Modern.az

Azərbaycanda şirkət təsisçisinin adı kommersiya sirri oldu - Yenilik

Azərbaycanda şirkət təsisçisinin adı kommersiya sirri oldu - Yenilik

Təhsil

12 İyun 2012, 18:10

 Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında "Kommersiya sirri haqqında" qanun layihəsi səsverməyə çıxarııb. Qanun səsvermə zamanı 97 lehinə, 4 əleyhinə, 6 nəfər bitərəf qalmaqla qəbul edilib.

Adıçəkilən qanunun əsas məqsədi ondan ibarətdir ki, hər hansı firmanın, şirkətin təsisçisi, pay sahibi kommersiya sirri hesab edilir. Yəni bu məlumatlar cəmiyyətə açıqlanmır.

Qanun layihəsinin müzakirsəi mübahisə ilə ötüşüb. Deputat Qüdrət Həsənquliyev qanunun müzakirəsi zamanı hər hansı firmanın, şirkətin təsisçisi, pay sahibinin kommersiya sirri hesab olunmasının doğru olmadığını bildirib.

“Düşünürəm ki, bu doğru məsələ deyil. Şəffaflıq olmalıdır. Onlarla bağlı necə informasiya əldə olunacaq? Bundan sonra jurnalistlər nə yazacaqlar? Ancaq rəsmi dövlət tədbirləri, müsahibələr və avtoqəzalardan yazacaqlar. Jurnalistlər fakta söykənmədən ağıllarına və ağızlarına gələni yazacaqlar. Bu doğru məsələ deyil. Bu jurnalistlərə qarşıdır”-deyə deputat qeyd edib.

 

Spiker Oqtay Əsədov  qanunla bağlı münasibət bildirib.

“Kim deyir ki, bu qanun layihəsi jurnalistlərə qarşıdır? Niyə belə fikirləşirsiniz? Özünüz deyirsiniz bədxahlar bundan danışacaqlar...”.

Daha sonra Asim Mollazadə də çıxış edərək, bildirib ki, bu məlumatların gizli şəkildə saxlanılması düzgün deyil:

“Belə hal düzgün deyil. Mən bu qanunu hazırlayanlara sual verirəm ki, göstərin görək, dünya praktikasında hansı ölkədə belə bir məsələ var? Mənə desinlər görək bu Azərbaycanın Avro-atlantikaya inteqrasiyasına xələl gətirəcək, yoxsa yox?”.

Deputat Mübariz Qurbanlı isə bildirib ki, kommersiya sirri qəbul olunmalıdır.

“Biz hər hansı sənədi qəbul edəndə Avropadan icazə almalı deyilik ki. Özümüzün milli maraqlarımız var”.

Ümid Partiyasının sədri İqbal Ağazadə vurğulayıb ki, hüquqi şəxslərin təsisçiləri  və onların nizamnamə kapitalındakı payları kommersiya sirri sayıla bilməz:

 “Bu, kommersiya sirri deyil. Oğurlanan pulları dövlətin qanunlarından istifadə edib gizlətmək faktıdır. Dünyanın heç bir yerində bir şirkətin təsisçisi, nizamnamədəki paylar cəmiyyətdən gizlədilmir, kommersiya sirri sayılmır.
Vergi ödəyicidirsə, dövlət orqanlarına vergi ödəyirsə, necə ola bilər ki, şirkətin təsisçiləri barədə məlumat cəmiyyətdən gizlədilir? Əgər şirkət Azərbaycan qanunları ilə fəaliyyət göstərirsə, şəffaf cəmiyyət qururuqsa, nədən şirkəti yaradan adamın adı, nizamnamə kapitalındakı payı gizlədilir?
Bu il dünyada böyük şirkətlər illik qazancları barədə məlumatı dünya mətbuatına təqdim edirlər. Biz isə istəyirik ki, şirkətlərin təsisçiləri haqqında məlumatı gizlədək. Şirkətin tətbiq etdiyi yeniliklər sirr saxlanıla bilər. Komitə sədrləri də yanlış şəkildə təqdimatla çıxış etməsinlər”.

Vitse-spiker Valeh Ələsgərov məsələyə aydınlıq gətirərək bildirib ki, şirkətin səhmləri fond birjasında dövriyyədə deyilsə, o gizlədilə bilər.

Deputat Fazil Mustafa çıxışında Azərbaycanda mətbuat azadlığı məsələsinə toxunub.
“Əslində biz Azərbaycanda mətbuat azaddır fikrini qanundan çıxarmalıyıq. Artıq biz medianın azad olduğunu deyə bilmərik. Nəyə görə biz adı gizlətməliyik? İnformasiya azadlığı pozulur.
Onsuz da bizdə bu məsələ qeyri-rəsmi formada yoluna qoyulur. Məsələn, Çində 70 milyon milyoner var və bu, cəmiyyətə açıqlanır. Necə olur ki, Azərbaycanda da milyonerlər barədə məlumat açıqlanmasın? Bu, bizim ölkəmiz üçün əlavə problemlərin yaranmasına gətirib çıxarmayacaqmı?”.

Sonra Əli Hüseynli çıxış edərək bildirib ki, “burada deyilmir ki, təsisçilərin adları, soyadları və yaxud payları cəmiyyətə açıqlanmasın. Onlar könüllü şəkildə bunu açıqlasınlar”.

***

Bundan sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında” sənəd müzakirəyə çıxarılıb. Bu haqda deputat Əli Hüseynli məlumat verib.

Millət vəkili İqbal Ağazadə yenə çıxış edib: “Bilmirəm ya mən Azərbaycan dilində düzgün ifadə edə bilmirəm, ya da bunlar məni başa düşmürlər. Mən burada konkret deyirəm ki, hər hansı şirkət təsisçisinin adı, soyadı və payının say faizinin cəmiyyətə açıqlanması heç də dövlət sirri deyil.
Mən bir daha qeyd edirəm ki, 2003-cü ildə Ziyad Səmədzadə bura Kanadanın qızılla məşğul olan bir şirkətini gətirmişdi. Sonra məlum olmuşdu ki, həmin şirkətin əsas kökü ermənilərə məxsusdu”.

Sonra Azay Quliyev öz təkliflərini irəli sürüb. Deputat bildirib ki,  Azərbaycanda dövlət reyestrinin alınması xeyli vaxt aparır.

“Hesab edirəm ki, bunu onlayn sisteminə keçirmək olar. Qeydiyyat müddəti azaldırmalıdır. Qeyri-kommersiya təşkilatlarının qeydiyyatı üçün birinci 40 gün, ikinci 30 gün, sonra da 20 gün uzadılır. Bu təxminən üst-üstə 100 gün edir. Biz bunu bütövlükdə 30 günə endirə bilərik. Qeyri-kommeriya təşkilatlarının qeydiyyat məsələsi yalnız Bakıda deyil, rayonlarda da həyata keçirilə bilər. İnsanlar bu baxımdan vaxt itkisinin qarşısını ala bilər”-deyə A.Quliyev vurğulayıb.

Qeyd edək ki, deputatlar bu sənədi 98 lehinə, 3 əleyhinə olmaqla təsdiq ediblər. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır