i nəzarətə alır.

 

Amma Rusiya Sovet Federativ Respublikasının rəhbəri Boris Yeltsin “QKÇP”nin qərarlarına tabe olmur və onu “antikonstitusion çevriliş” adlandırır. Moskvada Ali Sovetin binası önünə minlərlə insan toplaşır və barrikadalar qurulmağa başlayır.


19 avqust axşamı “QKÇP”nin ilk və son mətbuat konfransı olur. SSRİ Dövlət Televiziyasının canlı yayımında jurnalistlərin önünə qiyamın əsas simaları vitse-prezident Gennadi Yanayev, Müdafiə nazirinin müavini Oleq Baklanov, Daxili İşlər naziri Boris Puqo, Kəndli Birliyinin sədri Vasili Starodubçov, Dövlət Sənaye, Nəqliyyat, Tikinti Obyektləri Assosiasiyasının prezidenti Aleksandr Tizyakov və Müdafiə naziri Dmitri Yazov 
çıxış edir.


Qorbaçovun harada olması barədə suala Yanayev “o, Krımda istirahətdədir”,-deyə cavab verir və tezliklə iş başına qayıdacağına ümidini ifadə edir.

 

“QKÇP” qiyamı bütün dünyada səs-küy yaradır: Liviya lideri Müəmmər Qəddafi, Fələstin lideri Yasir Ərəfat, Yuqoslaviya lideri Slobodan Miloşeviç və İraq prezidenti Səddam Hüseyn qiyamı alqışlayır. Qəddafi qiyamı “yaxşı görülən iş” adlandırır.

Amma Avropa liderləri – Böyük Britaniya baş naziri Con Meycor, Fransa prezidenti Fransua Mitteran, Almaniya kansleri Helmut Kol, İspaniya baş naziri Filipe Qonsales və digərləri qiyamı pisləyirlər. ABŞ prezidenti Corc Buş (ata) SSRİ prezidentini postuna qaytarmağı tələb edir və Boris Yeltsinin qanunu müdafiə etmək üçün səylərini alqışlayır.

 

SSRİ daxilində isə müttəfiq respublikaların rəhbərləri ilk vaxtlar gözləmə mövqeyi tutur. Amma sonradan onların əksəriyyəti “QKÇP”nin addımlarını antikonstitusion adlandırır. Latviya, Moldova, Belarus, Ukrayna Moskvada hakimiyyətin qiyamçıların əlinə keçəcəyi halda kütləvi tətillərə başlayacaqlarını bildirirlər. Komitənin bütün qərarlarının ölkə ərazisində qanunsuz olduğu bildirilir. 

Amma qiyamçıları dəstəkləyənlər də az deyildi. Azərbaycan və Ukrayna Kommunist Partiyalarının Mərləzi Komitələrinin 1-ci katibləri Ayaz Mütəllibov və Stanislav Qurenko, həmçinin Belarus Ali Sovetinin sədri Nikolay Dementey onların arasında idi.


“QKÇP”ni dəstəkləyənlər arasında Rusiyanın Krasnoyarsk diyarı, Ryazan vilayəti və Tatarıstan Muxtar Respublikasının rəhbərliyi də var idi.


Sadə insanlar da “QKÇP”nin addımlarını qəbul etmədilər. Moskvada 150 minlik, Sankt-Peterburqda isə 300 minlik etiraz aksiyası baş tutdu. Həmən gün Boris Yeltsin özünü Rusiya ərazisindəki Silahlı Qüvvələrin Ali Baş komandanı elan etdi və Müdafiə Nazirliyi yaratdı. Ardınca, Moskvada komendant saatı elan etdi. Avqustun 21-nə keçən gecə ordu və “QKÇP” əlehidarlarının Moskvadakı toqquşması zamanı 3 nəfər – Dmitri Komar, Vladimir Usov və İlya Kriçevski həkak oldu. Onlar qiyam zamanı həyatını itirən yeganə şəxslər oldular. Sonradan Mixail Qorbaçov onların hər üçünə Sovet İttifaqı Qəhrəmanı adı verdi.

 

21 avqust səhəri Müdafiə naziri Dmitri Yazov “QKÇP”nin Moskvanı tərk etməsi barədə əmr verir. “QKÇP” nümayəndə heyəti Krıma, Qorbaçovun yanına danışıqlar üçün yollansa da, prezident onları qəbul etmir. Qiyamın uğursuzluqla bitdiyini görən vitse-prezident Yanayev “QKÇP”nin buraxılması və komitənin verdiyi bütün qərarların ləğv olunması barədə göstəriş imzalayır. Rusiya SSR-in prokuroru Valentin Stepankov isə komitə üzvlərinin həbs olunması barədə göstəriş verir.

 

22 avqust gecəsi prezident Mixail Qorbaçov, Rusiya SSR-in vitse-prezidenti Aleksandr Rutski və baş nazir İvan Silayev təyyarə ilə Moksvanın Vnukovo-2 aeroportuna gəlirlər. Həmin gün “QKÇP”nin üzvləri – Yanayev, DTK sədri Kryuçkov, Müdafiə naziri Yazov həbs olunur. 
Daxili işlər naziri Boris Puqo isə intihar edir. Moskvada Ağ Ev qarşısında (keçmiş Sovetlər Evi) qiyamın uğursuzluğu xalq tərəfindən bayramla qeyd olunur.

Komitənin uğursuz qiyam cəhdi SSRİ-nin süqutunu labüd edir. Avqusutun 24-də Mixail Qorbaçov SSRİ Kommunist Partiyasının sədrliyindən istefa verir və Mərkəzi Komitəyə partiyanın buraxılmasını təklif edir. Dekbarın 8-də Belarusun Belovejsk meşəsində Rusiya, Ukrayna və Belarus liderləri SSRİ-nin fəaliyyətini dayandırması və yerində Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə razılıq əldə edirlər. 
Dekbarın 25-də canlı yayım zamanı Mixail Qorbaçov Sovet İttifaqı prezidentliyindən istefa verdiyin bildirir. Növbəti gün Ali Sovet SSRİ-nin beynəlxalq hüququn subyekti kimi fəaliyyətini dayandırması barədə bəyannamə qəbul edir.


Beləliklə, 1922-ci ilin 30 dekabrında yaradılmış Sovet İttifaqı dövlət kimi tarixin arxivinə yollanır. “QKÇP” qiyamı Sovet İttifaqının mövcudluğunu saxlamaq üçün edilmiş son cəhd sayılır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!