Modern.az

“5-ci kalon”un pusquda yatan köpəkləridir - Deputatdan qalmaqallı toyla bağlı sərt MÖVQE

“5-ci kalon”un pusquda yatan köpəkləridir - Deputatdan qalmaqallı toyla bağlı sərt MÖVQE

23 Avqust 2020, 12:15

Milli Məclisin deputatı Əziz Ələkbərli də akademik Ramiz Mehdiyevin nəvəsinin qalmqallı toy mərasimi ilə bağlı mövqeyini bildirib.

Modern.az saytına açıqlamasında Ə.Ələkbərli deyib:
 

- Artıq neçə gündür ki, bu toy məsələsi gündəmi zəbt edib. Çox qəribə mövqelər sərgilənir. Mən bütün bunlara siyasi mövqelərin nümayişi kimi də baxıram. Bir qrup insanlar avqustun 18-də baş verən hadisəyə dərhal reaksiya verərək öz qəti və prinsipial münasibətlərini bildirdilər, bu hadisəni dövlətə və onun rəhbərliyinə meydan oxumaq kimi dəyərləndirdilər. Son bir ildə ölkə həyatında baş verən hadisələr kontekstində mən bu mövqeyi tamamilə dəstəkləyirəm.

 

Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu toyun təşkilatçıları və iştirakçıları məsələnin ciddiliyini və doğura biləcəyi rezonansı dərk etməyəcək qədər siyasi düşüncədən məhrum insanlar deyillər. Son altı ay ərzində bütün ölkənin pandemiya və onun gətirdiyi zəruri məhdudiyyətlərlə yaşadığı bir zamanda Operativ Qərargahın tələblərini bu cür kobud və nümayişkaranə şəkildə pozmaq bilərəkdən atılmış addımdan, siyasi əzələ nümayişindən, özünü qanunların fövqündə görməkdən və ya göstərmək cəhdindən başqa bir şey deyil. Bu addımın altı aydır karantin rejimində yaşamaq məcburiyyətində qalan əhali arasında sosial gərginlik yaradacağına hesablandığını da istisna etmirəm.

 

Ona görə də Azərbaycan dövlətinə, dövlətçiliyinə sidq-ürəklə bağlı olan insanlar, tamamilə haqlı olaraq və açıq-aşkar, çəkinmədən bu hadisəyə öz qəti etirazlarını bildirdilər, günahkarların sərt şəkildə cəzalandırılmasını tələb etdilər.

İkinci qrup insanlar özünü etiraz edirmiş kimi göstərdilər. Bu yolla bir tərəfdən özlərini hakimiyyətə şirin göstərməyə, digər tərəfdən əks tərəfin xətrinə dəyməməyə çalışdılar. Belələri ağızlarını sürüyərək bu hadisəyə Operativ Qərargahın tələblərinin pozulduğu hadisə kimi dəyər verdilər. Utanmasalar deyərdilər ki, burada qeyri-adi nə var, toya gələnlərin hərəsi 200 manat cərimə edilsin, vəssalam. Guya orada toplaşanlar üçün bu məbləğin bir elə əhəmiyyəti var. Və guya bu toyun hakimiyyətə meydan oxumaq mahiyyətini heç qanmırlar. Belələrinin hakimiyyətə sədaqəti boğazdan yuxarıdır. 

Necə deyərlər, “bir əli aşda, bir əli oynaşda!”.


Üçüncü qrup 5-ci kalonun pusquda yatan köpəkləridir. Hakimiyyətin struktur və kadr islahatları gücləndikcə, bəzi ölkələrin Azərbaycandakı agentura şəbəkəsi ifşa olunduqca, Azərbaycan öz dövlət və millət maraqlarını qəti şəkildə ortaya qoyduqca, ərazi bütövlüyü uğrunda qətiyyətli addımlar atdıqca Azərbaycanda marağı olan güclər Azərbaycanı durdurmaq, yaxud ləngitmək üçün xaricdəki və ölkə daxilindəki adamlarını hərəkətə gətirirlər. DTX-nın ilk əməliyyatlarından sonra bir neçə dəfə belə cəhdlər oldu. Müxtəlif addımlarla gündəmi dəyişməyə, diqqəti yayındırmağa, prosesi dayandırmağa çalışdılar. Tovuz hadisələri də bu prosesdən kənar deyildi, gənclərin orduya və Ali Baş Komandana dəstək nümayişini təxribata çevirmək cəhdi də həmin planın tərkib hissəsi idi. Akademiya prezidenti nəvəsinin toy məclisi və bu məclislə bağlı videogörüntülərin Elmar Məmmədyarovun, onun arxasınca Eldar Həsənovun ifşa olunması, daha bir İcra Hakimiyyəti başçısının həbsi kimi hadisələrdən sonra gündəmə bomba kimi düşməsi də təsadüfi səciyyə daşımır.

 

Sosial şəbəkələri izləyəndə mənzərə aydın olur – bu kalonun xüsusilə mediadakı qələm qoçuları həmləyə keçib öz “patronlarını” müdafiəyə qalxır, az qala “pah, toy olub, dünya dağılmayıb ki” düşüncəsi ilə öz “rollarını” oynayırlar. Nəhayət, dördüncü qrup susmağa üstünlük verir. Belələri iki hissəyə ayrılır: bir hissəsi 5-ci kalonun nümayəndəsi olaraq özünü büruzə verməyib, hakimiyyətə qarşı gələcək həmlələr üçün öz növbəsini gözləyir, digər hissə isə sadəcə olaraq suyun üzünə çıxmağın məqamını gözləyən əqidəsiz insanlardır.

 

Belələri istənilən vaxt istənilən adamın ünvanına ən fantastik sağlıqlar belə söyləyə bilərlər. Lap elə Abel Məhərrəmov kimi. Və bütün bu proseslərdən çıxan nəticə ortadadır: bu toy adi məişət mərasimi deyil, hakimiyyətə və onun siyasətinə meydan oxumaq idi və bu hadisə çoxlarının – tək toy təşkilatçılarının və orada iştirak edənlərin yox, həm də və daha çox cəmiyyətin müxtəlif qatlarındakıların iç üzünü, siyasi və əxlaqi simasını açıb ortaya qoydu, bundan sonrası qalır hüquq-mühafizə orqanlarının öhdəsinə. Hər kəsin haqq etdiyi cəzanı alması bu gün Azərbaycana hava-su kimi lazımdır. Dövlət quruculuğu və islahatlar yolunda daha inamla addımlamaq, Azərbaycanın ərazi bütövlüyünü daha az itki ilə təmin etmək üçün lazımdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?