Modern.az

O hansı redaksiyalardı ki, yığıcı ştatlarını birdəfəlik ləğv edib?

O hansı redaksiyalardı ki, yığıcı ştatlarını birdəfəlik ləğv edib?

12 İyun 2012, 12:35

Bu peşə artıq “Qara kitab”a salına bilər...

Hazırda demək olar ki,  kompüterdən başı çıxmayan jurnalist yoxdur. Əksər redaksiyalarda müxbir lazım olan informasiyanı diktafonla alır, komputerdə yığır, son nəticədə hazır material redaktə olunmaq üçün redaktorun əlindən keçir. Amma bir neçə il öncəyə qayıtsaq, deyə bilərik ki, əvvəllər mətnləri yığmaq yığıcılara həvalə olunurdu.  Əksər redaksiyalardan əsasən xanımların götürüldüyü bu vəzifəyə operator da deylir. Bəs bu gün necə,  yığıcı ştatı redaksiyalarda hələ də qalırmı?

Modern.az mövzu ilə bağlı kiçik sorğu aparıb.

“Azərbaycan” qəzetinin redaktor müavini Amil Novruzov: “Bizim redaksiyada 4 yığıcı var. Qəzetin tərtibatı və dizayn işləri ilə məşğul olan 3 nəfər də səhifələyici. Hazırda yığıcılara ehtiyac qalır, çünki redaksiyalarda işləyən yaşlı nəsil də var. Yığıcıların iş prinsipinə gələndə isə onlar əsasən kənardan verilən mətnləri yığır. Çünki həmin materialları müxbirə verib onu əsas işindən ayırmaq olmaz. Həm də jurnalistlər mətni nə qədər tez yığsalar da, yığıcılar kimi sürətli deyillər”.

Gün.az saytının redaktoru Emin Quliyev bildirib ki, saytda operator ştatına ehtiyac duyulmur: “Mətnləri jurnalistlər özləri kompüterdə yığırlar. Heç 5 il bundan qabaq da yığıcılara ehtiyac yox idi.  İndi balaca uşaqlar belə  kompüterdən baş çıxarır”.

“Həftə içi” qəzetinin redaktoru Elxan Salahov: “Bizdə yığıcı yoxdur. Jurnalistlər özləri  mətni yığırlar. Məncə, bu gün kompüterdə işləməyi bacarmamaq jurnalist üçün böyük qəbahətdir”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “İki yığıcımız var. Bəzən olur ki, bir jurnalist eyni vaxtda bir neçə material hazırlayır. Müsahibələr, tədbirlər, yazılar çox olduğu halda, operatorlar jurnalistlərə kömək etməli olurlar. Bu vaxt diktofondan müsahibələri operator köçürür. Jurnalist də hazır materialın  üzərində işləyir. Yaxud da kənar yerlərdən, rayonlardan əlyazmalar şəkilində yazılar göndərilir, operatorlar da həmin yazıları kompüterdə yığırlar”.  

“Olaylar” İnformasiya Agentliyinin baş redaktor müavini Fatma Abasquliyeva: “Olaylar”-da yığıcılar var, amma sayını deməyə ehtiyac yoxdur. Bizim yığıcılara ehtiyacımız var”.

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu: “Əməkdaşlarının hər biri komputerdə yığmağı bilir. Bizdə yığıcı ştatı yoxdur. Hər bir jurnalist də komputeridə işləməyi bacarmalıdır”.

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli: “Redaksiyada yığıcılar yoxdur. Çünki bizdə əlyazısı ilə yazan müxbir yoxdur. Redaksiyada 5 il qabaq yığıcılar olub. Bütün ofislərdə olduğu kimi kargüzarlıq işlərinə baxan katibəyə ehtiyac var. O  da istər-istəməz kompüterdə yazmağı bacarmalıdır”.

“Ayna-Zerkalo” qəzetinin  baş redaktor müavini Rövşən Şıxlı: “2 yığıcımız var. Bizimlə çoxdandır ki, işləyirlər. Elə vaxt olur ki, əlyazma şəkilində qıraqdan kənar müəlliflər mətn gətirirlər,  yığıcılar da həmin mətnləri yığırlar. Bizdə jurnalistlər özləri mətnləri yığır, redaktorlar oxuyur. Ondan sonra mətnlər korrektə olunur. Korrektorlar kağızda mətndəki səhvləri tutub, dəyişiklikləri edirlər. Yığıcılar isə kompüterdə, faylın içində həmin səhvləri düzəldirlər”. 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Yığıcı ştatı ləğv olunub, çünki müasir dövrdə faktik olaraq, hər kəs kompüterdən istifadə etməyi bacarır. Bacarmayanları da işə götürmürük”.

“Şərq” qəzetinin redaktoru Yusif Nəzərli: “Bizimlə uzun müddət çalışan 1 yığıcı var.  Əvvəllər 3 nəfər idi . Sonradan buna ehtiyac olmadı, çünki jurnalistlərin özləri kompüterdə yazmağı bacarırlar”.                 

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır