Modern.az

Hikmət Hacıyev həm xalq, həm də dövlət üçün lazımlı şəxsdir - JURNALİST RƏYLƏRİ

Hikmət Hacıyev həm xalq, həm də dövlət üçün lazımlı şəxsdir - JURNALİST RƏYLƏRİ

19 Avqust 2020, 18:43

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bütün önəmli məsələlərdə, o cümlədən pandemiya ilə bağlı Operativ Qərargahın brifinqlərində ölkə əhalisni maraqlandıran çıxışları ilə seçilir.

 

Xarici siyasətlə bağlı da Hacıyevin dolğun açıqlamarının, xarici ölkə mediasında müsahibələrinin şahidi oluruq.

 

Görünür elə buna görədir ki, onun fikirlərinə daha çox etimad edilir.

 

Modern.az-a danışan tanınmış jurnalistlər Hikmət Hacıyevin Azərbaycan cəmiyyətində həm rəsmi, həm də  ictimai şəxs kimi əhəmiyyətli biri olduğunu qeyd ediblər.

 

“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid xatırladıb ki, Hikmət Hacıyevi mətbuat yaxşı tanıyır:

 

 

“Onun üstünlükləri çoxdur. Media ilə münasibəti yaxşıdır, ictimai rəyə önəm verir. Savadlıdır. İndi həddindən artıq , gərgin işləyir. Əksər sahələrlə bağlı suallar ona yönəlir. Səbr, şövq, yorulmamaq arzulayıram. Tam qənaətimiz üçünsə hələ tezdir. İşləsin. Bir ildən sonra nəsə deyərik. Arzu edirik vaxt tapanda qəzetləri, həmçinin “525-ci qəzet”i də hərdən, həftə sonları vərəqləsin”.

 

 

Əməkdar jurnalist, APA TV-nin əməkdaşı Sevinc Vaqifqızı qeyd edib ki, Hikmət Hacıyev ixtisaslı diplomatdır:  “Xarici İşlər Nazirliyində KİV-lə mütamadi təmasda olduğu üçün əksər jurnalistləri yaxından tanıyır. Dəyərli diplomatdır, ən böyük üstünlüklərindən biri də hər kəslə öz dilində danışmağı bacarmasıdır. Suallara cavabı səmimidir, dəqiqdir. Təkcə Operativ Qərargahın fəaliyyəti müddətində verdiyi açıqlamalarda heç bir yanlışlıq olmayıb. Düşünürəm ki, həm diplomatik bilik və bacarığı , həm də səmimiyyəti ilə seçilir, sevilir”.

 

Modern.az saytının rəhbəri, Əməkdar Jurnalist Elşad Eyvazlı diqqətə çatdırıb ki, Hikmət Hacıyev bütün göstəriciləri ilə Azərbaycan üçün çox uğurlu kadrlardandır:

 

 

“Bunu onun savadı, məsələlərə yanaşma tərzi, Azərbaycancılığı, dövlətçi olması təsdiqləyir. Jurnalistlərlə münasibətdə hər zaman açıq olub. Hətta Prezidentin köməkçisi olsa da, jurnalistlərlə həmkar kimi görüşür.

 

Dəfələrlə diqqət etmişik ki, Azərbaycanı beynəlxalq arenada təmsil edəndə, dünyanın ən məşhur media qurumlarına müsahibə verəndə belə mükəmməl şəkildə, milli maraqlara uyğun, ölkə Prezidentinin apardığı siyasəti aydın ifadə edir.

 

Mən Hikmət Hacıyevi milli, Azərbaycanı sevən, dövlətçiliyə sadiq, insani keyfiyyətlərə sahib yüksək vəzifəli dövlət məmuru kimi qiymətləndirirəm”.

 

"Report" İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov diqqətə çatdırıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqləri çox önəmli tədbirlərdir:

 

 

“Pandemiya vaxtı insanlar brifinqləri çox diqqətlə izləyirlər, bütün önəmli məlumatları məhz brifinqdən əldə edirlər. Ona görə brifinqdə çıxış edən rəsmi şəxslər də öz işlərinə çox həssaslıqla yanaşmalı olurlar. Pandemiya başladığı ilk aylarda insanlar brifinqdə səsləndirilən fikirlərə daha çox aqressiya ilə yanaşırdılar.

 

Çünki tibbi təhlükəsizliyimiz naminə bəzən insanların ürəyincə olmayan, cəmiyyəti qane etməyən açıqlamalar səsləndirilirdi. Əvvəlki vaxtlardan fərqli olaraq, son zamanlar insanların sosial şəbəkələrdə çıxışından, mətbuatda yazılanlardan aydın olur ki, əhali heç də brifinqdə səsləndirilən fikirlərə əvvəlki kimi əsəbi, aqressiv yanaşmır. Bu münasibətin normallaşmasının səbəbkarlarından biri, bəlkə də birincisi Hikmət Hacıyevdir. Onun çıxışlarında xalqı necə anladığı, xalqın içərindən çıxan biri kimi düşündüyü aydın görünür.

 

Xarici İşlər Nazirliyinin mətbuatda xidmətində çalışdığı dönəmdə jurnalistlərlə işləmək təcrübəsi olan Hikmət Hacıyevin brifinqlərdə də səmimi olduğu açıq aşkar hiss olunur. Buna görə də insanlar onun açıqlamalarını xoş qarşılayır. Düşünürəm ki, Hikmət Hacıyev həm xalq, həm də dövlət üçün lazımlı şəxslərdən biridir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu