Modern.az

“Qanunları pozan hər kəs cəzasını almalıdır!” - Deputatlardan məlum toy qalmaqalına qarşı sərt MÖVQE

“Qanunları pozan hər kəs cəzasını almalıdır!” - Deputatlardan məlum toy qalmaqalına qarşı sərt MÖVQE

Parlament

22 Avqust 2020, 16:51

AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev karantin vaxtı qızına toy mərasimi təşkil edib. Toy mərasimində Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, eləcə də digər tanınmış şəxslər iştirak ediblər.

 

Karantin müddətində həm toyun təşkil edilməsi, həm də ölkənin tanınmış şəxslərinin mərasimdə iştirak etməsi ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

Xüsusilə Milli Məclisin deputatı Siyavuş Novruzovun pandemiya dövründə qanunların qəbul edilməsində aktiv iştirak etməsi, hər kəsin dövlətin qoyduğu qanunlara əməl etməli olduğunu bildirməsi hamının yadındadır. 

Belə olan halda deputatın qaydaları pozması həmkarları tərəfindən necə qiymətləndirilir?

Modern.az Milli Məclisin deputatlarından baş verən hadisəyə münasibət öyrənməyə çalışıb.

  

“Bu insanlar ölkə rəhbərliyində tanınırlar”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də ictimai davranışa və münasibətlərə xələl gətirən hadisədir:

“O toyun sahibləri də, o toyda iştirak edənlər də cəmiyyətdə tanınan insanlardır. Dövlət rəhbərliyində, siyasətdə təmsil olunmuş şəxslərdir. Milli Məclis tərəfindən qanun qəbul edilib və Nazirlər Kabineti yanında Operativ Qərargah da həmin qanuna uyğun olaraq öz qərarını verib. Baş nazirin də qərarı var ki, karantin dövründə ölkədə toy və yas mərasimləri keçirilə bilməz. Bu insanlar qaydaları bilə-bilə toy ediblər. Bu, qanun pozuntusudur. Digər tərəfdən, qanunu pozan şəxslər müvafiq qaydada cərimələnə bilər. Bunun ciddi ictimai rezonans doğuran xətası odur ki, həmin toyda iştirak edən insanlar ölkə rəhbərliyində tanınırlar. YAP-ın İdarə Heyətində təmsil olunurlar. Bu cür hal partiyamıza da başucalığı gətirmir. Cənab prezidentin və hörmətli Birinci vitse-prezidentin dəfələrlə xalqımıza karantin dövründə şərtlərə əməl etməklə bağlı müraciətləri olub. Qapalı məkanlarda maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Məlum toyun keçirilməsi isə cənab prezidentin çağırışlarına qeyri-adekvat davranışdır. Hesab edirəm ki, istər parlament, istər YAP, istərsə də AMEA adekvat münasibətini göstərəcək. Bunu hansısa fermer edib öz yoldaşlarını həmin toya çağırsaydı, olaya sıradan qanun pozuntusu kimi baxılardı. Bu boyda ajiotaj yaranmazdı. Ancaq ölkənin tanınmış ailəsində karantin vaxtı toy edilir.  Milli Məclisin komitə sədri, ölkənin Ombudsmanı, tanınmış akademik və digərləri o toyda iştirak edir. Hesab edirəm ki, cəmiyyətə qarşı belə davranış qəbuledilməzdir”.

 

“Parlament üzvü hər kəsə nümunə olmalıdır”

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, "COVİD-19" virusu ilə mübarizə tək tibbi mübarizə deyil:

“Bu mübarizədə qalib gəlməyin əsas şərti dövlət-vətəndaş münasibətlərində etimadın və intizamın yüksək səviyyədə olması, hər kəsin qanun və qaydalara sözsüz əməl etməsidir. Azərbaycan Prezidentinə xalq tərəfindən olan yüksək etimad bu mübarizədə bizim həm tibbi, sosial, həm də iqtisadi cəhətdən minimum itkilər verməmizə səbəb olmuşdur. Məhdudiyyətlərin təbii səbəb olduğu ağır psixoloji durum şəraitində hər bir parlament üzvü öz davranışları ilə nümunə göstərməli və virusla mübarizədə öndə dayanmalıdır. Milli Məclis rəhbərliyinin virusla mübarizədə son aylar göstərdiyi səylər hər bir deputata nümunədir. Ona görə də, mən bir deputat kimi karantin qaydalarının pozulmasına, dövlət-vətəndaş münasibətlərində etimadın azalmasına, deputatın nüfuzunun zərbə almasına gətirib çıxara bilən istənilən davranışı qınayır və belə bir davranışın ali qanunverici orqanın təmsilçisi tərəfindən edilməsini yolverilməz sayıram.

Milli Məclisin deputatı Siyavuş Novruzovun karantin qaydalarına ziddi olaraq keçirilən toyda iştirakı və bu hadisəyə münasibəti aylardır dövlət rəhbərliyinin, dövlətin və cəmiyyətin apardığı mübarizəyə ziddir və hər kəsin bu cür davranışı qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır". 

 

“Qanunları pozan hər bir şəxs cəzasını alımalıdır”

Deputat Vahid Əhmədov da hər kəsin qanun qarşısında bərabər olduğunu xüsusi qeyd edib:

“Kimliyindən asılı olmayaraq istər deputat, istər nazir, istərsə də adi vətəndaş olsun, hər kəs qanunlara riayət etməlidir. Əgər Azərbaycan hökuməti qanun qəbul edibsə və qanunauyğun olaraq Operativ Qərargah belə bir qərar çıxarıbsa ki qapalı məkanda toylar keçirilə bilməz, buna hər kəs riayət etməlidir.  Hesab edirəm ki, qanunları pozan hər bir şəxs öz cəzasını almalıdır”.

 

"Əgər kimsə bu qaydaları pozarsa..."

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hər bir vətəndaşın qanunlara əməl etməsinin vacib olduğunu qeyd edib:

"Koronavirus infeksiyası ilə mübarizədə hər bir Azərbaycan vətəndaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi  tələblərə ciddi əməl etməlidir. Əgər kimsə bu qaydaları pozarsa,  qanun qarşısında cavab verməlidir. Bu infeksiyaya qalib gəlmək üçün həmrəy olaraq, hər bir kəsin karantin qaydalarına ciddi riayət etməsi lazımdır".

 

“Heç kim qanundan üstün deyil”

Deputat Musa Qasımlının sözlərinə görə, dövlətin qanunları qarşısında hamı bərabərdir:

“Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən istənilən kəsin, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər. Dövlətimizin qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyildir. Sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır”.

 

“Təəssüf ki, son vaxtlar bir qrup insanlarda arxayınlıq yaranıb”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev vurğulayıb ki, hər bir deputat nümunə olmalıdır:

“Ölkə başçısı tərəfindən COVID-19 pandemiyasına qarşı xeyli tədbirlər görülüb. Xalqımızın sağlamlığı və iqtisadiyyatımızın normal fəaliyyət göstərməsi üçün insanlarımızın sosial müdafiəsi təmin edilib. Buna görə də hər kəs Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi formada riayət etməlidir. Hər bir vətəndaşın, xüsusilə də deputatların vəzifəsi karantin rejiminə nəinki riayət etmək, eləcə də hər kəsə nümunə olmaqdır. Təəssüf ki, son vaxtlar bir qrup  insanlarda arxayınlıq hissi yaranıb və onlar məsuliyyətsizlik edərək toy mərasimi düzənləyirlər. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn aliliyi təmin edilib. Hamı qanun qarşısında bərabərdir. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Karantin vaxtı  komitə sədrinin qaydaları pozaraq toy mərasiminə qatılması qətiyyən yolverilməzdir. Qeyd etdiyiniz kimi, Milli Məclisin komitə sədri, dövlətçiliyə və qanunçuluğa bağlı olan və böyük hörmət etdiyimiz Siyavuş Novruzovun belə tədbirdə iştirakı ilə bağlı açıqlaması məndə təəssüf hissi doğurdu. Düşünürəm ki, hər birimiz bu cür hallara qarşı barışmaz mövqe göstərməli və karantin qaydalarına ciddi riayət edərək xalqımızın sağlamlığının qorunmasına çalışmalıyıq. Dövlətçilik mövqeyində olmaqla, xalqımızın və dövlətimizin təhlükəsiz, firavan həyatını təmin etməliyik. Milli Məclisin deputatı hər kəsə nümunə olmalıdır”.

 

“Hər kəs buna riayət etməlidir”

Milli Məclisin deputatı Müşfiq Məmmədli koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycanın digər ölkələrdən fəqli olaraq vaxtında çevik, sərt addımlar atdığını deyib:

“Karantin tədbirlərinin həyata keçirilməsi pandemiya ilə mübarizəmizə öz mübət töhfəsini verməkdədir. Hər bir vətəndaş tutduğu mövqedən, vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq, karantin tədbirlərinə ciddi riayət etməlidir. Buna riayət etməsək, hər birimiz prosesə töhfəmizi verməsək, örnək addımlar atmasaq, cəmiyyətin üzvləri bunu yanlış anlaya bilər. Yol verdiyimiz qanun pozuntuları ilə pandemiyaya qarşı  mübarizə istiqamətində dövlətin atdığı addımlara kölgə sala bilərik. Karantin tədbirlərinin pozulmasına görə hüquqi məsuliyyəti vəzifəsindən, səlahiyyətindən asılı olmaraq, hər kəs tanımalıdır. Hər kəs buna riayət etməlidir. Bu istiqamətdə dövlətin gördüyü bütün cəza tədbirləri, qanuna müvafiq şəkildə cəzalandırma hamı üçün birmənalı və keçərlidir”.

 

“O toyun keçirilməsini doğru hesab etmirəm”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev toyda iştirak edənlərin qanunları pozduğunu bildirib:

“Neçə aylardır ki, Operativ Qərargah və səhiyyə işçiləri toy mərasimlərinin keçirilməsinin doğru olmadığını deyirdilər. Hesab edirəm ki, deputat da, nazir də buna riayət etməlidir. Karantin vaxtı keçirilən toyun əleyhinəyəm. Burada qayda-qanun pozulub. Bu gün ölkə rəhbəri başda olmaqla, digər müvafiq orqanlar da insanlarımızın sağlamlığı üçün çalışırlar. İstəyirlər ki, qanuna əməl olunsun. Əgər biz deputatlar qanunların hamıya şamil olunduğunu deyiriksə, belə formada toy məclisinin keçirilməsi həm vətəndaş, həm də deputat kimi mənim üçün qəbuledilməzdir. Ona görə də o toyun keçirilməsini doğru hesab etmirəm. O toya gedənlər də düzgün hərəkət etməyib. Bu qanunun pozulmasıdır”.

 

"Ramiz Mehdiyevin bu addımını anlaya bilmirəm"


Milli Məclisin deputatı Sahib Alıyev
də baş verənlərə kəskin münasibət bildirib:

 

“Prezident İlham Əliyev bir neçə ay bundan öncə keçmişdəki xidmətlərinə dayanaraq özlərini ərköyün aparanlara xəbərdarlıq edib. Dövlət başçısı bildirmişdi ki, qanun qarşısında hamının eyni olduğunu unutmasınlar. Cənab Prezident onu da vurğulamışdı ki, dövlət həmin adamların xidmətini artıqlamasıyla qiymətləndirib.

Hər kəs bilir ki, bu belədir. Ulu öndər Heydər Əliyev də, cənab İlham Əliyev də dövlətimiz üçün kiçicik xidmət göstərmiş elə bir adam olmayıb ki, onun fəaliyyətini haqq etdiyindən də qat-qat artıq qiymətləndirməsin.

Fəaliyyəti ən yüksək qiymətləndirilənlərdən biri də akademik Ramiz Mehdiyevdir. Açığı mən Ramiz Mehdiyev kimi təcrübəli bir adamın karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verməsini, özünün də onlarla adamın qatıldığı məclisin başında oturmasını anlaya bilmirəm, heç anlamaq da istəmirəm.

Yüzlərlə, bəlkə də minlərlə soydaşımız nə qədər çətin olsa da, məhz karantin səbəbindən toylarını təxirə saldıqları halda kimlərsə onlarla adamı bir yerə toplayıb məclis keçirirsə, bu, dövlətə qarşı narazılıq yaratmaq məqsədilə edilmiş təxribat deyilsə, onda harınlıqdan qaynaqlanır. Çünki burada nadanlıqdan söz gedə bilməz. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər.

Və sonda onu da deyim ki, görünür dövlət görəvlisi olmaqla, dövlət adamı olmaq fərqli anlayışlardır. Dövlət adamının, dövlət görəvlisi olmadıqda və yaxud da əvvəlki kimi mühüm postu tutmadıqda belə hər addımında yüksək dövlətçilik tərbiyəsi sezilir. Digərlərindən də, özünü qanundan üstün tutmasıyla deyil, əksinə ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarlyla fərqlənir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!