Modern.az

Modern.az Mübariz İbrahimovun heykəlini və onu düzəldəni tapdı - FOTOLAR

Modern.az Mübariz İbrahimovun heykəlini və onu düzəldəni tapdı - FOTOLAR

12 İyun 2012, 14:30


Tovuz Rayon İcra Hakimiyyətindən abidə müəllifinə təklif var

Son günlər Facebook sosial şəbəkəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun bir emalatxanadakı heykəlinin şəkilləri yayımlanır. Bu hadisə ciddi ictimai marağa səbəb olsa da, abidənin harada yerləşdiyilə bağlı məlumatlar yox idi. Məsələ ilə bağlı araşdırma aparan Modern.az-ın əməkdaşları heykəlin Azərbaycan Rəssamlıq Akademiyasında olduğunu öyrəniblər və heykəli hazırlayan tələbə və onun müəllimləri ilə görüşüblər.

Əməkdaşımıza məlum olub ki, heykəli Akademiyada bakalavr təhsili almış Vüqar İmanquliyev hazırlayıb. O, heykəlin hazırlanmasına 2011-ci ilin mart ayında başlayıb və iyun ayında sona çatdırıb. V.İmanquliyev saytımıza deyib ki, bu əsər onun diplom işidir. Heykəltəraş son günlər şəkillərin Facebook-da yayımlanmasının özü tərəfindən edilmədiyini vurğulayıb: “Şəkilləri Facebook-dakı səhifəmdən götürərək, qruplarda paylaşıblar”.

Akademiyanın məzunu bu heykəlin hazırlanmasının öz istəyindən irəli gəldiyini deyir: “Təklifi özüm irəli sürmüşəm. Buna səbəb ürəyimdən gələn bir istək idi, onu da yerinə yetirdim. Diplom işinin hazırlanması üçün bir semestr vaxt verilir. Həmin vaxtda eskizlər işlənilir. Özümdə 7-8 eskiz var idi. Ən sonuncusu bu oldu və müəllimlərin məsləhəti ilə onu işlədim. Bu cür gözəl əsər ortaya çıxdı”.

Gənc heykəltəraş bildirib ki, abidənin şəhərdə ucaldılması üçün Tovuz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onlara müraciət olunub: “Hazırda bununla bağlı orada işlər gedir. Heykəlin qoyulması üçün yer ayrılmalıdır. Lakin bu müraciətdən bir xeyli keçməsinə baxmayaraq, hələ ki, səs-soraq yoxdur”.

Heykəltəraşlıq kafedrasının müdiri, dosent Azad Zeynalov Modern.az-a bildirib ki, Akademiyanın bakalavr və magistr diplomçuları həmişə milli-vətənpərvərlik ruhunda olan mövzulara müraciət etsəydilər, çox yaxşı olardı. Bu tələbənin özündən gələn təklifdir.
”Mübariz İbrahimovun heykəlinə gəlincə isə, tələbə diplom işi kimi bu mövzuya müraciət edəndə biz çox sevindik. Demək, bizim tələbələrdə vətənpərvərlik ruhu daha da güclənib və gənclərin tərbiyəsi düz istiqamətdə aparılır. Əlbəttə, bu xoşa gələn bir haldır. Tələbələr bu cür mövzulara müraciət etsələr, daha yaxşı olar. Biz də onlara lazımi dəstəyi göstərərik. Tələbə həmin eskizləri göstərib və diplom rəhbəri bunu bəyənib. Təbii ki, bu heykəlin yüksək səviyyədə olmasında diplom rəhbərinin və müəllimlərinin böyük rolu var. Eyni zamanda bu əsər tələbənin təhsil müddətində aldığı biliklərin nəticəsidir. Biz işdən çox razıyıq”.

Xalq rəssamı Tokay Məmmədov da diplom rəhbəri olduğu tələbəsinin işindən çox razı olduğunu deyib. “Əgər bizim uşaqları, gəncləri vətənpərvərlik ruhunda tərbiyələndirmək istəyiriksə, bu heykəlin burada qalması doğru deyil. Akademiyada qalmaqdansa, onun ictimai bir yerdə bürüncdən tökülmüş variantının qurulması daha məqsədəuyğundur. Bu çox yaxşı əsərdir. Bu cür gəncləri həvəsləndirmək və onların əməklərini qiymətləndirmək lazımdır”.





Anar Kəlbiyev
Elçin Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?