Modern.az

Əli Əhmədov: “O şeylər ki, əsassızdır, gec-tez həqiqi mahiyyəti ortaya qoyulur”

Əli Əhmədov: “O şeylər ki, əsassızdır, gec-tez həqiqi mahiyyəti ortaya qoyulur”

Təhsil

12 İyun 2012, 17:42

“Haqsız, qərəzli tənqidlərin olmasını istəmirik. Amma bunu da faciə hesab etmirik”.  Bu sözləri Modern.az-a açıqlama verən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanla bağlı səsləndirilən fikirlər nəzərdən keçirilsə, həmin bəyanatlarda Azərbaycanın bölgədə, regionda və beynəlxalq aləmdəki roluna kifayət qədər yüksək qiymət verildiyini görmək olar.

”Digər tərəfdən Azərbaycanın bölgə proseslərində böyük potensiala malik olduğu da açıq şəkildə vurğulanır.

Eyni zamanda bu, Azərbaycanla Amerika arasında münasibətlərin müsbət dinamikasına öz təsirini göstərib. Amerika tərəfinin bəyanatlarında, həmçinin prezidentin səsləndirdiyi fikirlərdə öz əksini tapıb. O ki, qaldı münasibətlərin inkişaf prespektivlərinə, bu barədə kifayət qədər ciddi əsaslar var ki, münasibətlər pozitiv məqamda inkişaf etsin. Bu həm Azərbaycanın,  həm də ABŞ-ın bölgə ilə bağlı siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərə bilər”.

Partiya rəsmisi Azərbaycan haqqında səsləndirilən tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, hansı tərəfdən səsləndirilməsindən asılı olmayaraq, Azərbaycan bu tənqidlərə öz obyektiv münasibətini bildirib:

“O yerdə ki, Azərbaycanla bağlı səsləndirilən tənqidlərin əsasları var, obyektiv reallığa söykənib həmin tənqidləri qəbul edirik. Hansı ki, tənqidlər qərəzlidir, qeyri-obyektivdir, hansısa dairələrin marağına istinad edir, belə olan hallarda Azərbaycan həmin tənqidlərə qarşı öz kəskin mövqeyini ortaya qoyur”.

Ə.Əhmədov nəticə etibarilə Azərbaycanı əsassız, qərəzli şəkildə tənqid edən tərəflərin, dairələrin, yaxud da beynəlxalq təşkilatların sonda Azərbaycanın haqlı iradları ilə razılaşmalı olduğunu xüsusilə qeyd edib:

“Azərbaycan səsləndirilən əsassız tənqidlərin qeyri-obyektivliyini, qərəzli olduğunu faktlarla sübuta yetirə bilir. Haqsız, qərəzli tənqidlərin olmasını istəmirik. Amma bunu da faciə hesab etmirik. O şeylər ki, əsassızdır, fakta söykənmir və yaxud qərəzli şəkildə həyata keçirilirsə, gec-tez onun həqiqi mahiyyəti ortaya qoyulur və Azərbaycanın haqlı olduğunu təsdiq etmiş olur. Bu mənada Azərbaycan öz yoluyla gedir, öz seçdiyi siyasəti xalqın maraqlarına uyğun şəkildə ardıcıl surətdə həyata keçirir. Azərbaycan haqq-ədalətin onun tərəfdə olduğunu dəfələrlə sübuta yetirib, indi də yetirir və bundan sonra da yerinə yetirə biləcək”.

Gültəkin ƏLƏSGƏR     
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!