Modern.az

Pandemiya dövrünün akademik tostu – Deputatdan akademik YAZI

Pandemiya dövrünün akademik tostu – Deputatdan akademik YAZI

Parlament

22 Avqust 2020, 13:42

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edən xeyli sayda insanlar qanunun tələblərinə uyğun olaraq cəzalanıblar.

Yüksək vəzifə tutan məmurlar xalqa örnək göstərməli, bəşəriyyəti bürüyən bu bəladan insanların xilası üçün əllərindən gələn bütün imkanlardan istifadə etməlidirlər. Buna baxmayaraq çox təəssüflər olsun ki, qaydaları pozanlar içərisində onların da isimləri var. AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev ölkə qanunlarını kobud surətdə, bilərəkdən tapdalayaraq, insanlara acıq verərək təmtəraqlı şəkildə nəvəsinə toy məclisi düzəltdi.

Prezident Administrasiyasında tutduğu yüksək vəzifədən kənarlaşdırıldıqdan sonra AMEA-nın prezidenti postu ona həvalə olundu. Bununla Akademiya qısa bir vaxtda durğunluq günlərini yaşamağa başladı. AMEA-nı siyasi poliqona çevirdi. Təsis etdiyi vəzifələr, qurumlar AMEA-da əlavə yükə çevrilib. Adamın elmi inkişaf etdirmək ideyaları demək olar ki, yoxdur. Dünya ölkələri Elmin inkişafı strategiyalarını hazırlayırlar. Bizim elm məbədinə rəhbərlik edən isə siyasətlə məşğuldur.

Onun Akademiyaya rəhbərlik etdiyi dövrdə bir normal elmi tədbir keçirilməyib. Dövlət məmurları ilə görüşlər keçirir. Ona görə ki, elm adamı deyil. Bu fikrimi təsdiqləmək üçün yazdığı “Fəlsəfə” kitabına baxmaq kifayətdir. Adamın Ensiklopediya anlayışı olmadığından Azərbaycan Milli Ensiklopediyasının hansı vəziyyətdə çapdan çıxmasına da diqqət etsəniz çox mətləblərdən hali olarsınız.

Pandemiya dövründə AMEA rəhbərliyi seyrçi mövqedə dayanıb. İmkan düşən kimi isə qurumun prezidenti qanunları bilərəkdən, saymazyana, insanları qıcıqlandırmağa xidmət edən şəkildə pozur.

Onun nəvəsinin toyunda iştirak edən depuat həmkarımız Siyavuş Novruzov isə ona haqq qazandırmağa çalışır: “Toyda iştirak eləmişəm, düz eləmişəm”-deyir. İnsafən pandemiyaya qarşı mübarizə istiqamətində Parlamentdə  ən çox çıxış edən Siyavuş Novruzov olub. Əhaliyə məsləhətlər verib. Əməldə isə...

Qanunu pozanlar üzr istəmək əvəzinə barmaq silkələyirlər. Onları kim ərköyünləşdirib? Bunun adı hüquqi nihilizmdir. Normaları, prinsipləri, qanunları inkar etməkdir. Bu bizim hüquqi dövlətimizin fəlsəfəsi ilə daban-dabana ziddir. 

Toydan görüntülərdə Ramiz Mehdiyev bir akademik həmkarının söylədiyi tosta məst olub. Abel Məhərrəmovun tostuna. Akademik təyyarədə olduğu kimi burda da xalqın adından danışır. Görsənir ki, hələ tarixin zibilliyinə atılacaq xeyli adamlar var. Bundan öncə isə Mehdiyev tutduğu postdan mütləq istefa verməlidir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır